Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-241/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət və əmək kitabçasında qeyd edilmiş müddətləri nəzərə almaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad edilməsinə dair xx.xx.2004-cü il tarixdə əmrdə iddiaçının adının olmamasını, ümumi sosial sığorta stajının 18 il 8 ay 20 gün təşkil etməklə tələb olunan 25 ildən az olmasını və xx.xx.2006-cı il tarixdən – xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.
3. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır əsaslandırmışdır.
4. İddiaçı, birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 noyabr 2022-ci il tarixli 2- 1(116)-1558/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2-1(107)-180/2023 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarının ləğv edilməsi, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddianın təmin edilməsi və İddiaçı xx.xx.1995-ci ildən xx.xx.2004-cü ilədək Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”da sürücü vəzifəsində işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
9. Cavabdehin nümayəndəsi və vəkili Vəkil həmin qərardan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2700/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli 2-1(107)-180/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Onun əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olub-olmaması araşdırılmamış, əmək kitabçasında olan qeydlərin şübhəli olması sübuta yetirilmədən əmək kitabçası mötəbər sübut kimi nəzərə alınmamışdır. xx.xx.1995-ci il tarixində Qəbələ rayon Aqrar X3 ticarət birliyi “Aqrokop”da sürücü vəzifəsinə işə qəbul olunmağı və xx.xx.2004-cü il tarixində ərizəsinə əsasən işdən azad edilməyi əmək kitabçasında öz əksini tapmışdır. Müəssisənin hər hansı arxiv sənədində qeydiyyatın aparılmamasında isə işçinin hər hansı təqsiri və məsuliyyəti ola bilməz. Ona görə də Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)- 1558/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)- 1558/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 47 nömrəli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1995-ci ildə 37 №-li əmrlə xx.xx.1995-ci il tarixdən Aqrokoopda sürücü vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixli 27 №-li əmrdə iddiaçının adı qeyd olunmayıb. - SHXÇDX-nin Qəbələ rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 734 №-li arayışından görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. - ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövr aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1977-xx.xx.1979, xx.xx.1981-xx.xx.1993, xx.xx.1979-xx.xx.1981 xx.xx.1995-xx.xx.2004. - Qəbələ “Aqrokoop”-un xx.xx.2004-cü il tarixli 27 nömrəli əmrindən görünür ki, işçi siyahısından çıxarılması nəzərdə tutulmuş şəxslərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. - Məhkəmə kollegiyasının 17 mart 2023-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinin 28 mart 2023-ü il tarixli məktubundan görünür ki, Qəbələ Rayon Aqrar X3 Ticarət Birliyi “Aqrookoop” 02 fevral 1999-cu il tarixdə ********* nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə vergi uçotuna alınmışdır. Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydalarına Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişiliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq birliyin 10 rəqəmli eyniləşdirmə nömrəsi ilə vergi orqanında uçota alınması barədə uçot məlumat bazasında heç bir məlumat aşkar edilməmişdir. Bu səbəbdən Qəbələ Rayon Aqrar X3 Ticarət Birliyi “Aqrookoop”un qeyd olunan dövr ərzində faktiki olaraq fəaliyyət göstərib-göstərməməsi barədə məlumat əldə edilməsi mümkün olmamışdır. - İddiaçının vəkili tərəfindən təqdim olunmuş yol vərəqələrindən görünür ki, İddiaçı 1995-1998-ci illərdə Qəbələ Aqrokoopun sifarişi ilə yükdaşımanı həyata keçirmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.
18. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).
19. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
20. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2700/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 iyul 2023-cü il tarixli 2-1(107)-180/2023 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir.
24. Ali Məhkəmə hazırkı iş üzrə 2-1(102)-2700/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.
25. Ali Məhkəmənin həmin göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır.
26. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
27. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub).
28. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
29. İddiaçı 25 ildən artıq sosial sığorta stajının olmasını ИТ-İ ******* nömrəli əmək kitabçası ilə sübuta yetirildiyini bildirir. Cavabdeh orqan isə sözügedən əmək kitabçasında iddiaçı barəsində sonuncu qeydi mübahisələndirir və həmin qeyd nəzərə alınmadan iddiaçının sosial sığorta stajı hesablandıqda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il sosial sığorta stajının tamamlanmadığını bildirir. Məhkəmə tərəfindən iddiaçının Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsindən azad olunmasına dair xx.xx.2004-cü il tarixli 27 nömrəli əmrin surəti Qəbələ rayon Dövlət Arxivindən sorğu edilərək işə əlavə edilmiş və müəyyən edilmişdir ki, ümumiyyətlə həmin əmrdə işdən azad olunan şəxslər siyahısında iddiaçının adı yoxdur. Yəni, iddiaçının xx.xx.1995-ci ildə 37 №-li əmrlə xx.xx.1995-ci il tarixdən Aqrokoopda sürücü vəzifəsinə qəbul edilməsi müəyyən edilsə də, onun hansı tarixədək həmin müəssisədə işləməsi məlum deyil. Əmək kitabçasında iddiaçının işdən azad edilməsi barədə qeyd isə işdə olan əmrin məzmununa uyğun deyil və cavabdeh haqlı olaraq əmək kitabçasında icra edilmiş qeydin mötəbərliyini mübahisələndirmişdir
30. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfinin təqdim etdiyi yol vərəqələrindən 1995-1998-ci illərdə iddiaçının Qəbələ Aqrokoopun sifarişi ilə yükdaşımanı həyata keçirdiyi müəyyən olunur. Bu isə iddiaçının həqiqətən həmin illərdə Qəbələ rayon Aqrar X3 Ticarət Birliyi “Aqrokoop”-da sürücü vəzifəsində işlədiyini sübut etsə də, qeyd edilən yol vərəqələrinə əsaslanaraq iddiaçının həmin müəssisədə xx.xx.2004-cü ilədək işlədiyini müəyyən etmək mümkün deyildir.
32. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeydşərtsiz təsdiq etmir. Çünki cavabdeh iddiaçının işdən azad olunma tarixinə dair qeydi şübhə altına alan fakta əsaslanır.
33. Belə olan halda iddiaçının 1998-2004-cü illər arasındakı əmək fəaliyyəti ilə bağlı vəziyyət qeyri-müəyyəndir, təsdiq edilən müddətlərin məcmusu isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan stajla bağlı şərti ödəmir.
34. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2-1(116)-1558/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.