Məhkəmə qərarları › İş №2-1(107)-25/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-25/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-25/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi X4 Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ilkin müraciət etdiyi xx.xx.2023- cü il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 iyul 2023-ci il tarixli, 2-1(116)-1571/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X4 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona hüququnun yarandığı vaxtdan – 57 yaşı bitdiyi xx.xx.2018-ci ildən (2006-cı ilədək 26 ildən çox iş stajı və bunun da 19 ildən çoxunun ağır işlərdə işlədiyini nəzərə alaraq) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur, hazırda 63 yaşına keçmişdir. Orta məktəbi bitirdikdən sonra xx.xx.1977ci ildən xx.xx.1980-ci ilədək Şəki 43 nömrəli Texniki Peşə Məktəbində oxumuş, 1980-1982ci illərdə keçmiş Sovet Ordusunda hərbi xidmətdə olmuş, xx.xx.1984- cü ildən “Bakıtuneltikinti” idarəsinin TO-28 dəstəsinə 3-cü dərəcə əl ilə elektrik qaynaqçısı işinə qəbul edilmiş, xx.xx.1987-ci ildə 4-cü dərəcə almış, xx.xx.2004-cü ilə qədər orada qeyd etdiyi peşədə işləmiş və xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad edilmişdir. Daha sonra xx.xx.2004-cü ildən xx.xx.2008-ci ilədək Azərbaycan Dəmir Yolları QSC-də qaynaqçı və xx.xx.2009-cu ilədək 65 saylı Yol İstismar İdarəsində 5-ci dərəcəli qaynaqçı olaraq işləmişdir. 2 il 10 ay 24 gün təhsil müddəti + 2 il hərbi xidmət müddəti və 19 il 11 ay 22 gün + 3 il 9 ay + 8 ay iş stajı olmaqla ümumilikdə 29 il 3 ay 16 gün əmək stajı olmuşdur. 2006cı ilədək isə iddiaçının ümumilikdə 26 il 11 ay 16 gün iş stajı olmuşdur ki, bunun da 19 il 11 ay 22 günü güzəştli ağır sahə üzrə qaynaqçı peşəsidir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-38077/2023 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" QSC-nin iddiaçıya dair 17 yanvar 2023-cü il tarixli A/036 nömrəli arayışında 1997-2001 və 2003- 2004-cü illərdə onun ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu, işlədiyi müddəti iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (19 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18197,57 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-126949/2023 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması; 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

5. Beləliklə, İddiaçı təqdim etdiyi "xxxx" QSC-nin 17 yanvar 2023-cü il tarixli A/036 nömrəli arayışına əsasən iddiaçının 1997-2001 və 2003-2004-cü illər ərzində ödənişsiz məzuniyyətdə olmasından belə nəticəyə gəlmək mümkündür ki, iddiaçı həmin dövrlər üzrə əmək haqqı almamış və sığortaolunan kimi məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Bu səbəbdən də iddiaçının ümumi sosial sığorta stajı 25 ildən az (19 il 10 ay 15 gün) təşkil edir. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilməsi səbəbindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə İddiaçı ödənişsiz məzuniyyətdə olduğu müddət onun iş stajına daxil etmək qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı “iddianın dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ilkin müraciət etdiyi xx.xx.2023- cü il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 26 iyul 2023-ci il tarixli, 2- 1(116)-1571/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi X4 Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi heç bir əsas olmadan iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrləri sosial sığorta stajı kimi nəzərə almaqla maddi və prosessual pozuntulara yol vermişdir. Birinci instansiya məhkəməsi iddiaçının əmək stajının əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilməməsi, habelə iddiaçının 1998-ci ildə (500.000 manat), 2001-ci (623.241 manat) illərdə əmək haqqı almasını əsas gətirərək iddiaçının öz hesabına məzuniyyətdə olduğu 1997-2001-ci, 2003-2004-cü illəri onun sığorta stajına aid etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2-1 (102)-1597/2023 nömrəli qərarında qeyd olunmuşdur ki, iddiaçının 1997-1999-cu illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan cox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə, yenə 25 il ümumi staj mövcud olmayacaqdır. Eyni zamanda 1999-2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129- cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmçinin həmin Məcəllənin 128-ci maddəsinə görə qohumluq borcunun verinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yasına, fizioloji keyfiyyətlərinə görə isdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşin hallarından görünür ki, iddiaçının ödənişsiz məzuniyyəti qısa müddətli olmamış və ödənişsiz məzuniyyətin verilməsinə əsas olan hallar mövcud olmamışdır. Ali Məhkəmənin bu mövqeyinə və yuxarıda qeyd olunan hüquq normalarına uyqun olaraq birinci instansiya məhkəməsinin İddiaçı öz hesabına ödənişsiz məzuniyyətdə olduğu 1997-2001-ci, 2003- 2004-cü illəri onun sığorta stajına daxil edilməsi maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımından əsassız olduğundan “hüququnun yarandığı 57 yasının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ilkin müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki üc il ücün hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin olunmamalıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 26 iyul 2023-ci il tarixli, 2-1(116)-1571/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 iyul 2023-ci il tarixli, 2-1(116)-1571/2023 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 iyul 2023-ci il tarixli, 2-1(116)- 1571/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-38077/2023 nömrəli imtina məktubundan görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və cavabdeh iddiaçının həmin tarixli müraciətinə baxaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. - Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmiş, ümumi iş stajının 25 ildən az olması səbəbi ilə imtina verilmişdir. - İddiaçıya məxsus ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmət keçmişdir (02 il 12 gün).. - İddiaçıya məxsus 128462 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək təhsil almışdır (02 il 10 ay 24 gün).. - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilədək əl ilə elektrik qaynaqçısı (19 il 10 ay 11 gün); xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək qaynaqçı (3 il 9 ay 21 gün). - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 13-1/2-929/2023 nömrəli “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, o, xx.xx.2004-cü il tarixdə 60/k nömrəli əmrlə 5 saylı ixtisaslaşdırılmış dəmir yolu müəssisəsinə qaynaqçı vəzifəsinə təyin olunmuş xx.xx.2006- cı il tarixli 56 nömrəli əmrlə işdən azad olunmuşdur. Arayışda həmçinin qeyd olunmuşdur ki, işlədiyi müvafiq peşə üzrə sosial sığorta (əmək) stajı 2 il 30 gün təşkil edir. İşlədiyi qaynaqçı peşəsinin əsas xüsusiyyətləri istehsalatda avadanlıqlar vasitəsilə qaynaqlama və kəsmə əməliyyatlarının həyata keçirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin 69-cu abzasına uyğundur. - İddiaçı məhkəmə kollegiyasının iclasında təqdim etdiyi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs tərəfindən verilmiş 16 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 43 nömrəli texniki peşə məktəbin 22 avqust 1977-ci il tarixli 35k nömrəli əmrinə əsasən “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş və 19 iyul 1980-ci il tarixli 61k nömrəli əmrinə əsasən həmin ixtisas qrupu üzrə təhsilini başa vurmuşdur. “X7 Təhsil Mərkəzi” publik hüquqi şəxs 43 nömrəli texniki peşə məktəbinin hüquqi varisidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 21.2.11. Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 111. Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatları

1. Məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.

2. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə məzuniyyətdə olan işçilər üçün əlavə təminatların verilməsi nəzərdə tutula bilər. Maddə 112. Məzuniyyətin növləri

1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... ç) ödənişsiz məzuniyyət. Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ. Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. [194] [194] 24 fevral 2009-cu il tarixli 771-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 129-cu maddənin 2-ci hissəsində “müddəti” sözündən sonra “altı aydan çox olmayaraq” sözləri əlavə edilmişdir.

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

23. Həmçinin iddiaçı tərəfindən işləmiş olduğu vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına əsas verən vəzifələrə aid olmasını təsdiq edən güzəştli arayış məhkəməyə təqdim edilmiş, iş materiallarına əlavə olunmuş, iddiaçının güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrləri sosial sığorta stajı kimi nəzərə alınması təşkil edir.

25. Cavabdehin iddiaçının müraciətinə imtinasında "xxxx" QSC-nin 17 yanvar 2023cü il tarixli A/036 nömrəli arayışına əsasən iddiaçının 1997-2001 və 2003-2004-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrlərin əmək pensiyası təyin edilərkən iş stajına daxil edilmədiyindən onun ümumi sığorta stajı qanunvericiliklə nəzərdə tutulmuş 25 ildən az olduğu, həmçinin fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən (18197,57) İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd olunmuşdur.

26. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1980-ci ilədək təhsil almış (2 il 10 ay, 24 gün), xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmət keçmiş (2 il 12 gün), xx.xx.1984-cü ildən xx.xx.2004-cü ilədək əl ilə elektrik qaynaqçısı (19 il 10 ay 12 gün); xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək qaynaqçı (3 il 9 ay 21 gün) vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçının ümumi əmək stajı 28 il 7 ay 9 gündür. Lakin iddiaçı 1997, 1999, 2000, 2001 və 2003-2004-cü illərdə ödənişsiz məzuniyyətdə olmuşdur. (6 il)

27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda, həm də “Əmək pensiyaları haqqında” Qanunda 1 yanvar 2006-cı ilədək ödənişsiz məzuniyyət dövrünün pensiya təyini zamanı ümumi staja aid etməsini nəzərdə tutmamışdır.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinin 17 may 2009-cu il tarixdən qüvvədə olan redaksiyasına görə əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Bu normaya görə isə 6 ay müddət iddiaçının ümumi stajına daxil edilsə belə, yenə 25 il ümumi staj mövcud olmayacaqdır.

29. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olmamışdır.

30. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi X4 Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ilkin müraciət etdiyi xx.xx.2023cü il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X4 Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 26 iyul 2023-ci il tarixli, 2-1(116)-1571/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi X4 Mərkəzi Filialına qarşı “hüququnun yarandığı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə ilkin müraciət etdiyi xx.xx.2023- cü il tarixdən əvvəlki üç il üçün hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar