Məhkəmə qərarları › İş №2-1(107)-255/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-255/2025

10.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-255/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X4 və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Əlisurət qızı və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1 Əlisurət qızı və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X5 Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüquqları itirilməklə, həmin daşınmaz əmlaka dair verilmiş xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli dövlət reyestri qeydinin ləğv edilməsi və torpaq sahəsinin 2017-ci il tarixli koordinatları ləğv edilərək 1998-ci il tarixində verilən koordinatlara uyğun əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə tədqim edərək xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərardadı ilə X9, X10, X8, X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayonu, Cəyirli kəndində 1.48 ha torpaq sahəsi cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli çıxarış əsasında iddiaçıların mülkiyyətindədir. Həmin torpaq sahəsi iddiaçılara JN-456 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən ayrılmışdır. Sözügedən torpaq sahəsi qonşuları X9 tərəfindən zəbt olunmuş və halhazıradək istifadəsindədir. Torpaq sahəsi barədə dəfələrlə məhkəmə mübahisəsi olmuş və yekun məhkəmə qərarına əsasən “İddiaçı4 və digərlərindən 37.183,6 manat pulun tutulub İldırım Məmmədova verilməsi və qalan mübahisələndirilən hissədə qarşılıqlı iddia ərizəsinin rədd edilməsi və qətnamənin “İldırım Məmmədovun torpaq sahəsindən çıxarılması və onun torpaq sahəsinə girişinə qadağan qoyulması” ilə pulun İddiaçı4 və digərlərindən tutularaq İldırım Məmmədova verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir.” Məhkəmə qərarlarından da, göründüyü kimi həmin torpaq sahəsi X5 mülkiyyətində deyil, istifadəsində olması qeyd olunub və eyni zamanda X9 da, torpaq sahəsinin onun mülkiyyətində yox istifadəsində olduğunu bildirib. - xx.xx.2023-cü il tarixdə iddiaçılar Göyçay rayon Məhkəməsində əldən çıxmış fayda ilə bağlı iddia qaldırılan zaman belə İ.Məmmədov öz etirazında həmin torpaq sahəsinin onun istifadəsində olması barədə qeyd etdmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixə saat 16:00-a təyin olunan məhkəmə hazırlıq iclası zamanı X9 cavabdeh tərəfindən ona verilimiş xx.xx.2017-ci il tarixli, RK seriyalı, ******* nömrəli çıxarışı məhkəməyə təqdim etdi. xx.xx.2024-cü il tarixədək İ.Məmmədov həmin çıxarışın olması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmin çıxarış barədə məhkəməyə şifahi məlumat versə də, çıxarış onlara xx.xx.2024-cü il tarixdə təyin olunan məhkəmə prosesində təqdim olundu və iddiaçı həmin çıxarışın ləğv olunması və koordinatların əvvəlki vəziyyətinə qaytarılması ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət etmişdir. - X1 verilmiş pay torpağının 2017-ci il tarixli yerləşmə koordinatı və ona əsasən verilmiş çıxarış tam qanunsuzdur. Çünki, ona verilmiş 2017-ci il tarixli koordinatlar iddiaçıların mülkiyyət hüquqlarını kobud surətdə pozaraq onların mülkiyyətində olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən 1.48 ha torpaq sahəsinə dair JN-456 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə onlara təqdim olunmuş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü halda inzibati orqan tərəfindən qanunsuz olaraq torpağın koordinatları dəyişdirilmiş formada təqdim olunmuş, daşınmaz əmlakın dövlət reyestrinin qeydi aparılmış və ona əsasən çıxarış verilmişdir. Hesab edirlər ki, həmin çıxarış əsassız olduğu üçün ləğv olunmalı və torpaq sahəsinin koordinatları 1998ci il tarixində verilən koordinatlara uyğun əvvəlki vəziyyətinə qaytarılmalıdır.

6. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsnin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı ərizədə qeyd olunan məsələlərlə bağlı idarəyə müraciət etməmişdir. - "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırırlmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məxburetmə öhdəliyinin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilmısi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. - "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. - "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması , yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsasəlandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, RX ******* Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar; - A №113863-li, B№ 126238-li Torpaq sahəsinin planı və ölçüsü sənədləri; - JN-399 və JN-456 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları; - cavabdehin xx.xx.2024 və 22 oktyabr 2024-cü il tarixli məktublarına əlavə olunmuş mütəxəssis rəyləri və yerquruluşu planları; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-1277/2020 saylı qərarı.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, JN-456 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 1,48 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. X21 DWJ xəritəsində yerləşmə mövqeyi nəzərə alınmaqla iddiaçıların adına xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarış tərtib edilməklə onların ümumi birgə mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda üçüncü şəxslərə JN-399 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 1,14 hektar torpaq sahəsi ayrılmış və cavabdeh orqan üçüncü şəxslərin torpaq faktiki istifadə vəziyyətini nəzərə almaqla iddiaçının iradəsinə uyğun olmadan mübahisəli torpaq sahəsində dürüstləşmə işləri aparmış və yeni uçot xəritələrinə uyğun hüquqmüəyyənedici sənədlər hazırlamış, iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüququnu dövlət qeydiyyatına alaraq xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2023-cü il tarixli, B126238 nömrəli plan-ölçü sənədi tərtib etmişdir. Təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, B126238 nömrəli plan-ölçü sənədində (**********91 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.14 ha torpaq sahəsinin 0.61 ha hissəsi А113863 nömrəli plan-ölçü sənədində (**********02 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.48 ha torpaq sahəsi ilə üstüstə düşür. - İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə dövlət qeydiyyatına alarkən iddiaçıların razılığını almamış, eyni zamanda sözügedən qeydiyyatın aparılması ilə bağlı məhkəmə qərarı mövcud olmamışdır. Əksinə cavabdeh orqanın müvafiq qeydiyyatı apardığı torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmişdir. Nəzərə alınmalıdır ki, **********02 reyestr nömrəli çıxarışla (********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli) İddiaçı4 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.48 ha torpaq sahəsi və sözügedən çıxarışa əlavə olunmuş А№113863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ləğv edilməmiş, hazırda qüvvədədir. - İşdə olan mütəxəssis rəyində qeyd edilmişdir ki, kəndin islahat xəritəsi (DVJ) ilə real məkan arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq olduğu üçün JN-399 nömrəli Dövlət Aktının islahat xəritəsində (DVJ) yerləşmə vəziyyəti mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Yəni, faktiki olaraq JN-399 nömrəli Dövlət Aktı mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə aid deyil. İddiaçılara məxsus torpaq sahəsinə dair tərtib edilmiş А113863 nömrəli plan-ölçü sənədi isə kəndin islahat xəritəsində (DVJ) mövcud olan JN-456 nömrəli Dövlət Aktının üzərində tərtib edilmişdir (ilkin sənədlərə uyğundur). - Məhkəmə qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları mübahisə olmadığı halda (ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda) faktiki istifadə vəziyyətinə, yaxud hüquq müəyyənedici sənədin məzmununa uyğun olmalıdır. Hazırkı iş üzrə **********02 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.48 ha torpaq sahəsinin TEKUİS-də iki ayrı-ayrı hissədə təsbit edilməsi nə faktiki istifadə vəziyyətinə, nə də hüquq müəyyənedici sənədin məzmununa uyğun deyildir. Bu isə TEKUİS-də təsbit edilmiş məlumatların əsassız olmasını göstərir. **********91 saylı çıxarışla (В126238) mülkiyyətə verilmiş 1.14 ha torpaq sahəsinin verilməsinə əsas olan JN-399 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə mülkiyyətə verilmiş 1.14 ha torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə eyni ərazidə TEKUİS xəritəsində göstərilməsi isə yuxarıda qeyd edildiyi kimi birbaşa Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə zidd olmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab etmişdir ki, cavabdeh orqanın üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatını aparılmasında ifadə olunan hərəkətləri iddiaçılara məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə əsassız olduğundan iddiaçılar hazırki tələblə məhkəməyə müraciət etməklə haqlı olmuşlar.

10. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, B126238 nömrəli plan-ölçü sənədində (**********91 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.14 ha torpaq sahəsinin 0.61 ha hissəsi А113863 nömrəli plan-ölçü sənədində (**********02 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.48 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə torpaq sahəsinə dair qeydiyyatın TEKUİS məlumatlarına uyğun aparılması faktına münasibət bildirməmiş, texniki cəhətdən icrası mümkünsüz olduğu halda iddia tələbi təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilərək Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)- 2043/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 izahat verərək iddianın rədd olunmasını, torpağından çıxarılmamasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .......... Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Maddə 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

22. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı: Maddə 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3 torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4 ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5 ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi;

23. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.

Apellyasiya şikayətinin mümkünlüyü

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

30. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

32. Belə ki, apellyasiya şikayətinin başlıca və yeganə dəlili kimi cavabdeh qeyd etmişdir ki, məhkəmə torpaq sahəsinə dair qeydiyyatın TEKUİS məlumatlarına uyğun aparılması faktına münasibət bildirməmiş, texniki cəhətdən icrası mümkünsüz olduğu halda iddia tələbi təmin edilmişdir.

33. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində B126238 nömrəli plan-ölçü sənədində (**********91 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.14 ha torpaq sahəsinin 0.61 ha hissəsi А113863 nömrəli plan-ölçü sənədində (**********02 reyestr nömrəli çıxarış) əks olunan koordinatlarla müəyyənləşən 1.48 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmiş və əlavə olaraq bildirilmişdir ki, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilmiş, elektron kadastr xəritəsi istifadəyə verildiyi tarixədək kənd təsərrüfatı təyinatlı, xüsusi mülkiyyətə verilmiş (pay torpaqları) torpaq sahələrinə aidiyyatı qurum tərəfindən sürüşmə vəziyyətində olan kəndin kompleks yerquruluşu islahat layihəsi üzərində plan və ölçü sənədi tərtib edilirdi. **********02 reyestr nömrəli çıxarışa əlavə olunmuş A113863 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi də sürüşmə vəziyyətində olan, real məkanı əks etdirməyən kəndin kompleks yerquruluşu layihəsi üzərində çap edilmişdir. Kütləvi şəkildə olan bu kimi və buna bənzər halların həlli məqsədilə "Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə "Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqları elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” təsdiq edilmişdir.

34. Həmçinin cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, kəndin islahat xəritəsi (DVJ) ilə real məkan arasında konfiqurasiya, bucaq, sürüşmə və uyğunsuzluq olduğu üçün JN-399 nömrəli Dövlət Aktının islahat xəritəsində (DVJ) yerləşmə vəziyyəti mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Yəni, faktiki olaraq JN-399 nömrəli Dövlət Aktı mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə aid deyil. İddiaçılara məxsus torpaq sahəsinə dair tərtib edilmiş А113863 nömrəli plan-ölçü sənədi isə kəndin islahat xəritəsində (DVJ) mövcud olan JN-456 nömrəli Dövlət Aktının üzərində tərtib edilmişdir (ilkin sənədlərə uyğundur).

35. Mütəxəssis rəyində idarənin xidməti istifadəsinə verilən Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilmiş elektron kadastr xəritəsində **********02 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.48 ha torpaq sahəsi (faktiki sahəsi 1.41 ha olaraq) olaraq iki ayrı-ayrı hissədə təsbit edilib göstərilməsi ilə bağlı isə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları mübahisə olmadığı halda (ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda) faktiki istifadə vəziyyətinə, yaxud hüquq müəyyənedici sənədin məzmununa uyğun olmalıdır. Hazırkı iş üzrə **********02 reyestr nömrəli çıxarışla mülkiyyətə verilmiş 1.48 ha torpaq sahəsinin TEKUİS-də iki ayrı-ayrı hissədə təsbit edilməsi nə faktiki istifadə vəziyyətinə, nə də hüquq müəyyənedici sənədin məzmununa uyğun deyildir. Bu isə TEKUİS-də təsbit edilmiş məlumatların əsassız olmasını göstərir.

36. Hazırkı iddia tələbi üzrə iddiaçıların hüquqi marağı onlara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə X9 və ailə üzvlərinə aid xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsindən ibarətdir.

37. Göründüyü kimi, hazırda yaranmış mübahisəyə səbəb cavabdeh inzibati orqan tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzrə müvafiq göstəriciləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verildiyi halda iddiaçının razılığı olmadan dəyişikliklər etməsidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, onlara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə X9 və ailə üzvlərinə aid xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq təmin etmişdir.

39. İlk öncə ona görə ki, X9 və ailə üzvlərinə aid xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyat və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarış, onlara məxsus və qeydiyyatın aparılmasına əsas olmuş JN-399 nömrəli Dövlət Aktına uyğun tərtib edilməmişdir. JN-399 nömrəli Dövlət Aktının islahat xəritəsində (DVJ) yerləşmə vəziyyətinin mütəxəssis tərəfindən də müəyyən edilməsi mümkün olmamışdır. Lakin, iddiaçılara məxsus torpaq sahəsinə dair tərtib edilmiş А113863 nömrəli plan-ölçü sənədi isə kəndin islahat xəritəsində (DVJ) mövcud olan JN-456 nömrəli Dövlət Aktının üzərində ilkin sənədlərə uyğun olmaqla tərtib edilmişdir.

40. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı4 və digərlərinin birgə mülkiyyətində olan Göyçay rayonu Cəyirli kəndində yerləşən 1.48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İldırım Məmmədovun çıxarılması və həmin torpaq sahəsinə onun girişinə qadağa qoyulması qət edilmiş, həmçinin İddiaçı4 və digərlərindən 37.183,6 manat pulun tutulub İldırım Məmmədova verilməsi qət edilmiş, qətnamənin hər iki hissəsinin eyini vaxtda icra edilməsi qət edilmişdir.

41. Göründüyü kimi, cavabdeh inzibati orqanın cari dəyişikliyə məruz qoyduğu sənədlərdə qeyd edilmiş torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə bərpa edilmiş, üçüncü şəxslərin isə həmin mübahisələndirilən torpaq sahəsinə çəkdiyi xərclərin əvəzinin ödənilməsi qətnamə ilə təmin edilmişdir. Həmçinin cavabdeh orqan üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə dövlət qeydiyyatına alarkən iddiaçıların razılığını almamış, eyni zamanda sözügedən qeydiyyatın aparılması ilə bağlı məhkəmə qərarı mövcud olmamışdır.

42. Eyni zamanda, qərarın texniki cəhətdən icrasının mümkünsüz olduğuna dair cavabdeh orqan tərəfindən əlavə mötəbər sübut təqdim olunmamış, həmçinin məhkəmə araşdırması zamanı da belə bir hal aşkar edilməmişdir.

43. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu halı üçüncü şəxsin məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

45. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

46. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "xx.xx.2017-ci il tarixli, ********** nömrəli qeydiyyatın və onun rəsmiləşdirilməsinə dair RX seriyalı, ******* nömrəli çıxarışın iddiaçılara məxsus xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışla üst-üstə düşən hissədə ləğv edilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)-2043/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar