Məhkəmə qərarları › İş №2-1(107)-244/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-244/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-244/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatının cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMCnin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" tələbinə dair Şəki İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(116)-8/2021 saylı qərardadından iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı cavabdeh Yevlax Bələdiyyəsinə qarşı "08.04.2011-ci il tarixli 06 nömrəli qərarın və üçüncü şəxs "xxxx" MMCnin adına verilmiş 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın 50 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi" barədə iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-8/2021, hakim Vidadi Qasımov). Bundan başqa, müəyyən edildi ki, "xxxx" MMC cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 09.04.1996-cı il tarixli 51 nömrəli sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir (iş № 2-1(116)-423/2021, hakim İlqar Cabbarov). Yevlax Şəhər İcra Hakimiyyəti başçısının həmin 09.04.1996-cı il tarixli 51 nömrəli sərəncamından göründüyü kimi, 142 nömrəli texniki peşə məktəbinə təlim təsərrüfat məqsədi üçün ayrılmış 128 ha torpaq sahəsinin geri alınması və şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, 142 nömrəli texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş 25.10.1977-ci il tarixli dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən ərzaq bolluğu yaratmaq məqsədilə gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması qərara alınmışdır. Bundan başqa, "xxxx" MMC cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı başqa bir iddia ərizəsi ilə də Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir (iş № 2-1(116)-606/2021, hakim Vüqar Musayev). Həmin iddia tələbi "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Üçüncü şəxs "xxxx" MMC məhkəməyə vəsatət göndərərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı "Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 09.04.1996-cı il tarixli sərəncamının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə icraat başa çatana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bundan sonra üçüncü şəxs "xxxx" MMC məhkəməyə başqa bir vəsatət göndərərək, iddiaçı "xxxx" MMC-nin cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı ""Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair işə baxılana və müvafiq qərar qəbul edilənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(116)-8/2021 saylı qərardadı ilə Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-423/2021 və 2-1(116)-606/2021 nömrəli inzibati işlər üzrə mübahisə həll edilənə kimi hazırkı iş üzrə icraatın dayandırılması barədə üçüncü şəxs "xxxx" MMC-nin vəsatətlərinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs ”xxxx” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırmışdılar ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, “xxxx” MMC Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamın ləğvinə dair 20.11.2020. tarixli 15 saylı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax ŞİH başçısının 09.04.1996. tarixli 51 saylı sərəncamının ləğv edilməsini tələb etmişdir. İddia ərizəsi hazırda Şəki İnzibati Məhkəməsinin icraatındadır. 2-1(116)-423/2021 saylı iş, hakim İlqar Cabbarov) “xxxx” MMC bundan sonra 23.11.2020. tarixli 16 saylı vəsatətlə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin Yevlax Şəhər İcar Hakimiyyətinə qarşı Yevlax ŞİH başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının mübahisələndirilməsinə dair iş üzrə icraat başa çatana kimi “Elşən-96”, “Amil-96” və “Bulaqlar” kəndli təsərrüfatlarının Yevlax Bələdiyyəsinə qarşı Yevlax Bələdiyyəsinə məxsus məxsus torpaqların hərraca çıxarılması barədə Bələdiyyənin 08.04.2011. tarixli 06. saylı qərarının qismən ləğv olunmaları tələbinə dair işləri üzrə icraatların dayandırılmalarını xahiş etmişdik. Bu vəsatətdən sonra “Bulaqlar iddia tələbi üzrə icraata xitam verildiyi məlum olmuş, 09.04.1996. tarixli 51 saylı sərəncamın ləğvinə dair işlə əlaqədar bu işi dayandırmamaq üçün başqa bir işin icraatı ilə əlaqədar bu iş üzrə icraatın dayandırılmasına dair “xxxx” MMC-nin 17.12.2019. tarixli 28 saylı vəsatətinə bir ildən sonra baxaraq 26.11.2020. tarixli 2-1(116)-23/2020 saylı qərardadı ilə dayandırılmışdır. Bu müvəqqəti dayandırmanı da səbəb kimi göstərərək “xxxx” MMC-nin Yevlax ŞİH-nə qarşı 09.04.1996. tarixli 51 saylı sərəncamının ləğvinə dair iş başa çatanadək 2-1(116)-23/2020 saylı işin dayandırılmasına dair 23.11.2020. tarixli 16 saylı vəsatətin “Elşən-96” təsərrüfatına aid hissəsinə baxmamış indiki 19.02.2021. tarixli 53 saylı vəsatətlə birlikdə baxmış və AR İPM-nin 56.1-ci maddəsini tətbiq edərək məhkəmənin icraatında olan bütün işlərə bir yerdə baxılmalı olduğunu səbəb kimi göstərərək işin dayandırılmasına dair 23.11.2020. tarixli 16 saylı vəsatətin “Elşən-96” təsərrüfatına aid hissəsində və 19.02.2021. tarixli 53 saylı vəsatətləri təmin etməmişdir. Ancaq işin dayandırılmasına dair 23.11.2020. tarixli 16 saylı vəsatətin “Amil- 96”xxxx“Lalə-Tekstir MMC-nin Yevlax Şəhər İcar Hakimiyyətinə qarşı Yevlax ŞİH başçısının 09.04.1996. tarixli 51 saylı sərəncamının ləğvinə dair iddia tələbinin “xxxx” MMC-nin Yevlax Bələdiyyəsinə qarşı Bələdiyyənin mülkiyyətində olmuş 80.0 ha torpaq sahəsi hərraca çıxarılmasına dair 08.04.2011. tarixli 06 saylı qərarının 20.0 hektar hissəsində ləğvinə dair iddia tələbinə aidiyyətinin olmadığı səbəb kimi göstərərək 03.12.2020. tarixli 2-1(116)-167/2020 saylı qərardadla vəsatətin təmin etməmişdir. İndi isə məhkəmə qeyd olunan işlərin bir-birinə aidiyyəti olduğunu səbəb və əsas kimi göstərməyə cəht edib işlərin birləşdirilməli olduğunu vurğulayıb AR İPM-nin 56.1-ci maddəsinə şərh verərək tətbiq edib “Elşən-96” təsərrüfatının Yevlax Bələdiyyəsinə qarşı iddia tələbi üzrə 2-1(116)-8/2021 saylı işin dayandırılmaşına dair vəsatəti mübahisəli qərardadla təmin etməmişdir. AR Konstitusiyasının 130-cu maddəsinin İV hissəsinə əsasən AR-nın Konstitusiyasının və qanunlarını şərh etmək konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Məhkəmə qanuni şərh edə bilməz. Odur ki, məhkəmə səhfə yol verərək AR İPM-nin 56.1-ci maddəsinə şərh verməklə tətbiq edib bizim 19.02.2021. tarixli 53 saylı vəsatətimizi təmin etməmişdir. Məhkəmə qərardadın 3-cü səhifəsinin 4-cü abzasında AR İPM-nin müxtəlif maddələrində iddiamı predmentinin və mübahisənin predmentinin müxtəlif anlayışlar kimi verildiyini qeyd edib. Ancaq hansı maddələrində belə qeyd edildiyini yazmayıb. Əgər AR İPM-nin 56.1 və 56.2-ci maddələrini deyirsə, nəyə görə 56.2-ci maddəsini yox, 56.1-ci maddəsini tətbiq edib? Müxtəlif iddiaçılar tərəfindən müxtəlif cavabdehlərə qarşı olan müxtəlif iddia tələbləri niyə birləşdirilməli olduğunu əsaslandırmayıb. Məhkəmə qanuna yox, öz qərardadından əsaslandığı dəlilinə izah verməli idi. 56.1-ci maddədə mübahisə peredmentləri eyni olan işlərin bir icraatda birləşdirməyə və ya onları ayıtmağa haqlı olduğu qeyd olunsa da 56.2-ci maddədə bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraatlara ayırmağa və hər tələbə dair ayrıca qərar qəbul etməkdə haqlı olduğu qeyd edildiyi halda niyə 56.2-ci maddə tətbiq edilməməlidir. Axı müxtəlif iddiaçılar tərəfindən müxtəlif cavabdehlərə qarşı müxtəlif iddia tələbləti və müxtəlif mübahisə predmetləri ilə olan işlərə bir yerdə baxıla bilməz. Məhkəmə qərardadının 3-cü səhifəsinin 5-ci və 6-cı abzaslarında iddia tələbləri üzrə mübahisəli peredmentlərin eyni və peredmetlərin də “Elşən-96” təsərrüfatına ayrılmayan torpaq sahəsinin “xxxx” MMC-nin hərracdan satın aldığı torpaq sahəsi ilə üst-üstə düşməsi olduğunu vurğulayıb. Ancaq: “xxxx” MMC-nin Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı Yevlax ŞİH başçısının 09.04.1996-cı il tarixli 51 saylı sərəncamının ləğvinə dair iddia tələbidə mübahisə perdmenti -torpaq deyil, sərəncamdır. Yəni Yevlax ŞİH başçısının AR Nazirlər Kabinetinin qərarını ləğv etmək səlahiyyətinin olub-olmamasıdır. “Elşən-96” kəndli (fermer) təsərrüfatının Yevlax Bələdiyyəsinə qarşı Bələdiyyəyə məxsus 80.0 ha torpaq sahəsinin hərraca çıxarılması barədə 08.04.2011. tarixli 06 saylı qərarın ləğvinə dairiddia tələbinidə mübahisə predmeti-torpaq sahəsidir. “xxxx” MMC-nin Yevlax ŞİH-nə qarşı sərəncam və dövlər aktlarının ləğvinə dair iddia tələbində mübahisə predmeti-sərəncamlar və dövlət aktlarıdır. Göründüyü kimi heç qeyd edilən işlər üzrə mübahisə predmetləri də eyni deyil. Odur ki, iddia tələbləri bir icraatda birləşdirə bilməzlər. Əğər “Elşən-96” və “Amil-96” təsərrüfatlarına dair sərəncam və dövlət aktları ayrılıqda mübahisələndirilsəydi, onda AR İPM-nin 56.1-ci maddəsini tətbiq edib bir icraatda birləşdirmək olardı. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(116)-8/2021 saylı qərardadının ləğv edilməsini və işin icraatının dayandırılmasına dair 53 saylı vəsatətin təmin olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar X1 və X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2- 1(116)-8/2021 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(116)-8/2021 saylı qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19.03.2021-ci il tarixli, 2-1(116)-8/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki,apellyasiya şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. iddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli;4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.1, 32, 35.1). İddiaçı "Elşən-96" kəndli (fermer) təsərrüfatı cavabdeh Yevlax Bələdiyyəsinə qarşı iddiasını belə əsaslandırmışdır ki, Yevlax Bələdiyyəsinin 08.04.2011-ci il tarixli 06 nömrəli qərarı ilə "xxxx" MMC-yə satılan və 14.12.2011-ci il tarixli ******* nömrəli, ********** qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"da əks olunan 80 ha torpaq sahəsinin 50 ha hissəsi Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamı ilə "Elşən-96" kəndli (fermer) təsərrüfatına ayrılan və A001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nda əks olunan torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı "xxxx" MMC isə cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı birinci iddiasında (iş № 2-1(116)-423/2021) 128 ha torpaq sahəsinin 142 nömrəli texniki peşə məktəbindən geri alınaraq şəhər icra hakimiyyətinin ehtiyat torpaq fonduna daxil edilməsi, texniki peşə məktəbinə həmin torpaqdan istifadə hüququna dair verilmiş dövlət aktının ləğv olunması, göstərilən torpaq sahəsindən gələcəkdə kəndli (fermer) təsərrüfatı yaradılması məqsədi üçün istifadə olunması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 09.04.1996-cı il tarixli 51 nömrəli sərəncamını, ikinci iddiasında (iş № 2-1(116)- 606/2021) məhz yuxarıda qeyd olunan, 50 ha torpaq sahəsi üzərində "Elşən-96" kəndli (fermer) təsərrüfatının hüquqlarının yaranmasına əsas verən Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamını və A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nı mübahisələndirmişdir. Birinci instansiya belə qeyd etmişdir ki, hər iki işdə iddia predmetləri müxtəlif olsa da və iddialar müxtəlif cavabdehlərə qarşı verilsə də, mübahisə predmetləri eynidir. Hər iki işdə mübahisənin predmetini "Elşən-96" kəndli (fermer) təsərrüfatına və "xxxx" MMC-yə ayrılmış torpaq sahələrinin üst-üstə düşməsi ehtimal olunan hissəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müxtəlif maddələrində iddianın predmeti və mübahisənin predmeti müxtəlif anlayışlar kimi verilmişdir. Həmin Məcəllənin 56.1-ci maddəsində işlər üzrə icraatın bir icraatda birləşdirilməsi üçün tələb olunan şərt iddia predmetlərinin deyil, məhz mübahisə predmetlərinin eyni olmasından ibarətdir. İddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələb, yəni onun iddia ərizəsində irəli sürdüyü konkret tələb başa düşüldüyü halda, mübahisə predmeti dedikdə, barəsində iddia tələbinin verildiyi mübahisəli hüquq münasibətinin obyekti başa düşülür. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti eyni olması ilə bağlı razı olsada lakin iddia tələbləri müxtəlifdir yəni "Elşən-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi digər iddia tələbi isə "xxxx" MMC-nin cavabdeh Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı "Elşən96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 15.04.1996-cı il tarixli 55 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Elşən-96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-001332 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın, habelə "Amil-96" kəndli (fermer) təsərrüfatının yaradılması barədə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 07.06.1996-cı il tarixli 84 nömrəli sərəncamının, həmin sərəncam əsasında "Amil96" kəndli (fermer) təsərrüfatının adına Yevlax Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən verilən A-004865 nömrəli "Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair dövlət aktı"nın etibarsız hesab edilməsinə (ləğv olunmasına) dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələb olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmıyaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hər iddia predmetlərinin ayrı-ayrılıqda iddia növlərinin, inzibati iş üzrə subyekt tərkibini, iddianın predmeti və mübahisənin predmeti araşdırmayaraq həmin iddia tələblərini bir icraata birləşdirərək baxılması ilə baglı düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs "xxxx" MMC-nin vəsatəti təmin edilməli və iş sonrakı hərəkətlər edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.1-ci maddəsində deyilir ki, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Həmin normadan göründüyü kimi, qeyd olunan hallarda iş üzrə icraatın dayandırılması məhkəmənin vəzifəsi kimi deyil, hüququ kimi nəzərdə tutulmuşdur. Lakin birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə vəsatəti həll edərkən, hər iddia tələbi üzrə inzibati orqanların konkret olaraq hansı hərəkətlərinin (hərəkətsizliyinin), qərarlarının inzibati mübahisənin əsası ola biləcəyini müəyyənləşdirmədən, işin asılı olduğu digər işin nəticəsini gözləmək şərtilə, zəruri prosessual hərəkətlərin yerinə yetirilməsi imkanını itirməmək üçün icraatın davam etdirilməsinin mümkünlüyünü nəzərdən keçirməlidir. Bununla bağlı kollegiya qeyd edir ki, inzibati işlər üzrə icraatın bir icraatda birləşdirilməsi məsələsinə formal yanaşması inzibati mübahisəni formalaşdıraraq, real mahiyyətindən uzaqlaşdıra bilər. Belə ki, maddi yanaşma inzibati mübahisəni onun predmetindən və yaranma əsasından, yəni mübahisəli durumda olan maddi-hüquqi münasibətdən çıxış edərək müəyyənləşdirir. Bu yanaşmaya görə məhz tərəfləri əlaqələndirən maddi-hüquq münasibətləri mübahisənin məzmununu xarakterizə edir. Maddi yanaşma mövqeyinə əsasən, inzibati orqanların konkret olaraq hansı hərəkətlərinin (hərəkətsizliyinin), qərarlarının inzibati mübahisənin əsası ola biləcəyini müəyyənləşdirmək zərurəti meydana çıxır. Bu yanaşmanın əsasında inzibati mübahisənin maddi hüquq münasibətlərində hüquqların həyata keçirilməsinə maneə kimi qiymətləndirilməsi durur. Maddi-hüquq xüsusi hüquq münasibətləri kimi onun subyekt tərkibinin ya da predmetini təşkil edən maddi-hüquqi münasibətlərin xarakterindən çıxış edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci tarixli 05 saylı Qərarının 10.1-ci və 10.2-ci maddələrinə əsasən bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddia həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Həmin Qərarın 2.3-cü maddəsində göstərilmişdir ki, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdırlar. İPM-nin 37 –ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 2-1(116)-8/2021 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş üzrə sonrakı hərəkətlər edilməsi üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar