Məhkəmə qərarları › İş №2-1(107)-250/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-250/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-250/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞnin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi nəzərə alaraq, yaşının bitdiyi gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda, “Azərbaycan” kolxozunda və Qax rayonu “İlisu istehsal kooperativində” işlədiyi illəri, eləcədə hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi nəzərə alaraq, yaşının bitdiyi gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 №-li arayışı, Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 199 №-li arayışı və H3 ******* №-li hərbi biletində qeyd edilən müddətlərin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu sosial sığorta stajının arxiv arayışları və hərbi biletlə sübuta yetirilməsi ilə əsaslandırmışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi Qax Rayon Dövlət Arxivinin 01,09.2021-ci il tarixli 199 nömrəli arxiv arayışında qeyd edilən 1994-cü il və Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 nömrəli arxiv arayışında qeyd edilən 1972-1974-cü illərdə və 1977-1998-ci illərdə fəaliyyət dövrləri əmək kitabçasında öz əksini tapmadığı üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçı təqdim etdiyi Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 nömrəli arxiv arayışında onun 19721974-cü illərdə və 1977-1998-ci illərdə Zaqatala rayonu “Azərbaycan” adına kolxozda, 1995-1996-cı illərdə Çobankol kənd ’’Kommunizm yolu” kolxozunda işlədiyi qeyd edilsə də, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021 -ci il tarixli № 137 nömrəli arxiv arayışında kolxozda 1974, 1977 və 1978-ci illərdə minimum adam günü normasının nə qədər olması, iddiaçının isə əldə etdiyi əmək günü barədə qeyd aparılmamışdır. Qeyd olunan arxiv arayışında iddiaçının 1995-ci ildə “Azərbaycan” adına kolxozda “40+40” adam günü norması, həmin ildə Çobankol kənd ’’Kommunizm yolu” kolxozunda isə “357” adam günü norması işlədiyi qeyd edilmişdir. İddiaçının 1995-ci il üzrə adam günü normasının toplamı “40+40+357=437” gün edir ki, bu da illik təqvim günündən çoxdur. Belə olan halda iddiaçının təqdim etdiyi arxiv arayışı özü-özündə ziddiyyət təşkil edir. Bundan başqa Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qax Rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 199 nömrəli arxiv arayışında iddiaçının 1994-cü ildə Qax rayon İlisu kənd X2 “199” adam günü işlədiyi qeyd edilsə də, həmin arayışda minimum adam günü normasının nə qədər olması qeyd edilməmişdir. Buna görə də iddiaçının iş stajının hesablanması mümkün deyildir. Həmçinin Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 nömrəli arxiv arayışında iddiaçının 1994-cü ildə “Azərbaycan” adına kolxozda 40+190 adam günü norması işlədiyi qeyd edilmişdir. Belə olan halda iddiaçının 1994-cü ildə ayrıayrı müəssisələrdə illik təqvim (365) günü normasından daha artıq işləməsi arxiv arayışındakı ziddiyyəti aydın şəkildə göstərir. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən onun 17.11,1974-cü il tarixindən xx.xx.1976-ci il tarixinədək 2 il 24 gün hərbi xidmətdə olduğu müddət mübahisələndirilməyən sığorta stajı kimi hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək birinci instansiya məhkəməsindən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 №-li arayışından və kolxozun staj kitablarından çıxarışlardan görünür ki, iddiaçı, Zaqatala rayon “Azərbaycan” adına kolxozda 1972-1974, 1977-1995, 1997, 1998-cı illərdə, Çobankol kənd “Kommunizm yolu” kolxozunda 1995, 1996-cı illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. “Azərbaycan” adına kolxozda 1972-1978, 1989-1995, 1997, 1998-cı illərdə minimum adam günü norması 200 gün, 1979-1988-ci illərdə minimum adam günü norması 240 gün, “Kommunizm yolu” kolxozunda 1995-1996-cı illərdə minimum adam günü norması 220 gün olmuşdur. Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 199 №-li arayışından və kolxozun staj kitablarından çıxarışlardan görünür ki, Qax rayonu “İlisu istehsal kooperativi”-nin “əməyin ödənişi üzrə hesablaşma kitabı”nda iddiaçı barəsində 1994-cü il üzrə vəzifəsi “kolxozçu” işlənmiş adam günləri 199 olmaqla qeydiyyat aparılmışdır. H3 ******* №-li hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974xx.xx.1976-cı illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin olunmasından imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı “Zaqatala rayonu keçmiş “Kommunizm yolu” kolxozunda, “Azərbaycan” kolxozunda və Qax rayonu “İlisu istehsal kooperativində” işlədiyi illəri, eləcədə hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi nəzərə alaraq ona hüququnun yarandığı – xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 №-li və Qax Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 199 №-li arayışlarında iddiaçının Zaqatala rayon “Azərbaycan” adına kolxozda, Çobankol kənd “Kommunizm yolu” kolxozunda və Qax rayonu “İlisu istehsal kooperativi”ndə əmək fəaliyyəti ilə məşğul olması, ona əmək haqqı və sairə hesablanması barədə qeydlər vardır. Cavabdehin iddia tələbinə etirazı aşağıdakılardan ibarətdir: Qax Rayon Dövlət Arxivinin 01,09.2021-ci il tarixli 199 nömrəli arxiv arayışında qeyd edilən 1994-cü il və Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 nömrəli arxiv arayışında qeyd edilən 1972-1974-cü illərdə və 1977-1998-ci illərdə fəaliyyət dövrlərinin əmək kitabçasında öz əksini tapmaması, Zaqatala Rayon Dövlət Arxivi tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021 -ci il tarixli № 137 nömrəli arxiv arayışında kolxozda 1974, 1977 və 1978-ci illərdə minimum adam günü normasının nə qədər olması, iddiaçının isə əldə etdiyi əmək günü barədə qeydi yoxdur. İddiaçının 1995-ci ildə “Azərbaycan” adına kolxozda “40+40” adam günü norması, həmin ildə Çobankol kənd ’’Kommunizm yolu” kolxozunda isə “357” adam günü norması işlədiyi qeyd edilmişdir. İddiaçının 1995-ci il üzrə adam günü normasının toplamı “40+40+357=437” gün edir ki, bu da illik təqvim günündən çoxdur. Qax Rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli 199 nömrəli arxiv arayışında iddiaçının 1994-cü ildə Qax rayon İlisu kənd X2 “199” adam günü işlədiyi qeyd edilsə də, həmin arayışda minimum adam günü normasının nə qədər olması qeyd edilməmişdir. Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5321 nömrəli arxiv arayışında iddiaçının 1994-cü ildə “Azərbaycan” adına kolxozda 40+190 adam günü norması işlədiyi qeyd edilmişdir. İddiaçı 1994-cü ildə ayrı-ayrı müəssisələrdə illik təqvim(365) günü normasından daha artıq işləməsinin mümkün olmamışdır. Cavabdehin yuxarıda qeyd edilən etirazının dəlillərinin yoxlanılması məqsədilə müvafiq arayışların verilməsinə əsas olan sənədlər tələb edilmiş və məhkəmə baxışı iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Birinci instansiya məhkəməsi aşağıda qeyd edilən əsaslara görə cavabdehin etirazının dəlillərini əsassız hesab etmişdir. Arxiv arayışında qeyd edilən müddətlərin əmək kitabçasında öz əksini tapmaması ilə bağlı etirazın dəlilinin əsassızlığı yuxarıda məzmunu qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin müvafiq bəndləri ilə müəyyən olunur. İddiaçının əmək fəaliyyəti ilə bağlı etirazın dəlillərinə münasibətdə isə birinci instansiya məhkəməsi aşağıdakıları qeyd edir: İddiaçının 1974-cü il üzrə işlənmiş adam günü 192, 1977-ci il üzrə işlənmiş adam günü 267, 1978-ci il üzrə işlənmiş adam günü 283 gün olmuş və həmin illər üzrə adam günü minimumu 200 gün qeyd edilib. Cavabeh orqan, arxiv tərəfindən göndərilmiş arayışda iddiaçının qeyd edilən illər üzrə minimum adam günü normasının nə qədər olması və iddiaçının əldə etdiyi əmək günü barədə qeydin olmamasını bildirsə də, məhkəməyə təqdim edilmiş arayışdan göründüyü kimi, cavabdehin tələb etdiyi müvafiq məlumatlar arayışda öz əksini tapmışdır və həmin məlumatların mötəbərliyini şübhə altına salacaq hər hansı dəlil mövcud deyil. İddiaçının “Azərbaycan” adına kolxozda 1995-ci ildə əmək fəaliyyəti nəzərə alınmadan stajı hesablandıqda minimum adam günü normasını yerinə yetirildiyi illərin (1977-1978, 1981-1982, 1984, 1986-1994, 1997) cəmi bütövlükdə 16 ilə bərabər olur. Həmin kolxozda iddiaçı 1972-ci ildə 192, 1974-cü ildə 198 və 1998-ci ildə 138 işləmişdir. Qeyd edilən illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 2 il 7 ay müəyyən edilir. Həmçinin iddiaçı, qeyd edilən kolxozda 1979-cu ildə 156, 1980-ci ildə 235, 1983-cü ildə 237, 1985-ci ildə 165 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq 3 il 3 ay müəyyən edilir. Beləliklə, iddiaçının 1995-ci ildə əmək fəaliyyəti nəzərə alınmadan “Azərbaycan” adına kolxozda ümumi əmək stajı 21 il 10 aya bərabər olur. İddiaçının ’’Kommunizm yolu” kolxozunda minimum adam günü normasını yerinə yetirildiyi il 1995-ci il - tam il olaraq, minimum adam günü normasından az işlədiyi 1996cı il isə faktiki müddətə uyğun olaraq 10 ay müəyyən edilir və həmin kolxozda iddiaçının ümumi əmək stajı 1 il 10 aya bərabər olur. Hesablanmış müddətlərlə iddiaçının hərbi xidmətdə olduğu 2 il 24 gün müddəti topladıqda 25 il 8 ay 24 gün sosial sığorta stajı yaranır ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir və əlavə olaraq iddiaçının Qax rayon İlisu kənd X2 işləyib-işləməməsinin araşdırılmasına ümumiyyətlə ehtiyac qalmır. Digər tərəfdən cavabdehin etirazın dəlillərinə uyğun olaraq iddiaçının Azərbaycan” adına kolxozda işlədiyi 1994-cü il qəbul edilməsə və Qax rayon İlisu kənd X2 1994-cü ildə işlədiyi 199-gün müddət ən minimum həddə nəzərə alınsa, yenə də, iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Belə ki, iddiaçının “Azərbaycan” adına kolxozda işlədiyi 20 il 10 ay (1994-cü il nəzərə alınmadan), ’’Kommunizm yolu” kolxozunda işlədiyi 1 il 10 ay, hərbi xidmətdə olduğu 2 il 24 gün və Qax rayon İlisu kənd X2 işlədiyi müddət ən minimum həddə 6 ay 16 günə bərabər olmaqla toplandıqda - 25 il 3 ay 24 gün sosial sığorta stajı yaranır ki, bu da tələb olunan 25 il müddətdən çoxdur və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verir. Məhkəmə kollegiyası araşdırması zamanı iddiaçının müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(116)-512/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar