Məhkəmə qərarları › İş №2-1(107)-251/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-251/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-251/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-752/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Şəki İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(116)-2685/2024 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası həmin Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Məngəçevir şəhər şöbəsi tərəfindən qismən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağrılaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi N nömrəli hərbi hissədə qulluq etmişdir. Həmin hərbi hissənin tərkibində Ağdam istiqamətində İİ Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə düşmən tərəfindən atılan mərmi partlaması nəticəsində başının təpə nahiyyəsinin sağ yarısının kor qəlpə yarası və baş-beyin silkələnməsi alaraq huşunu itirmiş, hospitalda ayılmışdır. Dəfələrlə xəstəxanalarda müayinə və müalicə almış və ona “Üzvi ( İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” diaqnozu təyin edilmişdir (əsas xəstəlik F06.3, F07.0, yanaşı xəstəlik F33.3). - O, əlil və ya sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən cavab olaraq bildirilmişdir ki, diaqnoz öz təsdiqini tapmamış və “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalının üzvi mənşəli affektiv pozuntusu” diaqnozu təyin edərək ona əlillik dərəcəsinin təyin edilməsindən imtina edilmişdir. - Hesab edir ki, Tibbi-Sosial Ekspert Komissiyası haqlı olmamışdır. Belə ki, dəfələrlə xəstəxanalarda müayinə və müalicə olmağına baxmayaraq psixi vəziyyətində yaxşılaşma müşahidə olmamışdır, ondə baş ağrıları, halsızlıq, yuxusuzluq, gərginlik, yaddaş zəifliyi, əsəbilik, aqressivlik yaranıb. Bir yerdə qərar tuta bilmir, əhval ruhiyyə dəyişkəndir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur.

5. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinə keçirilərək Mingəçevir PND-nin 5 fevral 2024-cü il tarixli göndərişi əsasında baxılmışdır. Göndərişə əsasən diaqnoz – “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Əhvalın üzvi mənşəli affektiv pozuntusu. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması. Təpənin sağ yarısının kor qəlpə yaralanması”. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi – Diaqnoz öz təsdiqini tapmır. Səbəb: Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. İddiaçının orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində 4 avqust 2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, iddiaçıya MN MHHK tərəfindən 5 iyul 2023-cü il tarixli 6975 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv forma) pozuntu psixotik əlamətlərlə. Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (9 oktyabr 2020-ci il) sağ təpə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Burun arakəsməsinin əyriliyi burun tənəffüsünün cüzi dərəcədə pozulması ilə 36, 46-cı dişlərin ikincili adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Gəncə Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11412299 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu. Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13952/23 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının Həkim Psixiatr Komissiyasının 4 dekabr 2023-cü il tarixli 2786 nömrəli tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir (təyin edilmiş diaqnoz 1 il müddətinə qüvvədədir). Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11882739 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Əsəbiliyini təpə nahiyəsində qəlpə ilə əlaqələndirmiş, bu səbəbdən özünə qəsd etdiyini bildirmişdir. Lakin baş-beyin KT müayinəsinin nəticəsinə əsasən qəlpə beyin toxumasına sirayət etməmiş, dərialtı yerləşmişdir. Hər iki saiddə 3 – 4 ədəd səthi kəsik izləri müşahidə edilmişdir. SX ******* nömrəli hərbi biletin 22-ci səhifəsindəki qeydlərə əsasən 2017-ci ildə intizam qaydalarını pozduğuna görə 10 ay saxlanma cəzasına məhkum edildiyi məlum olmuş, buna əsasən davranış tərzinin müharibədən öncəki dövrdə də olduğu anlaşılmışdır. Komissiya üzvlərinə “ya qəlpəni çıxarın, ya da əlillik verin” deyə səslənmiş, əks təqdirdə Prezident Aparatına şikayət edəcəyini bildirməklə təhdid etmişdir. Müayinə zamanı məqsədli olmuş, mühakiməsi qorunmuş, bələdliyi tam saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi emosional davamsız tip şəxsiyyət pozuntusu, aqrovasiya elementləri” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə «Əlilliyin müəyyən olunması meyarları»na uyğun olaraq diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. Göstərilənlərə və Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 və 12 nömrəli qərarlarına əsaslanaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur.

6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının 24 aprel 2024-cü il tarixli qərarı, - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X5” X10nin 2656 nömrəli 13 sentyabr 2024-cü il tarixli ekspert rəyi; - Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserin 703 nömrəli 17 dekabr 2024-cü il tarixli məktubu.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 22 yanvar 2025-ci il tarixli 2- 1(116)-752/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, məhkəmə icraatında məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi barədə məhkəmə qərardadının icrası üzrə aidiyyəti səlahiyyətli qurum tərəfindən verilmiş 2656 nömrəli 13 sentyabr 2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, İddiaçı barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapır. Hansı ki, həmin göndərişdə və alınmış ekspert rəyində İddiaçı müayinəsi zamanı onda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edildiyi göstərilmişdir. Ekspert rəyində həmçinin vurğulanmışdır ki, onun MN MHHK tərəfindən şəhadətləndirilməsi zamanı müvafiq xəstəliklərin (qüsurların) partlayış travması zamanı yaranması təkzib olunmur. - Məhkəmə işdə olan sənədlərə və mövcud qanunvericiliyin müddəalarına əsasən mübahisəyə qiymət verərək, cavabdeh inzibati orqanın mövqeyi ilə razılaşmır. Belə ki, İPM-in 14.3-cü maddəsinə (ikinci cümləsi) əsasən sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan hazırkı məhkəmə icraatında imtinasını formal şəkildə xüsusatlarla əsaslandırmış, iddiaçının müayinəsi zamanı konkret hansı instrumental müayinə metodlarından istifadə olunduğunu bildirməmiş, sadəcə “diaqnoz əlillik təyin etmir” səbəbi göstərməklə kifayətlənmişdir. - Bundan başqa, İddiaçı barəsində tibbi göndərişi tərtib etmiş müvafiq tibb müəssisəsi kimi Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserindən məhkəmənin sorğusu əsasında alınmış 703 nömrəli 17 dekabr 2024-cü il tarixli məktubdan aydın olur ki, İddiaçı müayinəsi zamanı onda əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) aşkar olunmuşdur. Hansı ki, məhkəmə icraatında sübutetmə yükü daşıyan cavabdeh inzibati orqan bu dəlili təkzib edəcək heç bir tutarlı sübut və ya arqumet gətirməmişdir. - Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında nəzərdə tutulmuşdur. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının əlillik dərəcəsi (orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə) müəyyən edilməlidir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-752/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazlarını belə təhrif edərək, guya etirazları şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, şəxsin əyani müayinəsi ilə sübut edilir ki: Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Əsəbiliyini təpə nahiyəsində qəlpə ilə əlaqələndirmiş, bu səbəbdən özünə qəsd etdiyini bildirmişdir. Lakin Baş-beyin KT müayinəsinin nəticəsinə əsasən qəlpə beyin toxumasına sirayət etməmiş, dərialtı yerləşmişdir. Hər iki saiddə 3-4 ədəd səthi kəsik izləri müşahidə edilmişdir. SX ******* nömrəli hərbi biletin 22-ci səhifəsindəki qeydlərə əsasən 2017-ci ildə intizam qaydalarını pozduğuna görə 10 ay saxlanma cəzasına məhkum edildiyi məlum olmuş, buna əsasən davranış tərzinin müharibədən öncəki dövrdə də olduğu anlaşılmışdır. Komissiya üzvlərinə “Ya qəlpəni çıxarın, ya da əlillik verin” deyə səslənmiş, əks-təqdirdə Prezident Aparatına şikayət edəcəyini bildirməklə təhdid etmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 13952/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2786 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv epizodlar, özünə xəsarət hərəkətləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli 11882739 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Nəticədə, Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnozun təsdiq edilməməsi barədə qərar qəbul edilmişdir. - Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi X4 əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz təsdiqlənmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən də, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-752/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

15. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz.

7. “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması;

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

Apellyasiya şikayətinin mümkünlüyü

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olsa da, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələ birinci instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Bununla belə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi əlilliyin hansı tarixdən təyin edilməsini göstərməməklə haqlı olmamışdır. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində tibbi göndəriş verilmiş, cavabdeh orqan həmin göndərişə münasibətdə “diaqnozun təsdiqlənməməsi” səbəbi ilə imtina cavabı vermişdir. Cavabdeh orqan daha sonra iddiaçının əyani müayinəsini həyata keçirərək xx.xx.2024-cü il tarixdə “diaqnozun təsdiqlənməməsi” barədə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin müəyyən olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunmuşdur.

24. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2024-cü il tarixdən təyin edilməlidir.

25. Birinci instansiya məhkəməsi isə, qeyd edilən halları, yəni iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi tarixdən təyin edilməli olduğunu və əlilliyin hansı dərəcə məhdudlaşması halının və müddətin müəyyən olunmalı olduğunu nəzərə almamışdır.

26. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya 24 aprel 2024-cü il tarixdə əlilliyin təyin edilməsindən imtina edilməsi barədə inzibati orqan tərəfindən qərar qəbul edilmişdir.

27. Həmin cavabdehin imtina qərarı bir inzibati aktdır və bu inzibati akt mübahisələndirilə bilmək kimi xüsusiyyətə malikdir. Hazırda da iddiaçı qeyd edilən inzibati aktı mübahisələndirməsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

28. "İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

29. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, 24 aprel 2024-cü tarixli inzibati akt birinci instansiya məhkəməsində mübahisələndirilmədiyindən, qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən qüvvədə qalmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, hazırda cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə cavabdeh orqanın 24 aprel 2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi öhdəliyi də qoyulmalıdır.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.

31. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspert rəyini əsassız hesab edərək vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır.

32. Kollegiya bununla bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın imtinasının əsassızlığı barədə düzgün qənaətə gəlmişdir. Ona görə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

33. İş materiallarında olan 2656 nömrəli 13 sentyabr 2024-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı barəsində müvafiq tibb müəssisəsinin tərtib etdiyi göndərişdə əks olunan xəstəliklər (qüsurlar) onun müayinəsi zamanı təsdiqini tapır. Hansı ki, həmin göndərişdə və alınmış ekspert rəyində İddiaçı müayinəsi zamanı onda “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla” (F07.0) aşkar edildiyi göstərilmişdir. Ekspert rəyində həmçinin vurğulanmışdır ki, onun MN MHHK tərəfindən şəhadətləndirilməsi zamanı müvafiq xəstəliklərin (qüsurların) partlayış travması zamanı yaranması təkzib olunmur. Həmçinin İddiaçı barəsində tibbi göndərişi tərtib etmiş müvafiq tibb müəssisəsi kimi Mingəçevir Şəhər Psixo-Nevroloji Dispanserindən məhkəmənin sorğusu əsasında alınmış 703 nömrəli 17 dekabr 2024-cü il tarixli məktubdan aydın olur ki, İddiaçı müayinəsi zamanı onda əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılara tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq, bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) aşkar olunmuşdur.

34. Göründüyü kimi, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əsassız olaraq İddiaçı müvafiq əlillik təyinatından imtina etmişdir. Halbuki, iddiaçıda olan xəstəlik qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bölməsində F-07.0 kodu altında, Qiymətləndirmə: 7.6.2.1, orqanizmin funksiyalarının 35 – 60 % pozulması ilə, 2 il müddətinə nəzərdə tutulmuşdur.

35. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının 2 il müddətinə OFP-nın İ dərəcə məhdudlaşması halının təyin olunması müəyyən edilməlidir.

36. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əlillik təyinatına əsas vermədiyi halda, məhkəmə cavabdeh orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.

37. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

38. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.

39. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

40. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnoz öz təsdiqini tapmadığı halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyinəzərdən qiymət verilməlidir.

41. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

42. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

43. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

44. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

46. Göründüyü kimi, İddiaçı xəstə olması və onun əlilliyinin olması iş materialları ilə öz təsdiqini tapdığından, ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

47. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını “ona əlillik dərəcəsinin təyin edilməsi” hissəsində təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

49. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməklə cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarı iddiaçıya aid hissədə ləğv edilməli, cavabdeh "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin üzərinə İddiaçı 24 aprel 2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyi qoyulmalıdır.

50. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli 2-1(116)-752/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və İddiaçı 24 aprel 2024-cü il tarixdən 2 il müddətinə OFP-nın İ dərəcə məhdudlaşması halının müəyyən olunması öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar