Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-253/2025 11.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Musayev Vüqar Ələkbər oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-974/2025 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-8668/2024 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmiş və inzibati iş xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2023-cü ilin avqust ayında pensiyanın yenidən hesablanması məqsədilə Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək 2017-ci ildə olan dəyişikliyə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətindən sonra pensiyanın məbləği hesablanaraq, artırılmışdır. Lakin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bu günə qədər 2017-ci ildən ödənilməyən məbləği cəmi hələ də tam olaraq təqdim edilməmişdir.İddiaçı məsələ ilə bağlı cavabdehə müracitə etmiş,tələbi təmin edilməmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilən vəsatətdə qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya “keçmiş dövr üzrə hesablanmış fərq məbləği” haqqında 05 sentyabr 2023-cü il tarixli 3-17-1/2-N-202667/2023 nömrəli məktub ünvanlanaraq İddiaçı əmək pensiyasının xx.xx.2017-ci il tarixdən etibarən yenidən hesablandığı və keçmiş müddət üçün hesablanmış 30384,72 manat fərq məbləğinin qanunun tələblərinə əsasən hissəhissə cari pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir, İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Aşağıda qeyd edilən hüquqi və faktiki xüsusatlara görə hesab edirik ki, icraatınızda olan 2-1(116)-3044/2024 nömrəli iş üzrə iddia tələbi mümkün sayılmamalıdır: İddiaçı iddia ərizəsində qeyd edir ki, 2017-ci il tarixdən ona ödənilməmiş keçmiş müddət üçün fərq məbləği ona ödənilməlidir. İş materiallarından da göründüyü kimi iddiaçı eyni tələblə Mərkəzi Filiala müraciət etmiş və müvafiq olaraq da müraciəti təmin edilmişdir. Qeyd edirik ki, Mərkəzi Filialın iddiaçının tələbinə münasibətdə hərəkətsizliyi olmamış, müraciətinə imtina verilməmişdir. Lakin halhazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2023- cü il tarixdə 3-17-1/3-7-13186/2023 nömrəli qərarla ƏPQ-nun 20.17-ci maddəsinin tələbləri nəzərə alınaraq yenidən hesablanmışdır. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət elədiyi tələb ilə bağlı cavabdeh orqanın hərəkətsizliyi olmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır.
5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 15 yanvar 2025-ci il tarixli 2- 1(116)-974/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın hərəkətsizliyi nəticəsində 2017-ci il tarixli sərəncamın icra edilməməsi nəticəsində cavabdehdə iddiaçıya aid 30384.72 azn vəsait yığılmışdır. İddiaçı qeyd edilən məbləğin ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmiş və cavabdehin son məktubunda qeyd edilmişdir ki, onlar tərəfindən hesablanmayan təqaüdə görə iddiaçıya aid 30384.72 azn məbləğ yığılmışdır. Cavabdeh orqan tərəfindən qeyd edilən məbləğ aylara bölünərək iddiaçıya aylıq olaraq ödənilir. Bununla əlaqədar iddiaçı ərizəsini dəqiqləşdirərək məhkəməyə təqdim etmiş və cavabdehin səhlənkarlığı nəticəsində ona ödənilməyən məbləğin qalığı tam olaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, cavabdeh süni olaraq ona çatacaq məbləği verməkdən boyun qaçırmaqdadır və iddiaçı vəfat etdiyi halda, təqaüd və toplanan borc ailə üzvlərinə təqdim edilməyəcəkdir. Bundan əlavə iddiaçı bildirir ki, cavabdeh tərəfindən qanunsuzluq, hərəkətsizlik nəticəsində ona ödənilməyən 30384,72 azn məbləğindən qalan məbləğ tam olaraq birdəfəlik ödənilməlidir. Odur ki, iddianın dəqiqləşdirilməsi haqqında ərizənin nəzərə alınmasını, cavabdehin qanunsuz olaraq vaxtında dəyişiklikləri tətbiq etməməsinə görə cavabdeh tərəfindən iddiaçıya 2017-ci ilin iyul ayından ödənilməyən hissəni (yəni 30384.72 azndən ödənilməyən məbləği) birdəfəlik olaraq bir ödənişə təqdim edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayətinə verilmiş etirazda onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması nəticəsində yaranan fərq məbləğinin, eləcə də ödənilməli olan məbləğin “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qanunauyğundur. Cavabdeh bildirmişdir ki, İddiaçı 02 avqust 2023-cü il tarixli ərizə ilə Mərkəzi Filiala müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının 80%-ə çatdırılaraq yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya “keçmiş dövr üzrə hesablanmış fərq məbləği” haqqında 05 sentyabr 2023-cü il tarixli 3-17-1/2-N- 202667/2023 nömrəli məktub ünvanlanaraq M.Nəbivevanın əmək pensiyasının xx.xx.2017-ci il tarixdən etibarən yenidən hesablandığı və keçmiş müddət üçün hesablanmış 30384.72 manat fərq məbləğinin qanunun tələblərinə əsasən hissə-hissə cari pensiyasının üzərinə əlavə edilərək ödənildiyi bildirilmişdir. İddiaçının 30384,72 manat məbləğində vəsaitin ona birdəfəlik ödənilməsi tələbinə münasibətdə bir daha qeyd edilmişdir ki, yuxarıda sözügedən Qanunun 32.1-1-ci maddəsi pensiya məbləğinin yalnız müvafiq ayalara bölünərək cari pensiyanın üzərinə əlavə edilib ödənilməsini nəzərədə tutmuşdur. Belə ki, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçı M.Nəbivevanın “30384,72 manat fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qovulması” tələbinə dair iddiasını təmin etməmişdir. Cavabdeh hesab edirik ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan iddiaçı X1 apellyasiya şikayəti yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Odur ki, cavabdeh apellyasiya şikayətinə etirazda Şəki inzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)- 974/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə2 eyni məzmunda ifadə verərək apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiklərini bildirdilər. Bundan əlavə olaraq onu da qeyd etmişdirlər ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbləri təmin edilməmişdir.
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunamüfaviq qərar qəbul edildiyini bildirdi. Bundan əlavə, apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam olaraq hərtərəfli şəkildə araşdırıldığını və əsaslı olaraq iddia tələbinin təmin edilməməsi barədə qanunamüfaviq qərar qəbul edildiyini bildirdi. Bundan əlavə, apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 110. Prosessual xərcləri ödəmək vəzifəsi: 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 110.2. Sosial təminat mübahisələri ilə bağlı işlər üzrə (əmək pensiyasının, sosial müavinətin təyin olunması və s.) dövlət orqanının xeyrinə qərar qəbul edildiyi hallarda, bu Məcəllənin 110.1-ci maddəsi tətbiq olunmur. 110.3. İddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. 110.4. Yalnız üçüncü şəxs qismində icraata cəlb olunması barədə ərizə verdiyi və ya hər hansı qərardan şikayət verdiyi, yaxud prosessual xərclər həmin şəxsin təqsiri üzündən meydana gəldiyi hallarda, məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxsin üzərinə prosessual xərcləri ödəmək vəzifəsi qoyula bilər. 110.5. Yeni açılmış hallar üzrə icraatla bağlı prosessual xərclər, həmin xərclərin inzibati məhkəmə icraatının iştirakçılarından birinin təqsiri üzündən meydana gəldiyi hallar istisna olmaqla, dövlət büdcəsinin və ya yerli büdcənin vəsaiti hesabına ödənilir. 110.6. Tərəflərin müştərək bəyanatına əsasən icraata xitam verildiyi hallarda məhkəmə tərəfindən xərclər barədə qərardad qəbul edilir. Bu zaman xərclər məhkəmə prosesini udma ehtimalına mütənasib olaraq bölüşdürülür.
14. “Əmək pensiyaları haqqında”Azərbaycan Respubilkasının Qanunu: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Maddə 14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Maddə 14.3. Xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır. Maddə 14.4. Bu Qanunun 18.2-ci və 18.3-cü maddələrinə uyğun olaraq ailə başçısını itirməyə görə hesablanmış əmək pensiyasının sığorta hissəsinin ailə üzvünə düşən məbləği “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.1 – 7.0.3-cü, 7.0.5-ci və ya 7.0.6-cı maddələrində nəzərdə tutulmuş sosial müavinətlərin məbləğindən az olduqda, həmin ailə üzvünün qeyd olunan müavinətləri almaq hüququ olduğu halda, o, ailə başçısını itirməyə görə pensiya əvəzinə müvafiq sosial müavinəti almaq hüququna malikdir. Maddə 20.17. Bu Qanunun 20.1.13-cü maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar da nəzərə alınmaqla ailə başçısının təminat xərcliyinin məbləğinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanuna uyğun olaraq təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1.12. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-974/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikasının İPMin 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə hesab edir ki,iddiaçının ilkin müraciətində məqsəd pensiyanın yenidən hesablanması və həmin məbləğin tam olaraq ödənilməsindən ibarət olmuşdur.Odur ki,yenidən hesablanmanın həyata keçirilərək pensiya məbləğində müsbət dəyişikliyin olması əslində ilkin tələbin bir hissəsinin təmin edilməsi kimi başa düşülməlidir.Odur ki,iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətinin olmadığına dair cavabdehin mövqeyini əsaslı saymayan məhkəmə iddianın mümkün hesab edir. Lakin,iddia mahiyyət etibarı ilə əsassızdır.
21. Belə ki, iddiaçının hazırkı tələbə əsasən hüquqi marağı pensiyanın yenidən hesablanması nəticəsində ödənilməli olan vəsaitin (30384,72 manat məbləğin hazırkı tarixədək ödənilməmiş qalan hissəsinin) birdəfəyə tam olaraq ödənilməsindən ibarətdir.Cavabdeh inzibati orqan tərəfindən isə yenidən hesablanma nəticəsində ödənilməli olan məbləğin müvafiq ayların sayına bölünərək hər ay ödənildiyini bildirmişdir.Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsassız hesab edir.
22. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən pensiyanın yenidən hesablanması nəticəsində yaranan fərq məbləğinin, eləcə də ödənilməli olan məbləğin “Əmək pensiyaları haqqında” Qanuna 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qanunauyğundur.
23. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən 13 may 2025-ci il tarixində Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala daxil olmuş 3-17-1/3-1-42328/2025 nömrəli xidməti məktubuna cavab olaraq bildirilmişdir ki, İddiaçı ötən dövr ərzində ödənilməli olan 30384,72 manat fərq məbləği müəyyən edilmişdir. Həmin məbləğin 8862,21 manat hissəsi xx.xx.2023-xx.xx.2025-ci il tarixləri arasındakı dövr ərzində, 422,01 manat hissəsi cari ayda İddiaçı ödənilmiş, qalan 21522,51 manat hissəsi xx.xx.2025-xx.xx.2029-cu il tarixləri arasındakı dövr ərzində hər ay 422,01 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərdən əlavə olaraq bildirilmişdir ki, İddiaçı ötən dövr üçün müəyyən edilmiş fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə bağlı hər hansı müraciəti Mərkəzi Filiala daxil olmamışdır.
24. Odur ki, məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin imtinası qanuna zidd sayılmamalı və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
25. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
26. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “2017-ci ildən ödənilməyən məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2-1(116)-974/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.