Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-245/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın 2022-ci ilin sentyabr ayından verilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın dəyişdirilməsi və kompensasiyanın mənzil kirayə müqaviləsinin bağlandığı və kirayə haqlarının tərəfindən ödənilməyə başlanıldığı 2022-ci ilin aprel ayından verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-653/2023 nömrəli qərarından iş üzrə Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın 2022-ci ilin sentyabr ayından verilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın dəyişdirilməsi və kompensasiyanın mənzil kirayə müqaviləsinin bağlandığı və kirayə haqlarının tərəfindən ödənilməyə başlanıldığı 2022-ci ilin aprel ayından verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbində göstərmişdir ki, o, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək əsgər, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kiçik gizir kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.2021-ci il tarixdə isə xəstəliyə görə ehtiyata buraxılmışdır. Ordudan tərxis olunduqdan sonra atası X1 məxsus, ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışdır. Cavabdeh başçısının 15 fevral 2022-ci il tarixli 25 nömrəli sərəncamı ilə 4 nəfər ailə tərkibi ilə mənzil növbəliliyinə götürülmüşdür.
3. 19 aprel 2022-ci il tarixində X2 ilə Mingəçevir şəhəri, X7 küçəsi, ev 12, mənzil 14 ünvanında yerləşən mənzilin kirayə verilməsi haqqında müqavilə bağlamışdır. Kompensasiyanın verilməsi ilə bağlı üzrlü səbəblərdən bir neçə ay sonra, 12 sentyabr 2022-ci il tarixdə Cavabdehnə müraciət edərək, 19 aprel 2022-ci il tarixində mənzil kirayə müqaviləsi bağladığını, həmin müqaviləyə görə 2022-ci ilin aprel ayından başlayaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir. Lakin sentyabr ayından kompensasiyanın ödənilməsi barədə qərar verilmişdir. Bununla da onun və ailə üzvlərinin hüquqları pozulmuşdur. Məsələ ilə bağlı iki dəfə oktyabr ayında yazılı qaydada şəhər İcra Hakimiyyətinə müraciət etmiş, lakin hər iki müraciətinə cavabda kompensasiya çəkilmiş xərcin əvəzinin qarşılanması olduğu, kirayə mənzilə sentyabrda köçdüyü qeyd edilərək, sentyabr ayından kompensasiyanın ödənildiyi bildirilmişdir. Cavabdeh cavab məktubunda qeyd edildiyi kimi, 2022-ci ilin aprel ayından mənzil kirayə müqaviləsi bağlanmış və mənzilin kirayə haqqını ödəmişdir. Ona görə də mənzil kirayə haqqına çəkilmiş xərclərə görə ona kompensasiya 2022-ci ilin aprel ayından başlayaraq ödənilməlidir.
4. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, İddiaçı kiçik gizir rütbəsi ilə 05 noyabr 2021-ci il tarixdə xəstəliyə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. O, xx.xx.2008-ci ildən Mingəçevir şəhəri H.Əliyev prospektindəki 43 nömrəli evin üç otaqlı, yaşayış sahəsi 48,34 kv.metr olan 35 nömrəli mənzilində qeydiyyatdadır. Mənzildə İddiaçı, atası, anası, arvadı və iki uşağı yaşayırlar. Lakin həmin mənzildə onun əmisi, əmisi arvadı və əmisi oğlu qeydiyyatdadırlar. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək mənzil növbəliyinə alınmasını xahiş etmiş və o, Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 25 nömrəli Sərəncamı ilə mənzil növbəliliyinə götürülmüşdür. İddiaçı 12 sentyabr 2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək müvəqqəti mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsini xahiş etmiş və şəhərin Vaqif küçəsindəki 12 nömrəli evin 14 nömrəli mənzilinə mənzil kirayə müqaviləsi təqdim etmişdir. Qeyd edirik ki, bu sahədə xeyli qanun pozuntusu halları mövcud olduğu üçün, belə ki, bəzi ehtiyatda olan hərbi qulluqçular mənzil kirayəsi müqaviləsi bağlayırlar, lakin həmin mənzillərdə yaşamırlar, mənzil kirayəsinə görə haqq ödəmirlər, ancaq müvəqqəti mənzil kirayəsinə görə dövlətdən kompensasiya alırlar. Belə halların qarşısının alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tövsiyəsinə əsasən şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 37 nömrəli Sərəncamı ilə monitorinq qrupu yaradılmış, qrupa mənzil kirayəsinə görə kompensasiya alan şəxslərin mənzil kirayə müqaviləsində göstərilən ünvanda yaşayıb-yaşamalarını ildə iki dəfə yoxlamaq tapşırılmışdır. İddiaçı müvəqqəti mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi barədə ərizəsi şəhər İcra Hakimiyyətinə daxil olduqdan sonra monitorinq qrupu müqavilədə göstərilən mənzildə olmuş, onun ailəsi ilə həmin mənzildə yaşadığını müəyyən etmiş, akt tərtib etmiş və akta əsasən şəhər İcra Hakimiyyətinin başçısına müvafiq arayış yazılaraq mənzil kirayəsinə görə kompensasiyanın ödənilməsi təklif edilmişdir. Vətəndaş İddiaçı kompensasiyası sentyabr ayından ödənilir. Vətəndaş İddiaçı ona mənzil kirayəsinə görə kompensasiyanın 2022-ci ilin aprel ayından ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsinə xx.xx.2022-ci il tarixli 1890 nömrəli məktubla cavab verilmişdir.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 06 avqust 2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanlarında mənzil növbəliliyinə alınmış zabitlərə, gizirlərə və miçmanlara müvəqqəti mənzil kirayəsinə görə qərarla müəyyən edilmiş məbləğdə və qaydada kompensasiya ödənilir.
6. Vətəndaş İddiaçı şəhər İcra Hakimiyyətinə mənzil kirayəsinə görə kompensasiyanın aprel ayından ödənilməsi barədə ərizəsində özü də bildirmişdir ki, o, kirayə etdiyi mənzilə sentyabr ayında köçmüşdür. Yəni mənzil kirayə müqaviləsi bağladığı vaxtda o həmin mənzildə yaşamamışdır.
7. Vətəndaş İddiaçı şəhər İcra Hakimiyyətinə 12 sentyabr 2022-ci il tarixdə müraciət etmiş, onun müraciətinə baxılmış və sentyabr ayından da ona müvəqqəti mənzil kirayəsinə görə kompensasiya ödənilir.
8. Cavabdeh birinci instansiya məhkəməsindən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməsini xahiş etmişdir.
9. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 fevral 2023-cü il tarixli 2- 1(116)-653/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı mənzil növbəliliyinə götürülməsi üçün şəhər İcra Hakimiyyətinə müraciət etmiş və şəhər İcra Hakimiyyəti başçısının 25 nömrəli xx.xx.2022-ci il tarixli Sərəncamı ilə mənzil növbəliliyinə götürülmüşdür. 2022-ci ilin sentyabr ayında iddiaçı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək ona müvəqqəti mənzil kirayəsinə görə Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli qərarı əsasında mənzil kirayə haqqının ödənilməsini xahiş etmişdir. O, ərizəsinə xx.xx.2022-ci il tarixli mənzil kirayə müqaviləsini əlavə etmişdir. İddiaçının ərizəsi müvafiq təsdiqedici sənədlərlə maliyyə şöbəsinə göndərilmiş, maliyyə şöbəsi tərəfindən onun barəsində müvafiq müsbət cavab alınmış və 2022-ci ilin sentyabr ayından qərara uyğun kompensasiyanın ödənilməsi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi bu işə baxarkən bir sıra maddi hüquq normasını pozmuşdur. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh tərəfin iştirakı təmin edilməmiş, yalnız iddiaya qarşı məhkəməyə təqdim olunmuş etiraza əsaslanmışdır. İkincisi, iddiaçı ərizəsində göstərmişdir ki, mənzil kirayə müqaviləsi xx.xx.2022-ci ildə bağlansa da həmin mənzilə 2022-ci ilin sentyabrında köçmüşdür. O, şəhər İcra Hakimiyyətinə də 2022-ci ilin sentyabrında müraciət edib mənzil kirayəsinə görə kompensasiya verilməsini xahiş etmişdir. Üçüncüsü, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, həmin vəsait şəhər İcra Hakimiyyətinin hesabına Maliyyə Nazirliyi tərəfindən köçürüldükdən sonra vətəndaşa ödənilir. Bu səbəbdən də müraciət edən şəxsin ərizəsi və təsdiqedici sənədlər Maliyyə İdarəsinə göndərilir. Dördüncüsü, qərarın əsaslandırıcı hissəsində yalnız qanunvericiliyin müddəalarını sadalamış, həmin normaların mübahisəyə aidiyyətini açıqlamamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-653/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-653/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)- 653/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, X2 ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. - Cavabdeh xx.xx.2022-ci il tarixli 1890 nömrəli məktubundan görünür ki, iddiaçının ilkin müraciətindən imtina edilmişdir. - Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 25 nömrəli Sərəncamından görünür ki, iddiaçı mənzil uçotuna götürülmüşdür. - Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2010 – xx.xx.2012, xx.xx.2015 – xx.xx.2021-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir, HHK-nın rəyinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdən ehtiyatda olan gizirlərin hərbi qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə olunmuş Daxili Qoşunların xidməti siyahısının materiallarından görünür ki, iddiaçı Şuşa şəhərinin işğaldan azad edilməsi uğrundan gedən döyüş əməliyyatlarında qəlpə yarası almış, xəstəliyə görə ehtiyata buraxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:
146. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbihəkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə- ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.
18. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü və dördüncü abzaslarında deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
19. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir.
20. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, ... qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlarla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən öz səlahiyyətləri çərçivəsində baxılan hər bir işin konkret halları ətraflı araşdırılaraq məsələnin Konstitusiya hüquq normalarına, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunan insan və vətəndaş hüquq və azadlıqlarının təminatının konstitusiya prinsiplərinə uyğun həll olunmasının mümkünlüyü də istisna edilməməlidir.
22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə X2 ilə İddiaçı arasında kirayə müqaviləsi bağlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 1890 nömrəli məktubuna əsasən, iddiaçının ilkin müraciətindən imtina edilmişdir. Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli 25 nömrəli Sərəncamına əsasən, iddiaçı mənzil uçotuna götürülmüşdür. Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışına əsasən, İddiaçı xx.xx.2010 – xx.xx.2012, xx.xx.2015 – xx.xx.2021ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir, HHK-nın rəyinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş arayışdan müəyyən olunur ki, iddiaçı xx.xx.2021-ci il tarixdən ehtiyatda olan gizirlərin hərbi qeydiyyatına alınmışdır. Həmin məktuba əlavə olunmuş Daxili Qoşunların xidməti siyahısının materiallarından görünür ki, iddiaçı Şuşa şəhərinin işğaldan azad edilməsi uğrundan gedən döyüş əməliyyatlarında qəlpə yarası almış, xəstəliyə görə ehtiyata buraxılmışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında ”Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli qərardadında göstərilmişdir ki,... habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2010 – xx.xx.2012, xx.xx.2015 – xx.xx.2021-ci il tarixlərdə həqiqi hərbi xidmət keçmişdir, HHK-nın rəyinə əsasən xəstəliyə görə ehtiyata buraxılmışdır.
30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının mənzil kirayə müqaviləsi bağladıqdan sonra orada yaşamadığını bildirməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, məhkəmə iclasında iddiaçı 2022-ci ilin aprel ayından kirayə müqaviləsi bağladığı ünvanda yaşamağa başladığını bildirmişdir. Cavabdeh başçısının Monitorinq qrupunun yaradılmasına dair xx.xx.2022-ci il tarixli 37 nömrəli Sərəncamından görünür ki, yaradılmış qrup ildə iki dəfə-mart və oktyabr aylarında monitorinq aparılmasını həyata keçirməlidir. İddiaçıya münasibətdə Akt 2022-ci ilin sentyabr ayında tərtib edilmiş, əvvəlki tarixlərdə kirayə müqaviləsində göstərilən ünvanda iddiaçı və ailə üzvlərinin yaşamadığını təsdiq edən hər hansı sənəd təqdim edilə bilməmişdir. Kompensasiya mahiyyət etibarı ilə həmin kateqoriya şəxslərin xərclərinin tarazlaşdırılması məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuşdur. İş materiallarından da müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixində kirayə müqaviləsi bağlamış və həmin tarixdən kirayə haqqının hesablanılması başlanmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, şəxsin kompensasiya almaq hüququnun əvvəli kimi xərclərin yaranma anı götürülməlidir.
31. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın 2022-ci ilin sentyabr ayından verilməsi ilə bağlı qəbul edilmiş inzibati aktın dəyişdirilməsi və kompensasiyanın mənzil kirayə müqaviləsinin bağlandığı və kirayə haqlarının tərəfindən ödənilməyə başlanıldığı 2022-ci ilin aprel ayından verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 2-1(116)-653/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.