Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-244/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Rayon İcra Hakimiyyətinə qarşı “X7 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1501/2024 nömrəli qərarından üçüncü şəxs X8 nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsi və Şəki Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X7 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1331/2023 nömrəli qərardadı ilə X16 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1331/2023 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır.
4. İddiaçının vəkili Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 1331/2023 nömrəli qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(107)-373/2023 nömrəli qərardadı ilə qərardad dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir.
5. İddiaçının nümayəndəsi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(107)-373/2023 nömrəli qərardadından kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(102)-2046/2023 nömrəli qərarı ilə qərardad tam ləğv edilərək apellyasiya instansiya məhkəməsinə göndərilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(107)-81/2024 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1331/2023 nömrəli qərardadı tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1501/2024 nömrəli qərardadı ilə iş üzrə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “X7 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi” baradə iddia tələbi ayrıca icraata ayrılmışdır.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 000686 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnaməyə əsasən X1 şəhəri, Şərbablar küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamamı 3322.2 (üç min üç yüz iyirmi iki manat iyirmi qəpik) manata satın almışdır. Həmin əmlak X2 adına rəsmiləşdirilmiş, qeyd olunan məbləğdə pul vəsaiti dövlət büdcəsinə köçürülmüşdür. X9 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 1640 saylı Daşınmaz Əmlakın Dövlət Kadastiri və Reyestri publiki hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış məktubunda göründüyü kimi, X2 vərəsəsi X10 ərizəsi əsasında mərhum anasından qalmış miras əmlaka dair vərəsəlik işi açılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə 22 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət olunaraq, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xahiş edilmiş, lakin müraciəti təmin edilməmişdir. İmtina əsası olaraq qeydiyyata alınmalı qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki Rayonlararası X12 idarəsi və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 01 dekabr 2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 sayılı qeydiyyat vəsiqəsi verilməsi göstərilmişdir. Belə olduğu təqdirdə tərəflərindən İnzibati Məhkəməyə iddia ərizəsi ilə müraciət olunmuş, mübahisə üzrə məhkəmə araşdırması aparılarkən müəyyən olunmuşdur ki, mübahisə predmeti olan 10.1 kv metr sahədə yerləşən hissəyə münasibətdə X3 adına qeydiyyat vəsiqəsi verilmişdir. Belə olduğu təqdirdə, yəni sözügedən qeydiyyat vəsiqəsi mübahisələndirilmədiyindən hazırda məhkəmənin icratında olan 2-1(116)-2197/22 saylı inzibati iş üzrə yekun qərara gəlinməsi mümkün deyildir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. - Vəkilin sorğusu əsasında 25 dekabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədin Şəki şəhəri İcra həkimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı Sərəncamı olması müəyyən edilmişdir. Bundan sonra Azərbaycan Respublikası X29 filialına verilmiş vəkil sorğusu əsasında İcra hakimiyyəti Başçısının sözügedən sərəncam və sərəncamın verilməsinə əsas olan sənəd əldə edilmişdir. Müəyyən olunmuşdur ki, iş üzrə üçüncü şəxs X4 ərizəsindən başqa hər hansı sənəd olmamış, sərəncam ancaq ərizə əsasında verilmişdir. Hansı ki, həmin vaxt üçün qeyriyaşayış binasının rəsmiləşdirilməsi üçün, torpaq sahəsinin ayrılmasına dair akt, obyektin tikintisi üçün razılıq, memarın rəyi və s. kimi sənədlərin ərizə ilə birlikdə təqdim olunması tələb edilirdi. Mübahisə predmeti olan tikili Şəki şəhər X13 balansında olmuş, əvvəllər bərbərxana kimi istifadə edilmişdir. Yəni hamamdan sonra adamlar həmin yerdə bərbərxana xidmətindən istifadə etmişlər. Tikili 40 ildən artıq əvvəl, 80-ci illərdə tikilmişdir. Göründüyü kimi, Sərəncam tam olaraq əsassız verilmiş, üçünçü şəxsin ərizəsində göstərilənlər qeyd edilməklə rəsmiləşdirilməsi qərara alınmışdır. - Qeyri-yaşayış binasının nəinki ünvanı göstərilməmiş, həmin Sərəncamda hamam binasının arxasında yerləşməsi qeyd olunmuşdur. Qeydiyyat vəsiqəsi əsasında texniki pasport işlənilərkən, həmin binanın yerləşmə yeri göstərilərkən hamam binasına bitişik olması təkzib edilmiş, ayrıca bina kimi göstərilmişdir. Beləliklə, heç bir hüquqi əsası olmadan hazırda şəhadətnamə əsasında mülkiyyətlərinə verilməli olan binanın bir hissəsi olan həmin hissə qeyri-qanuni özgəninkiləşdirilmiş, nəticədə hüquqları ciddi şəkildə pozulmuşdur. Məhz buna görə o, özəlləşdirdiyi hamam və s.-dən ibarət olan əmlakını qeydiyyata aldıra bilməmişdir. Hansı ki, bütün bunlardan cavabdeh 12 saylı ərazi idarəsi xəbərdardır. Yaranmış vəziyyətdə üçüncü şəxs İkram Abdurrahmanovun həmin tikili ilə heç bir əlaqəsi olmamış, ərizədə özü tikdiyini göstərsə də, bunu təsdiq edən hər hansı sübutlarının olmadığı halda, sərəncam tam olaraq əsassız verilmişdir və məhkəmə tərəfindən ləğv edilməlidir. Eyni zamanda mübahisələndirilən Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Sərəncam ləğv edildiyindən Qeydiyyat vəsiqəsinin etibarsız olunmasını tələb etməkdə hesab edirlər ki, haqlıdırlar. Göstərilənlərə nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.
9. Cavabdeh iddia tələbinə münasibətində bildirmişdir ki, mübahisələndirilən sərəncama dair sənədlər X29 Filialına təhvil verilmişdir. Həmin dövrün qanunvericiliyinə əsasən sahəsi 30 kv.m, hündürlüyü 5 metrə qədər və bir mərtəbədən artıq olmayan qeyri-yaşayış obyektlərinin tikintisi üçün memarlıq layihəsi tələb olunmurdu və tikintilərin rəsmiləşdirilməsinə icazəni yerli icra hakimiyyəti orqanları verirdi. Sözügedən inzibati akt maraqlı şəxsə hüquq verən və onun hüququnu təsdiq edən əlverişli inzibati akt hesab edilir. Odur ki, mübahisələndirilən sərəncamın qanuni əlverişli inzibati akt hesab edilməsini və həmin inzibati aktın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsində göstərilən əsasların olmaması nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.
10. Üçüncü şəxs iddia tələbinə münasibətində qeyd etmişdir ki, 3-cü şəxsin hamam binası üzərində hüquqları xx.xx.2001-ci ildə qeydiyyata alınmışdır. İddiaçının hamam binası üzərində hüquqları isə 2006-cı ildə qeydiyyata alınmışdır. Həmin ildə iddiaçıya texniki pasport verilmişdir. Mübahisə həmin texniki pasportdan sonra yaranmışdır. Ali Məhkəmənin göstərişini düzgün araşdırmaq məqsədilə hamam binasına 2006-cı ildən əvvəl, təxminən 60-70-ci illərdə işlənmiş texniki pasportun əldə edilməsi zərurəti vardır. Çünki üçüncü şəxsin adına olan 10 kv.m olan qeyri-yaşayış binası tikilməmişdən əvvəl hamam binasının texniki pasportu mövcud olmuşdur.
11. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2006-cı il tarixdə 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə, - Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən qeyri-yaşayış binasının 000072 nömrəli texniki pasportu, - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 dekabr 2024-cü il tarixli, 2-1(116)-1501/2024 nömrəli qərarı ilə iddia təmin edilərək Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı Şəki rayon İcra Hakimiyyətinin sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. İddia mahiyyət etibarilə də əsaslıdır. Mübahisələndirilən Sərəncamın tənzimlədiyi məsələ Bağbanlar küçəsində, hamam binasının arxasında X14 tərəfindən tikildiyi və uzun müddət istifadə edildiyi qeyd olunan “maqnitofonların təmir sexi”nin İkram Abdurahmanovun adına rəsmiləşdirilməsindən ibarətdir. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2046/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisə predmeti olan sərəncamla üçüncü şəxsin mülkiyyətinə verilmiş qeyri-yaşayış sahəsinin 10.1 kv.m hissəsinin faktiki olaraq iddiaçıya miras qalmış 1 saylı hamam binasının tərkibində yerləşib-yerləşməməsi iddianın mümkünlük şərtlərinin araşdırılması baxımından müəyyən edilməlidir. - İş materiallarından görünür ki, X1 şəhəri, Şərbablar küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 792.6 m2 olan 1 saylı hamamı qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və xx.xx.2006-cı il tarixdə 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə tərtib edilmişdir. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən qeyri-yaşayış binasının 000072 nömrəli texniki pasportu tərtib edilmiş, tikildiyi il – 1935, 1961 və 1970-ci illər, tikinti altı sahə - 984,4 kv.m, ümumi sahə 792,6 kv.m (394,2 kv.m əsas, 398,4 kv.m köməkçi sahə) göstərilmişdir. İş materiallarında olan, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış binası 000072 nömrəli texniki pasportda göstərildiyi kimi 3 əsas tikilidən ibarətdir. Bu tikililər həmin pasportda A-hamam binası, Bcamaşırxana, C-nasosxana binalarından ibarətdir. A tikilisi istismara yarasız vəziyyətdədir, belə ki, qapı və pəncərələri demək olar ki, sökülmüş və yararsız vəziyyətdədir. Döşəməsi dağılmış, tavanı qəzalı vəziyyətdə, dam örtüyü tamamilə yararsız vəziyyətdədir. Ölçü işlərinin nəticəsinə görə binanın hal-hazırkı daxili ümumi sahəsi 608,9 kv.m-dir. B-tikilisi 000072 nömrəli texniki pasportda göstərilmiş sahəsi 10,1 kv.m olan 3 №-li və sahəsi 6 kv.m olan 4 №-li otaq istisna olmaqla qalan hissə yararsız vəziyyətdədir. Binanın hal-hazırda daxili ümumi sahəsi 164,9 kv.m-dir. Beləliklə, istinad olunan Şəhadətnamədə göstərilən ümumi sahəsi 792.6 m2 olan 1 saylı hamam binasının əvvəllər Dövlət əmlakı olması və mübahisələndirilən sərəncamla üçüncü şəxsin adına rəsmiləşdirilməsi nəzərdə tutulan tikilinin - 000072 nömrəli texniki pasportda göstərilən tikilinin tərkib hissəsi olması müəyyən edilir. - Mübahisələndirilən sərəncamda göstərilən qeyri-yaşayış binasının (maqnitofonların təmir sexi) X14 tərəfindən tikildiyi qeyd olunur. Lakin texniki pasportda göstərildiyi kimi, bu tikililər 1935, 1961 və 1970-ci illərdə inşa edilmişdir. Belə olan halda, sərəncamda göstərilən tikinti faktının (ən azı üzərindən 28 il keçdikdən sonra) hansı əsaslarla müəyyən edildiyi aydın deyil. X15 ərizəsi əsasında verilməklə ümumiyyətlə əsaslandırılmamışdır. X14 tikintiyə dair hər hansı hüquqi sənədlərlə müraciət etmədiyi halda tikilinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, həmin dövrün qanunvericiliyinə əsasən sahəsi 30 kv.m, hündürlüyü 5 metrə qədər və bir mərtəbədən artıq olmayan qeyri-yaşayış obyektlərinin tikintisi üçün memarlıq layihəsi tələb olunmurdu və tikintilərin rəsmiləşdirilməsinə icazəni yerli icra hakimiyyəti orqanları verirdi. Sözügedən inzibati akt maraqlı şəxsə hüquq verən və onun hüququnu təsdiq edən qanuni əlverişli inzibati aktdır və həmin inzibati aktın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsində göstərilən əsaslar yoxdur. - Məhkəmə, mübahisələndirilən Sərəncamın məzmununa hüquqi qiymət verərəkən qeyd etmişdir ki, icra hakimiyyəti öz səlahiyyətləri çərçivəsində tikinti üçün torpaq sahəsinin ayrılmasını, tikintiyə icazə verilməsini və tikintisi başa çatmış qeyri-yaşayış binasının istismara qəbul edilməsi məsələlərini həll edə bilərdi. Məhz bu qaydada həyata keçirilən icraat çərçivəsində toplanmış sənədlər müvafiq tikili üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına əsas qismində çıxış edəcək və müvafiq rəsmiləşdirməni səlahiyyətli qeydiyyat orqanı aparacaqdı. Hazırkı halda isə mübahisələndirilən Sərəncamda qeyd edilən “rəsmiləşdirilsin” ifadəsinin hansı mənanı ehtiva etməsi aydın deyil. Belə ki, həmin ifadə mütxəlif mənalarda - tikilinin mülkiyyət hüququnun X11 verilməsi, onun həmin tikili üzərində istifadəyə dair hüquqlarının tanınması, tikilinin qanuni statusunun təsdiq edilməsi, yəni mülkiyyət və ya istifadə hüququ ilə dövlət reyestrində qeydiyyatının təmin edilməsi və s. məzmunlarda təfsir edilə bilər. Bu isə hüquqi qeyri-müəyyənlik yaratmaqla sözügedən Sərəncamın hansı məsələni həll etməsini aydınlaşdırmağa imkan vermir. - Mübahisələndirilən sərəncamın İİHQ-nun 68-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, işin yuxarıda sadalanan halları ilə mübahisələndirilən Sərəncamın üçüncü şəxsə münasibətdə İİHQ-nun 67-ci maddəsi anlamında qanunsuz əlverişli inzibati akt olması sübut olunur. Digər tərəfdən istinad olunan “Qanun” İnzibati Prossesual Məcəllə ilə eyni gündə (xx.xx.2011) qüvvəyə mindiyindən həmin Qanunun normaları mübahisələndirilən sərəncama münasibətdə tətbiq edilə bilməz. - “Hamam binası üzərində üçüncü şəxsin hüquqlarının 2001-ci ildə, iddiaçının hüquqlarının isə 2006-cı ildə qeydiyyata alınması və ilkin texniki pasportun əldə edilməsi zərurəti ilə bağlı” üçüncü şəxsin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, işdə olan xx.xx.2006-cı il tarixli, 000072 №-li texniki pasportdan başqa hər hansı sənəd müvafiq qeydiyyat orqanı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən üçüncü şəxs həmin tikilinin özü tərəfindən tikilməsini və özünə məxsusluğunu bildirirsə, həmin tikiliyə aid sənədləri təqdim etmək öhdəliyini həm də, özü daşıyır. Üçüncü şəxs əldə edilməsini tələb etdiyi sənədin mövcudluğuna dair hər hansı ilkin sübut təqdim edə bilməmişdir. İş materialları ilə mübahisəli tikilinin Dövlət əmlakının tərkib hissəsi olması sübuta yetirilir. Üçüncü şəxs isə şifahi mülahizələrdən başqa sözügedən tikiliyə aidliyinə dair hər hansı sübut təqdim edə bilmir. Mübahisəli tikili üzərində üçüncü şəxsin hüquqlarının 2001-ci ildə qeydiyyata alınması ona hər hansı üstünlük yaratmır. Yuxarıda qeyd edildiyi kimi, qeydiyyatın aparılmasının hüquqi əsası olan Sərəncamın özünün hansı ilkin sənədlər əsasında verilməsi və nəyə görə tikilinin üçüncü şəxsə məxsus olması qənaətinə gəlinməsi qeyri-müəyyəndir. X5 münasibətdə isə əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hər hansı qeyri-müəyyənlik yoxdur. Belə ki, Sədaqət Fərəcullayevanın ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamamı 3322.2 (üç min üç yüz iyirmi iki manat iyirmi qəpik) manata satın alması iş materialları ilə sübuta yetirilir. Odur ki, məhkəmə üçüncü şəxsin dəlillərini əsassız hesab etmişdir.
14. Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(116)- 1501/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmırlar. İlk növbədə hesab edir ki, məhkəmə iddia tələbinə baxarkən iddiaçı X10 Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli 1/146 nömrəli sərəncamının mübahisələndirməsinə subyektiv hüququnun olub-olmaması müəyyənləşdirilməlidir. Yəni əgər, Şəki şəhər İH Başçısı sərəncamı qanunsuz olmuşdursa onu mübahisələndirmək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. xx.xx.2006-cı ildə hamam binasına Əmlak Məsələləri Dövlət Xidmətinin adına Texniki pasport hazırlanmışdır. Həmin pasportu hazırlayarkən Əmlak Məsələləri Dövlət Xidməti başqa şəxsin adına qeydiyyat vəsiqəsinin olmasından mütləq şəkildə xəbərdar olmalı idi. Məhkəmənin mümkünlük məsələsi üzrə gəldiyi nəticədən belə başa düşülür ki, istənilən şəxsin əmlak hüquqları istənilən zaman pozula bilər. Yəni əmlakı əldə edərkən heç kimin hüququ pozulmursa və uzun illər sonra kimsə qonşuluqda bir əmlak alıb hüquqları pozulursa həmin hüququ pozulan şəxs onun əmlaka olan hüquqlarının ləğvini tələb etməkdə haqlıdır. Məhkəmənin gəldiyi bu məntiqi nəticə ağlasığmazdır. Halhazırki, tələb özü də bunu bir daha təsdiq edir. - İş materiallarından görünür ki, iddia tələbi ilk əvvəl mümkün sayılmamışdır. Ali Məhkəmənin 2-1(102)-2046/2023-cü il tarixli qərarı ilə mümkün hesab edilərək baxılması üçün geri qaytarılmışdır. Ali Məhkəmənin bu qərarı da tam ədalətsiz bir qərardır və onun oxşar işlər üzrə verdiyi bütün qərarlarına zidd qəbul edilmişdir. Oxşar işlər üzrə Ali Məhkəmə bütün işləri mümkün hesab etməmişdir. Oxşar işlər üzrə məhkəmələrin ümumi mövqeyi belədir ki, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Lakin bu iş üzrə vahid məhkəmə təcrübəsini alt-üst edərək, Ali Məhkəmənin oxşar işlər üzrə verdiyi bütün qərarlara zidd bir qərar qəbul etmişdir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə 5 oktyabr 2023-cü il tarixli, 2-1(102)-2046/2021 saylı qərarında göstərilmişdir ki, iddiaçı anasının vəfatından sonra ona miras qalmış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdə məlumatlandırılmışdır ki, qeydiyyata alınmalı qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə digər mülkiyyətçinin adına (hazırkı iş üzrə üçüncü şəxs) Şəki rayonlararası X12 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və xx.xx.2001-ci il tarixli, 203 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən aparılan araşdırmalar nəticəsində üçüncü şəxsin adına olan rəsmiləşdirmənin xx.xx.1998-ci il tarixli, 1/146 saylı sərəncam əsasında baş verdiyi müəyyən edilmiş (xx.xx.2023-cü il tarixli məktub) və iddiaçı xx.xx.2023-cü il tarixdə mübahisələndirilən sərəncamı əldə etmişdir. Bununla da mübahisəni mümkün hesab etmişdir. - Məhkəmənin qeyd etdiyi əsaslandırmalar iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarından göründüyü kimi tərəflərindən xx.xx.2024-cü il tarixində vəsatətlə məhkəməyə müraciət edilərək işin obyektiv araşdırılması üçün müvafiq sənədlərin, yəni 2000-ci ildən əvvəllə olan hamam binası üçün texniki pasportun əldə edilməsi məhkəmədən xahiş edilmişdir. Həmin obyektin yerində əvvəllər bildikləri dəmir konstruksiyalı maqnitofon təmiri köşkü olmuşdur. Sonradan, 90-cı illərin sonlarına yaxın ölkə üzrə köşklərin yığışdırılmasına başlanmış və onların yerində həmin kv.metrlik qeyriyaşayış binasının tikilməsi üçün yerli İcra Hakimiyyyəti Başçıları tərəfindən sərəncam verilmişdir. İkram Abdurəhimov tərəfindən də mübahisəli obyekt tikilmişdir. Gözlə görünür ki, hamam binasının tikintisinə istifadə edilən materiallarla bu obyektə işlənmiş materiallar tam başqadır. Lakin bu gün məhkəmə onlardan həmin obyektin tərəflərindən tiklibtikilmədiyi üzrə sübut təqdim edə bilmədiklərini qeyd edir. İş materiallarından göründüyü kimi, tərəflərindən xx.xx.2024-cü il tarixli vəsatətlə müraciət edilərək işin obyektiv araşdırılması məqsədilə tikinti-texniki ekspertizasının təyin edilməsi xahiş edilmişdir. Məhkəmə qərarında bu vəsatətlərinə münasibət bildirilməmişdir. Onların ekspertiza vasitəsilə müəyyən etmək istədikləri məsələ məhz bu Ali məhkəmənin göstərişlərinə riayət edilməsi baxımından lazımdır. Uzun müddət aparılmış məhkəmə araşdırmasının nəticəsində hələ də mübahisəli 10.1 kv.m-lik qeyri-yaşayış sahəsinin faktiki olaraq 1 saylı hamam binasının tərkib hissəsində yerləşib-yerləşmədiyi dəqiq deyil. Sənədlərlə və ya başqa sübutlarla hamam binasının tərkibinə daxil olması sübut olunmur. İşdə iki sənədmübahisəli sahə üzrə və 1 saylı hamam binası üzrə bir-birinə zidd texniki pasport mövcuddur. Məhz buna görə də iş üzrə tikinti-texniki ekspertiza təyin edilməli və ekpertiza tədqiqatının nəticəsinə uyğun olaraq qeyd edilən məsələyə aydınlıq gətirilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(116)-1501/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və X18 izahat verərək üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2- 1(116)-1501/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
23. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamı ləğv edilməlidir.
25. Belə ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından Cavabdeh Başçısının 1/146 saylı sərəncamının ləğvinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır.
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
29. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli sərəncamının ləğv edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından da müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən Sərəncam xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamdır. (səh.25, 44, 45).
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
31. Üçüncü şəxsin apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçının Şəki şəhər İHB-nın 1/146 nömrəli sərəncamının mübahisələndirməsinə subyektiv hüququnun olub-olmaması müəyyənləşdirilməmişdir. Şəki şəhər İH Başçısı sərəncamı qanunsuz olmuşdursa onu mübahisələndirmək səlahiyyəti Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus olmuşdur. Həmçinin, iddiaçı tərəfindən məhkəməyə müraciət etmə müddəti ötürülmüşdür.
32. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü barədə düzgün qənaətə gəlmişdir.
33. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır.
34. Qeyd edilməlidir ki, inzibati aktların Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minməmişdən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı o halda aradan qalxmış hesab olunur ki, şəxs Məcəllənin qüvvəyə minməsinədək özünün hüquq və azadlığının pozulduğu barədə (hazırkı halda mübahisələndirilən sərəncam barədə) ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etməmiş olsun.
35. Hazırkı iş üzrə ünvan 1 ünvanında yerləşən 1 saylı hamamı satın alan iddiaçının anası xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və iş materialları ilə iddiaçının anasının vəfat edənədək Şəki şəhər İHB-nın xx.xx.1998-ci il tarixli, 1/146 nömrəli sərəncamı barədə məlumatlı olması təsdiq olunmur. Bu halda, prosessual müddətin ötürülməsindən söhbət gedə bilməz.
36. Digər tərəfdən, iş materialları ilə təsdiq olunur ki, iddiaçı anasının vəfatından sonra ona miras qamış qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etdikdə məlumatlandırılmışdır ki, qeydiyyata alınmalı qeyri-yaşayış binasının 10.1 kv.m hissəsinə digər mülkiyyətçinin adına (hazırkı iş üzrə üçüncü şəxs) Şəki rayonlararası X12 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və xx.xx.2001-ci il tarixli, 203 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra, iddiaçının vəkili tərəfindən aparılan araşdırmalar nəticəsində üçüncü şəxsin adına olan rəsmiləşdirmənin xx.xx.1998-ci il tarixli, 1/146 saylı sərəncam əsasında baş verdiyi müəyyən edilmiş (xx.xx.2023-cü il tarixli məktub) və iddiaçı xx.xx.2023-cü il tarixdə mübahisələndirilən sərəncamı əldə etmişdir. Həmin vaxtadək mübahisələndirilən sərəncam iddiaçıya təqdim edilməmişdir.
37. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2046/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, mübahisəli Sərəncam iddiaçıya xx.xx.2023-cü il tarixdə təqdim edilmiş və iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
38. Belə olan halda isə, hazırkı iddia müddətlə bağlı mümkünlük şərtlərini ödəyir.
39. Odur ki, üçüncü şəxsin qeyd edilən dəlilləri əsassız olmaqla, iddia tələbinin mümkün sayılmaması üçün əsas olmamışdır.
40. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, mübahisəli 10.1 kv.m-lik qeyri-yaşayış sahəsinin faktiki olaraq 1 saylı hamam binasının tərkib hissəsində yerləşib-yerləşmədiyi dəqiq deyil. Sənədlərlə və ya başqa sübutlarla hamam binasının tərkibinə daxil olması sübut olunmur.
41. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı, mübahisələndirdiyi sərəncamın xx.xx.2006-cı il tarixli, 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamədə göstərilən tikilinin bir hissəsinə verilməsini bildirir və qeyd edir ki, həmin tikili üzərində əmlak hüquqları özünə məxsus olduğundan mübahisələndirdiyi sərəncam onun əmlak hüquqlarını pozmuşdur. İş materiallarından görünür ki, X1 şəhəri, Şərbablar küçəsi 8 ünvanında yerləşən ümumi sahəsi 792.6 m2 olan 1 saylı hamamı qanunvericiliklə müəyyən edilmiş qaydada satın almış və xx.xx.2006-cı il tarixdə 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamə tərtib edilmişdir. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən qeyri-yaşayış binasının 000072 nömrəli texniki pasportu tərtib edilmiş, tikildiyi il – 1935, 1961 və 1970-ci illər, tikinti altı sahə - 984,4 kv.m, ümumi sahə 792,6 kv.m (394,2 kv.m əsas, 398,4 kv.m köməkçi sahə) göstərilmişdir.
42. İş materiallarında olan, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnın 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, qeyri-yaşayış binası 000072 nömrəli texniki pasportda göstərildiyi kimi 3 əsas tikilidən ibarətdir. Bu tikililər həmin pasportda A-hamam binası, B-camaşırxana, C-nasosxana binalarından ibarətdir. A tikilisi istismara yarasız vəziyyətdədir, belə ki, qapı və pəncərələri demək olar ki, sökülmüş və yararsız vəziyyətdədir. Döşəməsi dağılmış, tavanı qəzalı vəziyyətdə, dam örtüyü tamamilə yararsız vəziyyətdədir. Ölçü işlərinin nəticəsinə görə binanın hal-hazırkı daxili ümumi sahəsi 608,9 kv.m-dir. B-tikilisi 000072 nömrəli texniki pasportda göstərilmiş sahəsi 10,1 kv.m olan 3 №-li və sahəsi 6 kv.m olan 4 №-li otaq istisna olmaqla qalan hissə yarasız vəziyyətdədir. Binanın hal-hazırda daxili ümumi sahəsi 164,9 kv.m-dir. C-tikilinin dam örtüyü demək olar ki, tamamilə dağılmış, döşəməsi dağılmış, qapı və pəncərəsi yoxdur. Qəzalı vəziyyətdədir. Divar daxili ümumi sahəsi 15,4 kv.m-dir.
43. Nəticə etibarilə xx.xx.2006-cı ildə tərtib olunmuş 000072 nömrəli texniki pasportda ümumi sahəsi 792,6 kv.m kimi göstərilmiş 3 əsas tikilinin hal-hazırda ümumi sahəsi aparılan ölçü işlərinin nəticəsinə görə 10 kv.m sahə kimi göstərilmiş otaq da, daxil olmaqla 789,2 kv.m-dir. 10 kv.m sahə 000072 nömrəli texniki pasportda göstərilmiş B literi ilə işarələnmiş tikilinin 3 №-li 10,1 kv.m sahəsi olan otağıdır. Bu otaq obyektin qərb tərəfində yerləşir. Girişi Bağbanlar küçəsi tərəfdəndir.
44. Göründüyü kimi, 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamədə göstərilən ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamam binasının əvvəllər Dövlət əmlakı olması və mübahisələndirilən sərəncamla üçüncü şəxsin adına rəsmiləşdirilməsi nəzərdə tutulan tikilinin - 000072 nömrəli texniki pasportda göstərilən tikilinin tərkib hissəsi olması müəyyən edilir.
45. Bundan başqa, mübahisələndirilən sərəncamda göstərilən qeyri-yaşayış binasının (maqnitofonların təmir sexi) X14 tərəfindən tikildiyi qeyd olunur. Lakin texniki pasportda göstərildiyi kimi, bu tikililər 1935, 1961 və 1970-ci illərdə inşa edilmişdir. Belə olan halda, sərəncamda göstərilən tikinti faktının (ən azı üzərindən 28 il keçdikdən sonra) hansı əsaslarla müəyyən edildiyi aydın deyil. X15 ərizəsi əsasında verilməklə ümumiyyətlə əsaslandırılmamışdır. X14 tikintiyə dair hər hansı hüquqi sənədlərlə müraciət etmədiyi halda tikilinin onun adına rəsmiləşdirilməsi qərara alınmışdır.
46. Mübahisəli Sərəncamın verilməsində ehtimal olunan məqsəd - tikilinin X11 aid olduğunu təsdiqləmək və ya bu hüququn leqallaşdırılması, obyektin ərazidə uzunmüddətli istifadə əsasında həmin şəxsə məxsusluğunu hüquqi cəhətdən təsbit edilməsi və tikili üzərində əmlak hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün hüquqi əsas yaratmaq olmuşdur. Bu isə yalnız mövcud tikilinin qanuni inşası və ya istifadə hüququna dair sənədlər mövcud olduğu halda mümkün ola bilərdi. Lakin, hazırkı iş üzrə tikiliyə dair hər hansı sənəd təqdim edilməmişdir. Cavabdeh orqan ərizəni qəbul edib rəsmiləşdirmə ilə bağlı sərəncam verərkən həmin tikilinin ərizəçi tərəfindən qanuni əsaslarla inşa edilib-edilmədiyini, ona aid olub-olmadığını yoxlamamış, tikilinin hüquqi statusuna dair heç bir araşdırma aparmamışdır.
47. Mübahisələndirilən sərəncamın İİHQ-nun 68-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin yuxarıda sadalanan halları ilə mübahisələndirilən Sərəncamın üçüncü şəxsə münasibətdə İİHQ-nun 67-ci maddəsi anlamında qanunsuz əlverişli inzibati akt olması sübut olunur. Digər tərəfdən istinad olunan “Qanun” İnzibati Prossesual Məcəllə ilə eyni gündə (xx.xx.2011) qüvvəyə mindiyindən həmin Qanunun normaları mübahisələndirilən sərəncama münasibətdə tətbiq edilə bilməz.
48. Belə ki, “İnzibati icraat haqqında” Qanunda və İnzibati Prosesual Məcəllədə keçid müddəaları nəzərdə tutulmamışdır. Odur ki, sözügedən normativ hüquqi aktlar retroaktiv tətbiq edilmir və yalnız onların qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilmiş inzibati icraatlarda tətbiq oluna bilər.
49. Mübahisələndirilən Sərəncamın qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər. Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 18 oktyabr tarixli, 372 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında” Əsasnamə təsdiq edilmişdir. Sözügedən əsasnamədə qanunsuz tikililərin rəsmiləşdirilməsi ilə bağlı rayon icra hakimiyyətinə səlahiyyət verilməmişdir. Buna görə də, cavabdehin qəbul etdiyi sərəncam qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
50. Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasına da vəsatətlə müraciət edərək iddiaçının gözlənilən mülkiyyətində olan hamam binası ilə 3-cü şəxslərin adına olan mağaza binasının bir-birinə aidiyyəti, tərkib hissəsi olub olmaması və s. kimi məsələrin yenidən araşdırılması üçün ekspertiza təyin edilməli olmasını xahiş etmişdir.
51. Məhkəmə kollegiyası cavabdeh orqanın bu dəlilinə münasibət bildirərək qeyd edir ki, hazırda sərəncamla üçüncü şəxsə verilmiş 10 kv.m sahənin 000686 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” Şəhadətnamədə göstərilən ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamam binasının daxilində olması mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Ona görə də, hazırkı işdə əlavə ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.
52. Kollegiya üçüncü şəxsin apellyasiya şikayətinin “mübahisəli obyektin İkram Abdurəhimov tərəfindən tikilməsi” ilə bağlı dəlilinə münasibətdə isə qeyd edir ki, Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamında göstərilən qeyriyaşayış binasının (maqnitofonların təmir sexi) X14 tərəfindən tikildiyi qeyd olunsa da, texniki pasportda həmin tikililərin 1935, 1961 və 1970-ci illərdə inşa edilməsi göstərilmişdir.
53. Həmçinin bununla bağlı birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, üçüncü şəxs həmin tikilinin özü tərəfindən tikilməsini və özünə məxsusluğunu bildirirsə, həmin tikiliyə aid sənədləri təqdim etmək öhdəliyini həm də, özü daşıyır. Üçüncü şəxs əldə edilməsini tələb etdiyi sənədin mövcudluğuna dair hər hansı ilkin sübut təqdim edə bilməmişdir. İş materialları ilə mübahisəli tikilinin Dövlət əmlakının tərkib hissəsi olması sübuta yetirilir. Üçüncü şəxs isə şifahi mülahizələrdən başqa sözügedən tikiliyə aidliyinə dair hər hansı sübut təqdim edə bilmir. Mübahisəli tikili üzərində üçüncü şəxsin hüquqlarının 2001-ci ildə qeydiyyata alınması ona hər hansı üstünlük yaratmır. Yuxarıda qeyd edildiyi kimi, qeydiyyatın aparılmasının hüquqi əsası olan Sərəncamın özünün hansı ilkin sənədlər əsasında verilməsi və nəyə görə tikilinin üçüncü şəxsə məxsus olması qənaətinə gəlinməsi qeyri-müəyyəndir. X5 münasibətdə isə əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hər hansı qeyri-müəyyənlik yoxdur. Belə ki, Sədaqət Fərəcullayevanın ümumi sahəsi 792.6 kv.m olan 1 saylı hamamı 3322.2 (üç min üç yüz iyirmi iki manat iyirmi qəpik) manata satın alması iş materialları ilə sübuta yetirilir.
54. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin qəbul etdiyi sərəncam qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Ona görə də, üçüncü şəxslərin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “Cavabdeh Başçısının 1/146 saylı sərəncamının ləğv edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, üçüncü şəxsin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
56. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamı ləğv edilməlidir.
57. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-1501/2024 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı sərəncamı ləğv edilsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.