Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-25/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaiməsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində texniki səhv düzəldilərək, qaimədə torpaq sahəsinin digər təyinatlı torpaqlara aid olması qeyd edilməklə və torpaq sahəsinin koordinatlarının onun faktiki sahibliyində olan torpaq sahəsinə uygunlaşdırılaraq Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqı-satqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Dövlət aktlarının qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının qaimə hissəsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində düzəliş edilməsi və Ağdaş rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqı-satqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, Ağdaş Rayon Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı iclas protokolunun qərarına əsasən Ağdaş şəhəri Hərbi Qəsəbə sakini İddiaçı sahibkarlıq məqsədilə bələdiyyə torpaqlarından torpaq sahəsi ayrılması barədə xx.xx.2005-ci il tarixli ərizəsi nəzərə alınaraq ona 0,0240 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Satılan torpaq sahəsinin dəyəri xx.xx.2005-ci il tarixli kassa mədaxil qəbzi ilə bələdiyyəyə ödənilmiş, həmin tarixdə Torpaqların alqı-satqısına dair akt tərtib edilərək Torpaq şöbəsində qeydiyyata alınaraq ayrılmış torpaq sahəsinin yerquruluşu planı bələdiyyə və DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən imzalanaraq möhürlə təsdiq edilmişdir. Alqı-satqı edilərək sahibkarlıq məqsədilə ayrılmış həmin 0,0240 ha torpaq sahəsinə (torpaq sahəsini sahibkarlıq məqsədilə ayrılması qeyd edilmişdir) Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə xx.xx.2005-ci ildə qeydiyyata alınmış) JN 401 KOD 90317018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. 2005-ci ildən istifadəsində olan həmin torpaq sahəsindən təyinatına uyğun olaraq maneəsiz istifadə edir. İddiaçı cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********73 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etdiyi torpağa mülkiyyət hüququna dair JN 401 nömrəli Dövlət aktı araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv olunmuş DTXK-nın Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN 0401 nömrəli Dövlət aktında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinin sahibkarlıq məqsədilə verilməsi göstərildiyi halda, qaimə hissəsində əkin göstərilmişdir. Elektron baza məlumatlarında torpaq sahəsinin yerləşdiyi ərazi ictimai tikililər ərazisi, Ağdaş rayonunda aparılmış elektron uçotun nəticələrinə görə hazırlanmış xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********44 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Ağdaş rayonu ərazisində yerləşən 0,0240 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir.
5. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim etiyi torpağa mülkiyyət hüququna dair JN-0401 nömrəli Dövlət aktı araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv olunmuş DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-0401 nömrəli Dövlət aktında uyğunsuzluq vardır. Belə ki, torpaq sahəsinin sahibkarlıq məqsədilə verilməsi göstərildiyi halda, qaimə hissəsində əkin göstərilmişdir. Elektron baza məlumatlarında torpaq sahəsinin yerləşdiyi ərazi ictimai tikililər ərazisi, Ağdaş rayonunda aparılmış elektron uçotun nəticələrinə görə hazırlanmış xəritə materiallarında kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir.
6. İddiaçının adına tərtib edilmiş “Topağa mülkiyyət hüququna dair” dövlət aktı Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən həyata keçirilmişdir. Həmin qərara əsasən torpaq sahəsinin uqodiyası, təyinatı ona görə müəyyən edilmişdir. Hesab edirik ki, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər, o cümlədən JN-0401 KOD 90317018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının arxiv nüsxəsinin və iddiaçının adına tərtib edilmiş xx.xx.2005-ci il tarixli bələdiyyənin alqı-satqı aktının nüsxələrinin alınması eləcədə torpaq münasibətlərinin nizama salınması və torpaqdan səməri istifadə olunması məsələrinin həlli məqsədilə yerquruluşu işlərinin təşkil edilməsi, Bələdiyyənin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin, habelə bələdiyyənin hüdudları daxilində dövlət, bələdiyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklərin müəyyən olunmasının, bütün koteqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə informasiya sistemini yaradılması Xidmətin fəaliyyət istiqamətlərinə aid olduğundan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mingəçevir Layihə Tədqiqat İdarəsinin səlahiyyətlərinə aid olduğu üçün həmin təşkilatdan tələb olunması məqsədə müvafiqdir.
7. Azərbaycan Respublikası Prezidentinin 2015-ci ilin 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.2, 2.0.3 və 2.0.4-cü bəndlərinə əsasən 17 saylı Yevlax ərazi idarəsinin fəaliyyət istiqamətləri daşınmaz əmlakın dövlət reyestrinin və inventarlaşdırma işlərinin aparılması ilə texniki sənədlərin tərtib edilməsini təmin etməkdən, həmçinin daşınmaz əmlakın qiymətləndirilməsini təşkil etməkdən ibarətdir.
8. “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi, Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərardadı ilə inzibati iş üzrə mütəxəssis rəyi verilməsi, mütəxəssis rəyinin verilməsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilməsi qərara alınmışdır.
14. Məhkəmə kollegiyasının sonuncu iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaiməsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində texniki səhv düzəldilərək, qaimədə torpaq sahəsinin digər təyinatlı torpaqlara aid olması qeyd edilməklə və torpaq sahəsinin koordinatlarının onun faktiki sahibliyində olan torpaq sahəsinə uygunlaşdırılaraq Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqısatqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)- 433/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin sədri X4 izahatında bildirdi ki, İddiaçı Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 6 saylı protokol qərarı ilə iddiaçının faktiki istifadəsində olan 0.0240 ha torpaq sahəsi satılmışdır. Ona görə də qeyd edilən torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə etirazları yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmişdir.
20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - JN-0401 kod 90317018 nömrəli Dövlət Aktından görünür ki, Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı ilə 0,0240 ha torpaq sahəsi sahibkarlıq məqsədilə İddiaçı verilmişdir. Aktın torpaq sahəsinin qaiməsi hissəsində sahəsi əkin torpağı olmaqla (dəmyə) ölçüsü 239,94 kv.m qeyd olunmuşdur. - İddiaçı tərəfindən cavabdehə notariat qaydada verilmiş xx.xx.2021-ci il tarixli ərizədə qeyd olunur ki, Ağdaş şəhərində yerləşən, sənəd üzrə mülkiyyətində olan 0,0240 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi ölçülərkən məlum olmuşdur ki, torpaq sahəsinin 0,0027 ha hissəsi elektrik xəttinin mühafizə zonasına düşür. Ona görə də 0,0213 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına iddiaçı etiraz etməmişdir. - Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, həmin iclasda iddiaçıya bələdiyyə torpağından 0,0240 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə verilmişdir. - DTXK-nın Ağdaş rayon şöbəsinin xx.xx.2005-ci il tarixli rəyindən görünür ki, Şöbə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etməmişdir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, iddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. Aktdan görünür ki, akt tərtib edilərkən iddiaçı AZE seriyalı 18766509 nömrəli köhnə nəsil şəxsiyyət vəsiqəsinə malik olmuşdur. - Ağdaş RPŞ-nin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, AZE 18766509 nömrəli şəxsiyyət vəsiqəsi İAMAS alt sistemində və Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupu tərəfindən aşkar edilməmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 45 nömrəli məktubuna əlavə olunmuş Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 nömrəli qərarının arxiv nüsxəsindən görünür ki, həmin qərarla iddiaçıya kənd təsərrüfatına yararsız sahədən sahibkarlıq məqsədilə 240 kv.m torpaq sahəsi ayrılmışdır. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********91 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Ağdaş rayonu Qaradağlı kəndi “Qaradağlı" təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində qeydə alınmış JN 401 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı və onun əsasında verilmiş 0,0240 ha torpaq sahəsinin koordinatlarını elektron məlumat bazasında mövcud olan X1 X2 yerləşdirdikdə, məlum oldu ki, sözügedən torpaq sahəsinin 209 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla, dövlət mülkiyyətinə aid (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyalıdır) torpaq sahəsində yerləşir. Qalan 31 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə, yollar və küçələr uqodiyalıdır. Əlavə olaraq bildirilir ki, iddiaçının naturada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi Ağdaş rayonu Qaradağlı kəndi “Qaradağlı” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində qeydə alınmış JN 401 nömrəli “Torpağa mkülkiyyət hüququna dair” Dövlət Aktı və onun əsasında verilmiş 0,0240 ha torpaq sahəsindən 31,5 metr cənub-qərbdə yerləşir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. - Ağdaş rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 49 nömrəli məktubuna əsasən, İddiaçı Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədi üçün 0,0240 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Bakı-Şamaxı-Xaldan-Balakən magistral şossesinin Qaradağlı kənd ərazisində, yolun sağ tərəfində yolun mühafizə zolağı qorunmaqla hal-hazırda vətəndaşın istifadəsindədir. Əlavə olaraq torpaq sahəsi öz təyinatı üzrə, yəni sahibkarlıq məqsədilə satılmış və heç bir münaqişə və mübahisəsi yoxdur. Odur ki, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair etirazları yoxdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, elektron məlumat bazasında mövcud olan “X1 X3”nə əsasən iddiaçının naturada göstərdiyi 240 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası şərti yararsız torpaqlar (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar), mülkiyyətçisi Ağdaş Rayonu Ağdaş Bələdiyyəsidir. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin üzərindən 10 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Torpaq sahəsi üzərində yüklülük qeydiyyata alınmamışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Madd 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 saylı qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 8.1-ci bəndinə əsasən, ərazi idarələri hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərin dövlət reyestrində düzəlişlərin edilməsi barədə ərizəsi (11 nömrəli əlavə) alındığı tarixdən 3 (üç) gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına qeydiyyat şöbəsi tərəfindən 48 saat ərzində səhvlərin aradan qaldırılması barədə bildiriş (12 nömrəli əlavə) verilməlidir. Həmin Qaydaların 8.2-ci bəndinə görə, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağını və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi: Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi:
1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.
2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.
3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.
5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 22.1 Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər.
27. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.
28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
34. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində və müvafiq mütəxəssis rəyinə istinadən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin 209 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla, dövlət mülkiyyətində aid (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar uqodiyalıdır) torpaq sahəsində yerləşir. Qalan 31 kv.m hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla, bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsində yerləşməklə, yollar və küçələr uqodiyalıdır. JN 401 nömrəli “Torpağa mkülkiyyət hüququna dair” Dövlət Aktı və onun əsasında verilmiş 0,0240 ha torpaq sahəsindən 31,5 metr cənub-qərbdə yerləşir. Qanunvericiliyin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sahibkarlıq məqsədilə, dövlət torpaqları isə bələdiyyə tərəfindən ayrıla bilməz.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və belə qənaətə gəlir ki, cavabdeh orqan mübahisə predmeti olan 0,0240 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalı olduğu halda bunu etməmiş, nəticədə iddiaçının müraciətindən imtina etməkdə haqlı olmamışdır.
37. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçıya Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi tərəfindən bələdiyyə torpağından 0,0240 ha torpaq sahəsi sahibkarlıq məqsədilə verilmiş, DTXK-nın Ağdaş rayon şöbəsi xx.xx.2005-ci il tarixli rəylə torpaq sahəsinin sahibkarlıq məqsədilə iddiaçıya satılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı torpaq sahəsinin dəyərini bələdiyyənin bank hesabına ödəmişdir. JN-0401 kod 90317018 nömrəli Dövlət Aktına əsasən, Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı qərarı ilə 0,0240 ha torpaq sahəsi sahibkarlıq məqsədilə İddiaçı verilmiş, Aktın torpaq sahəsinin qaiməsi hissəsində sahəsi əkin torpağı olmaqla (dəmyə) ölçüsü 239,94 kv.m qeyd olunmuşdur.
38. İş üzrə üçüncü şəxs olan Qaradağlı Bələdiyyəsinin sədri məhkəmə kollegiyasının iclasında verdiyi izahatında və təqdim etdiyi xx.xx.2022-ci il tarixli 49 nömrəli məktubunda bildirmişdir ki, İddiaçı Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədi üçün 0,0240 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi Bakı-Şamaxı-Xaldan-Balakən magistral şossesinin Qaradağlı kənd ərazisində, yolun sağ tərəfində yolun mühafizə zolağı qorunmaqla hal-hazırda vətəndaşın istifadəsindədir. Əlavə olaraq torpaq sahəsi öz təyinatı üzrə, yəni sahibkarlıq məqsədilə satılmış və heç bir münaqişə və mübahisəsi yoxdur. Odur ki, həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair etirazları yoxdur.
39. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, elektron məlumat bazasında mövcud olan “X1 X3”nə əsasən iddiaçının naturada göstərdiyi 240 kv.m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası şərti yararsız torpaqlar (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar), mülkiyyətçisi Ağdaş Rayonu Ağdaş Bələdiyyəsidir. İddiaçı naturada göstərdiyi torpaq sahəsinin üzərindən 10 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Torpaq sahəsi üzərində yüklülük qeydiyyata alınmamışdır.
40. Göründüyü kimi, JN-0401 kod 90317018 nömrəli Dövlət Aktının torpaq sahəsinin qaiməsi hissəsində sahəsi əkin torpağı olmaqla (dəmyə) ölçüsü 239,94 kv.m qeyd edilməsinə baxmayaraq, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində isə həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara, uqodiyası şərti yararsız (təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar) torpaqlara aid olması göstərilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsi tərəfindən iddiaçıya verilmiş 240 kv.m torpaq sahəsinin təyinatının JN-0401 kod 90317018 nömrəli Dövlət Aktının torpaq sahəsinin qaiməsi hissəsində göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil etməsi məhkəmə kollegiyasına təqdim edilmiş mütəxəssis rəyi ilə sübuta yetirilmişdir. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan 240 kv.m torpaq sahəsinin təyinatının hüquqi sənədlərdə göstərilən texniki göstəricilərlə ziddiyyət təşkil etməsi inzibati orqanın texniki səhvi nəticəsində yaranmışdır və həmin səhv cavabdeh orqan tərəfindən aradan qaldırılmalıdır.
42. Bundan başqa, cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə İddiaçı naturada göstərdiyi torpaq sahəsinin üzərindən 10 kv-luq yüksək gərginlikli hava elektrik xətlərinin keçməsi müəyyən edilmişdir.
43. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Eyni zamanda kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında inzibati orqan tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.
44. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaiməsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində texniki səhv düzəldilərək, qaimədə torpaq sahəsinin digər təyinatlı torpaqlara aid olması qeyd edilməklə və torpaq sahəsinin koordinatlarının onun faktiki sahibliyində olan torpaq sahəsinə uygunlaşdırılaraq Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqı-satqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalı, iş üzrə verilmiş mütəxəssis rəyinin xərci kimi İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayəti təmin edilməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli 2-1(116)-433/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Dövlət aktı qeydiyyat kitabında 26674 nömrə ilə qeydiyyata alınmış JN-401 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının qaiməsində əkin olaraq qeyd edilmiş torpağın təyinatı hissəsində texniki səhv düzəldilərək, qaimədə torpaq sahəsinin digər təyinatlı torpaqlara aid olması qeyd edilməklə və torpaq sahəsinin koordinatlarının onun faktiki sahibliyində olan torpaq sahəsinə uygunlaşdırılaraq Ağdaş Rayonu Qaradağlı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 06 saylı protokol qərarı ilə sahibkarlıq məqsədilə alqı-satqı aktı əsasında iddiaçıya ayrılmış 0,0240 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulsun. İş üzrə verilmiş mütəxəssis rəyinin xərci kimi İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat İddiaçı aid edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.