Məhkəmə qərarları › İş №2-1(107)-245/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-245/2021

11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-245/2021 11.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "26.01.2020-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-163/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş və hazırda Zaqatala rayonu Yuxarı Tala kəndində yaşayır. O, 03.05.1974-cü ildən 26.04.1975-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, 15.06.1976-cı ildən 31.08.1979-cu ilədək X5 Birliyinin konserv sexində fəhlə işləmiş, 01.09.1979-cu ildən 27.06.1980-ci ilədək Bakı Tədris Kombinatında radiotelevizor təmiri ustası ixtisası üzrə təhsil almışdır. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, 05.05.1981-ci ildən 01.08.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X1 filialında, 01.10.1997-ci ildən 31.12.2010-cu ilədək isə Şəki şəhəri "xxxx" MMC-də işləmişdir. İddiaçı 26.01.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 29.07.2020-ci il tarixli **********4 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının Şəki şəhəri "xxxx" MMC-yə aid iş stajının yoxlanılması tələb olunur, həmin müəssisənin hazırda fəaliyyəti olmadığına və müəssisənin maliyyəuçot sənədləri Şəki Rayon Dövlət Arxivinə təhvil verilmədiyinə görə yoxlanılması mümkün olmamışdır. İddiaçının təqdim etdiyi iş stajına dair sənədlərdə 01.07.2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı və 25 il sığorta stajının düzgünlüyünün yoxlanılması mümkün olmadığından ona yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı "05.05.1981-ci ildən 01.01.2006-cı ilədək Şəki "xxxx" MMC-də işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, əmək kitabçasında qeyd edildiyi kimi 05.05.1981-ci ildən 31.12.2010-cu ilədək həmin müəssisədə işləmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddianın dəyişdirilməsi barədə 08.12.2020-ci il tarixli ərizə təqdim edərək, 26.01.2020-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin şifahi məhkəmə baxışının gedişi zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı ilə əvəz edilmişdir. Cavabdeh iddiaya qarşı 11.02.2021-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçı 05.05.1981-ci ildən 31.12.2010-cu ilədək Şəki şəhəri "xxxx" MMC-də işləmiş olsa idi, 01.01.2006-cı ildən 31.12.2010-cu ilədək olan müddət üçün onun aylıq gəliri və buna uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları öz əksini tapmalı idi. İş materiallarına əlavə edilmiş sığortaolunanların fərdi şəxsi hesab çıxarışından görünür ki, həmin illərdə iddiaçının fərdi hesabında heç bir məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin 27.08.2020-ci il tarixli 240 nömrəli arayışından görünür ki, İddiaçı 03.05.1974-cü ildən 26.04.1975-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan, Zaqatala Rayon Dövlət Arxivinin 04.02.2020-ci il tarixli 59 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 15.06.1976-cı ildən 31.08.1979-cu ilədək X4 işləmişdir. İşdə olan, iddiaçının adına verilmiş 30.06.1980-ci il tarixli şəhadətnamədən görünür ki, o, 01.09.1979-cu ildən 27.06.1980-ci ilədək Bakı Tədris Kombinatında təhsil almışdır. İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 05.05.1981-ci ildən 01.08.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X1 filialında, 01.10.1997-ci ildən 31.12.2010-cu ilədək isə Şəki şəhəri "xxxx" MMC-də işləmişdir. İşdə olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialının 18.09.2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, Şəki şəhər "xxxx" MMC Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin hesabına 2002-ci ildə 2979,20 manat, 2003-cü ildə 2506,60 manat, 2004-cü ildə 2488 manat, 2005-ci ildə 1898,90 manat məbləğində vəsait ödəmişdir. İşdə olan, cavabdehin 11.02.2021-ci il tarixli etiraz məktubundan görünür ki, iddiaçı 05.05.1981-ci ildən 31.12.2010-cu ilədək Şəki şəhəri "xxxx" MMC-də işləmiş olsa idi, 01.01.2006-cı ildən 31.12.2010-cu ilədək olan müddət üçün onun aylıq gəliri və buna uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları öz əksini tapmalı idi. İş materiallarına əlavə edilmiş sığortaolunanların fərdi şəxsi hesab çıxarışından görünür ki, həmin illərdə iddiaçının fərdi hesabında heç bir məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-163/2021 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) iddia təmin edilmiş, İddiaçı 26.01.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-163/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “26.01,2020-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası Şəki İnzibati Məhkəməsinin 16.02.2021 -ci il tarixli, 2-1(116)-163/2021 nömrəli qərarı ilə təmin eciilərək, 26.01.2020-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin 16.02.2021 -ci il tarixli, 2-1(116)-163/2021 nömrəli qərarı aşağıdakı əsaslara görə qanuna zidd hesab edilərək ləğv olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1- dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1 dək hər il 6 ay artırılır. Qeyd edilir ki, İddiaçı əmək kitabçasında 05.05.1981-ci il tarixdən 31,12.2010-cu il tarixədək Şəki “xxxx” MMC-də işləməsi barədə qeydlər aparılmışdır ki, burada da bir sıra uyğunsuzluqlar mövcuddur. Belə ki, 01,01.2006-cı il tarixdən sığorta olunanlar barədə olan məlumatlar mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirilmiş və sığorta olunanların aylıq gəlirləri, bu gəlirlərdən ödədikləri məcburi sosial sığorta haqları və.s barədə məlumatlar öz əksini tapır. Belə olan halda İddiaçı məxsus olan İT ******* nömrəli əmək kitabçasında qeyd olunduğu kimi iddiaçı həqiqətən də 05.05.1981-ci il tarixdən 31.12.2010-cu il tarixədək Şəki “xxxx” MMC-də işləmiş olsa idi, 01.01.2006-cı il tarixdən 31.12.2010-cu il tarixədək olan müddət üçün onun aylıq gəliri və buna uyqun olaraq sıqorta olunanın fərdi şəxsi hesabında ödənilmiş məcburi dövlət sosial sığorta haqları öz əksini tapmalı idi. İs materiallarına da əlavə edilmiş Sığorta olunanların fərdi şəxsi hesab çıxarışından (qoşma 1 nüsxədə) görünür ki, 01.01.2006-cı il tarixədən 31.12.2010-cu il tarixədək iddiaçının fərdi hesabında heç bir məbləğdə məcburi dövlət sosial sığorta haqları ödənməmişdir. Həmin çıxarışdan görünür ki, iddiaçının fərdi hesabına yalnız onun 2019-cu və 2020-ci illər üzrə 11 (on bir) ay məcburi dövlət sosial sığorta haqları ödənmişdir. Bu isə öz növbəsində iddiaçıya məxsus olan İT ******* nömrəli əmək kitabçasındakı qeydlərin doğruluqunu sübhə altına alır. Belə olan halda İddiaçı məxsus olan İT ******* nömrəli əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti müddətləri sosial sığorta stajı verən is illəri kimi qiymətləmdirilə bilməz. Bildiyiniz kimi “Əmək pensiyaları haqqında” Azərbaycan respublikasının Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığorta olunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Əgər vətəndaşın əmək kitabçasında qeyd edildiyi kimi, həqiqətən də, 31.12.2010-cu il tarixədək işləmişdirsə, bu zaman İddiaçı yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin ediləcəkdir. Bununla yanaşı, iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən 05.05.1981-ci il tarixdən 31.12.2010-cu il tarixədək Səki “xxxx” MMC-də işləməsi qeyd olunsa da, İddiaçı yalnız 05.05.1981-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan müddətin sosial sığorta stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. Bu da öz növbəsində şübhə yaradır. Odur ki, Şəki inzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)- 163/2021 nömrəli qərarın ləğv edilməsini və İddiaçı iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-163/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-163/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla, 26.01.2020-ci ildə pensiya yaşına (64 il 6 ay) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə, iddiaçının əmək kitabçasında olan 01.10.1997-ci ildən 31.12.2010-cu ilədək Şəki şəhəri "xxxx" MMC-də işləməsini yoxlamaq mümkün olmadığına görə həmin müddəti sığorta stajına daxil edilməsi mümkün deyil. Belə olduqda isə iddiaçının sosial sığorta stajı 25 ildən az olur. 01.01.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bundan başqa, 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin 04.08.1956-cı il tarixli qərarı 1044 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları"nın 109-cu bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Bundan başqa, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə görə, sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti də daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 03.05.1974-cü ildən 26.04.1975-ci ilədək (11 ay 23 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu, 15.06.1976-cı ildən 31.08.1979-cu ilədək (3 il 2 ay 16 gün) X5 Birliyinin konserv sexində işlədiyi, 01.09.1979-cu ildən 27.06.1980-ci ilədək (9 ay 27 gün) Bakı Tədris Kombinatında təhsil aldığı, 05.05.1981-ci ildən 01.08.1997-ci ilədək (16 il 2 ay 26 gün) Azərbaycan Respublikası "xxxx" X1 filialında işlədiyi müddətlərdir ki, bunlar cavabdeh tərəfindən mübahisələndirilmir və məhkəmə də həmin müddətləri təsdiq edən sənədlərin həqiqiliyinə şübhə etmək üçün əsas müəyyən etmədi. Sadalanan normalara uyğun olaraq, həmin müddətlər (cəmi 21 il 3 ay 2 gün) iddiaçının sosial sığorta stajına daxil edilməlidir. İddiaçının əmək kitabçasında göstərilən və cavabdeh tərəfindən mübahisələndirilən, 01.10.1997-ci ildən 31.12.2010-cu ilədək olan müddətlə bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi tərəfindən müxtəlif orqanlara sorğu edilərək "xxxx" müəssisəsinin dövlət qeydiyyatı barədə sənədlər əldə olunmuş və aşağıdakılar müəyyən edilmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 06.12.1994-cü il tarixli 1/618 nömrəli sərəncamından görünür ki, Şəki "xxxx" Texniki Mərkəzinin 01.12.1994-cü il tarixli 65 nömrəli məktubu və Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin 23.11.1994-cü il tarixli 114/T nömrəli əmri nəzərə alınaraq mərkəzin bazası əsasında yaradılmış Şəki "xxxx" Texniki-Ticarət Mərkəzinin Nizamnaməsinin qeydiyyatdan keçirilməsinə razılıq verilmişdir. Şəki şəhəri "xxxx" Texniki-Ticarət Mərkəzinin Nizamnaməsindən görünür ki, həmin sənəd 31.08.1999-cu ildə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin baş direktoru tərəfindən təsdiq edilmiş, 08.09.1999-cu ildə isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin Nizamnamədən görünür ki, Şəki şəhəri "xxxx" texniki-ticarət mərkəzi Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin birbaşa tabeliyində olan müstəqil təşkilatdır, əsas fəaliyyəti radioelektron cihazlarının və avadanlığının təmirindən və s. ibarətdir, direktoru İ.B.Yusifovdur. D-9/69 nömrəli "Dövlət qeydiyyatı haqqında şəhadətnamə"dən görünür ki, "OrbitaServis" texniki-ticarət mərkəzi ******* identifikasiya kodu ilə 08.09.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsindən görünür ki, həmin sənəd 08.10.2002-ci ildə MMC-nin direktoru İ.B.Yusifov tərəfindən təsdiq edilmiş və 22.11.2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınaraq 09-02-A1-85 nömrəli şəhadətnamə verilmişdir. "Kommersiya təşkilatlarının dövlət reyestrindən çıxarış"dan və "Dövlət qeydiyyatı haqqında şəhadətnamə"dən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ******* identifikasiya kodu ilə 22.11.2002-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 23.11.2020-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC 22.11.2002-ci ildə 09-02-A1-85 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçı 05.05.1981-ci ildən 01.08.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X1 filialında işləmiş, Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin 23.11.1994-cü il tarixli 114/T nömrəli əmri ilə Şəki "xxxx" Texniki Mərkəzinin bazasında Şəki "xxxx" Texniki-Ticarət Mərkəzi yaradılmış və Şəki Şəhər İcra Hakimiyyəti başçısının 06.12.1994-cü il tarixli 1/618 nömrəli sərəncamı ilə Şəki "xxxx" Texniki-Ticarət Mərkəzinin Nizamnaməsinin qeydiyyatdan keçirilməsinə razılıq verilmişdir. Bundan sonra 31.08.1999-cu ildə Azərbaycan Respublikası "xxxx" İstehsalat Birliyinin baş direktoru tərəfindən həmin Birliyin birbaşa tabeliyində müstəqil təşkilat olan Şəki şəhəri "xxxx" TexnikiTicarət Mərkəzinin Nizamnaməsi təsdiq edilmiş və həmin Mərkəz 08.09.1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Daha sonra 08.10.2002-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsi təsdiq edilmiş və 22.11.2002-ci ildə həmin MMC Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. "xxxx" MMC hazırda da vergi ödəyicisi kimi qeydiyyatdadır. 01.01.1993-cü ildən 01.01.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin səkkizinci hissəsində deyilirdi ki, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçı 05.05.1981-ci il tarixdən 31.12.2010-cu il tarixə kimi Şəki şəhər "xxxx" MMCdə işləməməsinə dair qeyd şübhə doğurmur. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 05.05.1981-ci ildən 01.08.1997-ci ilədək Azərbaycan Respublikası "xxxx" X1 filialında, 01.10.1997-ci ildən 31.12.2010-cu ilədək isə Şəki şəhəri "xxxx" MMC-də işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialının 18.09.2020-ci il tarixli **********7 nömrəli arayışından görünür ki, Şəki şəhər "xxxx" MMC Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin hesabına 2002-ci ildə 2979,20 manat, 2003-cü ildə 2506,60 manat, 2004-cü ildə 2488 manat, 2005-ci ildə 1898,90 manat məbləğində vəsait ödəmişdir. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında 01 aprel 2017-ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə görə sığortaedilənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun əmək haqqından sosial sığorta haqlarının ödənilməsi vəzifəsini daşımamışdır. Ona görədə onun əmək haqqından sosial sığorta haqlarının ödənilməməsi iddiaçının ziyanına həll edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-163/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar