Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-242/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1970, 1973, 1976- 1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 02.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-366/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işləməyi barədə arxiv arayışında göstərilən iş stajının onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. 1970-ci ildən 1997-ci ilədək Yevlax rayonu, Tanrıqulular kəndinin bazasında fəaliyyət göstərən “Qəbələ” kolxozunda kolxozçu işləmiş, lakin həmin dövrdə işləməsi barədə əmək kitabçası tərtib edilməmiş və qanuna uyğun qeydiyyat aparılmamışdır. Bu səbəblə iddiaçı cavabdeh orqana arxiv arayışı təqdim edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 02.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı birinci instansiya məhkəməsinə ünvanladığı 11.03.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi üzrə iddiaçı arxiv arayışına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən 01.01.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının’’ 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanunvericiliyə uyğun olaraq şəxsin iddia etdiyi 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Birinci instansiya nəhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya nəhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. İş materiallarında olan X3 filialının 22.02.2021-ci il tarixli, 07/10 nömrəli arxiv arayışından görünür ki, iddiaçı “Qələbə” kolxozunda 1970, 1973, 1976-1997ci illərdə müvafiq olaraq 147, 249, 241, 240, 258, 276, 364, 362, 360, 364, 364, 362, 364, 364, 366, 362, 360, 364, 360, 364, 260, 364, 310, 158 adam günü olmaqla kolxozçu işləmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 04.02.2020-ci il tarixli, 144 nömrəli arayışının surətindən görünür ki, iddiaçı 01.11.1973-cü ildən 08.11.1975-ci ilədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdehin 30.12.2020-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı 01.10.2020-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında ’’Azərbaycan Respublkasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021 -ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlyaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaşın Yevlax rayonu Tanrıqulular kənd Qələbə kolxozunda 1970, 1973, 1976- 1997-ci illərdə işlədiyi əmək kitabçası ilə rəsmiləşmədiyindən yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. İddiaçı Yevlax rayonu Tanrıqulular kənd Qələbə kolxozunda 1970,1973,1976-1997-ci illərdə işlədiyi illər sosial sığorta stajına daxil edilərsə, hərbi xidmət dövrü də daxil olmaqla 02.01.2020-ci il tarixdən yaşa görə əmək pensiya hüququ yarana bilər. İddiaçı pensiya təyin edilmədəyindən onun adına pensiya işi yoxdur. İddiaçının mübahisəli iş stajı Yevlax rayonu Tanrıqulular kənd Qələbə kolxozunda 1970, 1973, 1976- 1997-ci illərdə işlədiyi illər 23 ildir. İddiaçının mübahisələndirilməyən iş stajı hərbi xidmət dövrü olmaqla 2 ildir. İddiaçı1970-1997-ci illər ərzində işlədiyi üçün pensiya kapitalı yoxdur. İddiaçının tələbində qeyd edilən staj 23 ildir. İş materiallarında olan 15.02.2021-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının stajı yerində yoxlanılmış və arxiv arayışında qeyd olunan məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 16 mart 2021-ci il tarixli, 2- 1(116)-366/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçı X1 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun Qələbə kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 02.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-366/2021 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “1970, 1973 və 1976-1997-ci illərdə Yevlax rayonu “Qələbə” kolxozunda işlədiyi illərin sosial sığota sajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 16.03.2021 -ci il tarixli 2- 1(116)- 366/2021 nömrəli qərarı ilə İddiaçı həmin tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçı X1 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun Qələbə kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 02.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 366/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Qanunvericiliyə uyğun olaraq şəxsin iddia etdiyi 1970, 1973, 1976- 1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 16 mart 2021ci il tarixli, 2-1(116)-366/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-366/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-366/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı 23 il müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. İş materiallarında olan cavabdehin məlumatından müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən stajı hərbi xidmət dövrü olmaqla 2 ildir. İddiaçının tələbində qeyd olunan 23 il müddət stajına daxil edilsə, onun tələb olunan 25 il stajı tamamlanacaqdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaş 6 ayı 02.01.2020-ci il tarixdə tamam olmuşdur. 7-ci maddənin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiya yaşı onun 64,6 yaşı tamam olduğu 02.01.2020-ci il tarixdə tamam olmuşdur. İşdən görünür ki, iddiaçı tərəf iddiaçıya verilən əmək fəaliyyətinə dair arxiv arayışının mübahisələndirmir və onun apellyasiya şikayətindəki əsas dəlil kitabçasının olmamasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən də arxiv arayışlarının stajı təsdiq edən sənəd kimi qəbul olunması müəyyən olunduğu halda cavabdeh inzibati orqanın israrla əmək kitabçasının olmamasına əsaslanaraq vətəndaşın pensiya hüququnun reallaşmasına imkan verməməsinin səbəbi məhkəməyə aydın deyil. Cavabdeh inzibati orqan özü həmin arxiv arayışında qeyd olunan məlumatların mötəbərliyini aktlaşdırmaqla təsdiq etmiş, bunula belə yenə də əsassız olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddiaçının müraciəti əsasında demək olar ki, inzibati icraat aparmamış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərə dair qərarları olduğu halda yenə də vətəndaşın hüququnun pozulmasına yönələn addımlar atmışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə, cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçı X1 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun Qələbə kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 02.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməs öhdəliyini qoymaqla düzgün nəticə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-366/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-242/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-242/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver