Məhkəmə qərarları › İş №2-1(107)-252/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-252/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-252/2024 30.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-292/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddəti və digər əmək fəlaiyyəti müddətlərini nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan iddiaçının 15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək işlədiyi Zaqatala Rayon Çamaşırxanasının uzun müddət fəaliyyət göstərməməsini və maliyyə uçot sənədləri arxivə təhvil verilməməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsinin əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatması və 25 ildən artıq sosial sığorta stajının olması çıxış edir. Həmçinin iddiaçı bildirmişdir ki, xx.xx.1990-cı il tarixdən 01,07.2004-cü il tarixədək Zaqatala Şəhər Mərkəzi Camarşırxana icarə Podratı Təşkilatında işləmişdir. Belə ki, İddiaçı ilk növbədə cavabdeh orqana ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 13 il 6 ay 13 gün olmaqla tələb olunan müddətdən (25 ildən) az olduğu qeyd olunmuşdur. İddiaçı qeyd olunanlara əsaslanaraq Şəki İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi müddətin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini rəhbər tutaraq işə dair etiraz təqdim edilmiş və icraata qəbul edib hüquqi qiymət verilməsi xahiş edilmişdir. Hesab edilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçı İ.Məmmədovun iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tarəfindən təmin edilməməlidir.

4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmununa uyğun olaraq xx.xx.1959-cu il təvəllüdlü İddiaçı yasa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə çatmışdır. Hazırda qadınlar üçün pensiya yaş həddi 63 yaşdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir.

5. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən ümumi sığorta stajı 13 il 6 ay 13 gün təşkil edir. Eyni zamanda 13 il 6 ay 13 gün sığorta stajına uyğun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10315.38 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.

6. Əlavə olaraq bildirilmişdir ki, Fondun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli xidməti məktubuna əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Zaqatala rayon X3 təşkilatı uzun müddət fəaliyyəti olmadığı səbəbindən və maliyyə uçot sənədləri rayon arxivinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun deyildir.

7. Bələ ki, Qaydaların 1.6-cı bəndinə əsasən əmək kitabçası 4 bölmədən ibarətdir. 1ci bölmə üz qabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə iş haqqında məlumat, 4-cü bölmə isə pensiya təyin edilməsi haqqında məlumatdır. Həmçinin, sözügedən Qaydaların 3.2-ci bəndinə əsasən “İş haqqında məlumat” bölməsinin 3-cü qrafasında başlıq formasında işəgötürənin tam adı yazılır. Bu başlıq altında 1-ci qrafada daxil edilən yazılışın sıra nömrəsi, 2-ci qrafada isə işçinin qəbul edildiyi tarix göstərilir. 3-cü qrafada işin adı, peşəsi, yaxud vəzifəsi, həmçinin vahid tarif cədvəli üzrə əməyin ödənilməsi dərəcəsi konkret göstərilməklə hansı sexə, şöbəyə, bölməyə, sahəyə, peşə və ya vəzifəyə təyin edilməsi yazılır. Qeyd olunanlara əsaslanaraq, İddiaçı əmək kitabçasının surətində qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər Zaqatala Rayon Camarşırxana icarə Podratı Təşkilatındaki əmək fəaliyyəti əmək kitabçasının “İş haqqında məlumat" bölməsində yox, “Təltiflər və mükafatlar haqqında məlumat" bölməsində qeyd olunmuşdur. Beləliklə, iddiaçının əmək kitabçası doldurularkən əmək fəaliyyəti dövrləri üzrə ardıcıllıq gözlənilməmişdir. Yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımında İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə poyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-292/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-292/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-292/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

15. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.1978-ci il tarixli əmək kitabçasından əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi göstərilmişdir: xx.xx.1976 - xx.xx.1977, xx.xx.1990 – xx.xx.2002, xx.xx.1977 – xx.xx.1978, xx.xx.2003 – xx.xx.2004, xx.xx.1979 – xx.xx.1990. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1959-cu il tarixdə doğulmuşdur. - X3 təşkilatının İddiaçı təqdim etdiyi xx.xx.2023- cü il tarixli 012 nömrəli camaşırxana arayışında qeyd edilmişdir ki, xx.xx.1990-cı il tarixli 29 nömrəli əmrə əsasən İddiaçı xx.xx.1990-cı il tarixdə Zaqatala rayonu mərkəzi Camaşırxanaya ütücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci il tarixli 29 nömrəli əmri ilə öz ərizəsinə əsasən işdən azad olunmuş, xx.xx.2003-cü il tarixli 09 nömrəli əmrə əsasən Zaqatala rayonu mərkəzi Camaşırxanaya ütücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2004-cü il tarixli 11 nömrəli əmr ilə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Zaqatala şəhər Mərkəzi X3 Təşkilatı (VÖEN:**********) Ədliyyə Nazirliyi Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Zaqatala bölgə şöbəsində D-9/50 saylı şəhadətnamə ilə xx.xx.1998-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.1998-ci il tarixdə isə 13 saylı ƏVİ-də ********* nömrəli, xx.xx.2005-ci ildə isə ********** VÖEN-lə vergi uçotuna alınmışdır. Təsisçisi Zaqatala şəhər Kommunal Müəssisələri Kombinatı, rəhbəri isə X2r. xx.xx.2008-ci il tarixdən fəaliyyəti dayandırılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

20. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

21. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Belə ki, iddiaçının 15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək Zaqatala Rayon Çamaşırxanasında işlədiyini bildirdiyi müddət sosial sığorta stajına daxil ediləcəyi halda onun yaşa görə əmək pensiyası hüququ yaranacaqdır.

28. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 62 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranacaqdır (iddiaçı xx.xx.1959-cu ildə doğulub).

29. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.

30. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.

31. İddiaçının azı 25 il sığorta stajının olması ilə bağlı tələbə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdeh orqan iş materiallarında olan xx.xx.1978-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının 13 il, 6 ay, 13 gün sosial sığorta stajının mövcudluğunu qəbul edir.

32. İddiaçının Zaqatala Rayon Çamaşırxanasında işlədiyini bildirdiyi müddət isə xx.xx.1990-xx.xx.2002-ci və xx.xx.2003-xx.xx.2004-cü illəri əhatə edir.

33. Cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına istinad edərək iddiaçıya məxsus əmək kitabçasının son qeydlərinin mötəbərliyini mübahisələndirir.

34. Belə ki, cavabdeh orqan hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasının surətində qeyd olunan xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixə qədər Zaqatala Rayon Camarşırxana icarə Podratı Təşkilatındakı əmək fəaliyyəti müddəti əmək kitabçasının “İş haqqında məlumat" bölməsində yox, “Təltiflər və mükafatlar haqqında məlumat" bölməsində qeyd olunmuşdur. Beləliklə, iddiaçının əmək kitabçası doldurularkən əmək fəaliyyəti dövrləri üzrə ardıcıllıq gözlənilməmişdir.

35. İddiaçıya məxsus əmək kitabçasında Zaqatala Rayon Çamaşırxanasında işə qəbul olunduğu tarixlə (xx.xx.2003) bağlı düzəliş icra edildiyindən, eyni zamanda xx.xx.1990-cı il tarixli və xx.xx.2002-ci il tarixli əmrlər kiril və latın əlifbası ilə yazılmasına və müxtəlif şəxslər tərəfindən imzalanmasına baxmayaraq, üzərindən 12 il keçdiyi halda aşkar şəkildə eyni şəxs tərəfindən yazılması təsəssüratı yaratdığından, həmçinin iddiaçının sonuncu əmək fəaliyyəti barədə məlumatların əmək kitabçasının “İş haqqında məlumat" bölməsində yox, “Təltiflər və mükafatlar haqqında məlumat" bölməsində qeyd olunduğundan Məhkəmə tərəfindən sözügedən əmək kitabçasında icra edilmiş qeydlər ilkin əmrlər kitabı əsasında yoxlanılmışdır.

36. Müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1978-ci il tarixli əmək kitabçasında Zaqatala Rayon Çamaşırxanasında işə qəbul olunduğu tarix (ütücü vəzifəsinə), əmrin nömrəsi və məzmunu (xx.xx.1990-cı il, 9№-li) sözügedən müəssisəyə aid əmrlər kitabında icra edilmiş qeydlərlə eynidir.

37. Sözügedən əmək kitabçasında iddiaçının işdən azad olunduğu tarix xx.xx.2002-ci il (29 №-li əmrlə) qeyd edilmişdir. Zaqatala Rayon Çamaşırxanasına aid əmrlər kitabında iddiaçının işdən azad olunması barədə qeyd həmin əmr kitabının 2002-ci ilə aid sonuncu əmr olaraq icra edilmişdir.

38. Növbəti dəfə iddiaçının Zaqatala Rayon Çamaşırxanasına işə qəbul olunduğu tarixə əmək kitabçasında sonradan düzəliş edilmişdir. Müəssisəyə məxsus əmrlər kitabında iddiaçının sözügedən müəssisəyə xx.xx.2003-cü il tarixli, 9№-li əmrlə işə qəbul olunması öz əksini tapmışdır.

39. İddiaçının işdən azad olunması barədə əmək kitabçasında və əmrlər kitabında (xx.xx.2004-cü il 11№-li əmr) icra edilmiş qeydlər eynidir.

40. Bununla belə Zaqatala Rayon Çamaşırxanasına aid əmrlər kitabı tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin əmrlər kitabının özü də mötəbər sübut qismində qəbul edilə bilməz.

41. Belə ki, 1976, 1979-1980,1982-1984, 1986, 1989, 1990, 1991, 1992, 1996,1997, 1998, 2001, 2006-cı illər üzrə əmrlərin əks olunduğu səhifələrin sonunda boş sətirlər qoyulmuşdur ki, bu da sonradan həmin sətirlərə istənilən məzmunda qeydlərin icra edilməsinə zəmin yaradır (1990-cı və 1998-ci ilə aid səhifələrdə isə bir əmrdən növbəti əmrə keçərkən paraqraf işarəsi qoymaqla sonradan yeni əmrin yazılmasına zəmin yaradılmışdır).

42. Ümumiyyətlə 2003-2004-cü ilə aid qeydlər istisna olmaqla heç bir ilə aid əmrlərin əks olunduğu səhifədə sonuncu əmrdən sonra yeni əmrin daxil edilməsini mümkünsüz edən şərti işarələr qoyulmamışdır.

43. Əmrlər kitabı tədqiq edilərkən müəyyən edilmişdir ki, 2003-cü ilin əmrlərinin əks olunduğu 13, 14 və 15 saylı əmrlərin tarixi xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü illər olaraq qeyd edilmişdir.

44. 2003-cü ildə tərtib edilmiş əmrlər kitabında 2023-cü il tarixinin əks olunması sözügedən əmərlər kitabının 2023-cü ildə üzünün köçürülərək yenidən tərtib edilməsini aşkar sübut edir. Bu isə iddiaçının xx.xx.2003-cü il tarixli, 9№-li əmrlə işə qəbul olunmasını da şübhə altına salmaqla, həmin dövrün sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir.

45. Nəzərə alınmalıdır ki, əmrlər kitabı nömrələnməmiş, tikilməmiş, möhürlə təsdiq edilməmiş və arxivə təhvil verilməmişdir. Müəssisənin xx.xx.2008-ci il tarixdən fəaliyyətini dayandırmasına baxmayaraq, ötən 16 il ərzində əmrlər kitabının arxivə təhvil verilməməsi və sözügedən kitaba yeni məzmunun daxil edilməsi, o cümlədən kitabın üzünün yenidən köçürülməsi imkanlarının mövcudluğu nəzərə alındıqda həmin kitabda icra edilmiş qeydlər əsasında iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini qiymətləndirmək mümkün deyildir.

46. İddiaçının Zaqatala Rayon Çamaşırxanasına xx.xx.1990-cı il tarixdə işə qəbul olunduğu tarix 1990-cı ilə aid qeydlərin icra edildiyi səhifənin sonluğundadır və həmin səhifədə yeni məzmunlu əmrin daxil edilməsi üçün əlavə boş sətirlər buraxılıb. Eynilə 1990-cı ilə aid ilk səhifədə də xx.xx.1990-cı ilə aid 3 saylı əmrə paraqraf işarəsi qoyulmaqla yeni əlavələrin edilməsi üçün boş sətir qoyulmuş və növbəti səhifəyə keçilmişdir.

47. Eynilə iddiaçının işdən azad olunduğu xx.xx.2002-ci il tarixdə verilmiş 29 №-li əmr də sözügedən əmrlər kitabının 2002-ci ilə aid səhifəsinin son qeydidir. Yuxarıda qeyd edildiyi kimi əmrlər kitabının səhifələrində sonradan yeni məzmunun daxil edilməsi üçün boş sətirlər buraxıldığından iddiaçı ilə bağlı xx.xx.2002-ci il tarixli əmrin də, sonradan əmr kitabına əlavə edilməsi mümkündür və bu halı təkzib edəcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

48. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Zaqatala Rayon Çamaşırxanasında tələbdə qeyd edilən müddətlər ərzində işləməsi sübuta yetirilmədiyindən və həmin müddət daxil edilmədikdə ümumi sosial sığorta stajı 25 ildən az olduğundan cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

49. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “15 iyul 1990-cı il tarixdən 01 iyul 2004-cü il tarixinədək Zaqatala Rayon Çamaşırxanasında işlədiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2-1(116)-292/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar