Məhkəmə qərarları › İş №2-1(107)-246/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-246/2023

11.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-246/2023 11.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X1 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra mətndə-cavabdeh) qarşı “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsi 116.48 kv.m 6 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 784 kv.m torpaq sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir Ərazi Şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir Ərazi Şöbəsinin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 6058 inventar №-li, sentyabr 1997-ci il tarixli “fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan həmin evin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədin olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazda mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi 1997-ci ildə tərtib edilmiş texniki pasportda qeyd edilsə də, həmin texniki pasport fərdi yaşayış evinə yox, mənzilə aid olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyun 2022-ci il tarixli, 2- 1(116)-113/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 17 saylı ünvan 1 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2- 1(107)-253/2022 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)- 113/2022 nömrəli qərarı ləğv edilmiş, İnzibati iş üzrə yeni qərar qəbul edilmiş, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı ünvan 2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2- 1(107)-253/2022 saylı qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 yanvar 2023cü il tarixli, 2-1(102)-191/2023 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-253/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən prosessual və maddi hüquq normalarının düzgün tətbiq etməyərək qərar qəbul etmişdir. Belə olan halda məhkəmə qərarından apellyasiya qaydasında şikayət verərək yenidən baxılıb, ləğv olunması, yeni qərarın qəbul edilməsi zəruridir (iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmalıdır). Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati iş üzrə mübahisəyə dair təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olması və buna dair hər hansı ilkin hüquqmüəyyən edici sənədin olmaması torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddia edilən torpaq sahəsi 783 kv.m-dir. Tam hasara alınmışdır. Üzərində yaşayış evi olmaqla iddiaçı tərəfindən istifadə edilir. Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu layihəsində həmin torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir. 6058 inventar №-li, sentyabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, mənzilin sahibi İddiaçı Məhəmməd oğlu, şəxsi mülkiyyət hüququnu təsdiq edən sənəd - DTİMHQİ-nin xx.xx.1997-ci il tarixli 73 saylı qərarı, pay - bütövlükdə, binanın tikildiyi il – 1997-ci il, mərtəbələrin sayı - 1, mənzilin yerləşdiyi mərtəbə - 1, mənzillərin sayı -1, torpağın sahəsi – 784 kv.m qeyd edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 305.19 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 6058 inventar №-li, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ümumi sahəsi 305.19 kv.m olan ev Mingəçevir şəhər DTİ və MHQİ-nin 73 saylı xx.xx.1997-ci il tarixli qərarı əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022ci il tarixli, 2-1(116)-113/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Birinci instansiya məhkəməsi iddianı haqlı olaraq mahiyyəti üzrə də əsaslı hesab etmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 17 yanvar 2023cü il tarixli, 2-1(102)-191/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-253/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İddianı əsassız sayan apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mənzilinin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması qənaətinə gələrkən həmçinin qeyd etmişdir ki, mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən xüsusatları nəzərə almamış, həmin istiqamətlərdə müvafiq araşdırma aparmamışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 29(a) bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, işin hallarından görünür ki, ünvan 4 nömrəli yaşayış mənzili Mingəçevir şəhəri, XDS İK-nin 29 iyul 1983-cü il tarixli 248 nömrəli qərarına əsasən vətəndaş İddiaçı istifadəsinə verilməsi barədə 02 avqust 1983-cü il tarixli 702 nömrəli order verilmişdir. Həmin orderə əsasən dövlət mülkiyyətinə aid mənzil fondunun tərkibində ünvan 4 ünvanında yerləşən yaşayış mənzilinin İddiaçı daimi istifadəsində olmasını nəzərə alaraq Mingəçevir şəhər TİMHQİ-nin 73 saylı 22 sentyabr 1997-ci il tarixli qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə keçirilməsi barədə Mingəçevir şəhər TİB-su tərəfindən 2435 qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən vəsiqə verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən 17 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndində, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinin texniki pasportunda isə iddia olunan torpaq sahəsinin ölçüsü göstərilmişdir və texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib edilmişdir. Belə olan halda, iddiaçının yuxarıda istinad olunan Fərmanın tələbləri baxımından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ olmuşdur. İş materiallarında olan texniki pasportdan göründüyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəbə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. İddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan, cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Kollegiya yuxarıda qeyd edilən işin hallarını, qanunvericilik normalarını, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsi 116.48 kv.m 6 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 784 kv.m torpaq sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyularaq, adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Birinci instansiya məhkəməsi iddianı təmin edərək düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar