Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-255/2021 03.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik еdən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2-1(116)-152/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, qanuna əsasən onun yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Ərizəyə əlavə etdiyi arxiv arayışından görünür ki, onun kifayət qədər əmək (sığorta) stajı vardır. Sənədlərini cavabdeh təşkilata təqdim etmişdir. Lakin cavabdeh təşkilat ona əmək pensiyası təyin etməkdən və koxozda işlədiyi illəri sığorta stajı kimi qəbul etməkdən imtina etmişdir. Səbəbi isə arxivdə saxlanılan sənədlərdə qaralamalar və düzəlişlərin olmasıdır. O, 1970-1974, 1976-1996-cı illərdə keçmiş "Kalinin" adına kolxozda işləmişdir. Qeyd olunan səbəbdən işlədiyi illəri cavabdeh sığorta stajı kimi qəbul etmir. Lakin bu faktlar onun hüquqlarını pozur. Belə ki, cavabdehin sığorta stajı kimi qəbul etmədiyi illərdə o, işləyərək əmək haqqı almışdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 03 sentyabr 2020-ci il tarixli, 2- 1(116)-152/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2-1(116)-152/2020 saylı qərаrdadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli 2- 1(107)-433/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2-1(116)-152/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli 2-1(107)-433/2020 nömrəli qərardadından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 23 fevral 2021-ci il tarixli 2-1(102)-163/2021 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 oktyabr 2020-ci il tarixli 2-1(107)-433/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, əsassız olaraq iddianı mümkün saymamışdır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyünə dair gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, “...iddiaçının mübahisələndirilməyən sığorta stajı 01 il 11 ay 10 gün hərbi xidmət dövrü ilə birlikdə 21 il 8 ay (həmin sığorta stajı 15643 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı 1970, 1971, 1976, 1989, 1993-ci illər 2 il 4 ay təşkil edir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illər sosial sığorta stajına daxil ediləcəyi təqdirdə 25 il sığorta stajı tamamlanmayacaqdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçının əmək iştirakı normasını tamamladığı və faktiki işlədiyi müddət toplandıqda yaranan staj da onun pensiya yaşına çatdığı zaman tələb olunan minimum kapitalı da formalaşdırmayacağı üçün qeyd olunan müddətin onun sosial sığorta stajına daxil edilməsinin heç bir əhəmiyyəti olmamaqla ona pensiya təyin edilməsi ilə nəticələnməyəcəkdir.”. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, həmin qənaət yalnız cavabdehin dəlillərinə əsaslanmış, həmin dəlillər bilavasitə, həm də iddiaçının dəlilləri ilə birlikdə məhkəmə araşdırmasının predmeti olmamış, məhkəmə onları qeyd-şərtsiz qəbul etmişdir. Halbuki, cavabdehin dəlillərində uyğunsuzluq olduğu aşkardır. Belə ki, cavabdehin imtina məktubunda mübahisələndirdiyi illərə (1970, 1972, 1989, 1993) və iddiaçının stajına (19 il 6 ay) dair məlumat (iş v.3), məhkəməyə göndərdiyi 2019cu il 4 noyabr tarixli məktubundakı (iş v.9) məlumatlar (1970, 1971, 1989, 1993) (19 il 8 ay), 2020-ci il 1 may tarixli məktubundakı (iş v.26) məlumatlar (1970, 1971, 1976, 1989, 1993) (19 il 9 ay), 2020-ci il 18 iyun tarixli məktubundakı (iş v.34) məlumatlar (iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən sığorta stajı – 24 il təşkil edir) biri-birinə uyğun olmadıqlarından, iddiaçının sığorta stajının yetərli olmadığına dair cavabdehin dəlilləri qeyd-şərtsiz qəbul edilməli deyildi və məhkəmə iddiaçının kolxozdakı əmək fəaliyyətinin müddəti ilə bağlı halları və tərəflərin dəlillərin tam və hərtərəfli araşdırmalı idi. Digər tərəfdən, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı təsdiq etmişdir ki, məhkəmə iclasında baxış zamanı 1989-1993-cü illərə aid kolxozçunun staj kitabında hər hansı qaralama halı aşkar edilmədi (iş v.35). 1970-ci ilin əmək stajı kitabında edilmiş düzəlişə gəldikdə, işə əlavə edilmiş arxiv arayışından göründüyü kimi, həmin düzəliş kolxozun özü tərəfindən icra edilmişdir (iş v.41). İddiaçı haqlı olaraq qeyd edir ki, cavabdeh iddiaçının apellyasiya şikayətinə etirazında əmək günlərini hesablayarkən səhvə yol vermiş, hesabladığı 1162 əmək günü üçün 3 il 2 ay 7 gün iş stajı çıxartmışdır, halbuki, 1162 günü 220 günə böldükdə 5 il 2 ay 8 gün təşkil edir. Beləliklə, iddiaçının dəlilləri və işin materialları İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun araşdırılmamış və qiymətləndirilməmiş, işin hallarının araşdırılması prinsipinin tələbləri təmin olunmamışdır. Belə ki, işin hallarının araşdırılması prinsipinin tələbləri iddianın mümkünlüyünə də aiddir.”. İPM-in 96.11-ci maddəsinə görə, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası işin hallarını araşdırıb Ali Məhkəmənin İnzibati Kollegiyasının 23 fevral 2021-ci il tarixli 2-1(102)-163/2021 nömrəli qərarında müəyyən edilən hüquqi mövqeni nəzərə alaraq birinci instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, həmin qənaət yalnız cavabdehin dəlillərinə əsaslanmış, həmin dəlillər bilavasitə, həm də iddiaçının dəlilləri ilə birlikdə məhkəmə araşdırmasının predmeti olmamış, məhkəmə onları qeyd-şərtsiz qəbul etmişdir. Halbuki, cavabdehin dəlillərində uyğunsuzluq olduğu aşkardır. Kollegiyaya görə, birinci instansiya məhkəməsi hazırkı iddianın mümkün sayılmaması haqqında səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şərh edilənlərə əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2-1(116)- 152/2020 nömrəli qərardadı ləğv olunmalı və İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş inzibati icraat qaydasında baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 87.7.2-ci mаddəsinə görə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi inzibati mübahisələrə dair işlər üzrə müvafiq məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli 2-1(116)-152/2020 nömrəli qərаrdаdı ləğv еdilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı “1970-1974, 1976-1996-cı illərdə Zaqatala rayonu keçmiş “Kalinin” adına kolxozda işlədiyi illərin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş inzibati icraat qaydasında baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-255/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-255/2021
03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver