Məhkəmə qərarları › İş №2-1(107)-244/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-244/2022

18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-244/2022 18.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(116)-630/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyatı orqanların imtina və icrasız cavablarını əsassız sayıb iddiaçının Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülüb dövlət imtahanını yenidən verməyi, dövlət imtahanını müvəffəqiyyətlə keçdiyi təqdirdə ixtisası üzrə diplom almağı vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11549/2021 nömrəli qərardadı ilə inzibat iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya tələbinin dəqiqləşdirilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunmuş, 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. 2010-cu ildə ABU-nun fəaliyyəti dayandırıldığından buraxılış imtahanında iştirak etməmiş və ona diplom verilməmişdir. Ona diplom blankının verilməsi barədə Təhsil Nazirliyinə müraciət etmiş və cavabdeh xx.xx.2021-ci il tarixli, Z-10120/31-24 saylı məktubla onun adına blankın verilməsində imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda qeyd etmişdir ki, iddiaçı 2006-cı ildə Rusiya Federasiyası Qafqaz Xalqlar Universitetindən Təhsil Nazirliyinin razılığı olmadan Azərbaycan Beynəlxalq Universitetinə köçürülmüşdür. Təhsil Nazirinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamədə ali məktəb tələbələri müəyyən şərtlər daxilində bir ali məktəbdən digər ali məktəbə, bir ixtisasdan digər ixtisasa köçürülməsi nəzərdə tutulurdu. Bu Əsasnamədə tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi ali təhsil müəssisəsinin rektorlarının razılığı ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Lakin sonradan ali məktəblərin imtahan sessiyasının nəticələri göstərmişdir ki, köçürülən tələbələrin təhsil göstəriciləri digərlərin göstəricilərindən xeyli aşağadır. Ona görə də, Təhsil Nazirliyi tərəfindən “Ali təhsil müəssisələri tələbələrin köçürülmələrinin dayandırılması barədə” xx.xx.2001-ci il tarixli 96 saylı əmr imzalanmışdır. Sonradan Təhsil Nazirliyinə çox saylı müraciətlərin nəticəsində (yaşayış yerinin dəyişdirilməsi, xəstəlik, ailənin maddi vəziyyəti və s.) köçürmələrə zərurət yarandığını nəzərə alaraq, yuxarıda qeyd edilən əmrdə dəyişiklik edilməsi barədə təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmri olmuşdur. Həmin əmrin lll-cü bəndinə görə, qeyri dövlət müəssisələrinə xarici ölkə təhsil müəssisələrindən tələbələrin köçürülməsi Təhsil Nazirliyinin müvafiq razılığı olduqdan sonra aparılması öz əksini tapmışdır. Bu əmrin V-ci bəndinə görə, Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin rəhbərləri əmri işdə rəhbər tutmaları tapşırılmışdır. Təhsil Nazirinin təhsil müəssisələrinə ünvanladığı xx.xx.2007-ci il tarixli 46- 034368/17 saylı məktubuna əsasən yalnız tələbənin sənədləri (qiymət kitabçasından çıxarış; tələbənin xarici pasportunun surəti; təhsil aldığı ölkədə müvəqqəti pasport qeydiyyatı haqqında sənəd) Təhsil Nazirliyində araşdırılıb, Nazirliyin müvafiq razılığı olduğu halda tələbənin köçürülməsinə baxıla bilərdi. Yuxarıda qeyd olunan normativ sənədlərə əsasən, köçürülmə zamanı yalnız tələbənin sənədləri Təhsil Nazirliyində araşdırılıb Nazirliyin müvafiq razılığı olduğu halda köçürülə bilərdi. Tələbənin köçürülməsi barədə Təhsil Nazirliyinin rəsmi razılığı olduğu halda, universitet rəhbərliyi tərəfindən köçürülən tələbənin tələbələrə sırasına daxil olunması əmrləşdirilə bilərdi. Sənədlərdən göründüyü kimi, iddiaçının köçürülməsinə TN-yi tərəfindən razılıq məktubu verilsəydi, onun adına diplom blankının yazılmasında heç bir problem olmazdı. ABU-nun fəaliyyəti dayandırıldıqdan sonra nazirlikdə müvafiq komissiya yaradılmış və qanunla müəyyən olunmuş qaydada universitetdə təhsil alan və məzun olan tələbələrə diplom blankları verilmişdir. Lakin təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçının köçürülməsi barədə sənədlər ABU-nun rəhbərliyi tərəfindən qanunsuz olaraq rəsmiləşdirilmişdir. Təhsil Nazirliyi tərəfindən ali təhsil haqqında diplom blankı təhsil qanunvericiliyinə uyğun olaraq ali təhsil müəssisəsinə qəbul olan və müəssisəni uğurla başa vuran məzunlara verilir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Cavabdehin xx.xx.2017-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli məktublarında qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısı tərtib edilmiş, lakin həmin siyahıda iddiaçının adı aşkar edilməmişdir. ABU-nun Nazirlikdə olan arxivində iddiaçının adına diplom aşkar edilməmişdir. Azərbaycan Beynəlxalq Universitetinin xx.xx.2006-cı il tarixli əmrində qeyd edilmişdir ki, RF Qafqaz Xalqları Universiteti “Maliyyə kredit” fakultəsinin qiyabi şöbə üzrə İİ kurs tələbəsi, fərq imtahanlarını vermək şərtilə “Maliyyə kredit” fakultəsinin qiyabi şöbə üzrə İİ kursuna köçürülsün. Əsas: ərizə, akademik arayış, Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 saylı əmri ilə təsdiq olunmuş əsasnaməsi və razılıq məktubu, köçürülmə haqqında komissiyanın protokolu. xx.xx.2006-cı il tarixli Azərbaycan Beynəlxalq Universiteti ilə X1 arasında müqavilədən görünür ki, tərəflər İddiaçı müsabiqədən keçərsə Maliyyə kredit ixtisasının qiyabi şöbəsində tələbə sırasına qəbul edilməsi və digər məsələlərlə bağlı razılığa gəlmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 may 2022-ci il tarixli, 2- 1(116)-630/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(116)-630/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(116)-630/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinə cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və digər aidiyyatı orqanların imtina və icrasız cavablarımı əsassız sayıb onun Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülüb dövlət imtahanının yenidən verməyi bərpa edilməsinə tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. O, 2005-2010-cu illərdə o dövrdə Respublikamızın qanunlarına müvafiq fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Universitetinin tələbəsi olmuşdur. Onun həmin universitetə sənəd verməyinin səbəbi, 2005-ci ildə TQDK-nın keçirdiyi 2-ci ixtisas qrupu üzrə qəbul imtahanlarında 179.325 bal toplayaraq müsabiqədən kənarda qalmağı və ABU-nun 150 baldan yuxarı bal toplayan abituriyentlərin qəbulunu aparması haqqda elanı olmuşdur. Onunla müqavilə bağlananda bildirmişdilər ki, o və onun kimi digərləri 1-ci kursu Rusiya Federasiyası Qafqaz X3 adına universitetinin burada fəaliyyət göstərən filalında oxuyacaqlar, 2-ci kursdan isə Azərbaycan Beynəlxalq Universitetinin müvafiq fakültələrində təhsili davam etdirəcəklər. O, vaxt təcrübəsizlikdən o, bunun nə mahiyyətinə varmamışdır, nə də bunun qanuniliyinə əhəmiyyətinə verməmişdir. ABU-nun qaydalarına uyğun 1-ci kursu Bakı şəhərində başa vurub, 2-ci kursdan isə müqavilə bağlayaraq «Maliyyə-kredit»fakültəsinin 2-ci kursunda qiyabi təhsilə keçmişdir. Qiyabi təhsilin qaydalarına uyğun sesiyalarda iştirak etmiş, imtahan və məqbuları vermişdir. 2010-cu ilin iyun ayının 27-ə dövlət imtahanı verməliydi. Lakin, nədənsə bu imtahanın vaxtı iyun ayının 30-a keçirilmişdi. Bundan sonra da bu imtahan baş tutmadı və Azərbaycan Beynəlxalq Universitetinin lisenziyasının ləğvi haqqda Azərbaycan Respublikasının Təhsil Nazirliyinin qərarı çıxdı. Onları məlumatlandırdılar ki, ABU-in tələbələri başqa universitetlərin müvafiq fakültələrinə yerləşdiriləcəklər. Lakin bu da baş tutmamışdır. O, dəfələrlə Təhsil Nazirliyinə müracət etmişdir. Ona bildiriblər ki, Rusiya Federasiyası Qafqaz X3 adına universitetindən, Azəbaycan Beynəlxalq Universitetinə köçürmələr qeyri-qanunidir. Daha sonra isə valideyinə bildirmişdilər ki, ABU-nun bu fəaliyyəti araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğunun «Korrupsiya əleyhinə mübarizə» idarəsinə verilmişdir. Araşdırma başa çatdıqdan sonra, məhkəməyə verilərək və məhkəmənin qərarı, zərərçəkənlərə bildiriləcək. Azərbaycan Beynəlxalq Universitetinin vaxtı ikən (yəni onun təhsil aldığı dövrlərdə) qanunsuz fəaliyyət göstərməyib və minlərlə tələbə dövlət imtahanları verərək təhsil aldıqları ixtisas üzrə diplomlara yiyələnmişlər. Həmin tələbələr Azərbaycan Beynəlxalq Universitetinin diplomu ilə ixtisasları üzrə işləyirlər fəaliyyət göstərirlər. Bundan əlavə, həmin təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsi belə orada təhsil alan və ya təhsil almışların hüquqlarının məhdudlaşdırılması ola bilməz. Azərbaycan Respublikasının Konstitusiyyasının 42- ci maddəsinə əssən təhsil almaq hüququma uyğun olmayaraq dövlət imtahanı verib diploma yiyələnə bilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(116)-630/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(116)-630/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. İddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli Azərbaycan Respublikasının Təhsil Qanununun 8-ci maddəsində qeyd edilmişdi ki, təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1996-cı il tarixli 402 nömrəli əmri ilə təsdiq edilmiş (xx.xx.1996-cı ildə dövlət qeydiyyatına alınmış) «Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında» Əsasnamənin 1.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2002-ci il tarixli, 80 saylı əmrinə əsasən tələblərin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi yalnız Təhsil Nazirliyinin razılığı alınmaqla həyata keçirilir. İş materiallarından göründüyü kimi iddiaçı 2005-ci ildə Rusiya Federasiyası Qafqaz Xalqları Universitetinin Maliyyə-Kredit fakültəsinə qəbul olunduğunu və 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürüldüyünü, cavabdeh orqan isə baş vermiş köçürmənin Təhsil Nazirliyinin razılığı olmadan həyata keçirildiyini və köçürülmənin qanunsuz olduğunu bildirir. Mübahisə iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinin qanunsuz olması ilə bağlı yarandığından, bu sübutları təqdim etmək öhdəliyinin iddiaçının üzərinə düşür. Yəni, iddiaçı sübut etməlidir ki, onun 2006-cı ildə Azərbaycan Beynəlxalq Universitetinə köçürülməsinə Təhsil Nazirliyi razılıq vermişdir. Lakin, iş materiallarından göründüyü kimi Təhsil Nazirliyi tərəfindən belə razılıq verilməmiş, iddiaçının adı Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırıldıqdan sonra həmin dövrdə Təhsil Nazirliyi tərəfindən təhsillərini davam etdirmək üçün digər ali təhsil müəssisələrinə köçürülmək hüququ olan tələbələrin siyahısında olmamış, habelə iddiaçının adına diplom tərtib edilməmişdir. Beləliklə, iddiaçının Azərbaycan Beynəlxalq Universitetinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə köçürülməsi müəyyən edilmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “özünün Azərbaycan Respublikasının fəaliyyət göstərən özəl və ya dövlət təhsil müəssisələrinin birinə ixtisası üzrə köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(116)-630/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar