Məhkəmə qərarları › İş №2-1(107)-242/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-242/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-242/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “31 il 6 ay 01 gün təşkil edən əmək stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2024-cü ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)-3266/2024 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “31 il 6 ay 01 gün təşkil edn güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2024-cü ildən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1964-cü ildə doğulmuşdur. 01 09.1986-xx.xx.1987-ci il tarixdə Mingəçevir 39 saylı TPM-də təhsil alaraq əl ilə qaynaqçı peşəsi almışdır (iş stajı 10 ay 20 gün). xx.xx.1984-xx.xx.1986-cı illərdə Sovet Ordu sıralarında hərbi xidmət keçmişdir (iş stajı 2 il). xx.xx.1988-ci il tarixdən xx.xx.1989cu ilədək Bərdə rayon S.Vurğun adına kolxozda kolxozçu işləmişdir (iş stajı 1 il 1 ay 1 gün); xx.xx.1989-xx.xx.1994-cü illərdə Azərbaycan DRES-in mərkəzləşdirilmiş təmir sexində qazanxana və avadanlıqların təmiri üzrə çilingər işləmişdir (güzəştli şərtlərlə iş stajı 5 il 2 ay 11 gün); xx.xx.1996-cı ildən Azərbaycan DRES-in mərkəzləşdirilmiş təmir sexinə qazanxana və avadanlıqların təmiri üzrə təmirçi-çilingər qəbul edilmiş və xx.xx.1996-cı ildən Azərbaycan DRES-in yanacaq nəqliyyat sexinə teplovoz tərtibatçısı vəzifəsində işləmiş və xx.xx.2022-ci il tarixdə ştatın ixtisarı əsası ilə işdən azad edilmişdir (güzəştli şərtlərlə iş stajı 26 il 3 ay 21 gün). Beləliklə ümumi iş stajı 35 il 5 ay 23 gün, güzəştli şərtlərlə iş stajı isə 31 il 6 ay 01 gün təşkil edir. - İddiaçı ümumi iş stajı, eləcə də güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir, lakin cavabdeh xx.xx.2024-cü il tarixli 3-17-1\2-Н-195308\2024 saylı məktubla həmin pensiyanın təyin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı'nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovoz maşinistləri, maşinist köməkçiləri, qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Lakin “Azərenerji ASC “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin yanacaq nəqliyyat sexinin “lokomotiv briqadasında” teplovoz tərtibçisi vəzifəsində işləməsinə dair fəaliyyət sahəsi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də güzəştli şərtlərlə iş stajı yoxdur.

3. Cavabdeh orqan iddia tələbinə xx.xx.2024-cü il tarixli etirazında qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-195308/2024 nömrəli məktubunda iddiaçının güzəştli iş stajının 12 il 6 aydan aşağı olması səbəbindən pensiya təyinatının mümkün olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. - Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır; 1. tələb olunan yaş həddinə çatmalı (kişilər üçün 60, qadınlar üçün 58.5); 2. azı 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli; 3. stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün yuxarıda qeyd edilən bütün şərtlər ödənilməlidir. - Üçüncü şərtə münasibətdə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) qatar tərtibçiləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilən "xxxx" ASC “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC-nin 15 iyul 2024-cü il tarixli 07-109 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Yanacaq Nəqliyyat sexində qatar tərtibatçısı vəzifəsində işləmişdir. İddiaçının xx.xx.1996xx.xx.2022-ci illərdə işlədiyi vəzifə sözügedən arayışda istinad edilən dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinə uyğun olmadığından güzəştli iş stajına daxil edilməmiş və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 3 gün (xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.1996-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 2 nömrəli əlavədə müəyyən olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən Qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. - Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. İstinad olunan qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-ci il tarixli imtina məktubu, - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2024-ci tarixli Arayışı, - "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin işin xarakteri haqqında xx.xx.2024-cü il tarixli arayışı, - AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsi, - A 703170 nömrəli diplom, - A3E ******* №-li kolxozçunun əmək kitabçasının surəti.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 dekabr 2024-cü il tarixli 2- 1(116)-3266/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 31 il 6 ay 01 gün təşkil edən əmək stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2024-cü ildən təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 60 yaşının bitdiyi xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır (iddiaçı xx.xx.1964cü ildə doğulub). Belə ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun 25 ildən az olmayan ümumi iş stajı və minimum 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İş materiallarından görünür ki, iddiaçının 25 ildən az olmayan ümumi iş stajı mövcuddur və cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Xüsusi iş stajına münasibətdə isə cavabdeh orqanın dəlili iddiaçının xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində Yanacaq Nəqliyyat sexində qatar tərtibatçısı vəzifəsində işlədiyi vəzifənin dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinə uyğun olmaması ilə bağlıdır. Hazırkı işə münasibətdə iddiaçının işlədiyi qatar tərtibçisi peşəsinin güzəştli peşələrə aid olduğundan, müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmadığından məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

7. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)-3266/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi tam araşdırmamış, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da maddi hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)- 3266/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)-3266/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (iddiaçının hüququnun yarandığı vaxt qüvvədə ola redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

16. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”: Bənd 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər: qatar tərtibatçısı (kod 23001000-18726),

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PAS-a daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

25. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

28. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir.

29. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı iddiaçının çalışdığı peşəni yox, onun çalışdığı sahəni mübahisələndirmiş, onun çalışdığı sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilən vəzifələrə uyğun olmadığını bildirmişdir. İddiaçının çalışdığı müəssisə dəmiryolu nəqliyyatı sahəsinə aid deyildir və bu baxımdan iddiaçı, həmin müəssisədə işlədiyi peşələrlə bağlı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşələrə istinad edə bilməz.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidir.

31. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız “Azərbaycan Dəmiryolları QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSCnin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.

32. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.

33. Bu baxımdan güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan qatar tərtibatçılarına deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan qatar tərtibatçılarına da şamil olunmalıdır.

34. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən qatar tərtibatçıları da həmin anlamda qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən qatar tərtibatçıları eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında qatar tərtibatçıları işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2-1(102)-578/2022 nömrəli qərarı).

35. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində çalışan qatar tərtibatçısı vəzifəsinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.

36. Hazırkı mübahisəyə münasibətdə işin birinci məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının çalışdığı müəssisənin funksional baxımdan və istehsalat təyinatına görə nəqliyyat sahəsinə aid olmaması, həmin müəssisənin istehsalat zərurəti ilə əlaqədar malik olduğu və istifadə etdiyi dəmiryolu şəbəkəsinin ölkənin dəmiryolları sisteminə, eləcə həmin şəbəkədə təyinatı üzrə istismar edilən və yükdaşımaları həyata keçirən teplovozların dəmiryol nəqliyyatı vasitələrinə aid olmasını istisna etmir və edə də bilməz. Həmin müəssisənin dəmiryolu şəbəkəsi fəaliyyət sahəsi olaraq müəssisənin əsas və aparıcı fəaliyyət sahəsinin tərkib hissəsi kimi deyil, funksional baxımdan həmin fəaliyyət sahəsinin və istehsal prosesinin təminatı üçün zəruri xammalın və istehsal prosesinin nəticəsi olan məhsulların daşınması üçün nəzərdə tutulmuş ümumi dəmiryolları sisteminin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

37. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda qatar tərtibçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.

38. Beləliklə, yuxarıda qeyd olunanlar baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1996-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində “Azərbaycan DRES”-nin Yanacaq-Nəqliyyat sexinin "Lokomotiv briqadasında” qatar tərtibatçısı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın dəmiryol nəqliyyatı bölməsində, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Sıyahısı”nda (21-ci Bölmə. Nəqliyyat. 21.4-cü bənd. Dəmiryol Nəqliyyatı. Dəmiryol Lokomotiv briqadalarının fəhləsi və ayrı-ayrı kateqoriyalı işçilər. on yeddinci abzas qatar tərtibçiləri) nəzərdə tutulmuş müvafiq peşəyə uyğun sayılmalıdır. Odur ki, birinci instansiya məhkəməsi həmin müddətləri də iddiaçının xüsusi iş stajı olaraq qəbul etməkdə haqlı olmuşdur.

39. Həmçinin qeyd olunmalıdır ki, yuxarıda istinad edilən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur.

40. Göründüyü kimi, iddiaçının işlədiyi peşənin (qatar tərtibatçısı) güzəştli peşə olduğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

42. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur.

45. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)-3266/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar