Məhkəmə qərarları › İş №2-1(107)-251/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-251/2023

20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-251/2023 20.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə X5 Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli, 2-1(116)- 576/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2006cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Balakən rayon, Şambul kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. O, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış, bir gözünü itirmiş, xx.xx.1998-ci ildən 1-ci dərəcə müddətsiz müharibə əlillidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsindən 1998-ci ilin iyun ayından 2019-cu ili yanvar ayınadək əmək pensiyası almışdır. 2018-ci ilin dekabr ayında Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 1-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2019-cu ilin yanvar ayından etibarən 1-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən iddiaçıya xx.xx.2006-cı ildən xx.xx.2019-cu ilədək olan müddət pensiya yenidən hesablanması barədə müraciət etmiş. lakin cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək qeyd etdiyi müddət üçün üç il ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək müddət üçün ödəniş etməmişdir.

3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, iddiaçı 12 dekabr 2018-ci il tarixində Mərkəzi Filiala hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Fondun Balakən rayon şöbəsinin 28 dekabr 2018-ci il tarixli **********9 nömrəli məktubunda iddiaçıya əmək pensiyasının 31 dekabr 2018-ci il tarixinədək ödənildiyi qeyd edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 4 dekabr 2018-ci il tarixli MN-11444 nömrəli məlumat vərəqinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 1 yanvar 2019-cu il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” birinci dərəcəli əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilib və keçmiş üç il müddət üçün yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu iç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən dövr Mərkəzi Filiala müraciət ediləndən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin müddət üzrə əmək pensiyanızın yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildirilir ki, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 3799,50 manat fərq məbləği xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq bildirilir ki, 1 yanvar 2022ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin (591,00 manat) 10 faizi-59,10 manat maddi yardım ödənilir.

4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 31 yanvar 2023-ci il tarixli, 2-1(116)-576/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialının üzərinə qoyuması qərara alınmışdır.

8. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı 12 dekabr 2018-ci il tarixdə Fondun Xüsusi Xüsusi Şərtlərlə X5 Filialına hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filialın sorğusuna əsasən Fondun Balakən rayon şöbəsinin 28 dekabr 2018-ci il tarixli **********9 nömrəli məktubunda İddiaçı dekabr 1998-ci il tarixdən 1-ci dərəcə əlilliyə (orqanizimin funksiyalarının 81-100 faiz itirilməsinə) görə təyin edilmiş əmək pensiyasının 31 dekabr 2018-ci il tarixədək ödənildiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Mərkəzi Filiala təqdim olunmuş 4 dekabr 2018-ci il tarixli MN-11444 nömrəli məlumat vərəqinə uyğun olaraq "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən iddiaçıya 1 yanvar 2019-cu il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar" 1-ci dərəcəli əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilərək, keçmiş 3 il müddət üçün yeniden hesablanmışdır. Qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının en çoxu 3 il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı müraciətində göstərdiyi dövr Xüsusi şərtlərlə X5 filiala müraciət edilən tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə etdiyindən həmin müddət üzrə iddiaçının əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş 3 illik müddət üçün hesablanmış 3799,50 manat fərq məbləği xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçıya əvvəlki dövrlər üzrə pensiya məbləğinin ödənilməməsi pensiya təyin edən orqanın təqsiri üzündən baş verməmişdir. Belə ki, iddiaçıya 1-ci dərəcə əlilliyə görə əmək pensiyası 1998-ci ildə təyin edilmişdir ki, həmin dövrdə də hərbi qulluqçulara pensiya ödənişinin edilməsi səlahiyyəti Dövlət Sosial Müdafiə Fondunun aidiyyətində olmamışdır. Müvafiq pensiyanın ödənilməsi səlahiyyəti 2007-ci il 01 yanvar tarixdən etibarən cavabdeh inzibati orqana həlavə edilmiş və iddiaçının müvafiq tələblə bağlı müraciəti yalnız 2018-ci ildə olmuşdur. Buradan məlum olduğu kimi iddiaçının müraciəti olmadan cavabdeh inzibati orqan tərəfindən ona ödənilən əmək pensiyasının əsasının araşdırılaraq müəyyən edilməsi mümkün deyildir. Göründüyü kimi burada iddiaçıya müvafiq pensiyanın vaxtında ödənilməməsində cavabdeh inzibati orqan təqsirli deyildir. Lakin birinci instansiya məhkəməsinin əsas olaraq istanad etdiyi Qanunun müvafiq bəndində nəzərdə tutulan cavabdeh inzibati orqanın təqsirinin müəyyən edilməsi halına münasibət bildirilmədən iddia təmin edilmişdir. Əlavə olaraq qeyd edək ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla İddiaçı "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin (591,00 manat) 10 faizi - 59,10 manat maddi yardım ödənilir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli, 2-1(116)-576/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli, 2-1(116)-576/2023 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli, 2-1(116)- 576/2023 nömrəli dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2015-ci il tarixli, 632 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1993-cü ilin iyun ayından xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.1994-cü il tarixdə Ağdərə rayon uğrunda gedən döyüşlərdə sağ gözündən qəlpə yarası almışdır. xx.xx.1994-cü il tarixdə N saylı hərbi hissə tərəfindən xəstəliklər cədvəlinin 92 b maddəsi ilə 1987-ci il tarixli 260 saylı əmrinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. İddiaçı birinci qrup Qarabağ əlili olmuşdur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - SHXÇDX-nin Balakən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 131 nömrəli arayışında qeyd olunur ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1993-cü ilin iyun ayında təkrar olaraq həqiqi hərbi xidmətə cəlb olunmuş və xx.xx.1994-cü il tarixli Mərkəzi Hərbi Poliklinikanın qərarına əsasən, xx.xx.1994-cü il tarixdə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. - AR ƏƏSMN X1 Sistemindən xx.xx.2022-ci il tarixli ********** nömrəli sosial müavinət və təqaüd haqqında arayışa əsasən müraciət tarixli xx.xx.2008-ci il olmaqla iddiaçı Azərbaycan respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar İ qrup müharibə əlilidir.Cavabdeh etirazında bildirmişdir ki, iddiaçıya 1998-ci il tarixdən etibarən birinci dərəcə əlilliyə görə təyin edilmiş əmək pensiyası xx.xx.2018-ci il tarixədək ödənilmişdir. xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstituasiya quruluşunun müdafiəsi ilə əlaqədar 1-ci dərəcəli əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya təyin edilərək, keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə 1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti "orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər... Maddə 17. Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir. Maddə 43. Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər. Maddə 45. Bu Qanuna uyğun olaraq pensiyalar hərbi qulluqçulara-xidmətdən buraxıldığı kündən, lakin onlara sonuncu dəfə təminat xərcliyinin ödəndiyi kündən tez olmayaraq, həmin hərbi qulluqçuların ailələrinə və onların sırasından olan pensiyaçıların ailələrinə isə-ailə başçısının vəfat etdiyi kündən, lakin ona sonuncu dəfə təminat xərcliyinin və ya pensiyanın ödəndiyi kündən tez olmayaraq təyin edilir, onlara daha gec müddətlərdə pensiya təyin edildiyi aşağıdakı hallar istisna olunur: xidmətdən buraxıldıqdan sonra 3 ay ərzində, yaxud xidmətdən buraxıldıqdan sonra bədbəxt hadisə və ya xəstəlik nəticəsində əlil olmuş həmin hərbi qulluqçulara-əlilliyin müəyyən edildiyi gündən; həmin hərbi qulluqçuların və onların sırasından olan pensiyaçıların ailə başçısını itirməyə görə pensiya hüququ əldə etmiş ailə üzvlərinə-pensiya almaq hüququnun yarandığı kündən, yaşayış üçün vəsait mənbəyini itirdiklərinə görə pensiya almaq hüququ əldə etmiş valideynlərə və ər-arvada-pensiya almaq üçün müraciət edildiyi kündən. Vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı kündən, lakin pensiya üçün müraciət edildiyi kündən ən çoxu 12 ay əvvəl təyin edilir. Maddə 46. Hərbi qulluqçulara və onların ailələrinə təyin edilmiş pensiyaların məbləğinin dəyişilməsinə səbəb olan vəziyyət yarandıqda belə vəziyyətin yarandığı aydan sonrakı ayın 1-dən bu pensiyalar yenidən hesablanır, həm də pensiyaçı pensiyasının artırılması hüququnu əldə edibsə, keçmiş müddət üçün pensiya fərqi ən çoxu 12 ay üçün ödənilməlidir. Maddə 49. Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi kündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.

15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (1 iyul 2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (1 iyul 2017-ci ildən qüvvəyə minmiş redaksiya).

16. “İnzibati icraat haqqında” Qanun: Maddə 19..1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

18. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

19. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

20. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, pensiya təyin edən orqanın təqsiri üzündən iddiaçının pensiyası düzgün hesablanmamış, cavabdeh 1 yanvar 2019-ci ildən əvvəlki üç il üçün pensiyanı yenidən hesablayıb fərqini iddiaçıya ödəmişdir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ildən 1 yanvar 2016-cı ilədək olan dövr üzrə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının fərqi məbləğini tələb etməkdə haqlı olduğundan həmin dövr üzrə pensiya məbləği fərqinin ödənilməsi vəzifəsini cavabdehə həvalə edilməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

23. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, İddiaçı müraciətində göstərdiyi dövr Xüsusi şərtlərlə X5 filiala müraciət edilən tarixdən qanunvericiliklə müəyyən edilmiş 3 il müddətdən daha çox dövrü əhatə etdiyindən həmin müddət üzrə iddiaçının əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Eyni zamanda bildirilir ki, iddiaçının əmək pensiyası üzrə keçmiş 3 illik müddət üçün hesablanmış 3799,50 manat fərq məbləği xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçıya əvvəlki dövrlər üzrə pensiya məbləğinin ödənilməməsi pensiya təyin edən orqanın təqsiri üzündən baş verməmişdir. Belə ki, iddiaçıya 1-ci dərəcə əlilliyə görə əmək pensiyası 1998-ci ildə təyin edilmişdir ki, həmin dövrdə də hərbi qulluqçulara pensiya ödənişinin edilməsi səlahiyyəti Dövlət Sosial Müdafiə Fondunun aidiyyətində olmamışdır. Müvafiq pensiyanın ödənilməsi səlahiyyəti 2007-ci il 01 yanvar tarixdən etibarən cavabdeh inzibati orqana həlavə edilmiş və iddiaçının müvafiq tələblə bağlı müraciəti yalnız 2018-ci ildə olmuşdur.

24. Məhkəmə kollegiyası cavabdeh orqanın irəli sürdüyü dəlil ilə bağlı araşdırma apararaq qeyd edir ki, iş materiallarından göründüyü iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. 1993-cü ilin iyun ayında təkrar olaraq həqiqi hərbi xidmətə cəlb olunmuşdur. xx.xx.1994cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və xx.xx.1994cü il tarixdə Ağdərə rayon uğrunda gedən döyüşlərdə sağ gözündən qəlpə yarası almışdır. xx.xx.1994cü il tarixdə N saylı hərbi hissə tərəfindən xəstəliklər cədvəlinin 92 b maddəsi ilə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata buraxılmışdır. İddiaçı birinci qrup əlili olmuşdur

25. İddiaçının pensiya hüququ 1994-cü ildə yarandığından və 1998-cil idən etibarən təyin edildiyindən, mübahisəyə cavabdehin şikayətdə bildirdiyi kimi, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğun deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında baxılmalıdır.

26. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən xx.xx.2007-ci il tarixdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edildiyindən və hərbi qulluqçuların pensiya təminatı hazırda başqa dövlət orqanı tərəfindən həyata keçirilmədiyindən, bu sahə üzrə səlahiyyətli orqan Dövlət Sosial Müdafiə Fondudur.

27. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin ikinci hissəsinə görə pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd olunan normanın tələbləri baxımından iddiaçı pensiya fərqinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır.

28. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali məhkəməsinin 2-1(102)-430/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli və 2-1(102)-1539/2021-nömrəli iş üzrəxx.xx.2021-ci il tarixli qərarlarında da eyni mövqedən çıxış edilmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmamışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 1 yanvar 2006-cı ildən 1 yanvar 2016-cı ilədək olan dövr üzrə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının fərqi məbləğini tələb etməkdə haqlı olduğundan, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

30. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Xüsusi Şərtlərlə X5 Filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

31. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2023-ci il tarixli, 2-1(116)-576/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar