Məhkəmə qərarları › İş №2-1(107)-25/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-25/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-25/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya Cavabdeh) (üçüncü şəxs Zaqatala bələdiyyəsi) qarşı “Cavabdeh üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayə xərclərinin (kompensasiyanın) ödənilməsi və tikintidə, tikinti materiallarının alınmasında köməklik göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1226/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 2006-cı il tarixdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, xx.xx.2006-cı il tarixdə Müdafiə Nazirliyi tərəfindən ona leytenant hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il tarixli 015 nömrəli əmri ilə Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunmuş və o xx.xx.2010-cu il tarixdə Zaqtala Rayon Hərbi Komissarlığı tərəfindən qeydiyyata götürülmüşdür. Bundan başqa Zaqatala rayon Zaqatala bələdiyyəsi MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsini xx.xx.2012-ci il tarixli AN-İ seiyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən əvəzsiz olaraq iddiaçının mülkiyyətinə vermiş və həmin tarixdə tərəflər arasında alqı-satqı müqviləsi bağlanmışdır. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmış və adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan əlavə xx.xx.2014-cü il tarixdənbaşlayaraq iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilmiş, Zaqatala bələdiyyəsi tərəfindən iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrıldığından xx.xx.2017-ci il tarixdən kompensasiyanın ödənilməsi dayandırılmışdır. Bununla bağlı iddiaçının cavabdehə müraciəti sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli məktubla cavablandırılaraq Zaqatala bələdiyyəsi tərəfindən onun mülkiyyətinə torpaq sahəsi verildiyindən kompensasiyanın ödənişinin dayandırıldığı və tikinti materiallarının alınmasına köməkliyin dövlət büdcəsində nəzərdə tutulduğu təqdirdə hərbi qulluqçuların müraciətlərinə baxıla bilinəcəyi barədə iddiaçıya məlumat verilmişdir. Bununla razılaşmayan iddiaçı hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddiasını onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2006-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək, leytenant hərbi rütbəsinə yiyələnmiş, zabit kimi xidmətini davam etdirmək üçün “N” saylı hərbi hissəyə göndərilmiş və 2010-cu ilin yanvar ayınadək həmin hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi sonuncu aylarda səhhətində yaranmış ağır xəstəliyə görə 2010-cu ilin yanvar ayında ehtiyata buraxılmışdır. Xəstəliyə görə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Odur ki, hal-hazırda ehtiyatda olan hərbi qulluqçudur. Fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar Zaqatala Bələdiyyəsinə etdiyi müraciət əsasında Zaqatala şəhərinin 3 nömrəli şimal-qərb yaşayış massivi ərazisindən 0,04 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Lakin torpaq sahəsi verildikdən bu günədək Cavabdeh tərəfindən ona həmin torpaq sahəsində inşa etmək istədiyi fərdi yaşayış evinin tikintisində, eləcə də tikinti materiallarının alınmasında heç bir köməklik göstərilməmişdir. Qeyd olunan məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, bu heç bir nəticə verməmişdir. Bu da öz növbəsində əlavə yazışmalara və süründürməçiliyə yol açmışdır. Sonuncu dəfə isə Zaqatala Rrayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2019-cu il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Zaqatala Bələdiyyəsi tərəfindən ona pulsuz torpaq sahəsi verildiyinə görə Cavabdeh mənzil kirayəsi xərclərinin (kompensasiyanın) ödənişini dayandırmışdır. Lakin bu ona kompensasiyanın verilməməsi üçün əsas ola bilməz. Digər hissəyə münasibətdə isə bildirmişdir ki, dövlət büdcəsində bu məqsədlər üçün (tikintidə və tikinti materialları alınmasında köməklik göstərilməsi məsələsi ilə bağlı) hələlik vəsait ayrılmadığından köməklik göstərilə bilməz. Zaqatala Bələdiyyəsi isə eyni məzmunlu müraciətə cavab olaraq bildirmişdir ki, qeyd olunan məsələlərin həlli ümumiyyətlə onların səlahiyyətində deyildir. Göründüyü kimi, hər iki qurum tərəfindən hüquqları əsassız şəkildə və kobudcasına pozulmuşdur. Belə ki, əsassız olaraq 2017-ci iln aprel ayından ona mənzil kirayəsi xərclərinin (kompensasiyanın) ödənilməsi dayandırılmış və bugünə qədər ona tikintidə və tikinti materialları alınmasında heç bir köməklik göstərilməmişdir. Eyni zamanda qeyd olunan məsələlərlə bağlı tərəfindən xx.xx.2015-ci il tarixli məktubla Azərbaycan Respublikasının Milli Məclisinə, xx.xx.2015-ci il tarixli məktubla Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, xx.xx.2015-ci il tarixli məktubla Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinə və nəhayət xx.xx.2015-ci il tarixli məktubla yenidən Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərliyinə müraciətlər ünvanlanmışdır. Qeyd olunan müraciətlər araşdırılması üçün aidiyyəti üzrə Cavabdehnə göndərilmiş, araşdırmanın nəticələri ilə bağlı ona müxtəlif tarixlərdə cavablar verilmiş, lakin verilən cavablar qənaətbəxş olmamış və bir daha qeyd etdiyi kimi əlavə yazışmalara və süründürməçiliyə yol açmışdır. Yekunda isə məsələ öz həllini tapmamışdır. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Həmin maddənin 5-ci bəndinə əsasən, yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2014-cü ilin dekabr ayından ona mənzil kirayəsi xərclərinin ödənilməsinə başlanılmış və 2017-ci iln aprel ayından ödənişlər dayandırılmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı xx.xx.2019-cu il tarixli 8/1472 nömrəli məktubunda iddia tələbinə münasibət göstərərək bildirmişdir ki, iddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilmişdir. Zaqatala bələdiyyəsi tərəfindən İddiaçı fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verildiyi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxxxxx 2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Qərarına əsasən müvafiq kompensasiyanın ödənilməsi dayandırılmışdır. Bundan başqa bildiririk ki, fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməsi üçün rayon büdcəsinin xərclərində vəsait nəzərdə tutulmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1226/2019nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1226/2019 nömrəli qərarından аpellyаsiyа şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(107)-689/2019 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə məhkəmə icrааtınа üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hərbi qulluqçulara (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin ailəli kursantlarına) müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası məbləğinin müəyyən edilməsi haqqında Nazirlər Kabinetinin xx xxxx 2006-cı il tarixli № 171 qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların statusu haqqında Qanunun 12-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Qanundan göründüyü kimi yerli icra hakimiyyəti orqanı (Rayon İcra Hakimiyyəti) evin tikintisində, tikinti materaillarının alınmasına köməklik etməlidir. Lakin rayon icra hakimiyyəti bununla bağlı büdcədən pul ayrılmadığını əsas gətirir, lakin Maliyyə Nazirliyinə bununla bağlı müraciət etdiyi barədə məhkəməyə sənəd-sübut təqdim etməmişdir. Pulun ayrılması üçün Maliyyə Nazirliyinə müraciət etmək onun vəzifəsi deyil, rayon icra hakimyyətinin vəzifəsidir. Bundan əlavə, Şəki İnzibati-İqtisadi Məhkəməsi onun dediklərinə heç bir fikir bildirməmiş, lakin cavabdehin heç bir sübutu olmadığı halda onun iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş konstitusiya hüquqlarını pozmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1226/2019 saylı qərarının ləğv olunmasını və iddiasının təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh, üçüncü şəxslər Zaqatala bələdiyyəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçıya məxsus ZE seriyalı ******* nömrəli hərbi biletin surəti; Zaqatala rayon Zaqatala bələdiyyəsinin adına olan MA seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti; xx.xx.2012-ci il tarixli AN-İ seiyalı ******* nömrəli alqı-satqı müqaviləsinin surəti; Zaqatala şəhəri Şimal-qərb yaşayış massivində 0,04 ha həyətyanı torpaq sahəsinin iddiaçı Eduard Əlyevin adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınması haqqında Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surəti; Cavabdehin xx.xx.2019-cu il tarixli imtina xarakterli məktubunun surəti və xx.xx.2019-cu il tarixli 8/1472 nömrəli məktubu. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət qismən əsaslıdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1226/2019 nömrəli qərarı ləğv edilərək yeni qərar çıxarılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının tələbi iki hissədən ibarət olmaqla iddianın birinci hissəsi “Cavabdeh üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayə xərclərinin (kompensasiyanın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan və iddianın ikinci hissəsi “fərdi yaşayış evinin tikintisində, tikinti materiallarının alınmasında köməklik göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İddianın birinci hissəsinə, yəni (Cavabdeh üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayə xərclərinin (kompensasiyanın) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Göründüyü kimi, qərarla müəyyən olunmuş kateqoriyadan olan ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xəstəliyə görə ehtiyata tərxis olunmuş zabirdir. Onun müraciəti əsasında Zaqatala rayon Zaqatala bələdiyyəsi mülkiyyətində olan 0,04 ha həyətyanı torpaq sahəsini əvəzsiz olaraq iddiaçıya vermiş və tərəflər arasında xx.xx.2012-ci il tarixli AN-İ seiyalı ******* nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Göründüyü kimi, xx.xx.2012-ci il tarixdə iddiaçının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi verilmiş və o, həmin tarixdən Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya almaq hüququnu itirmişdir. Belə ki, alqı-satqı müqaviləsi bağlandığı andan iddiaçının həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları yaranmış, sərəncam hüququ isə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alındığı andan, yəni xx.xx.2017-ci il tarixdə yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən iddiaçıya xx.xx.2014-cü il tarixdən 01 04.2017-ci il tarixədək əsassız olaraq müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilmiş və onun mülkiyyətinə torpaq sahəsinin verilməsi ilə bağlı məlumat əldə etdikdən sonra xx.xx.2017-ci il tarixdə iddiaçıya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsini dayandırmışdır. Göründüyü kimi, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsinin dayandırılması ilə bağlı cavabdehin hərəkətləri qanunsuz olmamış və dayandırılma Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli 174 nömrəli qərarının 1-ci bəndinə uyğun olmuşdur. Bu səbəbdən də iddianın qiymət verilən hissəsini əsassız sayan məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə rədd edilməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. İddianın ikinci hissəsi, yəni “fərdi yaşayış evinin tikintisində, tikinti materiallarının alınmasında köməklik göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “iddia bu hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin x xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 3 və 4-cü bəndlərində yerli İcra hakimiyyəti başçısının vəzifə və səlahiyyətləri müəyyən edilmiş və iddiaçının tələbi həmin vəzifə və səlahiyyətlərin dairəsinə aid edilməmişdir. Bundan başqa Əsasnamənin 7.1-ci bəndinə əsasən, yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsaslarını bu orqanların istifadəsinə verilmiş, yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatının ödənilməsinə xidmət edən, dövlət mülkiyyətində olan əmlak və sərəncamında olan maliyyə vəsaitləri təşkil edir. Göründüyü kimi, cavabdeh olan Zaqatala İcra hakimiyətinin ehtiyatda və ya istefada olan hərbi qulluqçular tərəfindən aparılan tikiti işlərinə maddi və ya sair köməkliyin göstərilməsi onun vəzifə və səlahiyyətlərinə aid edilməmiş və bu məqsədlər üçün onlara vəsaitin ayrılmasına dair hər hansı qanunvericilik aktı mövcud deyildir. İddiaçı iddiasının maddi hüquqi əsası kimi “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə 5-ci bəndinə istinad edir. Qanunun 12-ci maddəsinin 5-ci bəndinin 5-ci abzasına əsasən, yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi yerli icra hakimiyyəti başçıları qeyd olunan kateqoriyadan olan şəxslərə tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər ki, bu köməklik yalnız maliyyə vəsaitinin verilməsini ehtiva etmir. Bu köməklik sənədləşmənin aparılmasından, tikintiyə icazə verilməsindən, əlaqələndirici olaraq digər dövlət qurumları tərəfindən müvafiq işlərin görülməsindən və sair ola bilər. Tikinti materiallarının alınmasında köməklik göstərilməsi üçün isə buna müvafiq dövlət büdcəsindən vəsait ayrılmalıdır. Belə vəsaitin ayrılmasına dair isə hər hansı sübut mövcud deyildir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qiymət verilən hissədə də rədd edilməlidir”. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qənaəti qanuna uyğun olmamışdır. Belə ki, “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinə əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin yaşayış məntəqəsində hərbi xidmətinin müddətindən asılı olmayaraq güzəştli şərtlərlə mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olmaq, fərdi yaşayış evləri almaq və tikmək hüququna malikdirlər. Mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olan və ya fərdi yaşayış evi tikən (satın alan) və başqa daimi mənzili olmayan hərbi qulluqçulara onların xidmət yerində mənzil haqqı üzrə və ya fərdi mənzil tikintisi üçün bank krediti üzrə borcu ödəməkdə əvəzsiz maliyyə yardımı göstərilir: fasiləsiz 15 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 50 faiz miqdarında, 20 təqvim ili və daha çox müddətdə qüsursuz hərbi xidmət edənlərə 100 faiz miqdarında. Kooperativ mənzil haqqının və ya dövlət bankı kreditlərinin ödənilməsi sahəsində əvəzsiz maliyyə yardımı göstərilməsinin qaydası bu bənddə göstərilmiş və ya ehtiyata, yaxud istefaya buraxılmış hərbi qulluqçular sırasından mənzil-tikinti (mənzil) kooperativlərinin üzvü olan şəxslərə və fərdi ev tikənlərə də şamil edilir. 15 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara hüquq verilir ki, ehtiyata və ya istefaya buraxıldıqdan sonra yaşayacaqları yaşayış məntəqələrinin (əgər yaşayış məntəqələri Azərbaycan Respublikasının ərazisində yerləşirsə) mənzil-tikinti (mənzil) kooperativlərinə daxil olsunlar. Yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. İşdən görünür ki, iddiaçı 2006-cı il tarixdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, xx.xx.2006-cı il tarixdə Müdafiə Nazirliyi tərəfindən ona leytenant hərbi rütbəsi verilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2010-cu il tarixli 015 nömrəli əmri ilə Hərbi Xidmət Keçmə Haqqında Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata tərxis olunmuş və o, xx.xx.2010-cu il tarixdə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən hərbi qeydiyyata götürülmüşdür. Yəni, İddiaçı hazırda xidmətdə olan zabit deyildir. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinin 5-ci abzasının tələbindən göründüyü kimi, yerli icra hakimiyyəti başçıları fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və ya evlər alınmasında iştirak etmək arzusunu bildirən zabitlərə, gizirlər və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına tikintidə, tikinti materialları almaqda kömək göstərməlidirlər. İstinad olunan qanunvericilik normasının məzmunundan göründüyü kimi, fərdi mənzil tikintisində və ya evlər alınmasında, o cümlədən kənd yerində fərdi mənzil tikintisində və tikinti materiallarının alınmasında yerli icra hakimiyyəti başçılarının yardımından istifadə etmək hüququ zabitlərə, gizirlər və miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilmişdir ki, burada hazırda xidmət keçən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilik ehtiyatda və ya istefada olan zabitlər üçün belə bir imtiyaz nəzərdə tutmamışdır. İddiaçı isə ehtiyatda olan zabitdir. Belə olan halda, İddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndinin 5-ci abzasının müddəaları iddiaçıya şamil edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd edilənləri nəzərə almamış, digər əsaslarla iddia tələbinin həmin hissəsini rədd etmişdir ki, birinci instansiya məhkəməsinin həmin mövqeyi qanunvericiliyə ziddir. Bundan başqa birinci instansiya məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)- 1226/2019 nömrəli qərarının əsaslandırıcı hissəsində hazırkı iddia tələbinin rədd edilməsi qənaətinə gəlsə də, qərarın nəticə hissəsində hazırda baxılan mübahisəyə heç bir aidiyyəti olmayan başqa bir iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən İPM-in 76-cı maddəsinə uyğun olaraq məhkəmə qərarının mətninə düzəliş edilməsi haqqında qərardad çıxarılmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İddiaçı mənzil kirayə xərclərinin (kompensasiyanın) ödənilməsi və fərdi yaşayış evinin tikintisində, tikinti materiallarının alınmasında köməklik göstərilməsi haqqında müraciətinin təmin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi isə baxılan mübahisə üzrə ümumilikdə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2-1(84)-1226/2019 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın vəİddiaçı Cavabdehnə qarşı “Cavabdeh üzərinə əsassız olaraq dayandırılmış mənzil kirayə xərclərinin (kompensasiyanın) ödənilməsi və fərdi yaşayış evinin tikintisində, tikinti materiallarının alınmasında köməklik göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar