Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-242/2023 18.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X1 və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-101/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Yevlax şəhəri, C.Mustafayev küçəsi 106A nömrəli evin 3 nömrəli, iki otaqlı ümumi sahəsi 81,75 kv.m, faydalı sahəsi 42,5 kv.m ibarət mənzili xx.xx.1992-ci il tarixində iddiaçının şəhid olmuş əmisi X3 onun ölümündən sonra ailəsinin yaşaması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli 11/7- 115 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclas protokolundan çıxarışına əsasən şəhidin 5 nəfərdən ibarət ailə üzvünə verilmişdir. Həmin ailə üzvləri X15, X7, X11, İddiaçı və X12r. İddiaçının nənəsi Ayna Sabitova xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Bundan sonra həmin evdə şəhidin digər ailə üzvləri iddiaçı, atası, anası və bacısı yaşayır. İddiaçı cavabdehə müraciət edərək, mənzilin özəlləşdirilərək adına dövlət reyestrindən çıxarış verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********18 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilmiş sənədlər toplusundan göründüyü kimi Yevlax şəhəri, C.Mustafayev küçəsi 106A nömrəli evin 3 nömrəli mənzili 5 nəfər ailə üzvündən ibarət olmuş X13 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmri ilə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclas protokolundan çıxarış əsasında verilmişdir. İclas protokolundan çıxarış isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarında mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas kimi müəyyən edilməmişdir. Belə ki, həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********47 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1101/2022 nömrəli qərardadı ilə X15, X7 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, həmçinin iş üzrə məhkəmə icraatına zəruri cəlb olunmuş üçüncü şəxs X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-101/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-101/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 36 mənzilli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə 2011-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir və 2012-ci ildə Yevlax şəhəri İcra Hakimiyyətinin balansına verilmişdir. ünvan 1 nömrəli binanın 3 nömrəli mənzili Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyun 2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış Komissiyanın 21 dekabr 2011-ci il tarixli iclasının Qərarı ilə mərhumə X13 şəhid anası statusuna əsasən verilmişdir. Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu müəyyən edir. Qanunun əsas prinsiplərindən biri də mənzillərin özəlləşdirilməsinin tam və könüllüyə əsaslanması və yaşadıqları mənzilin həmin qanunda müəyyən edilmiş şərtlərlə və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüquqlarının təmin olunmasından ibarətdir. Qanun müəyyən edir ki, dövlət və ictimai mənzil fondunun mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikası vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) həmin qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2- 1(116)-101/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi, eyni zamanda üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-101/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X16 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-101/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxslər X15 və X11 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.
14. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2019-cu il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1992-ci ildə ölmüş, şəhid X2 vərəsəsi onun qardaşı X4r. - Notariat qaydada cavabdehə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı iddiada göstərilən mənzilin onun adına, həmçinin digər ailə üzvləri Qabil Sabitov, Arzu Sabitova və Ayna Sabitova həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. - 3 saylı Mənzil-Təmir İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 64 nömrəli arayışından görünür ki, İddiaçı C.Mustafayev ev 106A mənzil 3-də yaşayır. Həmin mənzil mərhum X9 məxsusdur. Mənzildə X5, X10 və X14 qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı mənzil təminatı ilə əlaqədar sənədlərin surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mövcud deyil. - Yevlax Şəhər İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 2539 nömrəli məktubunda qeyd olunmuşdur ki, tərəfimizdən Yevlax şəhəri 3 saylı Mənzil Təmir İstismar sahəsinə rəsmi müraciət olunmuşdur. Müraciətlə bağlı bildirilmişdir ki, qeyd edilən mənzil 3 saylı Mənzil Təmir İstismar sahəsinin balansındadır, dövlət mənzil fonduna aiddir, mənzilə dair heç bir hüquqi sənədin olmadığı və hazırda mənzildə yaşayış olmadığı bildirilmişdir. - İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax rayonunda inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışa əsasən, xx.xx.2010-cu ildə 126 nömrə növbəyə dayanmış X13 (Nəsimi küçəsi ev 6) şəhid anası kimi 5 nəfər ailə tərkibi ilə (özü, oğlu, gəlini və 2 nəvəsi) oğluna məxsus 1 otaqlı, yaşayış sahəsi 30 kv.m olan fərdi yaşayış evində 5 nəfər qeydiyyatda olmaqla yaşadığından, evin şəraiti qeyri-qənaətbəxş olduğundan, mənzillə təmin olunması barədə Azərbaycan Respublikasının Milli Məclisinin deputatının məktubuna əsasən ümumi sahəsi 81,75 kv.m, faydalı sahəsi 42,5 kv.m olan, 2 otaqlı mənzil ayrılmışdır. Mənzilin ünvanı bina 106A (sonradan qələmlə əlavə edilmişdir) 1ci mərtəbə mənzil nömrə 3 kimi qeyd edilmişdir. Çıxarışın kserosurəti iş materiallarına əlavə edilmiş, əsli təqdim olunmamış, məhkəmə tərəfindən aşkar edilməmişdir. - İddia ərizəsinə surəti əlavə edilmiş AZ-İİ 006617 nömrəli xx.xx.2019-cu il tarixli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən edilmişdir ki, X17 xx.xx.2019cu il tarixdə ölmüşdür. Nə onunla, nə də digər ailə üzvləri ilə sosial kirayə müqaviləsinin bağlanması və ya mənzilin mülkiyyətə verilməsinə dair hüquqi akt aşkar edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2 Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 8-ci maddəsinə əsasən aşağıdakılar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün digər əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir... 97.1. Ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. 97.2. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. 146.4. Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada özəlləşdirilməsinə yol verilir.
20. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İşin hallarının araşdırılması zamanı Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2022ci il tarixli məktubuna əsasən mübahisəli mənzilin dövlət mənzil fonduna aid olduğu və mənzilə dair heç bir hüquqi sənədlərin olmadığı müəyyən edilmişdir.
27. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsaslarını qəti şəkildə müəyyən etmişdir. Hazırkı işdə isə, sözügedən mənzilin iddiaçının və ya X8 mülkiyyətinə verilməsi barədə göstəriş aşkar olunmamışdır.
28. İş üzrə iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs deyildir.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
30. Beləliklə, iş materiallarına istinad etməklə məhkəmə iddia tələbinin əsassız olması qənaətinə gəlir. İddiaçı tələbinin hüquqi əsası kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Yevlax rayonunda inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışa istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və qeydə alınmasının əsası kimi çıxış edə bilməz. Odur ki, iş üzrə prosedur qaydalarına əməl edilməsi ilə bağlı digər tələblərin yoxlanılması zərurəti də aradan qalxmış olur. Belə olan halda, məhkəmə iş üzrə cavabdehin hərəkətlərinə və imtinasına hüquqi qiymət verilməsinin üçüncü şəxslərin mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasına razılıqlarının olub-olmaması ilə bağlı olmadığı qənaətindədir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmışdır. Ona görə də kollegiya hesab edir ki, cavabdehin tələbdə qeyd olunan mənzilin onun adına özəlləşdirilməsi və həmin mənzilin mülkiyyət hüququ əsasında adına dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax şəhəri C.Mustafayev küçəsi ev 106A mənzil 3-də yerləşən mənzilin iddiaçının adına özəlləşdirilərək həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2-1(116)-101/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.