Məhkəmə qərarları › İş №2-1(107)-246/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-246/2025

02.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-246/2025 02.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X6 və X4 ibarət tərkibdə, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-3361/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Xidmətin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı «iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2024-cü il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin işdə cavabdeh qismində prosessual iştirakına xitam verilmiş və iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin rəhbəri olduğu ona Bakı Kommersiya Məhkəməsində müvafiq mübahisə ilə bağlı məhkəmə bildirişini aldıqdan sonra məlum olmuşdur. Onun MMC-nin qanuni təmsilçisi olması X2 istəyi olmuşdur. Sonuncu bu məqsədlə onun şəxsiyyət vəsiqəsinin surətini almış, lakin iddiaçı bu məsələyə cidd yanaşmamış və bir müddət sonra bu halı unutmuşdur. İddiaçı "xxxx" MMC-nin fəaliyyətində və idarə olunmasında iştirak etməmişdir. M.Ə.Məmmədcanovun faktiki rəhbəri olduğu bir neçə müəssisənin ümumilikdə 459.569,37 manat, o cümlədən də "xxxx" MMC-nin 121.767,87 manat vergi borcunu büdcədən yayındırdığı Yasamal Rayon Məhkəməsində baxılan cinayət işi üzrə icraatda sübuta yetirilmiş və 9 sentyabr 2016-cı il tarixli hökmlə büdcədən yayındırılmış həmin məbləğin M.Ə.Mmmədcanovdan tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən tam təmin edilmiş mülki iddia məbləğinin təqsirləndirilən şəxsdən alınmasının təmin edilməsi üzrə tədbir görülməsi əvəzinə, onun (hazırkı iddiaçının) hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

4. Cavabdeh iddiaya etiraz edir və onun təmin olunmamasını məhkəmədən xahiş edir. Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 120.433,9 manat, DSMF-yə 62,50 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün MMC-nin icra qurumunun rəhbəri İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Sonradan İddiaçı İdarəyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2021-ci il tarixli hökmü ilə M.Ə.Məmmədcanovun Vergi Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu əsas gətirmiş və barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra onun götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra qurumunun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə ərizəni təmin etmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyindən, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı hazırda da hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin direktoru vəzifəsini icra edir. "xxxx" MMC üzrə 9 sentyabr 2016-cı il tarixli hökmlə M.Ə.Məmmədcanovun CM-in 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi heç də əsasların aradan qalxması demək deyildir. MMC-nin icra qurumunun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olan əsasların aradan qalxması anlamına gəlir. Lakin "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi, belə bir hal baş verməmişdir.

5. Cavabdeh vəsatət göndərərək, V.Əliyevin bu əməllərində cinayət məcəlləsinin 320.1–320.2-ci maddələrinin tərkib hissələrinin olduğu ehtimal olunduğundan, onun təqdim etdiyi bu kağızlar araşdırılmaq üçün prokurorluq orqanına göndərilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 25 dekabr 2024-cü il tarixli 2- 1(116)-3361/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qeyd olunan dəlili ilə razılaşmayaraq bildiririk ki, məhkəmə tərəfindən maddi hüquq norması yanlış tətbiq edilmişdir. Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları(ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlımüddəalarıməcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 24.1.2-1-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən MMC-nin dövlət qeydiyyatına alındığı 09 avqust 2011-cı il tarixdən bu günə qədər həmin cəmiyyətlərin direktoru vəzifəsini icra edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 sentyabr 2016-cı il tarixli 1(004)-47/2016 nömrəli hökmü ilə X2 Azərbaycan RespublikasıCM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Qeyd olunanlardan göründüyü kimi, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Buna əsasən hesab edirik, məhkəmə tərəfindən Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi məhdudlaşdırıcı şəkildə təfsir olunmuş və yanlış tətbiq edilmişdir. - Birinci instansiya məhkəməsi işin faktiki hallarını və qanunvericiliyin tələbini araşdırmadan yalnız iddiaçının subyektiv mülahizələri əsasında qərar qəbul etmişdir. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 385.1.1-385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, hesab edirik ki, məhkəmə qərarı işin faktiki hallarına və qanunvericiliyin tələblərinə uyğun gəlmir və məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 25 dekabr 2025-ci il tarixli 2-1(116)-3361/2024 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil Bəhman oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 25 dekabr 2025-ci il tarixli 2-1(116)-3361/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

13. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-47/2016 saylı iş üzrə 9 sentyabr 2016-cı il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddianın tam təmin edilməsi və 459.569,37 manat pulun X1 tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. - Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6246/2021 saylı iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş və "xxxx" MMC-nin 15 dekabr 2020-ci il tarixə dövlət büdcəsinə olan 120.433,9 manat məbləğində vergi, Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə icra qurumunun rəhbəri, xx xxxxxxx 1977-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.

17. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1) Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) Vergi borcu vaxtında ödənilməməlidir; 3) Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2025-ci il tarixli 2-1(116)-3361/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Belə ki, "xxxx" MMC-nin faktiki rəhbəri kimi X1 qurumun 121.767,87 manat borc məbləğinin tutulması Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli hökmü ilə qərara alındıqdan və həmin hökm qanuni qüvvəyə mindikdən 5 il sonra Bakı Kommersiya Məhkəməsində vergi orqanının həmin borcun ödənilməsini təmin etmək məqsədilə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində olan məlumatlara əsasən MMC-nin rəhbəri kimi qeyd olunan hazırkı İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsi təmin edilmişdir.

22. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırda "xxxx" MMC-nin rəhbəri kimi təqdim olunması formal xarakter daşıyır. Vergi Məcəlləsinin müvafiq normasının mahiyyəti baxımından həmin MMC-nin rəhbəri kimi formal qeydiyyatda olan və müvafiq vergi və digər ödənişlərin ödənilməsindən yayınmada təqsiri olmayan şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə başqa şəxs bu öhdəliklərin yerinə yetirilməsindən yayınmağa görə məhkum olunduqda və həmin borcun sonuncudan mülki iddia qaydasında tutulması qərara alındıqda, götürülməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

24. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

25. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-3361/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1( bir ) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar