Məhkəmə qərarları › İş №2-1(107)-255/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-255/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-255/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarın ləğv edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı MMC-nin direktoru X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı ilə (hakim İlqar Cabbarov) iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı və həmin qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı Qərarı 2016-cı ilin dekabr ayı üzrə hesablanmış 8620,56 manat ƏDV və ona müvafiq olaraq VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq edilmiş 4310,28 manat maliyyə sanksiyası hissələri istisna olmaqla ləğv edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcin cavabdehə aid edilməsi, ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 100 manat 11 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara almışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qeyd edilən qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilmiş və iddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. (Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibаti Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)- 17/2022 saylı qərardadının nəticə hissəsində olan аşkаr yаzı səhvi düzəldilsin. “Şəki İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(84)-1461/2019 nömrəli qərarı qismən ləğv edilisin.” sözləri “Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(116)-73/2021 nömrəli qərarı qismən ləğv edilsin.” kimi oxunsun. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2022-ci il tarixli qərardadı ilə Ərizə təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibаti Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(107)- 17/2022 saylı qərardadının müxtəlif hissələrində, həmçinin nəticə hissəsində olan аşkаr yаzı səhvi düzəldilsin. “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” sözləri “İddia tələbi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Bas İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmasın” kimi oxunsun.) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2- 1(107)-17/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinın 21 iyun 2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-968/2022 nömrəli qərarı ilə Kassasiya şikayəti apellyasiya məhkəməsinin 9 fevral 2022-ci il tarixli, 2-1(107)- 17/2022 nömrəli qərarı ilə bağlı hissədə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti apellyasiya məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 2-1(107)-17/2022 nömrəli qərardadı ilə bağlı hissədə mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********336800 nömrəli etiraz məktubunun məzmununa uyğun əsaslandıraraq, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərarın qanunsuz və əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı MMC-nin Vəkil2 məhkəmə kollegiyasına ərizə göndərərək məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əsaslandırma hissəsi Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddia mahiyyət etibarilə qismən əsaslıdır və buna görə də qismən təmin edilməlidir. Belə ki, cavabdehin səyyar vergi yoxlamasının başlanması, yoxlma müddətlərin uzadılması qərarlarından göründüyü kimi cavabdeh vergi orqanı tərəfindən səyyar vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə zidd olaraq təqvim günləri ilə deyil, iş günləri ilə aparılmışdır. Bununla bağlı birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir: Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Yoxlamanın iş günləri ilə deyil, təqvim günləri ilə aparılmalı olmasına dair iddiaçı tərəfindən iddia ərizəsinə və məhkəmə baxışı zamanı təqim etdiyi Ali Məhkəmə qərarlarından da görünür. Həmin qərarlarda Ali Məhkəmə bununla bağlı öz hüquqi mövqeyini bəyan etmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının dəlili ilə razılaşaraq hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi öhdəlikləri hesablayarkən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddəti belə pozmuşdur Bununla bağlı məhkəmə öz mövqeyini aşağıdakı kimi əsaslandırır: 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin təhlilindən görünür ki, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən yoxlamanın nəticəsi üzrə qəbul edilən məsuliyyət qərarı qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Başqa sözlə desək, artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Lakin hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 6 dekabr 2018- ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 17 yanvar 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56-cı maddəsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid ediə bilər. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, məhkəmə hesab edir ki, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. Məhkəmə qeyd olunan qanunvericiliyinin normaların tələblərini rəhbər tutaraq və iddiaçının da dəlili ilə razılaşaraq belə qənaətə gəlir ki, aşağıdakı qeyd olunan vergilərin və maliyyə sanksiyaların 3 illik müddəti keçmişdir: Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 149.1.1-ci maddəsinə əsasən rezident müəssisələr bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Sözügedən Məcəllənin 129-cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Qeyd olunan normalardan göründüyü kimi, 2015-ci il üçün iddiaçı tərəfindən mənfəət vergisinin hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin mart ayının 31də bitmişdir. Belə olan halda, 31 mart 2016-cı il tarixdən 3 illik müddətin son günü 31 mart 2019-cu il tarixə təsadüf edir. Eyni zamanda, Vergi Məcəlləsinin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sözügedən normalardan göründüyü kimi, 2016-cı ilin oktyabr-noyabr ayları üzrə iddiaçı tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin noyabr və dekabr ayının 20-də bitmişdir. Belə olan halda, 20 noyabr və 20 dekabr 2016-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 noyabr və 20 dekabr 2019-cu il tarixlərə təsadüf edir. Eyni zamanda, 2016-ci il ərzində Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, aparılmış nağd qaydada məxaric əməliyyatlarına görə maliyyə sanksiyasının tətbiq edilməsinin son günü 2019-cu ilin dekabr ayının 31-ə təsadüf edir. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun törədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. Lakin cavabdeh tərəfindən iddiaçının 2015-ci il üzrə 247767,48 manat mənfəət vergisinin, 2016-cı ilin oktyabr-noyabr ayları üzrə 10380,53 manat ƏDV-nin azalmasının müəyyən edilməsinə baxmayaraq, 17 yanvar 2020-ci il tarixli qərarla, yəni 3 il müddəti keçdikdən sonra məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, bu isə yuxarıda istinad edilmiş Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh vergi orqanı 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixdə yeni **********197668 saylı qərar qəbul edərək 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə tətbiq etdiyi maliyyə sanksiyaları tamamilə azaltmaqla yol verdiyi qanun pozuntusunu etiraf etmiş, lakin VM-nin 56-cı maddəsini düzgün tətbiq etməmişlər. Beləliklə, yeni 27 fevral 2020-ci il tarixli qərarla iddiaçıya 355219,88 manat mənfəət vergisi, 19 001,09 manat əlavə dəyər vergisi, 52,69 manat ödəmə mənbəyində vergi, ümumilikdə 374273,66 manat məbləğində əlavə vergilər hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 31469,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yeni qərarla ümumilikdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 405 742,78 manat (374273,66 manat vergilər + 31 469,12 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır. Lakin məhkəmə hesab edir ki, vergi orqanı Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsini düzgün tətbiq etməyərək 3 illik müddəti 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə hesablanmış maliyyə sanksiyalarına tətbiq etsə də, həmin illər üzrə əlavə hesablanmış vergilərə tətbiq etməmişdir. Halbuki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsində təsbit edilmişdir ki, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 77.1-ci maddəsində vergi öhdəliklərinin açıqlanması verilmişdir. Həmin normada qeyd olunmuşdur ki, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Göstərilən normalardan aydın olur ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində vergi öhdəlikləri dedikdə, nəinki tətbiq edilmiş maliyyə sanksiyaları, həmçinin vergilər də nəzərdə tutulur. Belə olan təqdirdə isə, cavabdeh vergi orqanı yol verdiyi nöqsanı aradan qaldırmaq məqsədilə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixli qərarla hesabat dövründən 3 illik müddət keçdikdən sonra yalnız tətbiq edilmiş maliyyə sanksiyaları deyil, həmçinin həmin əlavə hesablanmış vergiləri də azaltmalı idi. Başqa sözlə desək, cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri rəhbər tutularaq 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247767,48 manat və 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10380,53 manat, ümumilikdə 258148,01 manat vergilər azaldılmalıydı. Beləliklə, məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində hesabat dövründən 3 illik müddətin keçməsi yalnız tətbiq edilmiş maliyyə sanksiyalarının deyil, həmçinin əlavə hesablanmış vergilərin ləğv edilməsinə səbəb olur ki, bu hal da vergi qanunvericilikdə öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən qeyd olunan normanın tətbiqi zamanı nöqsanlara yol verilərək düzgün olmayan məsuliyyətə cəlb edilməsi qərarına düzəliş edilməsi barədə yeni qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh vergi orqanın nümayəndəsinə mübahisələndirilən birinci qərara düzəliş edilməsi barədə 27 fevral 2020-ci il tarixli qərar qəbul etməklə hansı səbəbdən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddəti iddiaçıya hesablanmış vergilərə deyil, məhz tətbiq edilmiş maliyyə sanksiyalarına şamil edilməsinə dair suala, sonuncu bu cavabdeh vergi orqanın mövqeyi olduğunu qeyd etsə də, bu mövqeyin düzgün olmasını vergi qanunvericiliyi baxımından əsaslandıra bilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı yeni qərar əvvəlki qərarı ləğv etməmiş, əksinə əvvəlki qərarda müvafiq düzəlişlər apararaq tətbiq edilmiş maliyyə sanksiyalarını ləğv etmişdir ki, bu səbəbdən də, sonuncu xx.xx.2020-ci il tarixli düzəliş qərar əvvəlki xx.xx.2020-ci il tarixli qərarla birlikdə mübahisələndirilmə haqqında iddia tələbi ilə əhatə edilməlidir. Məhkəmə baxışı zamanı səyyar vergi yoxlaması aktından və tətqiq edilən digər sənədlərdən görünür ki, cavabdeh vergi orqanı iddiaçıya 2015-2017-ci illər üzrə əlavə mənfəət vergisi hesablayarkən iddiaçının həmin illər üzrə bəyan etdiyi xərc sənədlərin əksər hissəsini (70-80%) xərc sənədi kimi qəbul etməmiş və təsdiqini tapmayan xərc məbləğini birbaşa 20% mənfəət vergisinin dərəcəsinə vurmuşdur. Ümumiyyətlə, vergi orqanı tərəfindən yoxlama aktında yoxlanılan 2015-2017-ci illər üzrə xərclərin əksər hissəsi nəzərə alınmamış, lakin nəzərə alınmayan xərc sənədlərin nədən ibarət olduğu, ümumiyyətlə hesablamanın hansı qaydada aparılması barədə heç bir məlumat qeyd edilməmiş və yalnız iddiaçı tərəfindən təqdim edilən bəyannamələr üzrə təsdiqini tapmayan xərclərin və malların təqdim edilməsindən əldə edilən gəlirinin düzgün müəyyənləşdirilməməsinin göstərilməsi ilə kifayətlənmişdir. Eyni zamanda, yoxlama aktında ƏDV aid hissədə ƏDV üzrə hesablamanın əsas məqsədi ƏDV üzrə əvəzləşmənin düzgün aparılmaması qeyd edilsə də, hansı əməliyyat üzrə və hansı tarixli və nömrəli elektron vergi hesab faktura üzrə əvəzləşmənin düzgün aparılmadığı ümumiyyətlə açıqlanmamış, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, əsas fəaliyyəti mühəndis qurğuların quraşdırılmasından ibarət olan iddiaçının gəlirliyinin rentabellik səviyyəsi cavabdeh vergi orqanın yoxlamanın nəticəsinə görə zənn etdiyi kimi 70-80 faiz təşkil etməsi reallığı əks etdirmir. Çünki, hətta vergi ödəyicisinin ümumi gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduğu təqdirdə Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən vergi ödəyicisinin rentabellik gəlirliyi 20% həcmində müəyyən edilmişdir. Məhkəmə iş üzrə təqdim edilən sənədləri və tərəflərin izahatlarını dinləyərək iddiaçının səyyar vergi yoxlaması ilə əhatə edilən dövr ərzində vergi öhdəliklərinin düzgün müəyyən edilməsi baxımından 8 dekabr 2020-ci il tarixdə 2-1(116)-705/2020 nömrəli qərardad qəbul edərək məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında aşağıda qeyd olunan suallar qoymuşdur:

1. İş materiallarında olan sənədlərə əsasən iddiaçının yoxlanılan xx.xx.2015xx.xx.2018-ci il dövründə dövriyyəsi nə qədər olmuşdur? (illər üzrə dövriyyə ayrıayrılıqda qeyd olunmaqla);

2. 2. İddiaçının iş materiallarında olan sənədlərə əsasən yoxlanılan xx.xx.2015xx.xx.2018-ci il dövrünə ödəməli olduğu vergilərin (mənfəət, ƏDV və ÖMV) məbləği nə qədərdir? (illər üzrə ayrı-ayrılıqda qeyd olunmaqla);

3. 3. İddiaçı tərəfindən aparılmış maliyyə-təsərrüfat əməliyyatları mühasibat uçotunda əks etdirilmiş və onlar qüvvədə olan normativ aktlara uyğun olmuşdurmu?;

4. 4. İddiaçının vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması ilə əlaqədar tərtib olunmuş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktının gəldiyi nəticə əsaslıdırmı?;

5. 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən şərti rentabellik səviyyəsi tətbiq olunmaqla iddiaçının yoxlanılan dövr ərzində ödəməli olduğu mənfəət vergisinin məbləği nə qədərdir?;

6. 6. İddiaçı tərəfindən cavabdehə təqdim olunmuş yoxlama dövrünü əhatə edən ilkin mühasibat sənədləri əsasında iddiaçının gəlirləri, xərcləri və ödəməli olduğu mənfəət, ƏDV və ödəmə mənbəyindən tutulan verginin məbləği nə qədərdir? (illər üzrə ayrıayrılıqda qeyd olunmaqla);

7. 7. xx.xx.2020-ci il tarixinə qədər qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin təsiri altına düşən iddiaçının vergi öhdəliklərinin məbləği nə qədərdir?;

8. 8. Cavabdehin xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarı ilə azaldılmış məbləğ nə qədərdir və hansı dövrləri əhatə edir?. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 18 mart 2021-ci il tarixli 9/5967 saylı ekspert rəyində məhkəməmühasibatlıq ekspertizası belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2015-2017-ci illər üzrə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisi üzrə ümumiyyətlə kənarlaşma müəyyən edilməmişdir. Həmin ekspert rəyi ilə ƏDV üzrə isə 19001,09 manat (2016 oktyabr ayı üzrə -4200,30 manat, noyabr ayı üzrə - 6180,23 manat və dekabr ayı üzrə 8620,56 manat) məbləğində ƏDV-nin dövlət büdcəsinə az hesablanması müəyyən edilsə də, VM-nin 1 yanvar 2020-ci il tarixində qədər qüvvədə olan VM-nin 56.1-ci, həmçinin 36.3-cü, 72-ci, 83.3-cü və 85.4-cü maddələrin tələbləri nəzərə alındıqdan sonra ümumilikdə ƏDV üzrə yalnız 2016-cı ilin dekabr ayı üzrə - 8620,56 manat kənarlaşma müəyyən edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, ekspert rəyində ekspertiza Vergi Məcəlləsinin 56.1-ci, həmçinin 36.3-cü, 72-ci, 83.3-cü və 85.4-cü maddələrin tələblərini rəhbər tutularaq 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247767,48 manat və 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10380,53 manat, ümumilikdə 258148,01 manat vergilərin 3 illik müddətinin keçməsi əsası ilə hesablamanın düzgün olmamasını bir daha təsdiq etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə ekspertizanın 18 mart 2021-ci il tarixli rəyi ilə ekspertiza onun qarşısında qoyulan suallara tam təfsilatı ilə cavab vermişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı təkrar ekspertizasının keçirilməsi barədə vəsatətlə müraciət etmişdir. Vəsatətdə isə cavabdeh vergi orqanı ekspert rəyinin mahiyyətinə məhəl qoymadan yalnız iş üzrə əhəmiyyət kəsb etməyən məsələlərə və formal mülahizələrə istinad etməklə yenə də təkrar ekspertiza qarşısında əvvəlki suallardan heç bir məzmunla fərqlənməyən suallar qoymaqla kifayətlənmişdir. Halbuki, məhkəmə hesab edir ki, yoxlama zamanı iddiaçıya əlavə hesablama əsasən 2015-2017-ci illər üzrə mənfəət vergisindən və 2016-cı ilin oktyabt-dekabr ayları üzrə ƏDV-dən ibarət olmuşdur ki, ekspertiza da həmin hesablamalara dair öz mövqeyinin tam şəkildə bəyan etmişdir. Ekspertizanın rəyinin məzmunundan və nəticə hissəsindən də aydın görsənir ki, iddiaçı tərəfindən aparılmış əməliyyatlara görə 2015-ci, 2016-cı və 2017-ci illərə görə dövlət büdcəsinə hesablanmalı olan mənfəət vergisi üzrə kənarlaşma müəyyən edilməmişdir. Buradan aydın olur ki, cavabdeh vergi orqanı iddiaçının yoxlama zamanı təqdim etdiyi sənədləri heç bir qanuni əsas olmadan xərc kimi tanımasa da, ekspertiza həmin sənədləri ilkin uçot sənədləri kimi tanıyaraq xərc sənədləri kimi qəbul etmiş və bu səbəbdən də hər hansı kənarlaşma müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspertiza VM-nin 56-cı maddəsinin tələblərini nəzərə alaraq düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçıya hesablanmış 2015-ci ilə görə 247767,48 manat və 2016-cı ilin oktyabr ayı üzrə 4200,30 manat və noyabr ayı üzrə 6180,30 manat ƏDV məbləğin 3 illik müddəti keçmiş və həmin məbləğdə hesablamaların düzgünlüyü müəyyən edilmir. Ümumiyyətlə, qeyd olunan hesabat dövrləri üzrə VM-nin 56-cı maddəsində nəzərdə tutulmuş 3 illik müddət keçdiyi üçün həmin dövrlər üzrə hər hansı hesablamanın aparılması qanunsuzdur ki, ekspertiza da qeyd olunanları bir daha təsdiq etmişdir. Sonda ekspertiza belə nəticəyə gəlmişdir ki, iddiaçıya cavabdeh vergı orqanı tərəfindən yoxlamanın nəticə üzrə hesablanmış ümumi vergilərdən yalnız 2016-cı ilin dekabr ayı üzrə 8620,56 manat məbləğində ƏDV qanuni və əsaslı olmuş, bu səbəbdən də həmin məbləğdə vəsaitin dövlət büdcəsinə azaldılması müəyyən edilmişdir. Cavabdeh orqanın vəsatətdə qeyd etdiyi ekspertiza tərəfindən bütün gəlir və xərc sənədlərin ayrı-ayrılıqda göstərilməsi ilə bağlı dəlilinə dair məhkəmə qeyd edir ki, təkcə iddiaçının işi üzrə kifayət qədər gəlir və xərc sənədləri mövcuddur ki, həmin sənədlərin ayrı-ayrılıqda rəyin məzmununda qeyd edilməsi fiziki cəhətdən mümkünsüz olduğunu anlamaq olur. Məhz cavabdeh orqanın qeyd edilən dəlilinə istinad edilməsi ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa heç bir əsas vermir. Çünki, cavabdeh vergi orqanı özü də yoxlama aktında yoxlanılan 2015-2017-ci illər üzrə xərclərin əksər hissəsi nəzərə almasa da, lakin nəzərə alınmayan xərc sənədlərin (ayrı-ayrılıqda göstərməmiş) nədən ibarət olduğunu, ümumiyyətlə hesablamanın hansı qaydada aparılması barədə heç bir məlumat qeyd etməmiş və yalnız iddiaçı tərəfindən təqdim edilən bəyannamələr üzrə təsdiqini tapmayan xərclərin və malların təqdim edilməsindən əldə edilən gəlirinin düzgün müəyyənləşdirilməməsinin göstərilməsi ilə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanın təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətdə göstərilən dəlillər hüquqi cəhətdən əsaslı və qanuni olmadığından, təkrar ekspertizanın keçirilməsi üçün hüquqi əsaslar mövcud olmamış və bu səbəbdən də vəsatət təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Eyni zamanda vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası VM-nin 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə səyyar vergi yoxlaması aktı və vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərar qismən qanunsuz və əsassız olduğundan iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 3.8, 49.2, 49.5, 53.3, 54.0.2, 58.7, 67.1, 67.3, 68.2 və 70.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ABC2010” MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsinə aid hissədə mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPMnin 1.1, 2.1 və 2.2.1-ci maddələri) aid olan mübahisələndirmə haqqında iddia – vergi orqanının mübahisəli qərarının ləğv edilməsinə dair tələb mümkündür. Bu növ iddianın xüsusi mümkünlük şərti, yəni iddianın qanunla müəyyən olunmuş 30 (otuz) günlük iddia müddəti ərzində qaldırılması tələbi də təmin olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Mübahisələndirildiyi məsələ ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı tərəfindən məhkəmədə qaldırılan iddia tələbi mübahisələndirmə haqqında iddia növüdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin 17 yanvar 2020-ci il tarixli **********196384 saylı Qərarla bağlı hissəsində hüquqi mövqeyi ilə razılaşır. Belə ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinin müddəalarına görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır (68.1). Hər hansı müddət bu Məcəllədə göstərilən dövrün sonuncu gününün axırında bitir. Bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir (68.2). Normaların məzmunundan və əlaqəli təhlilindən göründüyü kimi yoxlamanın müddəti iş günləri ilə deyil, təqvim günləri ilə müəyyən edilir. Məcəllənin 38.4-cü maddəsində səyyar vergi yoxlamasının iş günündə keçirilməsi tələbi həmin Məcəllənin 38.2-ci maddəsində təsbit edilən 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmur. Əgər həmin 30 günlük müddətin iş günləri ilə hesablanmasını nəzərdə tutmaq lazım gəlsəydi, qanunverici bunu həmin normada birbaşa göstərərdi. Belə ki, qanunverici müddətlərin iş günləri ilə hesablanmasını, elə həmin Məcəllənin (iddiaçıda vergi yoxlamasının aparıldığı müddətdə qüvvədə olan redaksiyada) 36.3 (10 iş günü), 72.7 (3 iş günü), 157.2 (5 iş günü), 221.4.7-ci (iki iş günü) maddələrində nəzərdə tutmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının müddəti, cavabdehin hesab etdiyi kimi, iş günlərinin sayı ilə hesablanmalı olsaydı, Vergi Məcəlləsinin 68.2-ci maddəsində müddətlərin hesablanması qaydasının müəyyən edilməsinə zərurət qalmazdı. Həmin normaya görə bu Məcəllədə nəzərə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Deməli, 38.2-ci maddədə nəzərdə tutulmuş 30 təqvim gününün sonuncu günü qeyri iş gününə təsadüf etdikdə, növbəti iş günü yoxlama müddətinin sonuncu günü olacaqdır. Bu tələb isə, müddətin daxilindəki digər qeyri-iş günlərinə deyil, yalnız həmin müddətin sonuncu gününə aiddir. Bu səbəbdən, 30 təqvim günü daxilində səyyar vergi yoxlamasının aparıldığı iş günlərinin sayı, qanunla iş günü kimi təsbit edilmiş günlərin sayından asılı olaraq, məsələn, 21-22 iş günü və s. təşkil edə bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini (habelə, bu müddətin uzadılmasının və ya dayandırılmasının əsaslarını) Vergi Məcəlləsində dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Yoxlamanın iş günləri ilə deyil, təqvim günləri ilə aparılmalı olmasına dair iddiaçı tərəfindən iddia ərizəsinə və məhkəmə baxışı zamanı təqim etdiyi Ali Məhkəmə qərarlarından da görünür. Həmin qərarlarda Ali Məhkəmə bununla bağlı öz hüquqi mövqeyini bəyan etmişdir. Bununla yanaşı, məhkəmə iddiaçının dəlili ilə razılaşaraq hesab edir ki, cavabdeh vergi orqanı iddiaçıya əlavə vergi öhdəlikləri hesablayarkən VM-nin 56-cü maddəsində nəzərdə tutulmuş 3 illik müddəti belə pozmuşdur. Qeyd etmək lazımdır ki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsinin məzmununa görə vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Qanunvericiliyinin təhlilindən görünür ki, 1 yanvar 2020-ci il tarixədək olan əvvəlki qanunvericiliyə əsasən yoxlamanın nəticəsi üzrə qəbul edilən məsuliyyət qərarı qəbul edildiyi tarixdə vergi öhdəliklərinin aid edildiyi hesabat dövründən 3 il müddət keçmişdirsə, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə vergi öhdəlikləri yaradıla və vergi məsuliyyətinə cəlb edilə bilməzdi. Yəni, səyyar vergi yoxlamasının aparıldığı müddət də həmin 3 illik müddətə daxil edilirdi. 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən yeni qanunvericiliyə əsasən vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilməsi qərarının çıxarılmasından asılı olmayaraq 3 illik müddət yalnız səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın qəbul edildiyi vaxtan əvvəlki dövrə aid edildi. Artıq yeni qanunvericiliklə yoxlamanın aparılması müddəti 3 illik müddətə daxil edilmədi. Lakin hazırkı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar 6 dekabr 2018- ci il tarixdə, yəni yeni qanunvericilikdən əvvəl qəbul edildiyini nəzərə alaraq hazırkı yoxlama üzrə də əlavə vergi öhdəliklərinin yaradılması və məsuliyyətə cəlb edilməsi Vergi Məcəlləsinin 56.1-ci maddəsinin əvvəlki redaksiyasına uyğun olaraq tənzimlənməli və məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyi 17 yanvar 2020-ci il tarixədək yoxlamanın aparılması müddəti də 3 illik müddətlə əhatə edilməlidir. Həmçinin qeyd edilməlidir ki, 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən Vergi Məcəlləsinin 56-cı maddəsinə edilən dəyişikliklər yalnız həmin tarixdən sonra başlamış səyyar vergi yoxlamalarına aid ediə bilər. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin qeyd edilməlidir ki, 1 yanvar 2020-ci il tarixdə qüvvəyə minən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin yeni redaksiyası 1 yanvar 2020-ci il tarixdən əvvəl başlamış səyyar vergi yoxlamalarına vergi ödəyicisinin vəziyyətinin ağırlaşdırdığı üçün tətbiq edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunan qanunvericiliyinin normaların tələblərini rəhbər tutaraq və iddiaçının da dəlili ilə razılaşaraq belə qənaətə gəlir ki, aşağıdakı qeyd olunan vergilərin və maliyyə sanksiyaların 3 illik müddəti keçmişdir: 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247 767,48 manat vergi və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 123 883,74 manat maliyyə sanksiyası (ümumilikdə 371 651,22 manat); 2016-cı ilin oktyabrnoyabr ayları üzrə ƏDV üzrə - 10 380,53 manat vergi və həmin verginin azaldılmasına görə tətbiq edilmiş 5 190,26 manat maliyyə sanksiyası (ümumilikdə 15 570,79 manat); 2016-ci il üzrə (Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən) - 24 211,13 manat maliyyə sanksiyası. Ümumilikdə isə 411433,15 manat (371651,22+15570,79+24211,13) hesablamanın 3 illik müddəti keçmişdir. Belə ki, Vergi Məcəlləsinin 5-ci maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: 5.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 5.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 5.0.3. Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin 149.1.1-ci maddəsinə əsasən rezident müəssisələr bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən bu Məcəllənin 149.1-ci maddəsində göstərilən şəxslər (xüsusi notariuslar istisna olmaqla) hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Sözügedən Məcəllənin 129cu maddəsinə əsasən vergi ili təqvim ili sayılır. Qeyd olunan normalardan göründüyü kimi, 2015-ci il üçün iddiaçı tərəfindən mənfəət vergisinin hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin mart ayının 31-də bitmişdir. Belə olan halda, 31 mart 2016-cı il tarixdən 3 illik müddətin son günü 31 mart 2019-cu il tarixə təsadüf edir. Eyni zamanda, Vergi Məcəlləsinin 177.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini büdcəyə ödəməyə borcludur. Həmin Məcəllənin 177.2-ci maddəinsə əsasən ƏDV-nin bəyannaməsi hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq verilir. Həmin Məcəllənin 178-ci maddəsinə görə ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Sözügedən normalardan göründüyü kimi, 2016-cı ilin oktyabr-noyabr ayları üzrə iddiaçı tərəfindən ƏDV hesabatının təqdim edilməsi müddəti müvafiq olaraq 2016-cı ilin noyabr və dekabr ayının 20-də bitmişdir. Belə olan halda, 20 noyabr və 20 dekabr 2016-ci il tarixlərdən 3 illik müddətin son günü müvafiq olaraq 20 noyabr və 20 dekabr 2019-cu il tarixlərə təsadüf edir. Eyni zamanda, 2016-ci il ərzində Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən Bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, aparılmış nağd qaydada məxaric əməliyyatlarına görə maliyyə sanksiyasının tətbiq edilməsinin son günü 2019-cu ilin dekabr ayının 31-ə təsadüf edir. Beləliklə, hesabat dövrləri bitdikdən sonra isə vergi ödəyicisi tərəfindən hətta belə vergi qanunvericiliyin pozulmasına yol verildiyini vergi orqanı müəyyən edərsə, lakin bu pozuntunun tərədilməsi anından 3 il keçmişdirsə, vergi orqanı həmin pozuntuya görə vergi ödəyicisini məsuliyyətə cəlb edə və vergi öhdəliklərini müəyyən edə bilməz. Lakin cavabdeh tərəfindən iddiaçının 2015-ci il üzrə 247767,48 manat mənfəət vergisinin, 2016-cı ilin oktyabr-noyabr ayları üzrə 10380,53 manat ƏDV-nin azalmasının müəyyən edilməsinə baxmayaraq, 17 yanvar 2020-ci il tarixli qərarla, yəni 3 il müddəti keçdikdən sonra məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, bu isə yuxarıda istinad edilmiş Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələblərinə zidd olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh vergi orqanı 17 yanvar 2020-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixdə yeni **********197668 saylı qərar qəbul edərək 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə tətbiq etdiyi maliyyə sanksiyaları tamamilə azaltmaqla yol verdiyi qanun pozuntusunu etiraf etmiş, lakin VM-nin 56-cı maddəsini düzgün tətbiq etməmişlər. Beləliklə, yeni 27 fevral 2020-ci il tarixli qərarla iddiaçıya 355219,88 manat mənfəət vergisi, 19 001,09 manat əlavə dəyər vergisi, 52,69 manat ödəmə mənbəyində vergi, ümumilikdə 374273,66 manat məbləğində əlavə vergilər hesablanmış, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümumilikdə 31469,12 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yeni qərarla ümumilikdə cavabdeh vergi orqanı tərəfindən iddiaçıya 405 742,78 manat (374273,66 manat vergilər + 31 469,12 manat maliyyə sanksiyası) əlavə hesablama aparılmışdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, vergi orqanı Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixədək qüvvədə olan Vergi Məcəlləsinin 56.1-ci maddəsini düzgün tətbiq etməyərək 3 illik müddəti 2015-2016-cı illər üzrə mənfəət və əlavə dəyər vergisi üzrə hesablanmış maliyyə sanksiyalarına tətbiq etsə də, həmin illər üzrə əlavə hesablanmış vergilərə tətbiq etməmişdir. Halbuki, 1 yanvar 2020-ci il tarixədək mövcud olan Vergi Məcəlləsinin 56.1-ci maddəsində təsbit edilmişdir ki, vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Vergi Məcəlləsinin 77.1-ci maddəsində vergi öhdəliklərinin açıqlanması verilmişdir. Həmin normada qeyd olunmuşdur ki, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Göstərilən normalardan aydın olur ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində vergi öhdəlikləri dedikdə, nəinki tətbiq edilmiş maliyyə sanksiyaları, həmçinin vergilər də nəzərdə tutulur. Belə olan təqdirdə isə, cavabdeh vergi orqanı yol verdiyi nöqsanı aradan qaldırmaq məqsədilə məsuliyyətə cəlb edilməsi barədə qərara düzəliş edilməsi haqqında 27 fevral 2020-ci il tarixli qərarla hesabat dövründən 3 illik müddət keçdikdən sonra yalnız tətbiq edilmiş maliyyə sanksiyaları deyil, həmçinin həmin əlavə hesablanmış vergiləri də azaltmalı idi. Başqa sözlə desək, cavabdeh vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri rəhbər tutularaq 2015-ci il üzrə mənfəət vergisi üzrə - 247767,48 manat və 2016-cı ilin oktyabr-noyabr ayları üzrə ƏDV üzrə - 10380,53 manat, ümumilikdə 258148,01 manat vergilər azaldılmalıydı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsində hesabat dövründən 3 illik müddətin keçməsi yalnız tətbiq edilmiş maliyyə sanksiyalarının deyil, həmçinin əlavə hesablanmış vergilərin ləğv edilməsinə səbəb olur ki, bu hal da vergi qanunvericilikdə öz əksini tapmışdır. Buna baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən qeyd olunan normanın tətbiqi zamanı nöqsanlara yol verilərək düzgün olmayan məsuliyyətə cəlb edilməsi qərarına düzəliş edilməsi barədə yeni qərar qəbul edilmişdir. Məhkəmə baxışı zamanı səyyar vergi yoxlaması aktından və tədqiq edilən digər sənədlərdən görünür ki, cavabdeh vergi orqanı iddiaçıya 2015-2017-ci illər üzrə əlavə mənfəət vergisi hesablayarkən iddiaçının həmin illər üzrə bəyan etdiyi xərc sənədlərin əksər hissəsini (70-80%) xərc sənədi kimi qəbul etməmiş və təsdiqini tapmayan xərc məbləğini birbaşa 20% mənfəət vergisinin dərəcəsinə vurmuşdur. Ümumiyyətlə, vergi orqanı tərəfindən yoxlama aktında yoxlanılan 2015-2017-ci illər üzrə xərclərin əksər hissəsi nəzərə alınmamış, lakin nəzərə alınmayan xərc sənədlərin nədən ibarət olduğu, ümumiyyətlə hesablamanın hansı qaydada aparılması barədə heç bir məlumat qeyd edilməmiş və yalnız iddiaçı tərəfindən təqdim edilən bəyannamələr üzrə təsdiqini tapmayan xərclərin və malların təqdim edilməsindən əldə edilən gəlirinin düzgün müəyyənləşdirilməməsinin göstərilməsi ilə kifayətlənmişdir. Eyni zamanda, yoxlama aktında ƏDV aid hissədə ƏDV üzrə hesablamanın əsas məqsədi ƏDV üzrə əvəzləşmənin düzgün aparılmaması qeyd edilsə də, hansı əməliyyat üzrə və hansı tarixli və nömrəli elektron vergi hesab faktura üzrə əvəzləşmənin düzgün aparılmadığı ümumiyyətlə açıqlanmamış, yalnız sadə ümumi sözlərlə qanun pozuntusuna yol verildiyi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsində imperativ qaydada müəyyən edilmişdir ki, vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti mühəndis qurğuların quraşdırılmasından ibarət olan iddiaçının gəlirliyinin rentabellik səviyyəsi cavabdeh vergi orqanın yoxlamanın nəticəsinə görə zənn etdiyi kimi 70-80 faiz təşkil etməsi reallığı əks etdirmir. Çünki, hətta vergi ödəyicisinin ümumi gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduğu təqdirdə Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə təsdiq edilmiş Qaydaların tələblərinə əsasən vergi ödəyicisinin rentabellik gəlirliyi 20% həcmində müəyyən edilmişdir. Bundan əlavə Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına düzəliş edildiyindən, iş üzrə ekspertizanın keçirilməsinə artıq zərurət qalmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıdakı qərarla bağlı hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini həmin hissədə qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin subut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. (Azərbaycan Respublikası MPM-nin 53.3-ci maddəsi). Qeyd olunan normaların məzmunundan göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən bir qayda olaraq vergi orqanının, hazırki halda isə cavabdehin üzərinə düşür. Cavabdeh isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən formal mülahizələrə əsaslanaraq səyyar vergi yoxlaması aktı tərtib etmiş və vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələbinə görə də heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunverigiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulması şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunda şəxsin təqsirinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallardan biridir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə nzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə dair etiraz verərək cavabdeh vergi orqanın apellyasiya şikayətinin qismən təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının 17 yanvar 2020-ci il tarixli ana qərarın ləğv edilməsinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini, eyni zamanda 27 fevral 2021-ci il tarixli qərar artıq vergi orqanı tərəfindən ləğv edildiyi üçün hazırda mübahisə aradan qalxdığından həmin qərarın ləğv edilməsinə münasibətdə iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh qərarın tam ləğv edilməsini xahiş etsə də, o, iddianın təmin olunmamış hissəsində qərarın nə üçün ləğv edilməli olmasına dair heç bir sübut və dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. İddiaçı da iddiasının təmin olunmamış hissəsini mübahisələndirmədiyindən həmin hissədə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası AR Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-968/2022 nömrəli qərarındakı göstərişlərini yerinə yetirərək belə nəticəyə gəlir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli 2-1(107)-17/2022 nömrəli qərardadı, həmin qərardadda yol verilmiş yanlışlıqların düzəldilməsi barədə qərardadlarla birlikdə, nəzərə alınmaqla, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)- 73/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli hesab edilməlidir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməli və qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarının qismən ləğv edilməsi və iddia tələbinin Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC barəsində qəbul edilmiş 17 yanvar 2020-ci il tarixli **********196384 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara düzəliş edilməsi haqqında xx.xx.2020-ci il tarixli **********197668 saylı qərarın ləğv edilməsi” hissəsində mümkün sayılmaması barədə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli 2-1(107)-17/2022 nömrəli qərardadı nəzərə alınsın. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-73/2021 nömrəli qərarı qalan iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar