Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-253/2022 22.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı ünvan 1 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)- 113/2022 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsi 116.48 kv.m 6 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 784 kv.m torpaq sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir Ərazi Şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir Ərazi Şöbəsinin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 6058 inventar №-li, sentyabr 1997-ci il tarixli “fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan həmin evin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədin olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazda mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi 1997-ci ildə tərtib edilmiş texniki pasportda qeyd edilsə də, həmin texniki pasport fərdi yaşayış evinə yox, mənzilə aid olduğundan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilməz. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddia edilən torpaq sahəsi 783 kv.m-dir. Tam hasara alınmışdır. Üzərində yaşayış evi olmaqla iddiaçı tərəfindən istifadə edilir. Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu layihəsində həmin torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir. 6058 inventar №-li, sentyabr 1997-ci il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, mənzilin sahibi İddiaçı Məhəmməd oğlu, şəxsi mülkiyyət hüququnu təsdiq edən sənəd - DTİMHQİ-nin xx.xx.1997ci il tarixli 73 saylı qərarı, pay - bütövlükdə, binanın tikildiyi il – 1997-ci il, mərtəbələrin sayı - 1, mənzilin yerləşdiyi mərtəbə - 1, mənzillərin sayı -1, torpağın sahəsi – 784 kv.m qeyd edilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 305.19 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 6058 inventar №-li, xx.xx.1997-ci il tarixli Qeydiyyat vəsiqəsindən görünür ki, ümumi sahəsi 305.19 kv.m olan ev Mingəçevir şəhər DTİ və MHQİ-nin 73 saylı xx.xx.1997-ci il tarixli qərarı əsasında iddiaçının adına qeydə alınmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 14 iyun 2022-ci il tarixli, 2- 1(116)-113/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 17 saylı ünvan 3 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi nəticəyə gələrkən prosessual və maddi hüquq normalarının düzgün tətbiq etməyərək qərar qəbul etmişdir. Belə olan halda məhkəmə qərarından apellyasiya qaydasında şikayət verərək yenidən baxılıb, ləğv olunması, yeni qərarın qəbul edilməsi zəruridir (iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmalıdır). Birinci instansiya məhkəməsi qərar qəbul edərkən inzibati iş üzrə mübahisəyə dair təqdim olunmuş sənədlərlə kifayətlənmişdir. Nəzərə alınmalıdır ki, mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olması və buna dair hər hansı ilkin hüquqmüəyyən edici sənədin olmaması torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X2 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 4 nömrəli yaşayış mənzili Mingəçevir şəhəri, XDS İK-nin 29 iyul 1983-cü il tarixli 248 nömrəli qərarına əsasən vətəndaş İddiaçı istifadəsinə verilməsi barədə 02 avqust 1983-cü il tarixli 702 nömrəli order verilmişdir. Həmin orderə əsasən dövlət mülkiyyətinə aid mənzil fondunun tərkibində ünvan 4 ünvanında yerləşən yaşayış mənzilinin İddiaçı daimi istifadəsində olmasını nəzərə alaraq Mingəçevir şəhər TİMHQİ-nin 73 saylı 22 sentya 1997-ci il tarixli qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə keçirilməsi barədə Mingəçevir şəhər TİB-su tərəfindən 2435 qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən vəsiqə verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən 17 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, texniki pasportdan göründüyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəbə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. İddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan, cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Cavabdeh orqanın verdiyi apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olması və buna dair hər hansı ilkin hüquqmüəyyən edici sənədin olmaması torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün əsas deyildir. Ona görə də, İddiaçı torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı üçün, mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri-dövlət mülkiyyətində olan torpaq sahələri üzərində Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində-Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində qeyd olunur ki, vətəndaşların qanuni istifadəsində olan fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperatibv bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Sadalanan maddi hüquq normalarının tələbindən göründüyü kimi, dövlət mülkiyyətində olan torpaq sahələrinin bələdiyyə və ya xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir və bu sahədə dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirir. Ərazi idarəsinin arxiv məlumatlarına, elektron xəritə və məlumat bazasına əsasən araşdırma aparılmış və məlum olmuşdur ki, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi10/2 nömrəli yaşayış mənzili Mingəçevir şəhəri, XDS İK-nin 29 iyul 1983-cü il tarixli 248 nömrəli qərarına əsasən vətəndaş İddiaçı istifadəsinə verilməsi barədə 02 avqust 1983-cü il tarixli 702 nömrəli order verilmişdir. Həmin orderə əsasən dövlət mülkiyyətinə aid mənzil fondunun tərkibində ünvan 4 ünvanında yerləşən yaşayış mənzilinin İddiaçı daimi istifadəsində olmasn nəzərə alaraq Mingəçevirt şəhər TİMHQİ-nin 73 saylı 22 sentyabr 1997-ci il tarixli qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə keçirilməsi barədə Mingəçevir şəhər TİB-su tərəfindən 2435 qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən vəsiqə verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən 17 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin mənzilinin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edirik ki, birinci instansiya məhkəməsi mövcud qanunvericilikdə nəzərdə tutlmuş halları nəzərə almamış və belə olan halda iddiaçının əsassız tələbini əsaslı hesab edərə qərar çıxarmışdır. Tələbin əsassız olması budur ki, mübahisə predmetinin vətəndaşın qanuni istifadəsini təmin edəcək hüquq əhəmiyyətli sənəd mövcud deyildir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda İddiaçı istifadəsində olan torpaq sahəsinin birinci instansiya məhkəməsinin qərarında öz əksini tapmış mütəxəssis rəyindən görünür ki, iddiaçının tələbində göstərilən 783 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Belə olan halda birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını əsaslı hesab etmiş və buna dair hər hansı hüquqmüəyyənedici sənədinin olmamsını nəzərə almadan iddia tələbini təmin etmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(102)-1670/2021 saylı qərarı ilə oxşar işlər üzrə eyni təcrübə formalaşdırılmışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı ünvan 1 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-253/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-253/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver