Məhkəmə qərarları › İş №2-1(107)-249/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-249/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-249/2024 07.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajını əmək kitabçasına əsasən nəzərə alaraq yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-79/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı “yaşa görə təyin edilmiş pensiya stajını 45 il 1 ay 4 gün hesab edib, yenidən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajını əmək kitabçasına əsasən nəzərə alaraq yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1954-cü ildə anadan olmuşdur. xx.xx.1976-cı il xx.xx.2018-ci il tarixədək müxtəlif müəsissələrdə işləmişdir. Ona xx.xx.2018-ci il tarixində 30 il 5 ay sığorta stajı hesablanaraq yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan yenidən hesablanma aparılaraq əmək kitabçasında nəzərdə tutulan sıra dövrlər nəzərə alınmadan pensiya məbləği azaldılmışdır. İddiaçı pensiyasının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tələbin təmin olunmasından imtina etmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı pensiyasının məbləği xx.xx.2006-cı ilədək sığorta stajı 13 il 2 ay olduğu halda 30 il 5 ay sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Nəticədə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçıya verilmiş pensiya təyinatı zamanı təqdim edilmiş əmək kitabçası dublikat olmuşdur. Həmin əmək kitabçasında qeyd olunan xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək X7 Konstruksiyası Kombinatının (6 il 9 ay 8 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 1 ay 20 gün) və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixədək X6 firmasının (4 il 10 ay 25 gün) arxiv sənədlərinin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də həmin dövrlərin araşdırılması mümkün olmamış və sığorta stajına əlavə edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1971-ci il tarixindən xx.xx.1976cı il tarixinədək təhsil aldığı illər və hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 13 il 2 ay 22 gün sığorta stajı və X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 5.024,15 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 886.60 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyasına (284.26 manat) dəyişiklik olmuşdur. İddiaçının zəruri sığorta stajının müəyyən edilməsi üçün ilk növbədə əmək kitabçasının mötəbərliyi öz təsdiqini tapmalıdır. Bütün bunları nəzərə alaraq iddiaçının iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 yanvar 2024-cü il tarixli 2- 1(116)-79/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının ilkin təyinatı zamanı pensiyasının məbləği xx.xx.2006-cı il tarixədək sığorta stajı 13 il 2 ay olduğu halda 30 il 5 ay sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Nəticədə iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, iddiaçıya ilkin pensiya təyinatı zamanı təqdim olunmuş əmək kitabçası dublikat olmuşdur. Həmin əmək kitabçasında qeyd olunan xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək X7 Konstruksiya Kombinatının (6 il 9 ay 8 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək (2 il 1 ay 20 gün) və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Ucar Çörək zavodunun (4 il 7 ay 15 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X6 firmasının (4 il 10 ay 25 gün) arxiv sənədlərinin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də həmin dövrlərin araşdırılması mümkün olmamış və sığorta stajına əlavə edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən əmək fəaliyyət dövrü, o cümlədən, xx.xx.1971 -ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və hərbi xidmət dövrü də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 13 il 2 ay 22 gün sığorta stajı və X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 5.024,16 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 886,60 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (284,26 manat) dəyişiklik olmamışdır. Digər tərəfdən iddiaçının yuxarıda qeyd olunan və mübahisələndirilən illərinə aid əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçının sözügedən dövrlərdə nə işə daxilolma, nə də işdən çıxma əmrlərinə möhür vurulmamış, həmçinin 15-ci qeyddə işdən çıxma əmrinə dair məlumatlar qeyd olunmamışdır. Göründüyü kimi məhkəmənin iddiaçıya məxsus əmək kitabçasının müəssisə tərəfindən təsdiq olunmasına söykənən mövqeyi formal mülahizə olmaqla hüquqi əsası yoxdur. Məhkəmə tərəfindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan əmək fəaliyyətinin Ucar rayon Dövlət Arxivinin 12 aprel 2023-cü il tarixli 20 nömrəli sorğusuna əsaslanaraq onun sosial sığorta stajına daxil edilməsi işin obyektiv araşdırılması prinsipinin pozulmasına dayanır. Belə ki, iddiaçının Ucar çörək zavodunda işlədiyini iddia etdiyi dövr xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək olan müddətdən ibarətdir. Lakin Ucar rayon Dövlət Arxivinin 12 aprel 2023-cü il tarixli 20 nömrəli məktubundan və ona qoşma kimi göndərilmiş sənədlərdən görünür ki, bu sənədlər sadəcə olaraq iddiaçının xx.xx.1993-cü il tarixli işə daxilolma əmrindən və 1993-cü ilin avqust ayı, 1994-cü ilin yanvar ayı, 1994-cü ilin dekabr ayı, 1995-ci ilin yanvar ayı, 1995-ci ilin dekabr ayı (əməkhaqqı xanası boşdur), 2000-ci ilin yanvar ayı (əməkhaqqı xanası boşdur) üzrə əməkhaqqı cədvəllərindən ibarətdir. Görünür ki, hazırki iş obyektiv araşdırılmamış, iddianın təmini zamanı sübutlar düzgün qiymətləndirilməmiş, natamam və bir-birinə ziddiyyət təşkil edən sənədlər mötəbər sübut kimi qiymətləndirilmişdir. Hazırda iddiaçının əmək fəaliyyətinə nəzər saldıqda görünür ki, məhkəmə tərəfindən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək, həmçinin xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixdək olan əmək fəaliyyəti onun sosial sığorta stajına daxil edilən zaman bu dövrlərdə onun əməkhaqqı alması halı müəyyən edilməmiş, əksinə 1995-ci ilin dekabr ayı və 2000-ci ilin yanvar ayına aid əməkhaqqı cədvəllərində əməkhaqqı xanasının boş olması və ona əməkhaqqı hesablanmadığı müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-79/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-79/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)- 79/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954cü il təvəllüdlüdür. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. Ю 005980 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 1971-ci il tarixdə Bakı Plan-İqtisad Texnikumunda tikintidə planlaşdırma ixtisası üzrə təhsil almışdır. İddiaçıya məxsus № ******* saylı Əmək kitabçası. İddiaçıya məxsus № ******* saylı Əmək kitabçasının dublikatı. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi bilet. xx.xx.2001-ci il tarixli 1 nömrəli Əmrin surətindən görünür ki, Maraqlı şəxs “Əvəz Bərəkət” firmasına direktor təyin edilmişdir. “Əvəz Bərəkət” firmasının əmrlər kitabında qeyd olunan xx.xx.2001-ci il tarixli 2 saylı Əmrlə iddiaçı firmaya baş mühasib təyin olunmuşdur. xx.xx.2007-ci il tarixli 27 nömrəli Əmrin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə firmanın baş mühasibi İddiaçı verilmiş töhmət əsasında işdən azad edilmişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-157/2007 nömrəli qətnaməsində əsasən, “Əvəz-Bərəkət” firmasının direktoru Maraqlı şəxs baş mühasib İddiaçı töhmət verilməsi barədə xx.xx.2007-ci il tarixli 17 saylı əmri ləğv edilmişdir. Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı Ucar sabiq çörək zavodunda işləmiş işçilərin əmək haqqı qeydlərinə əsasən, iddiaçı 1993-cü ildən 2000-ci il tarixədək həmin müəssisədə işləmişdir. Ucar Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, Ucar şəhər XDS İcraiyyə Komitəsində iddiaçının mühasib və baş mühasib işləməklə əmək haqqı qazanmasına dair qeydlərə əsasən, iddiaçı 1983-1991-ci illər ərzində həmin müəssisədə işləmişdir. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 71/1 nömrəli arxiv arayışına əsasən, İddiaçı Azərbaycan Dəmir Yolu Ucar stansiyasına xx.xx.1992-ci il tarixdə baş mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə işdən azad edilmişdir. Ucar Rayon Dövlət Arxivinin arxiv çıxarışına əsasən, iddiaçı xx.xx.1983-cü il tarixdə Ucar şəhər XDS İcraiyyə Komitəsinə mühasib vəzifəsinə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdən Ucar şəhər XDS İcraiyyə Komitəsinə baş mühasib təyin edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən, İddiaçı xx.xx.2018-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ilkin təyinat zamanı onun təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 30 il 5 ay 22 gün mübahisələndirilməyən sığorta stajı nəzərə alınmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.1971-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər və hərbi xidmət dövrü, xx.xx.1983-cü il tarixindən xx.xx.1991-ci il tarixinədək əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 13 il 2 ay 22 gün sığorta stajına və X1 Sisteminin Pensiya altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 5.024,16 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 886,60 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (284,26 manat) dəyişiklik olmamışdır. İddiaçı əmək kitabçasının dublikatında qeyd olunan xx.xx.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək X7 Konstruksiya Kombinatının, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Ucar Çörək zavodunun, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək X6 firmasının arxiv sənədləri arxivə təhvil verilməmişdir. Həmçinin, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Ucar Dəmiryol stansiyasında əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmadığı üçün qeyd edilən dövrlər onun sığorta stajına daxil edilməmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı hazırki pensiya məbləği 383,80 manat təşkil edir və onun əmək pensiyasından 3720,28 manat artıqvermə (xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) müəyyən edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

17. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-79/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta stajı (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) tam olaraq öz təsdiqini tapdığından cavabdehin iddiaçının pensiyasının yenidən hesablanılması zamanı stajının 13 il 2 ay kimi nəzərə almasına dair hərəkəti əsassız olmuşdur.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona təyin edilmiş yaşa görə əmək pensiyasının sığorta stajı nəzərə alınmaqla yenidən hesablanmasından ibarətdir.

28. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2018-ci il tarixində yaranmış, ona həmin tarixdən pensiya təyin edilmişdir. Hazırkı mübahisənin yaranma səbəbi cavabdeh inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması həyata keçirilmiş, bu zaman xx.xx.2006-cı il tarixədək əvvəl nəzərə alınmış 30 il 5 ay müddətin bir hissəsi mötəbər hesab edilməmiş və qəbul edilən 13 il 2 ay müddət əsasında yenidən hesablanma aparılmışdır.

29. İddiaçının əmək kitabçası əsasında bütövlükdə sosial sığorta stajı, o cümlədən mübahisələndilən xx.xx.2006-cı il tarixinədək olan sığorta stajı araşdırılmışdır. Belə ki, cavabdehin qəbul etmədiyi, iddiaçının əmək kitabçasında qeyd olunan sığorta stajı dövrləri aşağıdakılar olmuşdur :

1. xx.xx.1976-cı il xx.xx.1983-cü il X7 Konstruksiyası Kombinatının (6 il 9 ay 8 gün),

2. xx.xx.1993-cü il xx.xx.1995-ci il Ucar çörək zavodu; (2 il 1 ay 20 gün)

3. xx.xx.1996-cı il xx.xx.2000-ci il Ucar çörək zavodu; (4 il 07 ay 15 gün)

4. xx.xx.2001-xx.xx.2006-cı il “Əvəz-Bərəkət” fərdi firması (4 il 10 ay 25 gün)

30. Həmin dövrlərin araşdırılması zamanı iddiaçının əmək kitabçası üzrə qeydlərin öz təsdiqini tapması sübuta yetirilmişdir. Belə ki, iddiaçıya məxsus xx.xx.2008-ci il tarixində doldurulmuş, № ******* saylı Əmək kitabçası iddiaçının həmin dövrdə çalışmış olduğu ADDY Ucar elektrik təchizatı distansiyası tərəfindən təsdiq edilmişdir.

31. İddiaçının xx.xx.1993-cü il xx.xx.1995-ci il, xx.xx.1996-cı il xx.xx.2000-ci illərdə Ucar çörək zavodunda işlədiyi dövr (06 il 09 ay 05 gün) Ucar rayon dövlət arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş zavoda aid arxiv sənədlərinə əsasən təsdiq olunur. Belə ki, iddiaçının xx.xx.1993-cü il tarixli əmrlə baş mühasib vəzifəsinə qəbul edilməsi və həmin dövrə aid əmək haqqı cədvəlləri məhkəməyə təqdim edilmişdir.

32. Cavabdehin mübahisələndirdiyi xx.xx.2001-xx.xx.2006-cı il tarixlərində iddiaçının “Əvəz-Bərəkət” fərdi firmasında (4 il 10 ay 25 gün) işlədiyi dövrün araşdırılması zərurəti ilə əlaqədar olaraq müəssisənin rəhbəri olmuş Maraqlı şəxs birinci instansiya məhkəməsinə dəvət edilmişdir. O, izahatında iddiaçının mübahisələndirilən dövrdə müəssisədə mühasib vəzifəsində işlədiyini təsdiq etmiş, müəssisəyə aid əmrlər kitabını təqdim etmişdir.

33. Həmin kitaba baxış keçirilmiş, iddiaçının xx.xx.2001-ci il tarixli 2 saylı Əmrlə firmaya baş mühasib təyin edildiyi təsdiq olunmuşdur. İddiaçı xx.xx.2006-cı il tarixindən də sonra firmada çalışdığından və cavabdeh tərəfindən onun məcburi sosial sığorta haqqının ödənilməsi mübahisələndirilmədiyindən işdən çıxmasına dair qeydə münasibət bildirilməsinə zərurət qalmamışdır.

34. Bundan başqa iş materiallarında olan Ucar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-157/2007 nömrəli qətnaməsinə əsasən, “Əvəz-Bərəkət” firmasının direktoru Maraqlı şəxs baş mühasib İddiaçı töhmət verilməsi barədə xx.xx.2007-ci il tarixli 17 saylı əmri ləğv edilmişdir.

35. Göründüyü kimi, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının dublikatı “Əvəz-Bərəkət” firması tərəfindən verilmiş, iddiaçının 2001-2008-ci illərdə həmin müəssisədə işləməsi qeyd edilmişdir. Göstərilən hal Ucar Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-157/2007 nömrəli qətnaməsində də öz əksini tapmış və iddiaçının həmin illər ərzində sözügedən müəssisədə işləməsi, bununla bağlı olaraq ona töhmət verilməsi öz təsdiqini tapmışdır.

36. Bununla yanaşı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən təqdim edilmiş məktuba əsasən, İddiaçı xx.xx.2018-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ilkin təyinat zamanı onun təqdim etdiyi sənədlərin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 30 il 5 ay 22 gün mübahisələndirilməyən sığorta stajı nəzərə alınmışdır. Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.1971-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığı illər və hərbi xidmət dövrü, xx.xx.1983-cü il tarixindən xx.xx.1991-ci il tarixinədək əmək fəaliyyəti dövrləri də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 13 il 2 ay 22 gün sığorta stajına və X1 Sisteminin Pensiya altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan 5.024,16 manat pensiya kapitalı, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək 886,60 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanmış və pensiyasının məbləğində (284,26 manat) dəyişiklik olmamışdır. İddiaçı əmək kitabçasının dublikatında qeyd olunan xx.xx.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək X7 Konstruksiya Kombinatının, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək Ucar Çörək zavodunun, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək X6 firmasının arxiv sənədləri arxivə təhvil verilməmişdir. Həmçinin, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Ucar Dəmiryol stansiyasında əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmadığı üçün qeyd edilən dövrlər onun sığorta stajına daxil edilməmişdir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı hazırki pensiya məbləği 383,80 manat təşkil edir və onun əmək pensiyasından 3720,28 manat artıqvermə (xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək) müəyyən edilmişdir.

37. Həmin məktubdan da göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1983-cü il tarixinədək, xx.xx.1983-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrləri olmaqla ümumilikdə 30 il 5 ay 22 gün mübahisələndirilməyən sığorta stajının nəzərə alındığını göstərsə də iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək Ucar Dəmiryol stansiyasında əmək fəaliyyəti dövrünü araşdırmaq mümkün olmadığı üçün qeyd edilən dövrlərin onun sığorta stajına daxil edilmədiyini bildirmişdir.

38. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək Ucar Dəmiryolu stansiyasında baş mühasib vəzifəsində işləməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının xx.xx.1992-xx.xx.1993-cü illərdə həmin müəssisədə işləməsinin mötəbərliyi şübhə doğurmur. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında qeyd edilən illərdən sonra cavabdeh inzibati orqan tərəfindən iddiaçının “Əvəz-Bərəkət” firmasında işlədiyi illər sosial sığorta stajına daxil edilmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək olan sosial sığorta stajı (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) tam olaraq öz təsdiqini tapdığından cavabdehin iddiaçının pensiyasının yenidən hesablanılması zamanı stajının 13 il 2 ay kimi nəzərə almasına dair hərəkəti əsassız olmuşdur.

40. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını nəzərə alan kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək olan sosial sığorta stajı tam olaraq təsdiq olunduğundan (cavabdehin mübahisələndirdiyi və mübahisələndirmədiyi dövrlər) iddia təmin edilməli, cavabdeh tərəfindən həmin dövrlər nəzərə alınmaqla pensiya yenidən hesablanmalıdır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-1(116)-79/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar