Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-256/2021 17.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN- 212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarından iş üzrə cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Keçmiş “S.Vurğun” adına kolxozun idarə heyətinin qərarı ilə iddiaçıya 0.12 ha torpaq sahəsi verilmişdir. Sonradan islahat aparılan zaman Komissiyanın 28 avqust 1998- ci il tarixli 41 saylı qərarı ilə həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş və bununla bağlı JN-212A nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, JN-212A nömrəli şəhadətnamə əsasında onun mülkiyyətində olan torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən vətəndaşın ərizəsinin icrasından imtinasının əsaslı olması öz təsdiqini tapmışdır. Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)- 33/2019 saylı iş üzrə təqdim edilmiş mütəxəssis rəyində torpaq sahələri ilə bağlı üst-üstə düşmə faktı qeyd olunub. Şəki İnzibati Məhkəməsinin 18.03.2021-ci il tarixli, 2-1 (116)-370/2021 saylı qərarında Şəki Apellyasiya Məhkəməsinin icraatında olmuş 2(107)-33/2019 saylı iş üzrə araşdırma aparılarkən, torpaq sahələri ilə bağlı üst-üstə düşmə faktının təsdiq olunduğu qeyd olunsada qeydiyyatın aparılması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Əgər Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyatı aparılası olsa, 1 torpaq sahəsinə dair müxtəlif şəxslərə sənəd verilməlidir. Üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisi X13 3- cü şəxs qismində məhkəmə icraatına cəlb olunmamış və nəticədə hüquqlarına toxunacaq məsələyə onun iştirakı olmadan baxılmışdır. İş üzrə məhkəmə tərəfindən nə mütəxəssis yardımından istifadə olunmuş, nə də ekspertiza təyin olunmuşdur. Halbuki, imtinanın əsası olan üstüstə düşmə halının mövcud olub-olmamasını müəyyən etmək xüsusi bilik tələb edən haldır və peşəkar mütəxəssislər tərəfindən müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarını ləğv edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, həyətyanı torpaq sahəsi iş üzrə iddiaçıya verilmişdir.İddiaçı istifadəsində olan həmin torpaq sahəsinə çıxarış almaq istədikdə cavabdeh tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş arayışda electron baza məlumatlarında pay torpaqları ilə şəhadətnamələrin üst-üstə vurulduğu qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən təqdim olunmuş yerquruluşu xəritəsindən çıxarışda və DWG məlumatlarında iddiaçının torpaq sahəsinin digər torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunmur. Ümumiyyətlə elektron baza məlumatlarında pay torpaqları ilə şəhadətnamələrin üst-üstə vurulması iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz, qeyd olunan hal iddiaçının təqsirindən baş verməmiş və buna görə onun hüququ məhdudlaşdırıla bilməz. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin electron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 5-ci bəndinə əsasən, torpaq üzərində mülkiyyət hüququna dair şəhadətnamə vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən dövlət orqanı tərəfindən verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 10cu maddənin beşinci hissəsində "mülkiyyət hüququna dair şəhadətnamə" sözləri "mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış" sözləri ilə, "mülkiyyət hüququnun qeydiyyatını həyata keçirən" sözləri "daşınmaz əmlakın dövlət reyestrini aparan" sözləri ilə əvəz edilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. Apellyasiya şikayətində torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyət hüququnun qeydiyyatı aparılası olsa,üst-üstə düşən torpaq sahəsinin mülkiyyətçisi X13 3 - cü şəxs qismində məhkəmə icraatına cəlb olunmamış və nəticədə hüquqlarına toxunacaq məsələyə onun iştirakı olmadan baxılması,iş üzrə məhkəmə tərəfindən nə mütəxəssis yardımından istifadə olunmuş, nə də ekspertiza təyin olunmaması ilə baglı dəliləri ilə razılaşmayan kollegiya aşagıdakıları qeyd edir. Belə ki, Göyçay Rayon Məhkəməsinin iddia təmin edilmiş 26 оktyаbr 2015-cı il tarixli 2(046)-725/2015 nömrəli qətnaməsi ilə Göyçay rayonunun, Mirzəhüseynli kəndində yerləşən, iddiaçı X7 mülkiyyətində olan 1,00 ha torpaq sahəsinin 0,42 ha-dan cavabdeh X14, 0,12 ha-dan cavabdeh X9, Göyçay rayonunun, Mirzəhüseynli kəndində yerləşən 0,40 ha torpaq sahəsinin 0,20 ha-dan cavabdeh X1 və 0,10 ha-dan cavabdeh İddiaçı çıxarılması və həmin torpaq sahələrinin iddiaçı X7 istifadəsinə qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər İddiaçı, X5, X9 və X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin mülki işdə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2018-ci il tarixli məktubuna əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2018-ci il tarixli 31483 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və yerquruluşu Layihə-X10 LTİnin mütəxəssis rəyinə əsasən Göyçay rayon, Qarabağlar kəndi ərazisində yerləşən cavabdehlər İddiaçı Mmməd oğlunun, X2 və Dəmirov Şirxan (rövşən) Hacıbala oğlunun mülkiyyətinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 40814048 nömrəli, JN-134A, KOD ********* nömrəli, JN-133A KOD ********* nömrəli şəhadətnamələrində göstərilən 0,12 ha torpaq sahəsinin 0,12 ha hissəsi, 0,06 ha torpaq sahəsinin 0,06 ha hissəsi, 0,10 ha torpaq sahəsinin 0,0256 ha hissəsi iddiaçıya verilmiş RX seriyalı ******* nömrəli çıxarışla üst-üstə düşür. Digər cavabdeh X9 tərəfindən 1997-ci ildən istifadə edilən torpaq sahəsinə dair sənədlər təqdim edilmədiyindən qərardadın bu hissəsi üzrə tədqiqat aparılması mümkün olmadı. Bu səbəbdən iddiaçıya verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə hər hansı bir topaq sahəsinin üst-üstə düşüb-düşmədiyini müəyyən etmək mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(107)-33/2019 nömrəli qətnaməsinə əsasən cavabdehlər İddiaçı, X5, X6, X9 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir.Göyçay Rayon Məhkəməsinin 26 оktyаbr 2015-cı il tarixli 2(046)-725/2015 nömrəli qətnaməsi cavabdehlər İddiaçı, X5, X4 aid hissədə ləğv edilmiş və həmin hissə üzrə yeni qətnamə çıxarılmışdır. İddiaçı X7 mülkiyyətində olan Göyçay rayonunun Mirzəhüseynli kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,40 ha torpaq sahəsinin 0,20 ha və 0, 10 ha torpaq hissəsindən cavabdehlər X11 oglunun mülkiyyətində olan JN-133A KOD 40814048 nömrəli şəhadətnamədə göstərilən 0,06 ha hissəsi və X2 mülkiyyətində olan JN134A KOD 40814048 nömrəli şəhadətnamədə göstərilən 0,0256 ha hissəsi istisna olmaqla iddiaçıya məxsus qalan torpaq sahəsindən çıxarılsınlar və həmin torpaq sahələri iddiaçı X7 mülkiyyətinə qaytarılmışdır. İddiaçı X7 mülkiyyətində olan Göyçay rayonunun Mirzəhüseynli kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,40 ha torpaq sahəsinin 0,10 ha torpaq hissəsindən cavabdeh İddiaçı çıxarılması tələbi təmin edilməmişdir. Göründüyü kimi cavabdeh İddiaçı torpağın mülkiyyətə verilməsinə dair yanvar 2006ci il tarixli JN-212A KOD 40814048 nömrəli şəhadətnamədə göstərilən 0,12 ha torpaq sahəsinin 0,12 ha hissəsi iddiaçıya verilmiş 21 noyabr 2014-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla üst-üstə düşür. Bu da onu göstərir ki, iddiaçının mülkiyyətində olan 40 ha torpaq sahəsinin bir hissəsi cavabdehlərin mülkiyyətinə aid olan torpaq sahələri ilə üstüstə düşdüyündən İddiaçı tərəfindən zəbt olunmaması ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə iclaslarındada iddiaçı X13 iştirak etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 17 yanvar 2019-cu il tarixli, 2(107)-33/2019 nömrəli qətnaməsindən iddiaçı X13 tərəfindən kassasiya şikayəti verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2010-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları»təsdiq edilmiş və həmin Qaydaların 2.1-ci bəndində müəyyən olunmuşdur ki, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsinin və aparılmasının prinsipləri aşağıdakılardır: 2.1.5. daşınmaz əmlakın vahid dövlət kadastrının kağız və elektron daşıyıcılarda aparılması. İPM-in 14.2-ci maddəsinə görə, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən iddia təmin edilməli, cavabdehin üzərinə torpağın mülkiyyətə verilməsinə dair JN-212A KOD 40814048 nömrəli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2-1(116)-370/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-256/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-256/2021
17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver