Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-250/2021 11.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(116)-419/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X4 məhkəmədə ona məxsus olan K.Hüseynov küçəsi (qeydiyyat vəsiqəsi üzrə N.Rəfibəyli küçəsi olmuşdur) 8 saylı evin 2 saylı mənzilinin 1/2 hissəsinin cavabdeh İddiaçı verilməsi, digər 1/2 hissəsinin X1 mülkiyyətində qalması barəsində qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Həmin mənzilin həyətyanı sahəsi var və həmin sahə 1989-cu ildən Bəşir Allahverdiyevin istifadəsində olmuşdur. Bu həyətyanı sahə beton hasardan ibarətdir, Mingəçevir Şəhər İcra Hakimiyyətinin qərarına görə torpaq sahəsi 540,0 kv.m olan hasarlanmış sahədir və həmin vaxtdan onların istifadəsindədir. Məhkəmə işə baxarkən topaq sahələrinin onlara məxsusluğu ilə əlaqədar qərar çıxarmamışdır. Bu da təbii ki, həmin şəxslərin hüquqlarının pozulması kimi qəbul olunur. İddiaçı iddia ərizəsində qeyd edir ki, həmin torpaq sahəsinin sahəsi böyükdür, təxminən 600,0 kv.m təşkil edir. Mənzilin texniki pasportunda, həmçinin İddiaçı mənzilinin və həyətyanı sahəsinin bölünməsi barəsində cizgi işlənilmiş və təsdiq olunmuşdur. Həmin cizgiyə əsasən göstərilən torpaq sahəsi İddiaçı həyətyanı sahəsi kimi göstərilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, mənzilin istifadəsində olan torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh orqan məhkəməyə ünvanladığı 11.12.2020-ci il tarixli, **********99 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilinin istifadəsində olan torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə baxılmış, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma aparılmış, aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili 24 iyul 1995-ci il tarixli il tarixində 7384 reyestr nömrəsi ilə X3 adına qeydiyyata alınmış, həmin mənzil Mingəçevir şəhər Dövlət Notariat kontorunun 18 fevral 1997-ci il tarixində 3m-1-67 reyestr saylı müqaviləsi əsasında 1/2 hissə payı ilə X3 və İddiaçı adlarına 21.02.1997-ci il tarixində 7394 a reyestr nömrəsi ilə qeydiyyata alınaraq müvafiq qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı sözügedən mənzilin natura qaydasında bölünməsi məqsədilə iddia ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və Mingəçevir Şəhər Məhkəməsinin 2- 507/2005 nömrəli, 24 avqust 2005-ci il tarixli qətnaməsi əsasında ayrıca mənzil kimi 2 və 2a nömrəli ünvanla iki hissəyə ayrılmışdır. Hər iki mənzil dövlət reyestrində qeydiyyata alınmış və müvafiq çıxarışlar verilmişdir. X3 adına olan Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2a nömrəli mənzili onun vəfatından sonra vərəsəlik yolu ilə arvadı X2 adına keçmiş, o da həmin mənzili 12.10.2017-ci il tarixində X6 notarial qaydada bəxşiş etmişdir. Mingəçevir şəhəri K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzilinin istifadəsində olan istər X3 və istərsə də İddiaçı adlarına torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Üç mənzildən ibarət (hal-hazırda dörd) 1958-ci il tarixində inşa olunmuş yaşayış evi yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 05.06.1995-ci il tarixli 514 saylı sərəncamı isə Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili X3 şəxsi mülkiyyətinə verilməsi barədədir, torpaq sahəsinin ayrılmasına aid deyildir. Sərəncamda əks olunan 540 kv.m olan torpaq sahəsi 3 mənzildən ibarət olan bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi sayılır. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Ona görə də İddiaçı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd olmadığı üçün mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 28.12.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Kamran Hüseynov küçəsi ev 8, mənzil 2 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan X5 filialının iddiaçıya ünvanladığı 21.02.2020-ci il tarixli, 54- Asan nömrəli məktubundan müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 05 iyun 1995-ci il tarixli, 514 saylı sərəncamında İddiaçı adı qeyd edilməmişdir. İş materiallarında olan cavabdehin 11.12.2020-ci il tarixli, **********99 nömrəli arayışında qeyd edilir ki, Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 saylı evin 2 nömrəli mənzili hissəvi olaraq paylı mülkiyyət hüququ 1/2 hissə olmaqla əsasında İddiaçı və X1 adına qeydiyyata alınmışdır. Mənzilin yerləşdiyi torpaq sahəsinin ayrılmasına ilkin hüquqmüəyyənedici sənəd olmadığı üçün “x” və “y” koordinatlarını, sahəsini, təyinatını, statusunu yerində müayinə etmək mümkün olmamışdır. İddiaçının 2-1(116)-1234/2020 nömrəli iş üzrə analoji iddia tələbi özünün ərizəsinə əsasən 29.10.2020-ci il tarixli qərardadla geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Həmin işdə olan Layihə-Tədqiqat Mərkəzi MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 23.09.2020-ci il tarixli arayışında qeyd edilir ki, İddiaçı istifadə etdiyi torpaq sahəsi faktiki olaraq 607 kv.m-dir, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilərək sxemi tərtib edildi (əlavə olunur). Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 10 mart 2021-ci il tarixli, 2- 1(116)-419/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(116)-419/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdilər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdilər ki, Şəki İnzibati Məhkəməsinin 10 mart 2021-ci i! tarixli, 2-1(116)-419/2021 saylı qərarına əsasən onun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Döviət Reyestri Xidmətinin 17 sayiı Yevlax Ərazi idarəsinə qarşı “540.0 kv.m torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. Bildirmək istəyir ki, Mingəçevir Şəhər Məhkəməsinin 24.08.2005-ci il tarixli qərarına əsasən iddiaçı X4 məhkəmədə ona məxsus olan K.Hüseynov küçəsi (qeydiyyat vəsiqəsi üzrə N.Rəfıbəyli küçəsi olmuşdur.) 8 saylı evin 2 saylı mənzilinin 1/2 hissəsinin cavabdeh İddiaçı verilməsi, digər ½ hissəsinin X1 mülkiyyətində qalması barəsində qətnamə çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bildirir ki, həmin mənzilin həyətyanı sahəsi var və həmin sahə 1989-cu ildən Bəşir Allahverdiyevin istifadəsində olmuşdur. Bu həyətyani sahə beton hasardan ibarətdir, Mingəçevir şəhər İcra Hakimiyyətinin qərarına görə torpaq sahəsi 540,0 kv.m olan hasarlanmış sahədir və həmin vaxtdan onların istifadəsindədir. Məhkəmə işə baxarkən, topaq sahələrinin onlara məxsusluğu ilə əlaqədar qərar çıxarmamışdır. Həmin torpaq sahəsinin sahəsi böyükdür, təxminən 600,0 kv.m təşkil edir. Mənzilin texniki pasportunda, həmçinin İddiaçı mənzilinin və həyətyanı sahəsinin bölünməsi barəsində cizgi işlənilmiş və təsdiq olunmuşdur. Həmin cizgiyə əsasən göstərilən torpaq sahəsi İddiaçı həyətyanı sahəsi kimi göstərilmişdir. O, sənədlərini toplayıb torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Döviət Reyestri Xidmətinin 17 sayiı Ərazi İdarəsinə müraciət etdi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin 15.06 2020-ci il tarixli məktubuna əsasən, müraciətinə cavab olaraq bildirilmişdir ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqları, bu hüquqların məhdudlaşdırılması, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitrsarq habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Bundan əlavə bildirmək istəyir ki, işə baxılarkən və qərar çıxarılarkən bir neçə faktiki hallar araşdırılmamışdır. Halbuki sözügedən ev və onun ətrafında yerləşən ona aid olan torpaq sahəsi fərdi yaşayış sahəsidir və təyinatı da belə qiymətləndirilməlidir. Belə ki, torpaq sahəsinin ona məxsus evə aid olması məhkəmə işlərində və fərdi qaydada toplanmış sənədlərlə öz əksini tapır. Sxem və çertiyojlar da bunu sübut edən faktlardır. İşə obyektiv və sübutlar əsasında baxıldıqda sözügedən iddianın təmin olunması mütləq bir hal alacaq. Məhkəmə qərarında sözügedən torpaq sahəsinin ümumi istifadədə olması göstərilsə də həmin torpaq sahəsini bölünmüş və digər qonşulara aid hissə sənədləşmiş və onlar tərəfindən özəlləşərək onların mülkiyyətinə verilmişdir. Yalnız ona məxsus torpaq sahəsinin nə üçün sənədləşə bilmədiyi ona məlum deyil. 0,30 ha torpaq sahəsinin yalnız ona aid hissəsi olan təxminən 0,05 ha hissəsi sənədləşmədən qalması qanuna müvafiq deyil. Bundan əlavə öz tələbi ilə bağlı lazım olan bütün sübutları məhkəmə iclasında təqdim edəcək. Sözügedən torpaq sahəsinə yerində baxış keçirilərsə və lazım olarsa ekspertiza keçirərsə sözügedən torpaq sahəsinin ona məxsus evə aid olması aydın olacaq. Odur ki, Şəki İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(116)-419/2021 saylı qərarı ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(116)-419/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərindəAzərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərindəbələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla çoxmərtəbəli, çoxmənzilli yaşayış binalarına aid dövlət mülkiyyətində olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin iddiaçıya verilməsi (ayrılması) barədə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş akt yoxdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 05.06.1995-ci il tarixli 514 saylı sərəncamı isə Mingəçevir şəhəri, K.Hüseynov küçəsi 8 nömrəli evin, 2 nömrəli mənzili X3 şəxsi mülkiyyətinə verilməsi barədədir, torpaq sahəsinin ayrılmasına aid deyildir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(116)-419/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-250/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-250/2021
11.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver