Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-252/2021 05.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı "Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, 15 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “15 sentyabr 2018ci il tarixli 1369 Ş/H saylı əmrdə işdən çıxarılmasının əsasının dəyişdirilməsinin cavabdehin üzərinə quyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.11.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və 21.01.2020-ci il tarixində Şəki İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 2007-2010-cu illərdə C.Naxçıvanski adına Hərbi Liseydə oxumuş, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında təhsilini davam etdirmişdir. Bundan sonra Azərbaycan Respublikasının Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlamışdır. Hərbi hissənin 11-ci sərhəd zastavasının zastava rəisinin müavini vəzifəsini icra etmişdir. Bundan sonra 6-cı sərhəd zastavasının rəis müavini, bir müddət sonra isə zastava rəisi vəzifəsini icra etmiş və baş leytenant hərbi rütbəsi almışdır. Nümunəvi xidmətinə görə dəfələrlə hərbi hissə komandiri tərəfindən mükafatlandırılmış və fəxri fərman almışdır. 2017-ci ildə İslam oyunları çərçivəsində Bayraqdar olmuşdur. Xidmət keçdiyi müddətdə heç bir nöqsanı olmamışdır. Sərhəd xidmətinin nə qədər ağır, çətin olduğunu həmişə hiss etmiş və işində məsuliyyətli olmağa çalışmışdır. 21 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzduğa görə) müvafiq olaraq, o, 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə göndərilmişdir. Bir ildən artıqdır ki, iddiaçı hərbi zabit kimi işsizdir. Ehtiyata buraxılmağına baxmayaraq, yuxarıda sözü gedən qanunun xidməti uyğunsuzluğa görə müddəasına əsasən o, xidmətə çağırılmamışdır. Həmçinin həmin əsasla onun ehtiyata buraxılmağına görə o, müstəqil olaraq başqa işlə təmin olunmağı üçün müraciət edə bilməmişdir. Başqa sözlə, xidməti uyğunsuzluğa görə heç bir yerdə iş tapa bilmir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin qeyd olunan əmri ona qarşı qərəzli olmuş, onun xidməti hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. O, gənc bir hərbiçi kimi əsassız olaraq xidmətdən kənarda saxlanmışdır. İllərlə hərbi təhsil almış, vətənə xidməti üçün bu yolu seçmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 15 sentyabr 2018-ci il tarixli 1369 Ş/H üzrə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən verilən əmri ona imkan vermir ki, müvafiq işlə təmin olunsun. Ona görə də iddiaçı «işdən çıxarılma barədə əmrdə işdən çıxarılmanın əsasının dəyişdirilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2020 nömrəli, 22.06.2020-ci il tarixli qərardadı ilə müddətin ötürülməsi səbəbindən iddiaçının iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2020 nömrəli, 05.08.2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-524/2020 nömrəli, 22.06.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı birinci instansiya məhkəməsinə 30.11.2020-ci il tarixli məktub ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və Dövlət Sərhəd Xidmətinin 1369Ş/H saylı, 15 sentyabr 2018-ci il tarixli əmrin ləğv edilməsi və onun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə birinci instansiya məhkəməsinin icraatına qəbul edilmişdir. Cavabdeh orqan 27.02.2021-ci il tarixli, 16/882 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması haqqında Dövlət Sərhəd Xidməti rəisinin 15.09.2018ci il tarixli, 1369 nömrəli əmrində işdən çıxarılmanın əsasının dəyişdirilməsinin cavabdehin üzərinə qoyulması” vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə toplanmış müvafiq sənədləri məhkəməyə təqdim etməklə bildiririk ki, DSXnin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, sabiq hərbi qulluqçu İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi litseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə (03.09.2018-10.09.2018) xidməti zərurətlə əlaqədar X11 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu müddətdə 11 sentyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu barədə aidiyyəti üzrə məruzə edilmişdir. Səyyar laborotoriya plana uyğun olaraq sərhədboyu zonada xidmət edən hərbi qulluqçulardan analizlər götürdükdən sonra Bakı şəhərinə qayıtmış və İddiaçı 11.09.2018ci il tarixdə götürülmüş sidik nümunəsi 25.10.2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmiş, 05.11.2018-ci il tarixdə müayinə olunaraq müvafiq akt tərtib edilmişdir. Müayinə aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşüsu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. İddiaçı məxsus sidik nümunəsində “Barbiturat (BAR) maddəsinin pozitiv olması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik İdarəsinə dəvət olunaraq izahatı alınmışdır. İddiaçı izahatında “son altı ay ərzində hər hansı dərman preparatı qəbul edibetməməsi” soruşulmuş, o isə təxminən iki ay əvvəl N nömrəli hərbi hissədə xidmətdə olarkən səhhətində yaranmış narahatlıqla bağlı dərman preparatı qəbul etdiyini bildirmişdir. İddiaçı DSX rəisinin 15.09.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41 0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Keçirilmiş birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı, N nömrəli hərbi hissədə xidməti ezamiyyətdə olan zaman 10.09.2018-ci il tarixdə başının ağrıması səbəbindən hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini və ona dərman preparatı verildiyini iddia etsə də, 13.09.2018-ci il tarixdə verdiyi izahatında ən son iki ay öncə N nömrəli hərbi hissədə xidmət etdiyi zaman dərman preparatı qəbul etdiyini qeyd etmişdir. N nömrəli hərbi hissənin tibb məntəqsinə müraciət edən hərbi qulluqçuların qeydiyyat kitabında aparılmış qeydiyyata əsasən İddiaçı tibb məntəqəsinə müraciət edərək ambulator müayinə olunmuş, lakin sonuncuya həmin vaxtda hər-hansı dərman preparatı verilməmişdir. Bundan başqa İddiaçı 2021-ci ilin yanvar ayında Dövlət Sərhəd Xidməti rəisinə ərizə ünvanlayaraq xidmət müddətində nöqsanlarının olmasını, buraxdığı nöqsanlarını səmimi etiraf etdiyini, etimad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd etmiş və xidmətə bərpa edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli, 885 nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Silahlı X1 1-ci maddəsinə əsasən hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Yuxarıda qeyd olunanlara və İntizam Nizamnaməsinin 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. İddiaçı hərbi xidmətlə bir araya sığmayan əməllərinə görə «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi dərmanların qeydiyyatı kitabının 2018-ci ildə olmadığı bildirdi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan DSX rəisinin əmrindən görünür ki, iddiaçı 1369 ş/h nömrəli, 15.09.2018-ci il tarixli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İş materiallarında olan Xidmət vərəqəsindən müəyyən edilir ki, iddiaçı “Xidməti fəaliyyətində fərqləndiyinə görə” 21.03.2017-ci il tarixdə, 4-cü “İslam Həmrəyliyi oyunları”nda göstərilən köməkliyə görə 24.05.2017-ci il tarixdə, “Xidməti vəzifələrinin icrası zamanı əldə etdiyi nailiyyətlərə görə və 5-ci sərhəd dəstəsinin yaradılmasının 25-ci ildönümü münasibətilə 14.06.2017-ci il tarixdə, DSX peşə bayramı günü münasibəti ilə 16.08.2018-ci il tarixdə həvəsləndirilmişdir. Həmçinin 21.11.2016-cı il tarixdə “sərhəd zastavasının idarə edilməsində və şəxsi heyətin qidalanmasında zəif nəzarət etdiyinə görə və verilmiş göstərişlərin icrasına səhlənkar yanaşdığına görə”, 31.10.2017-ci il tarixdə “plastik əməkhaqqı kartını itirdiyinə görə” və 02.04.2018-ci il tarixdə “sərhəd zastavasında ləpirçilik üzrə tədbirlərin keçirilməsinə zəif nəzarət etdiyinə və ONİZ-da DSP-nin pozulması əlamətlərini aşkar edə bilmədiyinə görə” Töhmət” ilə cəzalandırılmışdır. İş materiallarında olan DSX Hərbi hospitalının 11.09.2018-ci il tarixli sənədində iddiaçıda “barbiturat” maddəsinin “pozitiv” olduğu qeyd edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinin v.m.i.e. tibb xidməti polkovnik leytenantının DSX İstintaq və Təhqiqat İdarəsinin rəisinin müavini ədliyyə mayoru Elçin Abuzərliyə ünvanladığı 30.12.2020-ci il tarixli, 26/1591 nömrəli məktubda qeyd edilir ki: “Sizin, 15.12.2020-ci il tarixli 16/6446 nömrəli məktubunuzda aidiyyəti olan suallara cavab olaraq bildirirəm ki, 11.09.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu İddiaçı sidik nümunəsinin müayinəsini hərbi hospitalın laboratoriyasının (bölmə səlahiyyətli) rəisi tibb xidməti polkovnik-leytenantı X8 aparmışdır. Tibb xidməti polkovnik-leytenantı Tərlan Nəsirov Azərbaycan Dövlət Tibb Universitetini 1999-cu ildə həkim-laborant ixtisası üzrə bitirmişdir. O, narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə müvafiq sidik nümunəsinin meyilliliyini ekspres test metodu ilə yoxlamışdır. Müayinə zamanı Hollandiyanın “GROUP MED” şirkətinə məxsus GM testindən istifadə etmişdir. İddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi müayinə sənədlərində: “Oksigen” Klinik xəstəxanasının laboratoriya şöbəsində 18.09.2018-ci il tarixdə aparılan müayinənin, Respublika GEM Toksikoloji-Kimyəvi müayinələr üzrə Referans laboratoriyada 21.09.2018-ci il tarixdə aparılan müayinənin nəticələrində narkotik preparatların aşkar edilməməsinə səbəb, həmin müayinələrin DSX Hərbi Hospitalında aparılan müayinələrdən bir həftə sonra aparılması olmuşdur. Həmin müddət ərzində orqanizmdə narkotik maddənin detoksikasiyası və təmizlənməsi istisna olunmur. 15.12.2020-ci il tarixdə sabiq hərbi qulluqçu İddiaçı götürülmüş həmin sidik nümunəsi 25.10.2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Elspertiza və X9-Təcrübi və Tədris Birliyində məhkəmə-kimyəvi ekspertiza olunmuş və sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. Ümumiyyətlə sabiq hərbi qulluqçu İddiaçı münasibətdə onun sidik nümunəsinin müayinə aparılmasına səbəb olaraq bildirirəm ki, rəhbərliyin göstərişinə əsasən bütün hərbi qulluqçular il ərzində mütəmadi olaraq kompleks müayinələrdən keçirilir. 11.09.2018ci il tarixdə də hərbi qulluqçuların narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliliyinə görə planlı olaraq yoxlanılması aparılmış və İddiaçı sidik nümunəsinin müayinəsi də həmin vaxta təsadüf etmişdir. Həmin müddətdə onunla xidmət edən təxminən 700 nəfərə qədər hərbi qulluqçu müayinə olunmuş, nəticə etibari ilə İddiaçı da daxil olmaqla yalnız 3 nəfərin sidik nümunəsində narkotik maddə aşkar edilmişdir”. İş materiallarında olan 16.11.2018-ci il tarixli, 54/1830 nömrəli raportun surətində qeyd edilmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini Baş Qərargah rəisinin göstərşinə əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu baş leytenant X2 götürülmüş sidik nümunəsi 11.09.2018-ci il tarixdə laborator müayinə olunmuşdur. Müayinənin nəticələrinə görə sidik nümunəsinin tərkibində barbiturat aşkar edilmişdir. Bu barədə Baş Qərargah rəisinə 24.09.2018-ci il tarixli K/1471m nömrəli rapotla məruzə olunmuşdur. Dövlət Sərhəd Xidməti rəisinin göstərişinə əsasən, müayinənin daha dərinləşdirilmiş, ixtisaslı tibb müəssisəsində aparılması üçün dövlət hüquq mühafizə orqanlarının daha çox müraciət etdikləri və respublikada nüfuzlu müəssisə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Baş Direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənovla razılaşdırıldıqdan sonra həmin sidik nümunəsi PEN/2018 kimi kodlaşdırılaraq müayinə edilməsi üçün qeyd olunan birliyə aparılmışdır. Sidik nümunəsi laborator müayinə edildikdən sonra nəticələri hospitala göndərilmişdir. Müayinənin nəticələrinə görə sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. İş materiallarında olan 2679/K nömrəli ekspertiza Aktının nəticə hissəsində qeyd edilmişdir ki, Sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edildi. Alkoloidlər (həmçinin tiryək qrupu), çətənə bitkisindən alman və təbii mənşəli narkotik vasitə hesab edilən kannabinoid, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi. İş materiallarında olan X3 08.01.2021-ci il tarixli 03/21 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı 18.09.2018-ci il tarixdə "X5" MMC-yə müraciət etmiş, 10 növ preparat və narkotik maddə sidikdə-amphetamine müayinəsindən keçmişdir. Müayinə nəticələri, həmçinin "barbitur turşusu (barbituratlar)" aşkarlanması neqativ qiymətləndirilmişdir. Qeyd edilən "barbitur turşusu (barbituratlar)"nun aşkar edilməsi, mütəxəssislərin rəyinə əsasən 7-10 gün müddətində mümkündür. Bu müddət keçdikdən sonra müayinə nəticələri "neqativ" ola bilər. İş materiallarında olan iddiaçının DSX rəisinə ünvanladığı ərizədən müəyyən edilmişdir ki, iddiaçı xidməti müddətində etdiyi nöqsanlardan peşman olmuş, ona yenidən etimad göstərilərsə özünü doğruldacağını bildirmiş və yenidən işə bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçıya məxsus ******* nömrəli hərbi biletin surətindən müəyyən edilmişdir ki, o, DSX rəisinin 15.09.2018-ci il tarixli, 1369 ş/h nömrəli əmri ilə xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılmışdır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin 10.09.2020-ci il tarixli, 762 nömrəli məktubuna əlavə edilən N nömrəli hərbi hissə komandirinin 21.09.2018-ci il tarixli 0227 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətində qeyd edilir ki, ‘'Hərbi vəzifə və hərbi xidmət haqqında'' Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini baş leytenant İddiaçı Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar 20 sentyabr 2018-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılsın, hərbi qeydiyyata götürülməsi üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinə göndərilsin. Baş leytenant İddiaçı 20 sentyabr 2018-ci il tarixə xidmət illəri: Təqvimi: 08 il, 00 ay, 20 gün. İş materiallarında olan DSX Hərbi Hospitalının Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə ünvanladığı məktubdan görünür ki, iddiaçıya məxsus PEN/2018 adı ilə kodlaşdırılmış sidik nümunəsi ekspertizaya 25.10.2018-ci il tarixdə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 01 mart 2021-ci il tarixli, 2- 1(116)-58/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Sərhəd Xidmətinin 1369 ş/h saylı, 15 sentyabr 2018-ci il tarixli əmrinin ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti apellyasiya şikayətində qeyd etmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi litseydə, 2010-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin Hərbi Akademiyasında hərbi təhsil almışdır. Hərbi Akademiyanı bitirdikdən sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində zastava rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. 2018-ci ildə xidməti zərurətlə əlaqədar X11 Diviziyasına ezam edilmişdir. Xidməti ezamiyyətdə olduğu müddətdə 11 sentyabr 2018-ci il tarixdə Dövlət Sərhəd Xidməti Hərbi hospitalının səyyar laborotoriyası tərəfindən hərbi hissənin bütün şəxsi heyətinin sidik nümunəsinin Hollandiya istehsalı olan “GROUP MED” şirkətinə məxsus GM testi vasitəsilə narkotik, psixotrop, uyuşdurucu, kefləndirici və dərman maddələrinə meyilliyi müvafiq olaraq ekspres test metodu ilə yoxlanılması həyata keçirilmişdir. Hərbi qulluqçulardan götürülmüş sidik analizlərinin müayinəsi zamanı İddiaçı sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olmuş və bu səbəbdən də sonuncu DSX rəisinin 15.09.2018-ci il tarixli 1369 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. İddiaçı götürülmüş sidik nümunəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilmişdir. Ekspertin 05.11.2018-ci il tarixli 2679/K nömrəli məhkəmə kimyəvi aktına əsasən təqdim edilmiş sidik nümunəsinin tərkibində barbitur turşüsu törəmələrinə aid olan fenobarbital aşkar edilmişdir. İddiaçı məxsus sidik nümunəsində “Barbiturat (BAR) maddəsinin pozitiv olması ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Daxili Təhlükəsizlik idarəsinə dəvət olunaraq izahatı alınmışdır. İddiaçı izahatında “son altı ay ərzində hər hansı dərman preparatı qəbul edib-etməməsi” soruşulmuş, o isə təxminən iki ay əvvəl N nömrəli hərbi hissədə xidmətdə olarkən səhhətində yaranmış narahatlıqla bağlı dərman preparatı qəbul etdiyini bildirmişdir. Keçirilmiş məhkəmə iclasında İddiaçı, N nömrəli hərbi hissədə xidməti ezamiyyətdə olan zaman 10.09.2018-ci il tarixdə başının ağrıması səbəbindən hərbi hissənin tibb məntəqəsinə müraciət etdiyini və ona dərman preparatı verildiyini iddia etsə də, 13.09.2018-ci il tarixdə verdiyi izahatında ən son iki ay öncə N nömrəli hərbi hissədə xidmət etdiyi zaman dərman preparatı qəbul etdiyini qeyd etmişdir. Bundan başqa İddiaçı 2021-ci ilin yanvar ayında Dövlət Sərhəd Xidməti rəisinə ərizə ünvanlayaraq xidmət müddətində buraxdığı nöqsanları səmimi olaraq etiraf etdiyini, etimad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd etmiş və xidmətə bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh DSX-nin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, Şəki İnzibati məhkəməsi birtərəfli qaydada iddiaçının izahatlarını diniəmiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarmışdır. Göründüyü kimi, İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı «əmrin ləğv edilməsi və xidmətə bərpa edilməsi» tələbi əsassızdır və məhkəmə tərəfindən rədd edilməli idi. Lakin məhkəmə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulmuş işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək əsassız qərar qəbul etmişdir. Buna görə də Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2- 1(116)-58/2021 saylı qərarı qanuni və əsaslı hesab edilə bilməz, çünki məhkəmə maddi və prosessual hüquq normalarını pozaraq, sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirmədən işin hallarına uyğun olmayan əsassız qərar qəbul etmişdir. Odur ki, Şəki inzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul çıxarılmasını Sizdən xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq İddiaçı vəkili X10 və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin nümayəndəsi məhkəmə iclasına heç bir üzürlü səbəbdən gəlməmələrinə dair sübut təqdim etmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının vəkili X10 məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılması xahiş etmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin əmri ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin əmri mübahisələndirmişdir. X7 Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-298/2020 nömrəli, 05.08.2020-ci il tarixli qərardadı ilə iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 87.9cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. Mübahisələndirilən əmrin qəbul olunmasına səbəb iddiaçının sidik nümunəsində “Barbiturat (BAR) pozitiv olması olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaçının 13.09.2018-ci il tarixli izahatından görünür ki, iddiaçı qeyd olunan maddədən heç vaxt istifadə etmədiyini, bu barədə daha dərindən araşdırma aparılmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciəti ilə əlaqədar araşdırma aparılmamış, 15.09.2018-ci il tarixində o, xidməti uyğunsuzluq səbəbi ilə xidmətdən ehtiyata buraxılmışdır. Cavabdeh iddiaçı barəsində mübahisəli əmri qəbul etdikdən 40 gün sonra iddiaçının sidik nümunəsini Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinə göndərmiş və 05.11.2018-ci il tarixli rəylə Sidik nümunəsinin tərkibində barbitur turşusu törəmələrinə aid olan fenobarbital aşkar edildiyi müəyyən olunmuşdur. Məhkəməyə cavabdehin qeyd olunan hərəkəti aydın deyil. İddiaçını xidmətdən xaric etdikdən sonra nümunənin ekspertizaya göndərilməsinin səbəbi cavabdeh tərəfindən əsaslandırılmamışdır. İddiaçıdan götürülmüş sidik nümunəsinin ekspertizaya göndərilənə qədər 40 gün müddətində hansı şəraitdə saxlanması, həmin nümunəyə hər hansı müdaxilənin qarşısının alınması istiqamətində görülmüş tədbirlər barədə məlumat verilməmişdir. Mübahisə olduğu təqdirdə iddiaçıya münasibətdə araşdırma aparmaq əvəzinə, yəni iddiaçı qeyd olunan maddəni qəbul etmədiyini bildirdiyi halda və onun izahatı ilə nümunənin götürülməsi vaxtı arasında uzun müddət keçməmiş, ondan təkrar nümunə götürərək birbaşa ekspertizaya təqdim etmək əvəzinə cavabdeh inzibati orqan iddiaçını xidmətdən xaric edərək, əvvəldə etməli olduğu hərəkətləri kifayət qədər gecikmə ilə sonradan etmiş, faktiki olaraq iddiaçının hüquqlarını pozduqdan sonra araşdırma aparması görüntüsü yaratmağa çalışmışdır. İddiaçı analizin nəticələri ilə razı olmadığı üçün özü iki müxtəlif tibb müəssisəsində yenidən 18.09.2018 və 21.09.2018-ci il tarixlərində analiz vermiş və onun analizində qeyd olunan maddənin, həmçinin digər narkotik və ya psixotrop maddələrin aşkar olunmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin ekspert-kimyaçısı Nuriyeva Nərminə tərəfindən iddiaçının vəkilinin sorğusuna cavab olaraq verdiyi 26.11.2018-ci il tarixli cavaban görünür ki, barbitur turşusu törəmələri (barbituratlar) tibbdə əsasən sakitləşdirici və yuxugətirici kimi, qıcolma əleyhinə, ümumi anesteziya üçün istifadə olunur. Barbituratlardan Fenobarbital – Pentalgin, Andipal, Bellataminal, Teofedrin, Paqlyuferal həblərinin, Korvalol, Valokardin, Barboval preparatlarının tərkibinə daxildir. Butobarbital draje şəklində buraxılan Belloid adlı preparatın tərkibinə daxildir. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında analiz verməmişdən bir gün əvvəl başı ağrıdığı üçün tibb məntəqəsinə müraciət etdiyini bildirmiş, buna görə məhkəmə tərəfindən müvafiq sorğu verilərək, qeydiyyat kitabının 10.09.2018-ci il tarixinə dair səhifəsinin təsdiqlənmiş surəti tələb olunmuşdur. 108 nömrəli ambulator xəstələrin qeydiyyatı kitabının müvafiq səhifəsinin təsdiqlənmiş surətindən görünür ki, iddiaçı həqiqətən 10.09.2018-ci il tarixində baş ağrısı səbəbi ilə tibb məntəqəsinə müraciət etmişdir. İddiaçının baş ağrısı səbəbi ilə müraciət etməsi və nəticə etibarı ilə ona ağrıkəsici dərmanın verilməsini məhkəmə ağlabatan hesab edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında dərmanların qeydiyyatı kitabının 2018-ci ildə olmadığı qeyd etsə də, həmin kitabın olmaması dərmanların olmaması demək deyil. Yəni dərmanların qeydiyyatı kitabının mövcud olmaması səbəbindən məntəqəyə müraciət edən şəxslərə dərman verilməsindən imtina olunması və ya tibb məntəqəsində dərmanların olmaması absurddur. Cavabdehin etirazının “İddiaçı 2021-ci ilin yanvar ayında Dövlət Sərhəd Xidməti rəisinə ərizə ünvanlayaraq xidmət müddətində nöqsanlarının olmasını, buraxdığı nöqsanlarını səmimi etiraf etdiyini, etimad göstərilərsə özünü doğrultmaq istədiyini qeyd etməsi və xidmətə bərpa edilməsini xahiş etməsi” barədə dəlilini ümumiyyətlə əsassız hesab edir. Həmin ərizə iddiaçının qeyd olunan maddəni qəbul etməsi mənasını vermir. Əksinə iddiaçının məhkəmədən kənar qaydada xidmətə bərpa olunmağa cəhd etdiyini təsdiq edir. İddiaçının sidik nümunəsinin müayinəsini hərbi hospitalın laboratoriyasının (bölmə səlahiyyətli) rəisi tibb xidməti polkovnik-leytenantı X8 aparmışdır. Tibb xidməti polkovnikleytenantı Tərlan Nəsirov Azərbaycan Dövlət Tibb Universitetini 1999-cu ildə həkimlaborant ixtisası üzrə bitirmişdir. O, narkoloji tibb müəssisəsinin həkimnarkoloqu olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xidmətdən ehtiyata buraxılmasına səbəb olan cavabdehin iddia etdiyi hal, yəni hərbi qulluqçunun narkotik və ya psixotrop maddə qəbul etməsi kifayət qədər ağır nəticələrə səbəb olan qərardır. Belə ki, qeyd olunan səbəblə ehtiyata buraxılan qulluqçu gələcəkdə hüquq mühafizə orqanlarında xidmət etmək hüququndan məhrum olur və hüquqdan məhrum olma halı müddətlə məhdudlaşmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 sentyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 9 və 10 cu bəndlərinə əsasən silah və sursatın daşınmasına, tətbiq edilməsinə və saxlanmasına icazəsi olan bütün növ peşə və vəzifələr; müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələrdə fəaliyyət məhdudlaşdırılmışdır. Narkoman və toksikomanlar üçün məhdudiyyət müddəti davamlı remissiya olması şərti ilə 5 il, xroniki alkoqolizm xəstəliyinə düçar olan üçün 3 il olmalıdır. Göstərilən müddət başa çatdıqdan sonra bu xəstələr, 9 və 10-cu bəndlər istisna olmaqla, digər peşə və vəzifələrdə işləyə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 8 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi” Qaydasının 1-ci bəndinə əsasən əhalinin hüquqlarının, qanuni mənafelərinin və dövlətin təhlükəsizliyinin müdafiəsi məqsədilə peşə fəaliyyətinin ayrı-ayrı növləri və yüksək təhlükə mənbəyi ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslər işə qəbul olduqda, işlədiyi müddətdə isə ildə bir dəfədən az olmayaraq dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçməlidirlər. Həmin Qaydanın 2-ci bəndinə əsasən göstərilən şəxslərin dövlət narkoloji tibb müəssisəsində tibbi müayinədən (tibbi yoxlamadan) keçirilmələri aidiyyəti idarə və ya müəssisələrin rəhbərləri tərəfindən təmin olunmalıdır. Həmin Qaydanın 3-cü bəndinə əsasən göstərilən şəxslərin tibbi müayinədən (tibbi yoxlamadan) keçməsi üçün aidiyyəti idarə və ya müəssisə rəhbərinin göstərişi əsasdır. Həmin Qaydanın 4-cü bəndinə əsasən dövlət narkoloji tibb müəssisəsinin rəhbərliyi göstərilən şəxslər tibbi müayinədən (tibbi yoxlamadan) keçən zaman zərurət yarandıqda, onlar haqqında əlavə məlumat əldə etmək məqsədi ilə müvafiq idarə və müəssisələrə sorğu ilə müraciət edə bilər. Həmin Qaydanın 5-ci bəndinə əsasən dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibb yoxlama) haqqında rəy tərtib edilməli, onun əsli isə işə götürən idarəyə və ya müəssisəyə göndərilməli və işçinin şəxsi işinə tikilməlidir. İşçinin vaxtlı-vaxtında tibbi müayinə (tibi yoxlama) keçməsi təmin olunmalıdır. Həmin Qaydanın 6-ci bəndinə əsasən dövlət narkoloji tibb müəssisəsi tərəfindən tibbi müayinə (tibbi yoxlama) haqqında verilən rəydə şəxsin narkoloji xəstəliyə düçar olubolmaması və ya insan psixikasına təsir edən maddələrin qəbulu faktının aşkar olunması, zərurət olduqda isə laborator tədqiqatlarının nəticələri əsasında həmin maddələrin növü barədə məlumatlar əks olunmalıdır. Narkoloji Xidmət və Nəzarət haqqında Azərbaycan Respublikası Qanununun 20.1ci maddəsinə əsasən insan psixikasına təsir göstərən maddələrin istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və məhkəmənin qərarı əsasında, habelə işə götürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsu əsasında həyata keçirilir. Həmin Qanununun 20.3-cü maddəsinə əsasən sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Şəxsin münaqişə komissiyasına müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmə baxışına qədər çıxarılmalıdır. Münaqişə komissiyasının tərkibi və fəaliyyət qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbi ondan götürülmüş sidik nümunəsində psixotrop vasitənin aşkarlanması olmuşdur. Halbuki məlumdur ki, narkotik və psixotrop vasitələr mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrdir. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, həmin maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Danılmaz faktdır ki, narkomaniya digər vərdişlərə görə daha təhlükəlidir. Belə ki, narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar Abstinent sindromuna gətirib çıxarır. Narkotiklərə alışmış orqanizmin Abstinent sindromu zamanı yaranan ağrı hisslərindən azad olmaq arzusu o dərəcədə güclüdür ki, bu zaman narkotik əldə etmək xatirinə istənilən xoşagəlməz, neqativ hərəkətlərə yol verilə bilər. Hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Nəzərə alanda ki, iddiaçı rütbəsinə (baş leytenant) və tutmuş olduğu vəzifəsinə (sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini) görə müəyyən kateqoriya hərbi qulluqçulara münasibətdə rəis hesab olunur, bütün komandirlər (rəis) isə hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borcludurlar, ümumiyyətlə bütün hərbi qulluqçular Azərbaycan Respublikasının qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməlidirlər, iddiaçının malik olduğu statusla, barəsində aşkara çıxması iddia edilən halın aydınlaşdırılması məsələsinə cavabdeh tərəfindən ətraflı qiymət verilməli idi. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində müayinə dövlət narkoloji tibb müəssisəsində aparılmamış, aparılan tibbi müayinə həkim-narkoloq tərəfindən həyata keçirilməmiş, iddiaçının izahatına əsasən barəsində təkrar müayinə keçirilməmiş, onun dəlillərinə cavabdeh tərəfindən qiymət verilməmiş, sidik nümunəsi iddiaçı ehtiyata buraxıldıqdan 40 gün sonra ekpertizaya göndərilmiş, həmin nümunənin həqiqətən iddiaçıya məxsus olub-olmaması (lazımi qaydada qablaşdırılması), 40 gündən sonra ekpertizaya göndərilməsinin səbəbi barədə məhkəməyə tutarlı sübut təqdim edilməmiş, bununla iddiaçının hüquqlarını pozan mübahisəli qərar (əmr) verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia təmin olunmalı, Dövlət Sərhəd Xidmətinin 1369 ş/h saylı, 15 sentyabr 2018-ci il tarixli əmri ləğv edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 6-cı sərhəd zastavası rəisinin texniki mühafizə üzrə müavini vəzifəsinə bərpa edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cvabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(116)-58/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-252/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-252/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver