Məhkəmə qərarları › İş №2-1(107)-241/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-241/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-241/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ikinci qaz sayğacı çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2- 1(116)-2054/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ikinci qaz sayğacı çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçı və oğlu X1 ümumi paylı mülkiyyətindədir. Həmin yaşayış evinin 26,3 kv.m hissəsi iddiaçının, 15,8 kv.m hissəsi isə oğlu X1 mülkyyətinə daxildir. Onların mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan Çixarışa əsasən təsbit edilmişdir. Hazırda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində iki ailə yaşayır. İddiaçının oğlu X1 ailəsi və iddiaçı digər oğlu ilə birgə. Hər iki ailə ayrıca təsərrüfatı idarə edir. Ona görə də hər iki ailənin istifadəsi üçün iki qaz sayğacının çəkilməsi məqsədə müvafiqdir və zəruridir. Hazırda iki ailənin bir qaz sayğacından istifadə etməsi ciddi problemlər yaradır. İstehlakçı olaraq qazdan istifadə, o cümlədən qaz sərfiyyatı pulunun ödənilməsində ümumi razılığa gələ bilmirlər.

3. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X03539 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 4 ünvanında İddiaçı adına G-4 markalı ******* nömrəli qaz sayğacı abonent kodu:**********00000 olmaqla quraşdırılaraq istismara təhvil verilmişdir. Həmin ünvana ikinci qaz sayğacının quraşdırılması üçün Daşınmaz əmlakın (bölünməsi haqqında) hüquqi sənədlərini Yevlax rayonunda daimi fəaliyyət göstərən hər hansı bir xüsusi lisenziyası olan tikinti təşkilatının səlahiyyətli nümayəndəsinə təqdim etməklə, öz vəsaiti hesabına həyata keçirə bilər.

4. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, ünvan 1 ünvanının qaz təsərrüfatı İddiaçı adına rəsimləşdirilmişdir. xx.xx.2015-ci il tarixdə G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılaraq istismara təhvil verilmiş və abonent kodu:**********00000 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır.

5. İddiaçı xx.xx.2022-ci il tarixli “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı və baxılması üçün SOCAR**********30560046X06937 nömrəli Tərtər RQİİ-nə daxil olmuş müraciətinə baxılaraq, xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X03539 saylı məktubla cavablandırılmışdır. xx.xx.2022-ci il tarixli 29 saylı reyesterlə poçt vasitəsilə göndərilmiş, xx.xx.2022-ci il tarixdə 506000 nömrəli qəbzə imza edərək məktubu almışdır (sənədlər əlavə olunur).

6. Qeyd olunan ünvana ikinci qaz sayğacının quraşdırılması üçün Daşınmaz əmlakın (bölünməsi haqqında) hüquqi sənədlərini Yevlax rayonunda daimi fəaliyyət göstərən hər hansı bir xüsusi lisenziyası olan tikinti təşkilatının səlahiyyətli nümayəndəsinə təqdim etməklə, qanunauyğunluq olduğu halda texniki şərt hazırlanıb və vətəndaşın vəsaiti hesabına həyata keçirlə bilər.

7. Bir fərdi evə bir mülkiyyət sənədi ilə bir qaz sayğacı quraşdırılmaqla qazlaşdırılır, bir damın altında olan fərdi evə ikinci qaz sayğacının quraşdırılmamasına səbəb təhlükəsizliklə bağlıdı, yəni baş verə biləcək partlayış daha çox təlafat və dağıntılara səbəb ola bilər. Ona görədə iddiaçının tələbi rədd olunmalıdır.

8. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 13.3-cü bəndinə əsasən Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

9. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-2054/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda ünvan 6 ünvanında yerləşən yaşayış sahəsində iki ailə yaşayır: oğlu X1 ailəsi və o, digər oğlu ilə birgə. Hər iki ailə ayrıca təsərrüfatı idarə edir. Ona görə də hər iki ailənin istifadəsi üçün iki qaz sayğacının çəkilməsi məqsədə müvafiqdir və zəruridir. Hazırda iki ailənin bir qaz sayğacından istifadə etməsi ciddi problemlər yaradır. İstehlakçı olaraq qazdan istifadə, o cümlədən qaz sərfiyyatı pulunun ödənilməsində ümumi razılığa gələ bilmirlər. İki ailənin arasında narazı söz — söhbət yaranır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-2054/2022 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

15. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 1. Qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı, emalı, saxlanması, nəqli paylanması, satılması, mayeləşdirilməsi, istifadəsi, həmçinin qaz qurğularının quraşdırılırması, boru kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması; istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; məişət abonenti yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxsdir. Maddə 13.3. Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istenlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş X1 adına tərtib edilmiş **********18- 05101-093001 reyestr nömrəli ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi qeydiyyatdan keçmişdir. İddiaçının həmin ünvanda yaşaması və öz maraqlarının təmin olunması əsası ilə hazırkı tələblə məhkəmədə iddia qaldırması ona subyektiv mənada hüququ tanısa da iddianın əsaslılığına səbəb olmur. Belə ki, iddiaçının göstərilən fərdi yaşayış evində yaşadığını bildirərək, ailə üzvləri arası qaz ödənişinin həyata keçirilməsi ilə bağlı narazılığın aradan qaldırılması məqsədilə ikinci qaz sayğacının quraşdırılmasından ibarət tələbi əsassızdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

24. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, hazırda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində iki ailə yaşayır və ayrıca təsərrüfatı idarə edir. Ona görə də hər iki ailənin istifadəsi üçün iki qaz sayğacının çəkilməsi məqsədə müvafiqdir və zəruridir. Hazırda iki ailənin bir qaz sayğacından istifadə etməsi ciddi problemlər yaradır. İstehlakçı olaraq qazdan istifadə, o cümlədən qaz sərfiyyatı pulunun ödənilməsində ümumi razılığa gələ bilmirlər.

25. Məhkəmə kollegiyası iddiaçının irəli sürdüyü dəlil ilə bağlı qeyd edir ki, qaz sayğaclarının quraşdırılması, istismara qəbul edilməsi, qeydiyyata alınması, Dövlət yoxlamasından keçirilməsi “Qaz təchizatı haqqında” Qanuna, “Qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar qaydalarına” və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun yerinə yetirilməlidir. Məişət qaz sayğaclarının markası, miqdarı, növü və quraşdırılma yerləri layihə-smeta sənədləri əsasında qüvvədə olan normativ texniki sənədlərin tələblərinə riayət edilməklə təyin olunur. Mənzillərdə (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələri tərəfindən, G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri isə “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən yerinə yetirilir. Hər hansı bir abonent və ya şəxs tərəfindən özbaşına mənzilinin qaz xətti üzərində sayğac quraşdırılması və istismara qəbul edilmiş mövcud sayğacın açılması qəti qadağandır. Vahid əmlaka (yaşayış evinə, mənzilə) münasibətdə əlavə qaz sayğacının quraşdırılması üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı əlavə halın iddiaçının mənzilinə münasibətdə mövcudluğu öz təsdiqini tapmır.

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri və işin faktiki halları ilə öz təsdiqini tapmır.

27. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ikinci qaz sayğacı çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1 -ci maddələrinə əsasən məhkəmə kollegiyası. QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2-1(116)-2054/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar