Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-248/2021 24.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “08 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarından iş üzrə cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.04.1998-ci il tarixdən 30.12.2000-ci il tarixə kimi işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci il tarixdə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuşdur. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana sənədlərini təqdim edərək müraciət etmiş, iddiaçının pensiya təyin edilməsi üçün tələb edilən 25 il sosial sığorta stajı və ya 28800 manat pensiya kapitalı olmadığı üçün müraciəti təmin edilməmişdir. İddiaçı məhkəmənin dəftərxanasına 18.12.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşmə aparmış və 08 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 15.02.2021-ci il tarixli iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd edilir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və 28800 pensiya kapitalı olmaması, kitabçası, diplomun surətlərinə və əmək haqqı arayışına əsasən cəmi 01.01.2006-cı il tarixədək 24 il 8 gün (əmək haqqı arayışına görə 31.01.1998-ci il tarixədək nəzərə alınmaqla), 2019-cu ilin l-İV aylarında 4 ay sosial sığorta stajı və cəmi 17792.93 manat pensiya kapitalı müəyyənləşdirildiyi səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsinin qanuna zidd olduğu müəyyən edilmişdir. İş materialından da göründüyü kimi iddiaçının 2 əmək kitabçası mövcuddur, iddiaçının Şəki şəhər filialına təqdim etdiyi əmək kitabçalarındakı qeydlərdə uyğunsuzluq aşkar edilmişdir. Əmək kitabçalarının qeydiyyat nömrələri olmadığı üçün bundan sonra №1 (ƏMƏK китабчасы) və №2 (Tрудовая книжка) deyə fərqləndiriləcək. Belə ki, şəxsin hər iki əmək kitabçasının 19 dekabr 1974-cü ildə doldurulduğu kitabçaların üzərində qeyd edilmişdir. Bundan əlavə, şəxsin №1 əmək kitabçasının 26-cı səhifəsinin 11-ci qeydində 15.10.1986-cı ildə köçürülmə yolu ilə işlədiyi idarənin digər kontoruna keçirildiyi göstərildiyi halda 28-ci səhifəsində olan 12-ci qeyddə isə başqa müəssisə ilə əmək müqaviləsi bağladığı göstərilmişdir. Həmçinin №1 əmək kitabçasındakı 15.10.1986-cı il qeydi kiril qrafikalı Azərbaycan əlifbası ilə yazıldığı halda həmin əmək kitabçasının ardı kimi verilən №2 əmək kitabçasındakı 15.10.1986-cı ildə başqa vəzifəyə köçürülmə qeydi isə rus əlifbası ilə yazılmış əlavə olaraqdan, yeni vəzifəyə köçürülmə ilə bağlı verilən əmrlərin nömrələri üst-üstə düşməmişdir. Bu da əmək kitabçalarının fərqli vaxtlarda fərqli şəxslər tərəfindən doldurulduğu qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1960-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Qaydaların 3.11-ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir (iddiaçının əmək kitabçasının birinci səhifəsində əmək kitabçasını verən məsul şəxsin imzası yoxdur). Əmək kitabçası itdikdə və ya yarasız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Qaydaların 7.2-ci bəndinə əsasən əmək kitabçası,yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Qaydaların 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikat verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə(sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda,əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Yuxarıda şərh olunanlara əsasən şəxsin əmək kitabçaları mübahisələndirilir. Şəxs iddia ərizəsində 09.04.1998-ci il tarixdən 30.12.2000-ci il tarixə kimi X8 X1 işlədiyini iddia etmiş, həmin bu illərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsini cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını tələb etmişdir, iddiaçı iş materiallarına həmin müəssisədə işlədiyini təsdiq edən müəssisə tərəfindən verilən arayış əlavə etmişdir. Belə ki, həmin arayışla əmək kitabçasındakı qeydlər arasında ziddiyyət mövcuddur. İddiaçının №2 əmək kitabçasında 03.04.1999-cu ildə “Şəki Təkrar X4” müəssisəsindən tutduğu vəzifədən azad olunduğu, ardınca yazılan növbəti qeyddə isə 03.05.1999-cu ildə “Şəki Təkrar X4” müəssisəsinə “presləyici” vəzifəsinə qəbul olunduğu göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı 03.04.1999-cu il tarixdən 03.05.1999-cu il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının təqdim etdiyi arayışda isə 1999-cu ilin aprel ayında əmək haqqı aldığı göstərilir. Bu kimi uyğunsuzluqlar verilən arayışın reallığa uyğun olmaması kimi qiymətləndirilməlidir. Milli Arxiv İdarəsinin Şəki Filialına ünvanlanan sorğunun cavabında “Şəki Təkrar X4” müəssisəsinin sənədləri X10 filialına təhvil verilmədiyi göstərilmişdir. Yuxarıda göstərilən səbəblərdən, şəxsin həmin dövrlərdə X8 X1 işlədiyini təsdiq edən arxiv sənədləri olmadığı və iddiaçı tərəfindən təqdim edilən arayışla əmək kitabçası arasında uyğunsuzluq olduğundan şəxsin iddiası təmin edilməməlidir. Məhkəmənin 15.02.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 saylı qərarı ilə, iddia təmin edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı 08 aprel 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində 09.04.1998-ci ildən 30.12.2000-ci il tarixədək X8 X2ndə işlədiyini iddia etmişdir. İşin faktiki hallarına əsasən iddiaçı 08.04.2020-ci il tarixdə (64 yaş 6 ayı tamam olduğundan) yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar 09.06.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin 29 iyun 2020-ci il tarixli **********5 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və 28800 pensiya kapitalı mövcud deyildir və iddiaçının təqdim etdiyi əmək kitabçasına,diplomun surətlərinə və əmək haqqı arayışına əsasən cəmi 01.01.2006-cı il tarixədək 24 il 8 gün, 2019-cu ilin l-İV aylarında 4 ay sosial sığorta stajı və cəmi 17792.93 manat pensiya kapitalı müəyyənləşdirildiyi səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Belə ki, Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materialından göründüyü kimi iddiaçının 2 əmək kitabçası mövcuddur, işin hərtərəfli araşdırılması nəticəsində iddiaçının cavabdeh orqana təqdim etdiyi əmək kitabçalarındakı qeydlərdə uyğunsuzluq aşkar edilmişdir. Əmək kitabçalarının qeydiyyat nömrələri olmadığı üçün bundan sonra №1(Əmək китабчасы) və №2 (Трудовая книжка) olaraq fərqləndiriləcək. Belə ki, şəxsin hər iki əmək kitabçasının 19 dekabr 1974-cü ildə doldurulduğu kitabçaların üzərində qeyd edilmişdir. Bundan əlavə, şəxsin №1 əmək kitabçasının 26-cı səhifəsinin 11-ci qeydində 15.10.1986-ci ildə köçürülmə yolu ilə işlədiyi idarənin digər kontoruna keçirildiyi göstərildiyi halda 28-ci səhifəsində olan 12-ci qeyddə isə başqa müəssisə ilə əmək müqaviləsi bağladığı göstərilmişdir. Həmçinin №1 əmək kitabçasındakı 15.10.1986-cı il qeydi kiril qrafikalı Azərbaycan əlifbası ilə yazıldığı halda həmin əmək kitabçasının ardı kimi verilən №2 əmək kitabçasındakı 15.10.1986-cı ildə başqa vəzifəyə köçürülmə qeydi isə rus əlifbası ilə yazılmış əlavə olaraqdan, yeni vəzifəyə köçürülmə ilə bağlı verilən əmrlərin nömrələri üst-üstə düşməmişdir. Bu da əmək kitabçalarının fərqli vaxtlarda fərqli şəxslər tərəfindən doldurulduğu qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1960-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Qaydaların 3.11 -ci bəndinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı isverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan,sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir (iddiaçının əmək kitabçasının birinci səhifəsində əmək kitabçasını verən məsul şəxsin imzası yoxdur). Əmək kitabçası itdikdə və ya yarasız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. “Şəki Təkrar X4” müəssisəsi Fondun 15 saylı regional ərazi filialında sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmadığı, 09.04.1998-ci il tarixdən 30.12.2000-ci il tarixə kimi fəaliyyət göstərmədiyi və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi səbəbindən iddiaçının işlədiyini iddia etdiyi dövrlər sığorta stajına daxil edilə bilməz. Şəki inzibati Məhkəməsinin 2-1(116)-154/2021 nömrəli 15 fevral 2021-ci il tarixli qərarında göstərilir ki, hətta cavabdeh orqanın mübahisələndirdiyi dövrlər hesablanmasa belə iddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranacaqdır. Belə ki, məhkəmənin qərarında aparılan hesablamalara görə iddiaçının 25 il sığorta stajı mövcuddur. Hesab edirik ki, bu hesablama düzgün deyildir və qərəzli səkildə iddiaçının stajının 25 ilə tamamlanması üçün əlavə illər daxil edilmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan və iddiaçının işlədiyini iddia etdiyi illər- 02.12.1974- 05.04.1975 (4av 3 gün), 28.04.1975-29.09.1975 (5 ay 1 gün), 18.09.1975-03.05.1979 (3 il 7 ay 15 gün), 02.06.1979-31.01.1994 (14 il 7 ay 29 gün), 01.02.1994-23.03.1998 (4 il 1 ay 22 gün), 14.11.2018-15.04,2019 (5 ay 1 qün)-cəmi 23 il 7 ay 11 gündür. İddiaçının təhsil aldığı dövr 15.03.1972-16.03.1973-cü illərdir (1 il 1 gün). Həmçinin iddiaçı tərəfindən cavabdeh orqana təqdim edilmədən məhkəmədə üzə çıxarılan BD 442170 nömrəli şəhadətnamə ilə “Şəki Avtomotoklub”da 20,03.1974-11.07.1974-cü tarixlərdə təhsil aldıqım iddia etdiyi dövr 3 ay 21 gün təşkil edir. Yuxarıda göstərilən dövrlərin cəmi 24 il 11 ay 3 gün təşkil edir. Cavabdeh orqan mübahisələndirilən əmək kitabçasında yazılan bütün illəri (“X8 X2”ndə işlədiyi illər istisna) qəbul etdiyi halda belə iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmayacaqdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: 1702 nömrəli Attestatın təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 15.03.1972ci il tarixdən 16.03.1973-cü il tarixədək Şəki şəhər 43 nömrəli texniki peşə məktəbində təhsil almışdır. 19.12.1974-cü il tarixli Əmək kitabçasının (трудовая книжка) təsdiq edilmiş surətindən müəyyən edilir ki, 09.04.1998-ci il tarixdə iddiaçı X8 X1 yükləyici vəzifəsinə işə qəbul edilmiş, 03.04.1999-cu il tarixdə ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı 03.05.1999-cu il tarixdən həmin müəssisəyə presləyici vəzifəsinə işə qəbul edilmiş, 30.12.2000-ci il tarixdən isə öz ərizəsinə əsasən işdən azad edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın 29.10.2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 1 iyul 2019-cu il tarixindən 30 iyun 2020-ci il tarixinə qədər pensiya yaşı 64 yaş 6 ay olduğundan və iddiaçının da tələb olunan yaşı 08.04.2020-ci il tarixində tamamlandığından onun pensiya hüququ 08.04.2020-ci il tarixində yaranmışdır. İddiaçının mübahisələndirilməyən stajı 2006-cı ilədək 24 il 8 gün və 2006-cı ildən sonra 5 aydır (14.11.2019-15.04.2019). İddiaçının pensiya kapitalı ümumilikdə 17792.93 +195=17987.93 manat təşkil edir. İddiaçının tələbində qeyd olunan stajı 30.12.2000- 09.04.1998 = 2 il 8 ay 21 gündür. Əmək kitabçasında qeyd edilən 31.01.1998-23.03.1998ci illərdə vətəndaş əməkhaqqı almadığına görə və 09.04.1998-03.04.1999; 03.05.1999- 30.12.2000-ci illər arasındakı dövrdə X8 X3 tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilmədiyindən qeyd edilən dövrlər staj kimi hesablanmamışdır. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın 29.10.2020-ci il tarixli **********8 nömrəli məktubuna əlavə edilən Əmək haqqı gəlirləri barədə 25.05.2020-ci il tarixli arayışın surətindən müəyyən edilir ki, iddiaçı X8 X1 işləyərkən 1998-ci ilin aprel ayından ilin sonunadək, 1999-cu ilin mart ayında ilin sonunadək əmək haqqı almışdır. ВД 442170 nömrəli Şəhadətnamədən müəyyən edilir ki, iddiaçı 20.03.1974-cü il tarixdən 11.07.1974-cü il tarixədək “Şəki Avtomotoklub”da təhsil almışdır. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialın 11.02.2021-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, işin faktiki hallarına əsasən, 1998-2000-ci illərdə X8 X3 MDSSH ödənişləri barədə Dövlət Sosial Müdafiə Fonduna hesabat təqdim etməmişdir. Həmçinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən məlumata əsasən, X8 X3 17.08.2001-ci il tarixdə ********* saylı 9 rəqəmli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınmışdır. Buradan aydın olur ki, müəssisə 1998-2000-ci illərdə mövcud olmamışdır. Eyni zamanda Milli Arxiv İdarəsinin Şəki Filialına ünvanlanan sorğunun cavabında “Şəki Təkrar X4” müəssisəsinin sənədlərinin X10 filialına təhvil verilmədiyi göstərilmişdir. Qeyd etmək istərdik ki, iddiaçı iş materiallarına X8 Kooperativ müəssisəsi tərəfindən verilən arayış əlavə etmişdir. Belə ki, həmin arayışla əmək kitabçasındakı qeydlər arasında ziddiyyət mövcuddur, iddiaçının əmək kitabçasında 03.04.1999- cu il tarixdə “Şəki Təkrar X4” müəssisəsindən tutduğu vəzifədən azad olunduğu, ardınca yazılan növbəti qeyddə isə 03.05.1999-cu il tarixdə “Şəki Təkrar X4” müəssisəsinə “presləyici” vəzifəsinə qəbul olduğu göstərilmişdir. Buradan da aydın olur ki, iddiaçı 03.04.1999-cu il tarixdən 03.05.1999-cu il tarixə qədər əmək fəaliyyəti ilə məşğul olmamışdır. İddiaçının təqdim etdiyi arayışda isə həmin müəssisədən 1999-cu ilin aprel ayında əmək haqqı aldığı göstərilir. Bu kimi uyğunsuzluqlar verilən arayışın saxta sənəd olmasına və İddiaçı və ona əmək haqqı gəlirləri barədə arayış tərtib edən vəzifəli şəxslərin əməllərində cinayət tərkibi əlamətlərinin olmasına dair əsaslı şübhələr olduğunu təsdiq edir. Əlavə olaraq qeyd olunur ki, iddiaçının əmək kitabçasına əsasən işlədiyi müəssisələri və orada işlədiyi dövrləri cədvəl formasında sizə təqdim edirik. Belə ki, iddiaçının mübahisələndirilməyən stajı 01.01.2006-cı il tarixədək 24 il 8 gün və 2006-cı ildən sonrakı dövr üçün 5 aydır (14.11.2019-15.04.2019). 15.03.1972-16.03.1973 Təhsil illəri Əmək kitabçasına əsasən işlədiyi illər Əmək kitabçasına əsasən işlədiyi müəssisələr 02.12.1974-05.04.1975 Şəki Kolxozlararası tikinti idarəsi 28.04.1975-29.09.1975 PO X6 18.09.1975-03.05.1979 Şəki kolxozlararası tikinti idarəsi 02.06.1979-31.01.1994 Şəki tikinti işlərinin mexanikləşdirilməsi İdarəsi 01.02.1994-23.03.1998 Azəraqrar Tikinti Dövlət Şirkəti Şəki Təsərrüfatlararası Sənayə Tikinti Birliyi 09.04.1998-03.04.1999 X8 X2 03.05.1999-30.12.2000 X8 X2 14.11.2018-15.04.2019 Köndələn kənd tam orta məktəbi Cavabdeh inzibati orqan imtinasında əmək kitabçası, diplomun surəti və əmək haqqı arayışına əsasən cəmi 01.01.2006-cı il tarixinədək 24 il 8 gün (əmək haqqı arayışına görə 31.01.1998-ci il nəzərə alınmaqla), 2019-cu ilin 1-4-cü aylarında 4 ay sosial sığorta stajını nəzərə almaqla, iddiaçının 24 il 04 ay 08 gün sosial sığorta stajının olmasını qəbul edir. 1998-2000-ci illərdə iddiaçının Şəki Təkrar X4 müəssisəsində işlədiyi müddəti həmin müəssisənin 1998-2000-ci illərdə MDSSH ödənişləri barədə hesabat təqdim etmədiyi üçün qəbul etmir. Cavabdehin 29.10.2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının mübahisəli stajı 30.12.2000-09.04.1998 = 2 il 8 ay 21 gündür. Əmək kitabçasında qeyd edilən 31.01.1998-23.03.1998-ci illərdə vətəndaş əməkhaqqı almadığına görə və 09.04.1998-03.04.1999; 03.05.1999-30.12.2000-ci illər arasındakı dövrdə X8 X3 tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilmədiyindən qeyd edilən dövrlər staj kimi hesablanmamışdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı tələbində qeyd olunan müddətin stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya hüququnun yaranmasından ibarətdir. 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “X5 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 01.01.1992-ci il tarixindən 01.01.2006cı il tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır. Belə ki, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X9) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajısığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə bu məsələ “X5 haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (01.01.1992ci ildən 01.01.2006-cı ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “X5 haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “X5 haqqında” Qanunun 67-ci maddəsinin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının X8 X3 tərəfindən Fonda məcburi sosial sığorta haqları ödənilməmiş 09.04.1998-30.12.2000-ci illər arasındakı işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. Bununla baglı iddiaçının 09.04.1998 - 30.12.2000-ci illər arasındakı dövrdə X8 X1 işlədiyi dövrə münasibətdə kollegiya qeyd edir ki, müəssisə tərəfindən məcburi sosial sığorta haqları ödənilməməsi iddiaçının hüquqlarının məhdudlaşdırlması üçün əsas deyil. Həmin müəssisənin 17.08.2001-ci il tarixində ********* saylı 9 rəqəmli VÖEN ilə vergi ödəyicisi kimi uçota alınması isə 1998-2000-ci illərdə həmin müəssisənin mövcud olmaması və iddiaçının orada işləməməsi anlamına gəlmir. Belə ki, ilk dəfə imtina vermiş DSMF-nin Şəki şəhər şöbəsi həmin müəssisənin MDSSH üzrə hesabat təqdim etmədiyini və həmin dövrdə fəaliyyət göstərmədiyini qeyd etmişdir. Həmin müəssisənin Vergilər Nazirliyində uçota alınmadan əvvəl fəaliyyət göstərməsi istisna olunmur və hətta qeydə alınmadan fəaliyyət göstərərək iddiaçını əmək faəliyyətinə cəlb etməsi də mümkündür ki, bu da iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Əmək kitabçasının saxtalaşdırlması və arayışın saxta olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı kitabçanı saxtalaşdırmaq niyyətində olsa idi, elə müəssisənin qeydə alındığı vaxtdan sonra olan dövrün qeydə alınmasına nail olardı. Verilmiş arayışla əmək kitabçasının uyğun olmaması, müəssisənin 17.08.2001-ci ildə qeydə alınması kitabçanın saxta olması qənaətinə gəlməyə əsas vermir. Cavabdeh tərəfindən iddia etdiyi hallarla bağlı məhkəməyə tutarlı sübut təqdim edilməmişdir. 1 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş “X5 haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyasısənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X5 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 8-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin baxılan işə tətbiqi onu ehtiva edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasında olan məlumatların mötəbərliyinə cavabdeh şübhə edirsə, həmin məlumatların həqiqiliyini, yəni əmək kiabçasının mötəbərliyini təsdiq edəcək sənəd və ya məlumatların təqdin edilməsini iddiaçıdan tələb edə bilməz. Bu halda cavabdeh özü həmin məlumatların həqiqiliyini araşdırmaq üçün zəruri tədbirlər görməlidir. Həmin tədbirlərə arxivdə saxlanan məlumatların alınması üçün sorğular aid edilə bilər. Sorğuya cavabda iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrin fəaliyyət göstərmədiyi və ya mövcud olmadığı müəyyən edildiyi halda, cavabdeh iddiaçının sözügedən müəssisədə işləməsi haqqında əmək kitabçasında əksini tapmış məlumatları mübahisələndirə bilərdi. Lakin baxılan işdən cavabdehin bu cür araşdırma aparması müəyyən olunmur. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş «“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübüt kimi qəbul edir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən kollegiyanın qənaətinə əsasən,birinçi instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki,iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya 08.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15.02.2021-ci il tarixli, 2-1(116)-154/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-248/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-248/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver