Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-243/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2nə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 saylı qərarından iş üzrə iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi İddiaçı, X1 və X4 ümumi mülkiyyətinə verilmişdir. X7 10.02.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakına (Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsində 1961-ci ildə tikilmiş, yaşayış sahəsi 55,5 kv.m, köməkçi sahəsi 15,6 kv.m, ümumi sahəsi 71,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi) İddiaçı adına 16.11.2011-ci ildə "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmişdir. Həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçının adına olan 21.01.2012-ci il tarixli "Daşınmaz əmlakın texniki pasportu"ndan görünür ki, həmin torpaq sahəsində yaşayış evindən başqa, tövlə, quraqlıq, ayaqyolu, darvaza, hasar, hasar (metal tor) da olmuşdur. "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi tərəfindən "Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi" layihəsi həyata keçirilərkən məlum olmuşdur ki, sözügedən layihə çərçivəsində İddiaçı mərhum anası X2 məxsus 53,05 kv.m yaşayış evi, 16,10 kv.m şüşəbənd mətbəx, 21 kv.m açıq eyvan, 45,88 kv.m çardaq, 66 kv.m daş hasar, 1751,06 kv.m (həmin torpaq sahəsinin 262,67 kv.m hissəsi zəbt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka müstəqil qiymətləndirici tərəfindən ümumilikdə 55400 manat (yaşayış evinə görə 18567,50 manat, şüşəbənd mətbəxə görə 4025 manat, açıq eyvana görə 4200 manat, çardağa görə 3670,40 manat, daş hasara görə 3300 manat, torpaq sahəsi və meyvə ağaclarına görə 14883,90 manat) kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ bank vasitəsilə iddiaçıya ödənilmişdir. İddiaçı Cavabdeh2nə ərizə ilə müraciət edərək, həyətində olan tövlənin sökülməsinə görə ona kompensasiya ödənilməsini xahiş etmiş, lakin cavabdeh 10.02.2020-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, Qəbələ şəhəri - Hava Limanı yolunun yenidən qurulması zamanı iddiaçının həyətyanı sahəsinə ödənilən kompensasiya ona qanunamüvafiq qaydada bank vasitəsilə ödənilmişdir. Bundan sonra, iddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə, Cavabdeh2nə və "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə" 06.05.2020-ci il tarixli iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə 09.07.2020-ci il tarixli başqa bir iddia ərizəsi göndərməklə iddiasını dəyişdirmişdir. Həmin iddia ərizəsində tələb cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı verilmişdir və "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyriqanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması və iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsi"ndən ibarətdir. Daha sonra Şəki İnzibati Məhkəməsinin 04.08.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan 2-1(116)-1013/2020 nömrəli inzibati işdə birgə baxılan iki tələb üzrə icraat aşağıdakı ayrı-ayrı müstəqil icraata ayrılmışdır. 1) İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı "Hacıalılı Bələdiyyəsi tərəfindən əsassız satılmış 0,0148 ha torpaq sahəsi və bələdiyyə torpağı kimi qeyd olunmuş, əslində iddiaçıya məxsus 0,007839 ha və iddiaçıya məxsus hasardan bayıra salınmış 0,0061 ha torpaq sahələri qeyri-qanuni sahibliyindən (yəni Arzu Manafovdan) geri alınaraq, iddiaçıya qaytarılması öhdəliyinin Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin və Cavabdeh2 üzərinə qoyulması" barədə, 2) İddiaçı cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinə və Cavabdeh2nə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Cavabdeh2ndən alınaraq iddiaçıya verilməsi" barədə. Hazırkı iş yuxarıda göstərilən 2-ci işdir. İddiaçı 03.03.2021-ci ildə məhkəməyə ərizə verərək iddia tələbini dəqiqləşdirmiş və bildirmişdir ki, cavabdehlər Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən və Cavabdeh2ndən tələb etdiyi 20000 manat məbləğində maddi ziyanın ödənilməsini yalnız Cavabdeh2ndən tələb edir, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsindən həmin maddi ziyanı tələb etmir. Beləliklə, hazırkı qərar İddiaçı Cavabdeh2nə qarşı sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın Cavabdeh2ndən alınaraq ona verilməsi barədə iddiası üzrə çıxarılmışdır. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, ona məxsus olan həyətyanı torpaq sahəsində yerləşən və dəyəri ödənilmiş tikililər söküldüyü zaman ona məxsus olan tövlə Cavabdeh2 işçiləri tərəfindən qanunsuz olaraq sökülmüş və bununla da ona 20000 manat maddi ziyan vurulmuşdur. Cavabdeh2 iddiaya qarşı 24.08.2020-ci il tarixli 2/1507/315 nömrəli etirazında bildirmişdir ki, görülmüş işlərə dair tərtib olunan aktlarda İddiaçı məxsus tövlə binasının sökülməsinə aid heç bir qeydiyyat yoxdur. Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 saylı qərarı ilə İddiaçı Cavabdeh2nə qarşı "iddiaçıya məxsus 0,01116 ha torpaq sahəsində sökülmüş tövlənin əvəzi olaraq 20000 manat məbləğində maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı X12 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, Qəbələ Rayon Aqrar islahat Komissiyasının 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha həyətyanı torpaq sahəsi mənim X1 və X5 ümumi mülkiyyətinə verilmişdir. X7 10.02.2007-ci ildə vəfat etmişdir. Mərhumun əmlakina (Qəbələ rayonu, Hacıalılı kendinde yerləşən 0,16 ha torpaq sahəsində 1961-ci ildə tikilmiş, yaşayış sahəsi 55,5 kv.m, köməkçi sahasi 15,6 kv.m, ümumi sahesi 71,1 kv.m olan üç otaqlı fərdi yaşayış evi) mənim yəni-İddiaçı adina 16.11.2011 -ci ildə “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” verilmişdir Həmin 0,16 ha torpaq sahəsinə və onun üzərində yerləşən 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə mənim yəni- İddiaçı mülkiyyət hüququ daşmmaz amlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və bu barədə MA seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz emlakın dövlət reyestrinden çıxarış verilmişdir. Onun adına olan 21.01.2012-ci il tarixli “Daşınmaz əmlakın texniki pasportu”nda həmin torpaq sahəsində yaşayış evindən başqa, tövlə, quraqlıq, ayaqyolu, darvaza, hasar, hasar (metal tor) olmuşdur. “Azərbaycan Avtomobil Yollar” Dövlət Agentliyi tərəfindən “Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi” layihəsi həyata keçirilərkən mənim mərhum anam X9ma məxsus 53,05 kv.m yaşayış evi, 16.10 kv.m. şüşəbənd mətbəx, 21 kv.m. açıq eyvan, 45,88 kv.m. çardaq, 66 kv.m das hasar 1751,06 kv.m. (həmin torpaq sahəsinin 262,6/ kv.m. hissəsi zebt) torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Göstərilən əmlaka müstəqil qiymətləndirici terefınden ümumilikdə 55400 manat (yaşayiş evine göre 18567,50 manat, şüşəband mətbəxə görə 4025 manat, açıq eyvana göre 4200 manat, çardağa görə 3670,40 manat, daş hasara göre 3300 manat, torpaq sahəsi ve meyvə ağaclarına görə 14883,90 manat) kompensassiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə hemin məbləğ bank vasitəsilə onlara ödənilmişdir. Belə ki, onun mülkiyyətində qalan 0,01116 ha torpaq sahəsində cavabdeh tərəfindən dağıdılmış tövlənin kompensasiyası bu günə kimi ödənilməmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məktubuma cavab olaraq, tövlənin agentlik tərəfindən həyata keçirilmiş “Qəbələ-Ağdaş avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində sökülmədiyi bildirilmişdir. Həmin layihəyə düşmədiyi halda mənə məxsus tövləni sökdürən Cavabdeh2(müavin Arif m.) olmuşdur ki, həmin faktı təsdiq edəcək şahidlər də vardır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı X12 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, MA seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Qəbələ rayonu Hacıalılı kəndində yerləşən 0,16 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 55,5 kv.m yaşayış sahəsi və 15,6 kv.m yardımçı sahədən ibarət olan 71,1 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi, 1 mərtəbəli 45,15 kv.m sahədən ibarət tövlə, 1 mərtəbəli 42 kv.m sahədən ibarət quraqlıq, 2,4 kv.m sahədən ibarət olan ayaqyolu və 20,45 kv.m sahədən ibarət hasar tikilisi İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24.01.2012-ci ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - İşdə olan, 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolundan görünür ki, müstəqil qiymətləndirici tərəfindən torpaq sahəsi və yaşayış evinə görə ümumilikdə 55400 manat kompensasiya hesablanmış və 28.08.2012-ci il tarixli qarşılıqlı razılaşma protokolu ilə həmin məbləğ iddiaçıya ödənilmişdir. - İşdə olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 18.08.2020-ci il tarixli **********41 nömrəli məktubundan görünür ki, iddiaçının mülkiyyətində 0,16 ha həyətyanı torpaq sahəsi olmuş və həmin torpaq sahəsindən yol çəkilişi ilə bağlı layihəyə düşən torpaq sahəsi çıxıldıqdan sonra mülkiyyətində 0,011161 ha torpaq sahəsi qalmışdır. - İşdə olan, Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin 24.08.2020-ci il tarixli 43 nömrəli etiraz məktubundan görünür ki, İddiaçı məxsus tövlənin kimlərin tərəfindən sökülməsi haqqında məlumat yoxdur. - İşdə olan, Cavabdeh2 24.08.2020-ci il tarixli 2/1507/315 nömrəli etiraz məktubundan görünür ki, görülmüş işlərə dair tərtib olunan aktlarda İddiaçı məxsus tövlə binasının sökülməsinə aid heç bir qeydiyyat yoxdur. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002- ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Göründüyü kimi, maddi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. İddiaçı öz tələbini belə əsaslandırır ki, ona məxsus olan tövlə cavabdehin işçiləri tərəfindən sökülmüş, lakin tövlənin dəyəri ona ödənilməmişdir. Cavabdeh bu iddianı etiraf etmir və bildirir ki, tövlənin kim tərəfindən sökülməsi barədə məlumatı yoxdur. Məhkəmənin 05.10.2020-ci il tarixli məktubu ilə İddiaçı ona məxsus tövlənin Cavabdeh2 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsi tərəfindən sökülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməsi təklif edilmiş və iddiaçı həmin məktuba cavab olaraq məhkəməyə İddiaçı, Daşdiyev Mənsur və qeyriləri (cəmi 15 nəfər) tərəfindən imzalanmış 20.10.2020-ci il tarixli akt təqdim etmişdir. Həmin aktda deyilir ki, torpaq sahəsində olan tikililər sökülən zaman icra hakimiyyətinin nümayəndəsi Arif müəllimin başçılığı altında mal tövləsi də sökülmüşdür. Lakin məhkəmə tərəfindən müəyyən edildi ki, həmin akt iddiaçının özü tərəfindən və öz adından yazılmışdır. Məhkəmə bu qənaətə, aktda söhbətin kimə məxsus evdən və tövlədən getməsi göstərilmədiyi halda, "mülkiyyətimdə olan", "Arif müəllimin qəbulunda olsam da" kimi kəlmələrdən istifadə edildiyinə görə gəldi. İddiaçı tövlənin sökülməsində Cavabdeh2 başçısının müavini X3, Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi X11 və Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri X13 iştirak etdiklərini bildirərək onların şahid qismində dindirilməsini xahiş etmiş və həmin vəsatət məhkəmə tərəfindən təmin edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı 08.12.2020-ci il tarixə təyin edilərək göstərilən şəxslər məhkəmə iclasına dəvət olunmuş, lakin "Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.11.2020-ci il tarixli məlumatına əsasən, məhkəmə iclasının keçirilməsi mümkün olmamışdır. Buna baxmayaraq şahid qismində dəvət edilmiş X10 08.12.2020-ci ildə məhkəməyə gələrək yazılı izahat vermişdir. O, həmin izahatında bildirmişdir ki, İddiaçı tövləsinin sökülməsi ilə bağlı Cavabdeh2 heç bir məlumatı yoxdur. Belə ki, X24 tikintisi vaxtı 22 km məsafədə bütün fərdi yaşayış evlərinin, həmçinin qeyriyaşayış obyektlərinin dövlət layihəsinə düşməsi ilə əlaqədar Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. Bütün obyektlər qeydiyyata götürülmüş, sonradan Maliyyə Nazirliyi tərəfindən qiymətləndirilərək vətəndaşların pulları bank vasitəsilə ödənilmişdir. Həmçinin İddiaçı həyətindəki tikililər və torpaq qiymətləndirilərək 55400 manat vəsait ödənilmişdir. Bu pula da vətəndaş 5 otaqlı yeni ev tikmişdir. Vətəndaşın qeyd etdiyi tövlənin sökülməsi barəsində vətəndaşa bir neçə dəfə izah olunmuşdur. İcra Hakimiyyəti və ya Bələdiyyə tikinti sökmür. Bundan başqa, müəyyən problemlərlə də bağlı vətəndaşa bir neçə dəfə köməklik göstərilmişdir. Şahid qismində dəvət edilmiş X15 və X17 həmin tarixdə məhkəməyə gəlməmişlər. Bundan sonra şifahi məhkəmə baxışı 17.02.2021-ci il tarixə təyin edilərək X15 və X17 yenə də şahid qismində məhkəməyə dəvət olunmuş, lakin üzürlü səbəb olmadan gəlmədiklərinə görə Şəki İnzibati Məhkəməsinin 17.02.2021-ci il tarixli qərardadına əsasən, hər biri yüz manat cərimə edilmişlər. Daha sonra şifahi məhkəmə baxışı təkrarən 03.03.2021-ci il tarixə təyin edilmiş və həmin məhkəmə iclasında X15 və X17 şahid qismində dindirilmişlər. X6 ifadəsində göstərdi ki, o, İddiaçı ilə orta məktəbdə bir sinifdə oxumuş, onunla eyni kənddə yaşayır, onunla düşmənçiliyi, ədavəti yoxdur. O, 2005-ci ildən 20.08.2012-ci ilədək Cavabdeh2 başçısının Hacıalılı kəndi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçının həyətindəki ev sökülmüşdür. Evi Azəravtoyol və Cavabdeh2 sökdürürdü. İcra Hakimiyyətindən X10 və memar sökdürürdülər. O özü evin söküldüyü zaman həmin yerdə olmuş, lakin işlə bağlı onu çağırdıqlarına görə o, çıxıb getmiş və tövlənin kim tərəfindən söküldüyünü görməmişdir. X8 ifadəsində göstərdi ki, İddiaçı həmkəndli kimi tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur. O, 2005-2019-cu illərdə Qəbələ Rayon Hacıalılı Bələdiyyəsinin sədri vəzifəsində işləmiş, 18.01.2021-ci ildən etibarən yenə həmin vəzifədə işləyir. O, İddiaçı məxsus evin sökülməsinin şahidi olsa da, həmin vaxt tövlənin sökülməsini xatırlamır. Göründüyü kimi, iddiaçının dəvət etdiyi şahidlər iddiaçıya məxsus olan tövlənin Cavabdeh2 tərəfindən sökülməsini təsdiq etməmişlər. İddiaçı məhkəməyə ona cavabdeh tərəfindən maddi ziyan vurulmasını təsdiq edən başqa sübut da təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03.03.2021-ci il tarixli, 2-1(116)-158/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-243/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-243/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver