Məhkəmə qərarları › İş №2-1(107)-25/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-25/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-25/2021 16.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sğorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1466/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq kollegiya Müəyyən etdi: İddiaçı xx.xx.1957-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, xx.xx.2007-ci il tarixdə qocalığa görə pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası təyin olunmuş, lakin xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci illərdə Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illər sosial sğorta stajına daxil edilməmişdir. Bununla əlaqədar xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubu ilə bundan imtina etmişdir. İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sğorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-ci il tarixli, 2- 1(84)-1466/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin üzərinə iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixinədək Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci tarixli, 2-1(107)-63/2020 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1466/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1275/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-63/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı qismən - kolxozda iş stajının sosial sığorta stajına hesablanması hissəsində ləğv edilmiş, iş həmin hissədə təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş 1976-1979-cu illərdə Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi dövrün yoxlanılması zamanı qeyd olunan müəssisənin arxiv sənədlərində iddiaçının adının olmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının təhsil aldığı illərin onun sığorta stajına daxil edilməsi qüvvədə olan əmək pensiyası qanunvericiliyində nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, qanunun normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, sonda Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı tərəf (həmçinin nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, 08684579 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh xx.xx.2019-cu il tarixli **********7 nömrəli və xx.xx.2019-cu il tarixli **********6 nömrəli məktubu, BT seriyalı 034539 nömrəli Diplomun surəti, АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surəti, İП-ЖГ seriyalı 250466 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 117 nömrəli cavab məktubu və digər sənədlər daxildir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib- etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansitya məhkəməsi mübahisəni iddiaçının xeyrinə həll etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olunduğu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1275/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarı qismən - kolxozda iş stajının sosial sığorta stajına hesablanması hissəsində ləğv edilib, iş həmin hissədə təkrar apellyasiya baxışına qaytarılarkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən Qərarında göstərilmişdir ki, aşağı instansiya məhkəmələri iddiaçının əmək kitabçasında olan qeydlərə əsasən onun 1976- 1979-cu illərdə kolxozda işlədiyi illəri tam iş ili kimi qəbul etmiş, bu zaman “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin tələbinə uyğun olaraq faktik müddət üzrə hesablama aparılmalı olmasını nəzərə almamışlar. Halbuki, iddiaçının işlədiyi kolxozda 1976-1979-cu illərdə minimum əmək iştirakı norması və iddiaçının faktiki işlədiyi günlərin sayı (yerinə yetirilmiş adam günü norması) müəyyən edilmədən onun kolxozda iş stajını düzgün hesablamaq mümkün deyil. Odur ki, təkrar apellyasiya baxışı zamanı bu istiqamətdə araşdırma aparılmalı, iddiaçının kolxozda işləməsi barədə müvafiq arxiv arayışı alınmaqla qeyd edilən hallar araşdırılmalı, bundan sonra iddiaçının kolxozda ümumi iş stajının müddəti müəyyən edilməlidir. Göstərilənləri nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması” prinsipi və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Bu maddələrin tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çaışmışdır. Bu halda xüsusi ilə qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yenidən işə baxılarkən apellyasiya şikayətinin dəlilləri ilə yanaşı, yuxarı instansiya məhkəməsinin ləğv edib, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilən hissəsində də araşdırma aparılmalı və həmin qərarda qeyd olunan tövsiyyə və göstərişlərə xüsusi diqqət yetirilməlidir. İddiaçının hazırkı iddianın qaldırılmasında hüquqi marağı mövcuddur. Belə ki, onun əmək kitabçasında qeyd edilən kolxozda işlədiyi dövr, həmçinin təhsil müddəti onun sosial sığorta stajına daxil edildiyi təqdirdə onun pensiyasında 12,43 manat artım olacaqdır. İşin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş, xx.xx.2007-ci il tarixdə pensiya yaşı çatdığı üçün yaşa görə əmək pensiyası təyin olunmuş, lakin onun xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi və xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci illərdə Bakı məktəbəqədər pedaqoji məktəbində təhsil aldığı illər sosial sğorta stajına daxil edilməmişdir. Bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh bundan imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx xxxxxxxx 1992-ci il tarixdən qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi dövr АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surəti ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992ci il tarixli 638 nömrəli qərarla təsdiq edilmiş əsasnamədə göstərilən arayışların Milli Arxiv idarəsinin arayışlarına aidiyyətinin olmamasına dair dəlillərinə hüquqi qiymət verərək apellyatorun diqqətinə onu çatdırır ki, göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 2-ci bəndinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Lakin qeyd edilən qanunvericilik normaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi dövr Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda işləməsi АЗЕ seriyalı ******* nömrəli əmək kitabçasının surətində qeyd edilsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialına verilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 117 nömrəli cavab məktubundan görünür ki, Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” kolxozunun 1976- 1979-cu illərə dair əmək günlərinin uçotu və hesablaşma kitabları yoxlanılarkən İddiaçı kolxozda işləməsinə dair heç bir qeyd tapılmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi illərin sosial sğorta stajına daxil edilməsi hissəsində əsassızdır, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu işlədiyi illərin sosial sğorta stajına daxil edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi digər dəlilə, yəni iddiaçının təhsil illərinin sosial sğorta stajına daxil edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(102)-1275/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu tarixli, 2-1(107)-702/2019 nömrəli qərarı yalnız- kolxozda iş stajının sosial sığorta stajına hesablanması hissəsində ləğv edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam etməklə düzgün nəticəyə gəlməmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğu üçün qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən “İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu illərin sosial sğorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixindən pensiyasının yenidən hesablanması ” hissələrində ləğv edilməli, həmin hissələrdə yeni qərar qəbul edilərək, iddia tələbi “İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu illərin sosial sğorta stajına daxil edilməsi” hissəsində təmin edilməməli, pensiyanın yenidən hesablanması isə xx.xx.2016-cı il tarixdən (müraciətdən əvvəlki son üç il üçün ödənilməklə) müəyyən edilsin. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-ci il tarixli, 2-1(84)-1466/2019 nömrəli qərarı “İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu illərin sosial sğorta stajına daxil edilməsi və xx.xx.2007-ci il tarixdən hesablanması tarixindən pensiyasının yenidən hesablanması ” hissələrində ləğv edilsin. Həmin hissələrdə yeni qərar qəbul edilərək, iddia tələbi “İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək Göyçay rayonu Qızılağac kənd “Bolqarıstan” adına kolxozda kolxozçu illərin sosial sğorta stajına daxil edilməsi” hissəsində təmin edilməsin. Pensiyanın yenidən hesablanması isə xx.xx.2016-cı il tarixdən (müraciətdən əvvəlki son üç il üçün ödənilməklə) müəyyən edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar