Məhkəmə qərarları › İş №2-1(107)-252/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-252/2023

26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-252/2023 26.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan X1 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-664/2022 nömrəli qərarından iş üzrə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan X1 adının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-664/2022 nömrəli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ucar Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçılar ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışdan üçüncü şəxsin adının çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, müraciətlərini, həmin çıxarışda qeyd edilən torpaq sahəsinin üçüncü şəxsə məxsus olmaması ilə əsaslandırmışlar. Lakin müraciətləri təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını X1 mülkiyyət hüququnun Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı əsasında dövlət qeydiyyatına alınması ilə əsaslandırmışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 dekabr 2022-ci il tarixli 2- 1(116)-664/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

9. İddiaçı2 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-664/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-664/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2- 1(116)-664/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclasına gəlməmiş, İddiaçı2 teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - A285741 nömrəli plan-ölçü sənədindən görünür ki, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarına əsasən 832.48 kv.m torpaq sahəsinə X4 adına plan-ölçü sənədi hazırlanmışdır. - Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 nömrəli iclasının protokolundan görünür ki, Göyçay şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələrin onların mülkiyyətinə verilməsi qərara alınmışdır. - Göyçay şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, 1977 sıra nömrəsinin qarşısında X6, X8 və X2 adları qeyd edilmiş, torpağın sahəsi 0.06 ha qeyd edilmiş, daha sonra “6” rəqəminə düzəliş edilərək “8” qeyd edilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Göyçay şəhəri X14 küçəsi 69 ünvanında yerləşən 0.083248 ha torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla İddiaçı2, İddiaçı1 və X1 paylı mülkiyyətindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

17. “Torpaq islahatı haqqında” haqqında Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 12-ci maddəsinə əsasən sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır.

18. Torpaq islahatı aparılan zamanı qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilən “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında” Əsasnamə: ...

2. Yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə təsərrüfatın ərazisində dövlət mülkiyyətində saxlanılacaq, bələdiyyə mülkiyyətinə veriləcək və özəlləşdiriləcək torpaqları yer üzərində (naturada) müəyyənləşdirir.

3. Yerli aqrar islahatı komissiyası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanları ilə birlikdə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən edir.

4. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

5. Bu Əsasnamənin 2-ci və 3-cü bəndlərində göstərilən işlər başa çatdırıldıqdan sonra qanunvericiliyə müvafiq təsdiq edilmiş kompleks yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları yer üzərində (naturada) torpaq sahələrini ayırır, püşkatma yolu ilə vətəndaşlar arasında müəyyənləşdirir və torpağa mülkiyyət və istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər hazırlayır və vətəndaşlara verir. Bu sənədlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsində qeydiyyatdan keçirilir və vətəndaşlara təqdim olunur

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, A285741 nömrəli plan-ölçü sənədinə əsasən, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 nömrəli qərarı ilə 832.48 kv.m torpaq sahəsinə X4 adına plan-ölçü sənədi hazırlanmışdır. Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 nömrəli iclasının protokoluna əsasən, Göyçay şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələrin onların mülkiyyətinə verilməsi qərara alınmışdır. Göyçay şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, 1977 sıra nömrəsinin qarşısında X6, X8 və X2 adları qeyd edilmiş, torpağın sahəsi 0.06 ha qeyd edilmiş, daha sonra “6” rəqəminə düzəliş edilərək “8” qeyd edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetsrindən çıxarışdan görünür ki, Göyçay şəhəri X14 küçəsi 69 ünvanında yerləşən 0.083248 ha torpaq sahəsi hər birinin payı 1/3 hissə olmaqla İddiaçı2, İddiaçı1 və X1 paylı mülkiyyətindədir.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

28. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 saylı qərarını yox, cavabdeh orqanın, xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın tərtib edilməsində ifadə olunan faktiki xarakterli hərəkətlərini mübahisələndirir. Belə ki, iddiaçı hesab edir ki, cavabdeh orqan üçüncü şəxsin adını müvafiq çıxarışa daxil edərkən səhvə yol vermişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, istinad olunmuş normaların məzmunundan göründüyü kimi, yerli aqrar islahatı komissiyası dövlət yerquruluşu xidməti ilə birlikdə ilk öncə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan subyektlərin sayını və hər bir subyektə düşən orta torpaq payının ölçüsünü müəyyən etmişdir. İşdə olan torpaq payı almaq hüququ olan subyektlər siyahısından göründüyü kimi, üçüncü şəxs hazırkı iş üzrə iddiaçılardan biri olan Fizuli Yəhyayevin ailə üzvü olduğundan, Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 saylı qərarı ilə təsdiq edilmiş torpaq sahəsinin ayrılması ilə bağlı subyektlər siyahısına adı daxil edilmişdir. Odur ki, cavabdeh orqan haqlı olaraq üçüncü şəxsin adını subyektlər siyahısına və Göyçay rayon AİK-nın xx.xx.1999-cu il tarixli 50 saylı qərarına istinad etməklə RX seriyalı ******* nömrəli çıxarışa mülkiyyətçilərdən biri kimi daxil etmişdir. İnzibati işin məhkəmə araşdırması zamanı üçüncü şəxsin adının RX seriyalı ******* nömrəli çıxarışdan çıxarılması üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.

30. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan X1 adının çıxarılmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-664/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar