Məhkəmə qərarları › İş №2-1(107)-240/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-240/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-240/2025 24.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2-1(116)-2560/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “sosial yardım təyin olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim etmiş, cavabdeh olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyd edilməsini, xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərarı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 avqust 2010-cu ildə X6 ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən 4 uşaqları olmuşdur: 08 dekabr 2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət, xx.xx.2020-ci il təvəllüdlü Ramilə. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-346/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə X6 ilə aralarında qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli 2{107)-675/2023 saylı qətnaməsi ilə onun cavabdeh X4 qarşı Adilə, Nəbi, Cənnət və Ramilə adlı uşaqları ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 №-li fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən X3 mülkiyyətində olan 4 nömrəli fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmışdır. Keçmiş əri Bəbir Nəbiyev 4 övladını onun yanında qoyaraq yenidən ailə qurduğundan uşaqlarının bütün tələbatlarını o ödəməyə məcburdur. Uşaqları 13, 11, 7 və 4 yaşında olduqlarından onları məktəbə, bağçaya, idmana, hazırlıqlara aparıb gətirir. Həmçinin kommunal ödənişləri, bazarlığı da o edir. Atası və yeganə qardaşı vəfat etdiyindən ailə üzvlərindən yeganə sağ olan anasıdır. Anası isə xəstə olduğundan ona heç bir köməklik göstərə bilmir. Gəlirlərini təqdim etməklə cavabdeh orqana sosial müavinət təyin olunması üçün müraciət etmişdir. Bir neçə dəfə keçmiş əri və onun ailə üzvləri maddi məişət şəraitinin müayinəsi üçün maneçilik törətdiklərindən məcbur qalıb məhkəmə qərarı ilə bu maneçiliyin aradan qaldırılması təmin olunmuşdur. Növbəti dəfə 18 aprel 2023-cü ildə sosial yardımın təyin olunması üçün müraciət etmişdir. Müraciəti “maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmadı” əsası ilə rədd olunmuşdur. Halbuki, həmin vaxt ona məlum olmadığından, övladlarının yaşayışı üçün zəruri işlərin görülməsi ilə evdə olmadığı müddətdə gəldiklərindən həmin şəraiti təmin edə bilməmişdir. Keçmiş ərinin qohumları isə qərəzli olaraq gəlmiş şəxslərə göstərilənləri təmin etməmişlər. Cavabdeh orqan onu və övladlarını qanunsuz olaraq sosial yardımdan məhrum etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra ÜDSY) təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********92001 nömrəli ərizə ilə müraciət etmişdir. Edilən müraciətlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli, 37 nömrəli qərarı ilə "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" nın 3.2-ci bəndinə (bundan sonra Qaydalar) əsasən VEMTAS tərəfindən araşdırılma başlanılmış və həmin qaydaların 3.3-cü bəndinə müvafiq olaraq, xx.xx.2023-cü il tarixdə maddi-məişət yoxlaması əsasında iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi ünvana baxış keçirilməsi üçün tərəfimizdən əməkdaşların getməsinə baxmayaraq, iddiaçı qeyd olunan ünvanda olmadığı üçün ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Həmçinin, xx.xx.2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması məqsədilə təkrar olaraq, ünvana baxış keçirilmiş və ünvanda qeyd olunan ərazidə eyni həyətdə 3 fərqli evin mövcud olduğu aşkar olunmuşdur. Belə ki, məhkəmə qətnaməsinə əsasən, həyat yoldaşı ilə boşandığı üçün o, 4 övladı ilə həmin evlərdən 1-də yaşayır. Digər 2 evdən 1-də onun keçmiş qaynatası və qaynanası yaşamaqdadır. Digər evdə isə yaşayışın olmadığını qeyd etmişdir. Eləcə də, yoxlama zamanı iddiaçı hər evin özünə məxsus işıq, su və qaz sayğacının olduğunu qeyd etmişdir. - İddiaçı öz iddia ərizəsində yalnız özünün xx.xx.2024-cü il tarixli müraciətinə əsaslansa da, bundan sonra müraciətindən imtina edilməsinə baxmayaraq, bir neçə dəfə təkrar müraciət etmişdir. Bu səbəbdən, onun xx.xx.2023-cü il tarixli müraciəti üzrə ÜDSY təyinatı əsassızdır. Belə ki, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarının 48-ci bəndində qeyd olunmuşdur ki, iddiaçı cavabdehə dəfələrlə müraciət etsə də, hər müraciətə mənfi cavab verilməsinə baxmayaraq, inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmişsə, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1 və 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir, inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağrılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - Eləcə də, iddiaçının xx.xx.2023-cü il tarixli müraciətinə uyğun olaraq, aparılmış maddi- məişət yoxlaması zamanı iddiaçının ərizə-bəyannamədə qeyd etdiyi ünvan 1 ünvanına yalnız telefon vasitəsilə əlaqə saxlanıldıqdan sonra kənar ərazidən övladları ilə birgə yaxınlaşması mümkün olmuşdur. Belə ki, o bibisinin yas mərasimi əlaqədar kənarda olduğunu bildirmişdir. Həmçinin, iddiaçının xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli müraciətlərinə əsasən aparılmış maddi-məişət yoxlanışı zamanı da iddiaçının yaşadığı ünvana gedilsə də, yaşadığı evdə kimsə olmamışdır. Qonşuların və sonuncu yoxlama zamanı xx.xx.2024-cü il tarixli müayinə aktına əsasən onun ərizə-bəyannamə ilə qeyd etdiyi ünvanda yerləşən evi ilə eyni həyətdə olan digər evdə yaşayan keçmiş qaynatası və qaynanasının ifadələrinə əsasən iddiaçının həmin ünvanda yaşamadığı, anası ilə birlikdə Mingəçevir şəhər, Samux küçəsində yaşadığı bildirilmişdir. Əlavə olaraq, iddiaçının yaşadığını iddia etdiyi evə məxsus sayğaclara əsasən, iddiaçının mənzilində il ərzində işıq sayğacı üzrə 14 AZN, qaz sayğacı üzrə 2.4 AZN və su sayğacı üzrə cəmi 20 AZN sərfiyyatın olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 dekabr 2024-cü il tarixli 2- 1(116)-2560/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, İddia ərizəsinin məzmunundan görünür ki, irəli sürülmüş tələb “məcburetmə haqqında” iddia növünə aiddir. Həmin iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərlə iddiaçının mütəmadi şəkildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana müraciət etməsi aşkar görünür. Belə olan halda iddiaçının məhz xx.xx.2024-cü il tarixdə - 2 ilə yaxın müddət keçdikdən sonra onun ilkin müraciətinə imtina cavabının verilməsindən məlumatlı olması “ağlabatan gözləntiyə” uyğun ola bilməz. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün cavabdeh orqana edilmiş müraciət - iddiaçıda ağlabatan müddət ərzində cavab alması gözləntisini yaradır. İddiaçının ardıcıl müraciətləri də, onun ilkin müraciətinə rədd cavabı almasından məlumatlı olmasını təsdiq edir. Nəzərə alınmalıdır ki, cavabdeh orqan imtina cavabını verməsə belə iddiaçının cavabdehin hərəkətsizliyindən hüquqi müdafiə imkanları mövcud olmuşdur. Odur ki, gözlənti müddətinin ağlabatan həddi nəzərə alınmaqla iddiaçı səmərəli hüquqi müdafiə vasitələrindən istifadə etməli, cavabdehin hərəkətlərini (hərəkətsizliyini) mübahisələndirməli idi. Buna görə də məhkəmə hesab etmişdir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2-1(116)-2560/2024 nömrəli qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddia tələbi cavabdeh orqanın üzərinə onun sosial yardım təyin olunması barədə ərizəsinin təmin edilməsi öhdəliyi qoyulması ilə bağlı olsa da, məhkəmə ona heç bir yardım etmədən iddia tələbinə «cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdən ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi olması qənaəti ilə bağlı baxılmış və qeyri mümkün sayılmışdır. Qeyd edir ki, xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin olunmuş məhkəmə iclasının vəkilinin məhkəmə iclasına gecikməsi səbəbilə təxminən 1 saat fasilə verilməsi barədə vəsatəti təmin olunmamış və iddiası ilə bağlı ona yardım edilməmişdir. İddia ərizəsində göstərirdi ki, növbəti dəfə 18 aprel 2023-cü ildə sosial yardım təyin olunması üçün müraciət etmişdir. Müraciəti “maddi məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması” əsası ilə rədd olunmuşdur. Bununla bağlı, 31 may 2024-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması məqsədi ilə yaşadığı ünvana baxış keçirilməsindən sonra imtina verildiyindən, məhz bundan sonra məhkəməyə müraciət edərək həmin imtinanı qanunsuz hesab etmişdir. - Cavabdeh orqan yalnız elektron qaydada ona cavab verdiyindən cavablarının hansı olmasını müəyyənləşdirə bilməmişdir. Ancaq cavabdeh orqanın məhkəməyə ünvanladığı 07 noyabr 2024-cü il tarixli etirazından da görünür ki, cavabdeh orqan məhz 31 may 2024cü il tarixli hərəkətindən sonra o, məhkəməyə müraciət etmişdir. Çünki elektron qaydada ona ünvanlanmış 31 may 2024-cü il tarixli hər hansı imtina qeyd olunmamışdır. Buna baxmayaraq məhkəmə ona səhv yardım edərək iddianı əsassız olaraq qeyri-mümkün saymasına dair qərardadla nəticələnməsinə şərait yaratmışdır. Çünki o, cavabdeh orqanın 31 may 2024-cü il tarixli son baxışından sonra olan hərəkətindən məhkəməyə şikayət vermişdir. Bundan sonra isə məhkəmə müddətin ötməsi əsası ilə iddianı qeyri-mümkün saymışdır. O, cavabdehin 31 may 2024-cü il tarixli baxışdan sonra imtinasından şikayət etsə də, məhkəmə onun iddiasını ona düzgün izah etmədən müddətin ötməsi əsası ilə qeyri-mümkün saymışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdeh orqanın apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddainın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığının yoxlanılması qaydasında aparmamalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü maddəsində iddiaçının iddia tələbinin mümkünlüyünün yoxlanılmasında məhkəmələr aşağıda qeyd olunan şərtlərə diqqət yetirməlidir: 1.Subyektiv hüququn olubolmaması; 2.Cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3.Qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması; 4.İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi. - İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Yəni inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən növ iddianın məhkəmə icraatı yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtlərinin yerinə yetirildiyi təqdirdə yolverilən sayılır, iddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi məhz iddiaçının üzərinə düşür. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi İddiaçı hazırki tələblə İPM-də nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddəti ötürmüşdür.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2-1(116)-2560/2024 qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, xx.xx.2025-ci il tarixdə məhkəmənin elektron poçtuna ərizə göndərərək övladının xəstə olduğunu nəzərə alaraq iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi)..

Tətbiq edilən hüquq

13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. İnzibati icraat haqqında Qanun: Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

16. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarı

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarı

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati – İqtisadi Kollegiyasının 09 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarı

Apellyasiya şikayətinin mümkünlüyü

19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

26. İş materiallarından görünür ki, Mingəçevir şəhər sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2022-ci il tarixli **********05201-197 nömrəli müraciətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən maddiməişət şəraiti yoxlanılaraq, ailənin gəlirlərinin düzgün göstərilməməsi və telefon nömrəsinin gizlədilməsi səbəblərindən imtina edilmişdir. - Ailəni təmsil edən şəxs qismində İddiaçı ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********05202-197 nömrəli müraciəti zamanı maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəbindən imtina edilmişdir. - Ailəni təmsil edən şəxs qismində İddiaçı ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********05203-197 nömrəli müraciətinə əsasən, ailənin maddi-məişət şəraiti yoxlanılan zaman, ailənin gəlirlərinin düzgün göstərilməməsi və maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəblərindən imtina edilmişdir. - Ailəni təmsil edən şəxs qismində İddiaçı ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********14901-197 nömrəli və xx.xx.2023-cü il tarixli **********92001-197 nömrəli müraciətləri zaman maddi-məişət şəraitinin müayinəsi üçün baxış keçirilməsinə şərait yaradılmaması səbəblərindən imtina edilmişdir. - Ailəni təmsil edən şəxs qismində İddiaçı ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********92002-197 nömrəli müraciətinə əsasən, maddi-məişət şəraiti yoxlanılaraq, ailənin gəlirlərinin düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. - Ailəni təmsil edən şəxs qismində İddiaçı ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********62501-197 nömrəli və xx.xx.2024-cü il tarixli **********90101-197 nömrəli müraciətlərinə əsasən, ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması səbəblərindən imtina edilmişdir. - Müraciətlərin nəticəsi barədə məlumatın “ərizə-bəyannamə”də qeyd olunan əksəlaqə vasitəsinə göndərilməsi təmin olunmuşdur.

27. İddiaçının hüquqi marağı ona ünvanlı sosial yardımın təyin edilməsinə nail olmaqdır.

28. Belə ki, iddiaçı hazırkı tələblə birinci instansiya məhkəməsinə 14 iyun 2024-cü il tarixdə müraciət etsə də, cavabdeh inzibati orqan tərəfindən ona hazırkı iddia tələbi üzrə sonuncu imtina 15 fevral 2024-cü il tarixdə (iddiaçı isə ilkin imtina cavabının verildiyi xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirir) verilmişdir. Belə olduğu halda hazırkı qərarın 13-cü bəndində qeyd edilən maddələrin məzmunundan da göründüyü kimi iddiaçı hazırkı tələblə həmin normalarda məcburi şəkildə nəzərdə tutulan 1 aylıq prosessual müddəti ötürmüşdür.

29. Kollegiya onu da qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi formada, yəni 31 may 2024-cü il tarixdə onun müraciəti əsasında cavabdeh orqanın hər hansı imtina qərarı olmamışdır. Bu səbəbdən də, məhkəmə kollegiyası da sonuncu imtinanın 15 fevral 2024-cü il tarixdə verilməsini nəzərə alaraq ona hüquqi yardım edilib iddiasının dəyişdirilməsini də, hüquqi marağına uyğun qərar qəbul edilməyəcəyindən təklif etməmişdir.

30. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

31. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

32. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.

33. Hazırkı mübahisəyə münasibətdə işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

34. İddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan ötürülməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

35. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

36. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

37. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim edilməsi, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmaması və müddətin onun təqsiri üzündən ötürülməsi sübuta yetirildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır.

38. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

39. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə təbii fəlakət və ya digər qarşısıalınmaz, hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan halların olması da iddiaçı tərəfindən mübahisələndirilməmişdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddətin bərpası barədə ərizə verilməsinin iddiaçıya tövsiyə olunmasını məqsədəuyğun hesab etməmişdir.

40. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

41. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə, sözügedən iddia da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilibedilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.

43. Bundan əlavə iddiaçı apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilərək işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş edir.

44. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

45. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddianın müddət ötürülməklə verilməsi səbəbi ilə mümkünsüzlüyü barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2-1(116)-2560/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli 2-1(116)-2560/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar