Məhkəmə qərarları › İş №2-1(107)-243/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-243/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-243/2022 15.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-312/2022 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 40 kv.m yaşayış, 12 kv.m yardımçı, 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evini Səlyəddin Almazovdan almışdır. O, həmin torpaq sahəsi və fərdi yaşayış evinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, notarial qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X4 rayonu, Qazbinə kəndində istifadəsində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi alıcı İddiaçı mülkiyyətinə verilmişdir. Mübahisə predmetinə aid olan Balakən rayonu, Qazbinə kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Mahamalar kənd ərazi nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 1666 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli arayışına əsasən Mənzər Xəlil qızının adına (həmin torpaq sahəsi istifadədə və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə) 11,07.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 2V-133 reyestr nömrəli, “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Almazov Səlyəddinin adına (həmin torpaq sahəsi istifadədə və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə) xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, həmin daşınmaz əmlak Almazov Səlyəddin tərəfindən notarial qaydada təsdiq edilmiş xx.xx.2013-ci tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Sözügedən 0,08 ha torpaq sahəsinə dair Ləğv edilmiş DTXK-si tərəfindən hazırlanmış hüquq müəyyənedici sənədlər 18 saylı Zaqatala Ərazi İdarəsində aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Seriya MH 000441 nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi Mənzər Xəlil qızının adına daşınmaz əmlakın dövlət reyestrində 2 №-li reyestr kitabının 136 №-li vərəqində qeydiyyata alınmışdır. xx.xx.2008-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş Mənzər Xəlil qızının vərəsəsi Almazov Səliəddin olmuşdur. Şəhadətnamə ilə verilən miras əmlak Balakən rayonu Mahamalar (Qasbinə) kəndində yerləşən 1985-ci ildə tikilən, ümumi sahəsi 52 kv.m, torpaq sahəsi 0.08 ha olan yaşayış evindən ibarətdir. Seriya MH 000441 nömrəli çıxarışdan görünür ki, Balakən rayonu Qasbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi Almazov Səlyəddinin adına daşınmaz əmlakın dövlət reyestrində 2 №-li reyestr kitabının 136 №-li vərəqində qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, X8 rayonu Qazbinə kəndində istifadəsində olan 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evini X1. Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Balakən rayonuna dair torpaq islahatı ilə bağlı ərazi idarəsinin xidməti istifadəsində olan elektron baza (DWJ) məlumatlarında sözügedən 0.08 ha torpaq sahəsi – yaşayış məntəqələrinin torpaqları təyinatlı, sahibsiz sahə kimi göstərilmişdir. Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2020-ci il tarixli 643 №-li arayışından görünür ki, Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1149-cu sırada X2 torpağının cəmi 008 yazılmış, rəqəmin üstündən xətt çəkilib, qara karandaşla X14 pr4, xx.xx.1992, sıra 1640 qeyd edilmişdir. Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən 1640-cı sırada X7 torpağının cəmi 008, həyətyanı torpaq sahəsindən istifadə etmək hüququnun əsası qrafasında xx.xx.1992-ci il, qeyd qrafasında isə №1149 qeyd edilmişdir. Balakən rayonu Mahamalar kənd “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992ci il tarixli 4№-li müvəkkillər iclası protokolundan çıxarışdan görünür ki, kəndin sakini X3 adında olan 0.08 hek həyətyanı torpaq sahəsi kənd sakini X7 adına keçirilmişdir. Balakən rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 126 №-li arxiv arayışından görünür ki, Balakən rayonu Mahamalar kənd İcra Nümayəndəliyinin Təsərrüfatbaşına kitablarına əsasən 1991-1995-ci illər üzrə X11 – a/başçısı, Mənzər Xəlil qızı arvadı, cəmi torpaq sahəsi 1993-1994-cü illər üzrə 008 ha, 1996-2000-ci illər üzrə Mənzər Xəlil qızı a/başçısı, cəmi torpaq sahəsi 0.08 ha qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-312/2022 nömrəli qərarı ilə, iddia təmin edilmiş cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsi Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsi apellyasiya şikayətin də qeyd etmişdir ki, İddiaçı həmin torpaq sahəsinin üzərində özünün mülkiyyət hüququnun əmələ gəlməsinin dövlət qeydiyyatı üçün qanunla əsas hesab olunan hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Belə ki, notariat qaydada təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X4 rayonu, Qazbinə kəndində istifadəsində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi alıcı (iddiaçı) İddiaçı mülkiyyətinə verilmişdir. Bildiririk ki, mübahisə predmetinə aid olan Balakən rayonu, Qasbinə kəndində 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Balakən RİHB-nın Mahamalar kənd ərazi nümayəndəsinin xx.xx.2008-ci il tarixli, 1666 nömrəli arayışına və Balakən rayon Dövlət Arxivinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli arayışına əsasən Mənzər Xəlil qızının adına (həmin torpaq sahəsi istifadədə və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə) xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bundan sonra, həmin daşınmaz əmlak notarial qaydada təsdiq edilmiş xx.xx.2008-ci il tarixli, 2V-133 reyestr nömrəli, “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”yə əsasən Almazov Səlyəddinin adına (həmin torpaq sahəsi istifadədə və fərdi yaşayış evi mülkiyyət hüququ üzrə) xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, həmin istifadəsində olan 0,08 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi Almazov Səlyəddin tərəfindən notariat qaydada təsdiq edilmiş xx.xx.2013-ci tarixli, 4Ə-402 reyestr nömrəli alqı-satqı müqaviləsi ilə İddiaçı satılmışdır. Digər tərəfdən məhkəmə xidməti vəzifəsinə görə iş üzrə 3-cü şəxs qismində hüquq və maraqlarına toxunulan Almazov Səlyəddini prosesə zəruri cəlb etməmişdir. Məhkəmə qərarında istinad etdiyi Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü bədləri isə həmin Məcəllənin qanuni qüvvəyə minənədək, yəni 31 avqust 1999-cu il tarixinədək bağlanmış əqdlərlə bağlı olmuşdur. İddiaçı isə həmin fərdi yaşayış evi notariat qaydada təsdiq edilmiş müqavilə ilə xx.xx.2013-ci tarixində əldə etmişdir. Belə olan halda həmin maddəyə əsasən torpaq sahəsini də iddiaçının mülkiyyətəninə verilməsi barədə məhkəmə qərar qəbul edərək səhvə yol vermişdir. Beləliklə, iddiaçı məhkəməyə müraciət edərək özünün mövcud olmayan istifadə üzrə dövlət qeydiyyatından keçmiş və xx.xx.2013-ci tarixində rəsmi alqı-satqı qaydasında istifadə üzrə əldə edilmiş torpaq sahəsinə mülkiyyət hüquqlarının məhkəmə tərəfindən yaradılmasına nail olmuşdur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-312/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-312/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Səlayəddin Almazov məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Çünki apellyasiya şikayətinin məzmunundan görünür ki, o mübahisələndirilən torpağın qeydə alınaraq çıxarışın verilməsi ilə razılaşmır, tələbin həmin hissədə təmin edilməməsini xahiş edir. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmişdir. İddiaçı iddia ərizəsindən görünür ki, onun tələbi iki hissədən- Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evinə aid mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsi üzərinə qoyulmasından ibarətdir. İşdə olan sənədlərlə müəyyən olunur ki, Səlayəddin Almazovun daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən adına 0.08 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydə alınması barədə çıxarış olduğundan alqısatqı müqaviləsi bağlanmış və həmin müqavilə fərdi yaşayış evinin qeydə alınması üçün əsas olmuşdur. Ona görə də birinci instansiya məhkəməsi həmin evin qeydiyyata alınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoymaqla haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi 0.08 ha torpaq sahəsi ilə bağlı iddia tələbini təmin etməklə qeyd etmişdir ki, Balakən rayonu, Qazbinə kəndində yerləşən, 1 mərtəbəli 52 kv.m ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Balakən rayonu Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabına əsasən X2 istifadəsində olmuş, daha sonra “Q.Musabəyov” adına kolxozun 10 dekabr 1992-ci il tarixli 4№-li müvəkkillər iclası protokolunun qərarına əsasən X7 adına keçirilmişdir. Bundan sonra həmin torpaq sahəsi X7 və onun arvadı Mənzər Xəlil qızının qanuni istifadəsində olmuşdur. Bununla belə torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinə dair şəhadətnamə və plan-ölçü sənədi tərtib edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 3.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. İşdən görünür ki, İddiaçı alqı-satqı yolu ilə əldə etdiyi yaşayış evinin altındaki 0.08 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun tanınaraq qeydiyyata alınmasını tələb etsə də onun həmin torpaq sahəsinə dair “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunda tələb olunan heç bir hüquq müəyyən edici sənəd mövcud deyil. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. İşdən görünür ki, İddiaçı 21 aprel 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə yalnız 0.08 ha torpaq sahəsi üzərində olan 2 otaq fərdi yaşayış evini almışdır. X6 həmin torpaq sahəsinin üzərində alqı-satqıya ola biləçək heç bir hüquqmüəyyənedici sənəd olmamışdır. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 88.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Həmin maddənin 3-cü bəndinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, sözügedən torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığından onun üzərində sərəncamın verilməsinə dair razılaşmadan söhbət gedə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin 0.08 ha tarpaq sahəsi ilə bağlı faktiki hallarını düzgün qiymət verməmiş və istinad etdiyi normanın mənasını düzgün tətbiq etməmişdir. Beləliklə də birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək 0.08 ha torpaq sahəsinin qeydə alınması ilə bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)- 312/2022 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli. İddia tələbi qismən təmin edilməli, İddiaçı Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsi üzərində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 06 may 2022-ci il tarixli, 2-1(116)-312/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Balakən rayonu, Qazbinə kəndində yerləşən 0.08 ha torpaq sahəsində yerləşən 40 m2 yaşayış, 12 m2 yardımçı, 52 m2 ümumi sahəsi olan 2 otaqlı fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar