Məhkəmə qərarları › İş №2-1(107)-253/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-253/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-253/2024 12.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil, üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslərin nümayəndəsi X1 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “JN-138, KOD 40403038 nörməli Torpağa Mülkiyyət Hüququna X28 əsasən iddiaçılara Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 12.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-219/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN-138, KOD 40403038 nörməli Torpağa Mülkiyyət Hüququna X28 əsasən iddiaçılara Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli 46 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 12.28 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1943/2023 nömrəli qərardadı ilə X4, Səlimova (Cəbiyeva) Məhbubə Yolçu qızı, Səlimova (Bəbişova) Günay Yolçu qızı, Səlimova (İsrafilova) Yaqut Yolçu qızı, X13, Səlimova (Abbasova) Gözəl Yolçu qızı, X7, Səlimova (Abduyeva) Çiçək Yolçu qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

3. İddia ərizəsinin əsaslarına görə, Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsalı üçün 12.28 ha torpaq sahəsi İddiaçı və 9 ailə üzvünün istifadəsinə verilmişdir. Həmin islahat aparılan dövrdən hazırkı vaxta kimi torpaq sahəsi iddiaçı və ailə üzvünün istifadəsində olmuşdur. İddiaçı, özünün və ailə üzvlərinin Şəki rayonu Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş yuxarıda qeyd olunan kənd təsərrüfatı məhsulları istehsalı üçün verilən 12.28 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin, sonuncu 16 mart 2023-cü il tarixli məktubu ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

4. Cavabdeh Məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, Şəki rayonu, Şirinbulaq kəndində yerləşən 12.28 ha (1.8519 ha, 1.4814 ha, 7.5729 ha və 1.2470 ha, 01277 ha olmaqla 5 hissədə yerləşir) torpaq sahəsinə aid qeydiyyat kitabında 4148 nömrə ilə qeydiyyata alınmış 10 avqust 1998-ci il tarixli, KOD 40403038, JN-138 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı təqdim edilsə də, sözügedən təsərrüfatda yenidən islahat aparılmış, əvvəlki dövlət aktlarına Şəki rayon Aqrar İslahat Komissiyasının 25 mart 1998-ci il tarixli, 46 nömrəli qərarı ilə, yeni dövlət aktlarında isə 29 avqust 2000-ci il tarixli qərarı göstərildiyindən, həmçinin vətəndaşlardan 1998-ci il tarixli dövlət aktının verilməsi və təqdim edilən 10 avqust 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı barədə məlumat olmadığından, eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması zamanı məlumat aşkar edilmədiyindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir r.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 yanvar 2024-cü il tarixli 2- 1(116)-219/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

7. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-219/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-219/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-219/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşməsinə dair ərizə verərək İddiaçı, üçüncü şəxslər X4, Səlimova (Cəbiyeva) Məhbubə Yolçu qızı, Səlimova (Bəbişova) Günay Yolçu qızı, Səlimova (İsrafilova) Yaqut Yolçu qızı, X13, Səlimova (Abbasova) Gözəl Yolçu qızı, X7 və Səlimova (Abduyeva) Çiçək Yolçu qızına təsərrüfat başına kitaba uyğun olaraq 11.4 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını barədə qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslərin nümayəndəsi X4 və üçüncü şəxs X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2- 1(116)-219/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Həmçinin üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxslərin nümayəndəsi X4 və üçüncü şəxs X9 ərizə verərək təsərrüfat başına kitaba uyğun olaraq 11.4 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun tanınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin olunmasını xahiş etdilər.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-219/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - JN-138 kod 40403038 nömrəli “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1998-ci il tarixli 46 nömrəli qərarı ilə İddiaçı və ailə üzvləri ilə birlikdə X4, Səlimova (Cəbiyeva) Məhbubə Yolçu qızı, Səlimova (Bəbişova) Günay Yolçu qızı, Səlimova (İsrafilova) Yaqut Yolçu qızı, X13, Səlimova (Abbasova) Gözəl Yolçu qızı, X7, Səlimova (Abduyeva) Çiçək Yolçu qızına 12.28 ha torpaq sahəsi ayrılmışdır. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1445/2023 nömrəli məktubuna əlavə olunmuş, Şəki rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 46 nömrəli protokolu ilə təsdiq edilmiş Şəki rayonunun Şirinbulaq kəndi üzrə torpaq sahəsinə dair subyektlər siyahısından görünür ki, İddiaçı və ailə üzvləri ilə birlikdə X4, Səlimova (Cəbiyeva) Məhbubə Yolçu qızı, Səlimova (Bəbişova) Günay Yolçu qızı, Səlimova (İsrafilova) Yaqut Yolçu qızı, X13, Səlimova (Abbasova) Gözəl Yolçu qızı, X7, Səlimova (Abduyeva) Çiçək Yolçu qızına) adlarının qarşısında “həyətyanı torpaq sahəsi”- 0,12 ha, “zəbt olunan torpaq sahəsi”- 0,5 ha, “faktiki torpaq sahəsi”- A-0,8407 ha, B-0,1898 ha, BY0,0085 ha, BN- 0,0031 ha, “ümumi torpaq sahəsi”-1,0422 ha, “bələdiyyənin ehtiyat fondu”- 0,4222 ha, “mülkiyyətçiyə verilən torpaq sahəsi” qrafasının qarşısında- 0,6200 ha qeyd olunmuşdur. - 06.01.2023-cü tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, X16 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. - 138, KOD 40403038 nörməli Torpağa Mülkiyyət Hüququna X26 verilməsinə əsas olan qərar Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərar əsasında ləğv edilmişdir.. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı iclas protokolundan çıxarışdan görünür ki : a. Rayonun keçmiş Şirinbulaq UİEM-nin, Əlyar istehsal kooperativinin, Aşağı Göynük və Biləcik kolxozlarının istifadəsində olan torpaqlarda islahatların düzgün aparılmaması səbəbli dörd təsərrüfatın hər birində aparılan birinci bölgünün nəticələri ləğv edilmiş; b. Rayonun keçmiş Şirinbulaq UİEM-nin, Əlyar istehsal kooperativinin, Aşağı Göynük və Biləcik kolxozlarının istifadəsində olan torpaqlarda islahatın yenidən aparılması ilə əlaqədar Şirinbulaq UİEM-si YAİK-nın xx.xx.2000-ci il tarixli iclasının 02 saylı, Aydınbulaq kolxozu YAİK-nın xx.xx.2000-ci il tarixli 19 saylı, Aşağı Göynük kolxozu YAİK-nın xx.xx.2000-ci il tarixli iclasının 4 saylı və Biləcik kolxozu YAİK-nın xx.xx.2000-ci il tarixli iclasının 3 saylı qərarları təsdiq edilmiş; c. Hər təsərrüfatda tərtib olunmuş sənədlər əsasında torpaq bölgüsünün yenidən aparılaraq torpaqdan istifadəyə mülkiyyət hüququna dair Dövlət aktlarının hazırlanmasına köməklik göstərilməsi Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

16. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış. ...

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının və ailə üzvlərinin adına Dövlət Aktı tərtib edilməmişdir. Odur ki, iddia olunan torpaq sahəsinin məhz Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı əsasında aparılmış yeni bölgüyə əsasən iddiaçıya verilməsi nəzərdə tutulan torpaq sahəsi olması ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Beləliklə, Şəki rayonu Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 8 saylı qərarı əsasında iddiaçılara kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin ayrılması ilə bağlı hüquqmüəyyənedici sənədlər mövcud olmadığından, habelə iddia olunan torpaq sahəsinə dair iddiaçının istinad etdiyi JN 138 nömrəli Dövlət Aktı hazırda qüvvədə olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Şəki rayonu Şirinbulaq kənd İƏD üzrə nümayəndəliyinin 01 saylı təsərrüfatbaışna kitabının 48-ci səhifəsindəki 23-cü təsərrüfatdan çıxarışdan görünür ki, Şəki rayonu Şirinbulaq kəndi ərazisində İddiaçı və onun ailə üzvlərinə məxsus 0,12 ha həyətyanı və 11,04 ha əkin təyinatlı pay torpaq sahəsi var.

25. Həmçinin məhkəmə kollegiyasının 31 may 2024-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şirinbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 3 iyun 2024-cü il tarixli məktubunu əlavə edilmiş 1 nömrəli təsərrüfatbaşına kitablarında olan 1997-2023-cü illər əhatə edən məlumatdan müəyyən olunur ki, İddiaçı və onun ailə üzvlərinin istifadəsində olan 11,04 ha torpaq sahəsinə dair qeydlər mövcuddur.

26. Bundan başqa məhkəmə kollegiyasının 31 may 2024-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 3 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəsisiəri tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəmə predmeti olan torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə çöl ölçmə işləri aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən 11.04 ha torpaq sahəsi DWG faylına əsasən JN-138, JN- 138A, 138-W, 138-Q, 138-C nömrəli konturlar olmaqla 5 (beş) hissədə yerləşir. TEKUİS məlumat bazasında 138A, 138W, 138Q, 138C nömrəli torpaq sahələri X5 mülkiyyətində olmaqla xüsusi mülkiyyətdə olan ərazi kimi göstərilmişdir, 138 nömrəli torpaq sahəsi faktiki olaraq 138A nömrəli torpaq sahəsinin sərhədlərinin hüdüdları daxilində yerləşdiyindən TEKUİS məlumat bazasında göstərilməmişdir. Həmin torpaq sahələri hazırda İddiaçı Diləçi qızı tərəfindən istifadə olunur.

27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 3 iyun 2024-cü il tarixli məktubuna əlavə edilmiş hazırkı mübahisə predmeti olan əmlaka dair subyektlər siyahısında X14 və onun ailə üzvlərinin adlarının qeyd olunduğu müəyyən olunur.

28. Şirinbulaq kənd İnzibati Ərazi Dairəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı 2000-ci ildə torpaq islahat zamanı JN-138 kod, 40403038 nömrəli dövlət aktına əsasən aşağıda adları qeyd olunan ailə üzvləri olmuşdur: X14, X4, X6, X9, X10, X13, X11, X7 və X12.

29. İşdə olan AZ-İİ 317893 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

30. Ölkədə aqrar islahatın aparıldığı və ondan sonrakı dövrdə iddiaçıların və üçüncü şəxslərin istifadəsində 0,12 ha həyətyanı və 11,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur. İddiaçı isə istifadəsində olan 11,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair çıxarış və plan-ölçü sənədinin verilməsinə nail olmaq istəyir.

31. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbi qismən yəni 11,04 ha torpaq sahəsinə dair hissədə təmin edilməlidir.

32. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə təsərrüfat başına kitaba uyğun olaraq 11.04 ha torpaq sahəsi üzərində İddiaçı, X4, Səlimova (Cəbiyeva) Məhbubə Yolçu qızı, Səlimova (Bəbişova) Günay Yolçu qızı, Səlimova (İsrafilova) Yaqut Yolçu qızı, X13, Səlimova (Abbasova) Gözəl Yolçu qızı, X7 və Səlimova (Abduyeva) Çiçək Yolçu qızının ümümi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti qismən təmin edilməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2-1(116)-219/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. təsərrüfat başına kitaba uyğun olaraq 11.04 ha torpaq sahəsi üzərində İddiaçı, X4, Səlimova (Cəbiyeva) Məhbubə Yolçu qızı, Səlimova (Bəbişova) Günay Yolçu qızı, Səlimova (İsrafilova) Yaqut Yolçu qızı, X13, Səlimova (Abbasova) Gözəl Yolçu qızı, X7 və Səlimova (Abduyeva) Çiçək Yolçu qızının ümümi birgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar