Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-246/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-101/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(112)-3875/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-101/2024 nömrəli qərardadı ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ilə BOKT Viator Mikrokredit Azərbaycan” MMC arasında bağlanılan xx.xx.2014-cü il tarixli, 54/3 saylı kredit müqaviləsinə əsasən illik 33.6 faiz olmaqla, 12 ay müddətində qaytarmaq şərti ilə iddiaçıya 2500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi X2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Əvvəllər kredit borcu üzrə aylıq ödəmələr tərəfindən vaxtı-vaxt icra edilsə də, 2015-ci ilin fevral aynda baş verən manat məzənnəsinin dollar qarşısında ucuzlaşması nəticəsində sonrakı ödənişlərdə gecikmələr olmuşdur. Lakin buna baxmayaraq aylıq ödənişlər tərəfindən hissə-hissə də icra edilmələr davam etdirilir. Həmçinin, 2015-ci ilin dekabr ayında baş verən təkrar devalvasiya nəticəsində ödəniş etmək imkanı yenə də çətinləşdi. İddiaçının xarici valyutada olan kredit borcu Fərmanın təsir dairəsinə düşdüyündən ödədiyi məbləğlər Fərmanda göstərilən qaydada hesablanaraq, ilkin olaraq qalıq məbləğdən silinməli, qalan hissə isə iddiaçının sərəncamına qaytarılmalı idi. Lakin iddiaçıya məlum olmayan səbəbdən iddiaçının kredit borcu Fərmanın təsir dairəsinə düşməmiş və Fərmanda göstərilən müddəalar şamil edilməmişdir. Göründüyü kimi səhv nəticəsində iddiaçının kredit borcu ödənilməmiş qalmış, eyni zamanda iddiaçıya çatası kompensasiya məbləği ödənilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən kredit borcunun olmasına dair qərar olduğundan müraciəti baxılmamış saxlanmışdır.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Bankın qeyd edilən məlumat bazalarına əsasən iddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında onunla "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin bağlanması barədə qeydlər daxil edilməmişdir. Bu səbəbdən iddiaçıya Fərman çərcivəsində kompensasiya məbləği hesablanmamışdır. Bu səbəbdən də ərizənin icrasından imtina edilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 yanvar 2024-cü il tarixli 2- 1(116)-101/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin yeganə istinad etdiyi hal ondan ibarətdir ki, iddiaçının kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının 6.16-cı bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına 31 dekabr 2019-cu il tarixinə qədər müraciət etməli idi. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırkı iddia tətəbi mübahisə predmetini təşkil edən kredit borcunun restrukturizasiyasını deyil, cavabdehin və üçünçü şəxsin qanunsuz hərəkətləri nəticəsində ona hesablanmalı olan kompensasiya məbləğinin hesablanmaması və bunun nəticəsində də mənim kredit borcunun ödənilməmiş qalmasıdır. Habelə, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Sözügedən Fərmandan da göründüyü kimi, yalnız restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi isə səhvə yol verərək, həmin müddəti kompensasiyanın ödənilməsi də şamil etmişdir. Bundan başqa, iş materiallarında olan Mərkəzi Bankın məktubundan aydın olur ki, kredit borcu barədə məlumatlar üçüncü şəxs olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vaxtında daxil edilmədiyindən ona Fərman əsasında kompensasiya məbləği hesablanmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 yanvar 2024-cü il tarixli 2-1(116)-101/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 yanvar 2024-cü il tarixli 2-1(116)-101/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Viator Mikrokredit Azərbaycan” MMC-nin Balakən filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş, "xxxx" MMC-nin 54 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin surəti;
2. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-1710/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı və X1 402.31 ABŞ dolları əsas. 129 ABŞ dolları faiz. 40 ABŞ dolları cərimə olmaqla, cəmi 571.31 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat birgə qaydada alınıb kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Balakən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(019)-1710/2016 nömrəli məhkəmə əmrindən görünür ki, cavabdeh İddiaçı və X1 402.31 ABŞ dolları əsas. 129 ABŞ dolları faiz. 141 ABŞ dolları cərimə olmaqla, cəmi 672.31 ABŞ dolları məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 20 manat birgə qaydada alınıb kreditor "xxxx" MMC-nin xeyrinə ödənilməsi əmr edilmişdir.
4. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-288/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(019)-1710/2016 nömrəli qətnaməsi qüvvədə qalmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-101/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir.
22. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir.
23. “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019cu il nəzərdə tutulmuşdur.
24. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə nail olmaqdır.
25. Bununla belə hazırkı iddia tələbinin əsassızlığı, iddiaçının kredit borcunun restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının 6.16-cı bəndində nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası Mərkəzi Bankına 31 dekabr 2019cu il tarixinə qədər müraciət etməməsi ilə bağlıdır. 26 İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, hazırkı işdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçıya iddiada irəli sürdüyü tələblə əlaqədar cavabı xx.xx.2022-ci il tarixdə verilmiş, iddiaçı tərəfindən isə cavabdehə xx.xx.2019-cu il tarixdən əvvəl müraciət etməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi özü də cavabdeh orqana hazırkı tələblə 2022-ci ildə müraciət etdiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2021-ci il tarixli 2-1(102)- 1716/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının adının kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi üçün əsaslar olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
29. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-101/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.