Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-250/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-409/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh orqanın üzərinə mənzillə təmin edilmə öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı X2 xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2563/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ildən ürək xəstəliyindən (Diaqnoz. Obstruktiv hipertrofık kardiomiopatiya. hipertrofik obstruktiv kardiomiopatiya, Durğunluq ürək çatışmazlığı, QDÇ 2 və 3-cü FS, digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, ürək ritminin mədəcik ekstrasistoliyası tipində davamlı pozulması, aşağı ətrafın bir neçə nahiyələrinin açıq yaralar, sağ qasıq və sarğı nahiyəsinin köhnə qəlpə çapığı, miopiya, zəif dərəcəli miopiya, hipertenziya, arterial hipertenziya 3-cü dərəcə yüksək əlavə risk, hipertoniya xəstəliyi 2-ci mərhələ) əziyyət çəkir və mütəmadi olaraq stasionar və ambulator müalicə alır. Hətta ‘‘hipertrofik obstruktiv kardiomiopatiya. Ürək ritminin mədəcik ekstrasistoliyası tipli davamlı pozulması. 2-ci funksional sinif ürək çatışmazlığı. Hər iki gözün miopiyası. Vegetativ damar distoniyası" xəstəliyindən Azərbaycan Respublikası Silahlı qüvvələrində gizir kimi xidmətdə olarkən 08 avqust 2017ci il tarixli hərbi həkim komissiyasının 2103 saylı arayışına əsasən Ordu Sıralarından həm sülh dövründə, həm də müharibə dövründə yarasız hesab edilərək tərxis olunmuşdur. Hərbi xidmət dövründə aldığı xəstəliklə bağlı məhkəməyə müraciət edərək, əlliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2-1(112)-607-2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərar hazırda qanuni qüvvəsini almışdır. Hazırda hərbi xidmətdən təxris olunduğu üçün və yaşamaq üçün evi olmadığı üçün mənzillə təmin edilməyinə zərurət yaranmışdır. Bununla bağlı cavabdeh orqana rəsmi müraciət etmiş və sonuncu xx.xx.2023-cü il tarixli məktubla mənzillə təmin edilməyindən imtina etmişdir. O, 20 ildən artıq qüsursuz xidmət etmişdir. Bu fakt ona məxsus hərbi biletdə öz əksini tapır. Buna görə də imtina ilə razı deyildir.
5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu Fərmanda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1476 nömrəli Fərmanı ilə həmin Fərmanın adında və 1-ci hissəsində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusu’’nun sözləri ilə, əvəz edilmişdir. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz “Azərbaycan Ordusu”nda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. - Göründüyü kimi Fərmanın məqsədinin məhz “Azərbaycan Ordusu”nda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu “Azərbaycan Ordusu”nda xidmət etməli; 3. Hərbi xidmət qüsursuz olmalıdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (Azərbaycan Ordusu) dedikdə xx.xx.2017-ci il tarxədək Qüvvədə olmuş “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” (Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1991 -ci il tarixli 210-Xİİ nömrəli) Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmışdır ki, Azərbaycan Ordusu dedikdə, Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə başa düşülür. İddiaçı həmin şərtlərinə uyğun olmadığından müvafiq siyahıya daxil edilə bilməz. Çünki İddiaçı “Azərbaycan Ordusu”nda hərbi xidməti (xx.xx.2000 - xx.xx.2017-ci illər) 17 (on yeddi) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün) təşkil edir. Belə ki, İddiaçı şəxsi işinin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Sərhəd Qoşunları Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (Azərbaycan Ordusunda), yəni Müdafiə Nazirliyinin tabeliyində deyil. 1992-ci il oktyabr ayının 9-dan etibarən DSMK Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş idarəsi kimi fəaliyyət göstərməyə başlamışdır. Beləliklə iddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubu, - SHXÇÜDX-nin Şəki rayon bölməsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş xidmət dəftərçəsinin təsdiq edilmiş surəti, - H3 seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti, - N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarış, - Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli 2- 1(116)-409/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddia əsassızdır. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.1995-xx.xx.1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 1995-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili tamamlanmır. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Hazırkı işdə cavabdeh iddiaçının mənzillə təmin olunmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət edən hərbi qulluqçusu olması faktını sübut edə bilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-409/2024 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, sadə vətəndaş olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılaraq xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Sərhəd Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ilindən çox qüsursuz xidmət edən hərbi qulluqçusu olmaqla, hərbi xidmətdən təxris olunduğu üçün və yaşamaq üçün evi olmadığına görə mənzillə təmin edilməyinə zərurət yaranması səbəbli məhkəməyə müraciət etmişdir. Xidmət etdiyi müddətdə “Qüsursuz xidmətə görə” müvafiq olaraq 13 iyun 2011-ci il tarixdə 3-cü, 26 iyun 2016-cı il tarixdə 2-ci və 26 iyun 2017-ci il tarixdə 1-ci dərəcəli medallarla, həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley medalı“ ilə də təltif olunmuşdur. Təqdim etdiyi sənədlərdən də görünür ki, Azərbaycan Respublikasının 2002ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə uyğun olaraq "Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçdiyi üçün və mübahisəsiz olaraq 20 təqvim ili tamam olmuş hərbi qulluqçu olaraq təltif edilmişdir. Məhkəmə isə onun məhkəməyə müraciət etməkdə hüquqi marağını görməzdən gəlmiş, onun hüquqi marağını işdə olan sənədlər üzrə araşdırmamış, cavabdehin bildirdiklərini, iş materialına əlavə edilmiş sənədləri əlaqəli şəkildə araşdırmadan, üçüncü şəxsləri inzibati məhkəmə icraatına cəlb etmədən, qanunun maddələrini sadalamaqla kifayətlənərək yardım etmədən, iddianın təmin edilməməsi barədə qərar qəbul etmişdir. Bununla da məhkəmə tərəfindən işin hallarının araşdırılması prinsipinə əməl etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-409/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 9. Silahlı Qüvvələr. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir ...
15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1 İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
17. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ №-li Qanun (xx.xx.1993-cü il tarixədək qüvvədə olan redaksiyada) Maddə 1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin statusu Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Prezidentinə tabe olan dövlət silahlı təşkilatıdır və Azərbaycan Respublikasının mənafeyini, suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumalıdır. ... Maddə 5. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş komandanı - Azərbaycan Respublikasının Prezidentidir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Müdafiə nazirini Azərbaycan Respublikasının Prezidenti təyin edir.
18. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” 9 oktyabr 1991-ci il tarixli, 210-Xİİ №-li Qanun (xx.xx.1993-cü il tarixdən xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.
19. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” xx.xx.2017-ci il tarixli, 955-VQ №-li Qanun Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisat; 1.0.2. Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmə; 1.0.3. Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. ... Maddə 16. Yekun müddəa Bu Qanun qüvvəyə mindiyi gündən “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-Xİİ nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 19-20, maddə N29; 1992, № 5, maddə 102, № 11, maddə 409; 199N, № 2N-24, maddə 670; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 15; 2005, № 7, maddə 576) ləğv edilir.
20. “Müdafiə haqqında” Qanun: Maddə 7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır və onların inkişafına, həmçinin müdafiə vəzifələrinin yerinə yetirilməsinə hazırlığına görə tam məsuliyyət daşıyır. Maddə 12. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur.
21. “Sərhəd mühafizə orqanları haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir. Sərhəd mühafizə orqanlarının fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir. Müvafiq icra hakimiyyəti orqanının rəhbəri sərhəd mühafizə orqanlarına rəhbərliyi həyata keçirir. Maddə 2. Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Sərhəd mühafizə orqanları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (xüsusi təyinatlı təhsil müəssisələrindən başqa). Maddə 33. Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə, “hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənir. ... Maddə 39. Sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətləri Sərhəd mühafizə orqanlarının hərbi qulluqçuların Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd mühafizə orqanlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər
22. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ... Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər.
23. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1144) aşağıdakı dəyişikliklər edilsin:
1. Adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə əvəz edilsin.
2. Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilsin. ...
24. “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamə:
1. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (bundan sonra - Dövlət Sərhəd Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. ...
3. Dövlət Sərhəd Xidmətinin aparatı və strukturuna daxil olan sərhəd qoşunları, sahil mühafizəsi, çevik hərəkət qüvvələri, xüsusi hava əməliyyatları qüvvələri, sərhəd nəzarəti, hərbi aviasiya hissələri, hərbi dəniz hissələri, habelə digər təyinatlı hərbi hissələr və qurumlar (xüsusi təyinatlı təhsil, təlim, elmi tədqiqat, mədəni-maarif, rabitə, tikinti-istismar, maddi-texniki təminat, tibb, redaksiya-nəşriyyat, məlumat-hesablama müəssisələri və s.) Dövlət Sərhəd Xidmətinin vahid sistemini təşkil edir. Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə özü və tabeliyindəki qurumlar vasitəsi ilə həyata keçirir. ...
14. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Dövlət Sərhəd Xidmətində işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir.
Apellyasiya şikayətinin mümkünlüyü
25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. Belə ki, iddiaçının hüquqi marağı 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etdiyi üçün onun mənzil qeydiyyatına alınmasına yönəlmişdir.
31. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasının Sərhəd Xidmətində, xx.xx.2000-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.2017-ci il tarixli müvafiq əmrinə əsasən xəstəliyə görə həqiqi hərbi xidmətdən istefaya buraxılmış və sənədləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir.
32. Kollegiyanın iclasında iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin 13 mart 2025-ci il tarixli, 3-43-55/2-78/25 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində əsgər kimi müddətli həqiqi hərbi xidmət keçmişdir.
33. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o, xidmət etdiyi müddətdə “Qüsursuz xidmətə görə” müvafiq olaraq 13 iyun 2011-ci il tarixdə 3-cü, 26 iyun 2016-cı il tarixdə 2-ci və 26 iyun 2017-ci il tarixdə 1-ci dərəcəli medallarla, həmçinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik yubiley medalı", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı”, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illik yubiley medalı“ ilə də təltif olunmuşdur. Təqdim etdiyi sənədlərdən də görünür ki, Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnamənin 1-ci bəndinə uyğun olaraq "Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz hərbi xidmət keçdiyi üçün və mübahisəsiz olaraq 20 təqvim ili tamam olmuş hərbi qulluqçu olaraq təltif edilmişdir.
34. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, xx.xx.1991-ci il tarixdə qəbul edilmiş və (sonrakı əlavə və dəyişikliklərlə) xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə bilavasitə rəhbərliyi Azərbaycan Respublikasının müdafiə naziri həyata keçirir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Normaların məzmunundan göründüyü kimi, “Silahlı Qüvvələr” dedikdə, qanunverici Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərini və hərbi qüvvələri nəzərdə tutmuşdur.
35. İddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi xx.xx.1995-xx.xx.1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etməmişdir.
36. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında da məhz həmin vaxtda qüvvədə olan ”Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun 4-cü maddəsində təsbit edilən və quru qoşunlarından, hava hücumundan müdafiə və hərbihava, hərbi-dəniz qüvvələrindən ibarət olan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular nəzərdə tutulmuşdur.
37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, qeyd olunan normativ aktlar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının məzmun və məqsədini dəyişməmiş, onun tətbiq dairəsini özü-özlüyündə genişləndirməmişdir. Bu səbəbdəndir ki, həmin normativ aktların qəbulundan sonra yaranmış hüquqi vəziyyətə müəyyənlik gətirmək məqsədi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 15 noyabr tarixli 1476 nömrəli Fərmanı qəbul edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanın adında və 1-ci hissədə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” sözləri “Azərbaycan Ordusunun” sözləri ilə, Preambulanın üçüncü abzasında “silahlı qüvvələrdə” sözləri “Azərbaycan Ordusunda” sözləri ilə əvəz edilmişdir. Beləliklə, iddiaçı öz tələbinin əsası və xidmət müddətinin tərkib hissəsi kimi istinad etdiyi 1995-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində və tabeliyində olan qoşun növlərində və hərbi qüvvələrdə xidmət etmədiyindən, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili tamamlanmır.
38. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 9-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır. Həmin maddədən göründüyü kimi, ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması ilə yanaşı başqa silahlı birləşmələrin yaradılması da nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, başqa silahlı birləşmələrin yaradılması, onların hüquqi statusunu müəyyən edən normativ hüquqi aktların qəbul edilməsini zəruri etmişdir.
39. “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanunun preambulasına görə Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.
40. Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına, təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.
41. Azərbaycan Respublikasının müdafiəsinin təşkilinin əsaslarını müəyyənləşdirən “Müdafiə haqqında” 1993-cü il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və yerli hərbi idarəetmə orqanlarına rəhbərlik edən dövlət orqanıdır.
42. Həmin Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələri hərbi dövlət qurumu olub Azərbaycan Respublikasının suverenliyinin, müstəqilliyinin, ərazi bütövlüyünün və bölünməzliyinin silahlı müdafiəsi üçün təsis olunur. Müharibə şəraitində Silahlı Qüvvələr öz vəzifələrini sərhəd qoşunları, daxili qoşunlar və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər qoşunlarla sıx əlaqədə yerinə yetirirlər.
43. Göründüyü kimi, qanunverici Silahlı Qüvvələri və digər qoşunları ayırmışdır.
44. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında” Əsasnamənin Ümumi müddəalarının birinci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
45. Əsasnamənin 3-cü bəndinə əsasən Dövlət Sərhəd Xidməti ona həvalə edilmiş vəzifələri bilavasitə və tabeliyindəki hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir.
46. Həmin Əsasnamənin 14-cü bəndinə qeyd edilib ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları “Hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, xüsusi hava əməliyyatları qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edir.
48. Həmin Qanunun 2-ci maddəsinə əsasən sərhəd qoşunları öz fəaliyyətində Azərbaycan Respublikası ümumqoşun nizamnamələrini rəhbər tutur. Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ümumqoşun nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd qoşunlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir (hərbi peşə təhsili məktəblərindən başqa).
49. Yuxarıda göstərilən Qanunun İV fəslində sərhəd qoşunlarının hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları və məsuliyyəti müəyyən edilmişdir. “Sərhəd qoşunları haqqında” Qanunun 33-cü maddəsində Sərhəd mühafizə orqanları hərbi qulluqçularının hüquqları, vəzifələri, təminatları, hərbi qulluqla əlaqədar onların hüquqlarının məhdudlaşdırılması və məsuliyyəti “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə tənzimlənməsi müəyyən olunmuşdur. Eyni zamanda, bu Qanunun 39-cu maddəsi sərhəd mühafizə orqanlarının mənzil fondunun xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə görə sərhəd mühafizə orqanlarının hərbi qulluqçuları Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sərhəd qoşunlarının mənzil fondundan ayrılan mənzil sahəsi ilə təmin edilirlər.
50. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi haqqında” Fərmanından göründüyü kimi, həmin Fərmanla yalnız 20 il qüsursuz xidmət etmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və bu məqsədlə müvafiq Komissiyanın yaradılması müəyyən edilmişdir. Ona görə də, bu Fərmanda nəzərdə tutulan sosial təminatlar başqa hərbi birləşmələrin hərbi qulluqçularına şamil oluna bilməz.
51. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Silahlı Qüvvələrdə 17 il 04 ay 12 gün xidmət etdiyindən yuxarıda qeyd edilən Fərman ona şamil edilə bilməz.
52. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
54. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-409/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.