Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-256/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, üçüncü şəxslər X11 və X2 nümayəndəsi X15 iştirakı ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən X3 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)- 10/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-nin 09 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “X3 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın və digər çıxarışların, həmçinin xx.xx.2017-ci il tarixdə təsdiq olunmuş, 4Ə-507 sayla qeydə alınmış daşınmaz əmlakın bağışlanma müqaviləsinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin hüquqi yardımlarından sonra iddiaçı, “tələbin həcminin azaldılması barədə” ərizə təqdim edərək cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınmış, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (işin 136-cı səhifəsi). Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-764/2020 nömrəli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-77/2021 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2(107)-1567/2021 nömrəli mülki işə baxılıb qurtaranadək iş üzrə icraat dayandırılmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərardadı ilə icraatın dayandırılmasına əsas olmuş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(107)-1567/2021 nömrəli iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-760/2022 nömrəli qərarı qəbul edildiyindən iş üzrə icraat təzələnmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərardadı ilə X11 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş, Şəki İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli, 21(116)-764/2020 nömrəli qərardadı dəyişdirilərək, X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində iştirakı, adi cəlbetmədən zəruri cəlbetməyə keçirilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini mübahisləndirdiyi çıxarışdakı torpaq sahəsinin JN-097F saylı şəhadətnaməyə əsasən mərhum X1 məxsus olması və mərhum G.Xankişiyevanın sağlığında xx.xx.2011-ci il tarixli vəsiyyətnamə ilə 2 otaqlı fərdi yaşayış evini və tövləsini, həyətyanı torpaq sahəsini ona vəsiyyət etməsi, özünün həmin miras əmlakı faktiki qəbul və sahiblik etməsi ilə əsaslandırmışdır. Cavabdeh iddia tələbinə etirazda işin halları və mübahisə ilə bağlı məhkəmə mübahisələri barədə məlumatları qeyd etmişdir. Həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5557/2019 saylı qətnaməsi iş üzrə preyudisial əhəmiyyətə malik olduğuna görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Üçüncü şəxs iddia tələbinə etirazında hazırkı inzibati mübahisənin halları ilə bağlı məlumatları qeyd etmiş, Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 760/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı üzrə məhkəmə mübahisəsi getdiyini bildirərək iddiaçının iddia tələbi ilə bağlı (çıxarışın ləğv edilməsinə dair) subyektiv hüququnun olmamasını bildirmiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: JN-097F (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, X13 və X9 İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 61 saylı qərarı ilə İsmayıllı rayon Əhən kəndində 0.08 ha torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)764/2016-cı il tarixli qərarından görünür ki, JN-097F nömrəli şəhadətnamənin 437.8 kv.m hissəsinin ləğv edilməsi və ləğv edilməsi tələb edilən 437.8 kv.m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi X3 adına qeydı alınması öhdəliyi cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-764/2016 nömrəli qərardadı ilə İddiaçı 2-1(84)764/2016 nömrəli iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş, Məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(84)-1637/2019 nömrəli qərardadı ilə iddia tələbi geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilmişdir. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX ******* №-li çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 31.5 kv.m fərdi yaşayış evi və 0.0438 ha torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX ******* №-li çıxarışdan görünür ki, İsmayıllı rayonu Əhən kəndində yerləşən 0.085 ha torpaq sahəsi X3 mülkiyyətində olmuşdur. xx.xx.2017 və xx.xx.2017-ci il tarixli “daşınmaz əmlakın bağışlanmaq müqavilə”lərindən görünür ki, X11 ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan 0.085 ha torpaq sahəsini və ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.0438 ha torpaq sahəsini X7 bağışlamışdır. 407-4018/68 inventar nömrəli, xx.xx.2017-ci il tarixli, X4 adına tərtib edilmiş texniki pasportdan görünür ki, sənəd üzrə torpaq sahəsi 0.1288, faktiki sahə 0.1288 ha qeyd edilməklə müvafiq qeydiyyat aparılmışdır. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı JN-097F nömrəli şəhadətnamə üzrə 0.08 ha həyətyanı torpaq sahəsi, 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-760/2022 nömrəli qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)-685/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(107)-1567/21 nömrəli qətnaməsi ilə, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(037)685/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək 2 otaqlı fərdi yaşayış evi və tövlə binasının İsmayıllı RİHB Əhən İƏD üzrə nümayəndəliyində xx.xx.2011-ci il tarixdə təsdiq edilmiş, reyestrdə 02 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, həmin qətnamədən İsmayıllı rayon notariat ofisiin verdiyi kassasiya şikayəti təmin edilməmişdir. 63 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayon XDS-nin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində 32.1 kv.m sahəsi olan yaşayış evi X6 mülkiyyət hüququ ilə ayrılmışdır. X15 adına iyul 1990-cı ildə tərtib edilmiş 63 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsi 600, faktiki 437.8 tikinti altı 102.4 kv.m olmaqla qeydlər icra edilmişdir. X8 adına dekabr 1988-ci ildə tərtib edilmiş 11 inventar nömrəli texniki pasportda sənəd üzrə torpaq sahəsi 800.0 faktiki 1023.6 tikinti altı 92.0 kv.m olmaqla qeydlər icra edilmişdir. 11 inventar nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, İsmayıllı rayon XDS-nin xx.xx.1988-ci il tarixli qərarı əsasında Əhən kəndində 28.8 kv.m sahəsi olan yaşayış evi X10 mülkiyyət hüququ ilə ayrılmışdır. cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: Torpaq sahəsində aparılan çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlara, Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına, arxiv materiallarına və dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda istinad edilərək aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən həyətyanı torpaq sahəsinin bir hissəsi (0.01136 ha) dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Sxem 1 əlavə olunur). JN-097F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə” göstərilən 0.08 ha həyətyanı torpaq sahəsinin 0.0438 ha sahəsi xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407- 4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üstüstə düşür. (Sxem 2 əlavə olunur). Dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı Müsəlif oğlunun fakitiki istifadəsində 0.01136 ha və cavabdeh üçüncü şəxs X5 faktiki istifadəsində 0.1288 ha torpaq sahəsi mövcuddur. İddiaçı Müsəlif oğlunun və cavabdeh üçüncü şəxs X5 faktiki istifadəsində olan torpaq sahəsi daş hasarla evin divarları və metal torla fiziki sərhədlə ayrılmışdır. İddiaçının tələbində qeyd olunan 0,0438 ha torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı Müsəlif oğlunun faktiki istifadəsində olan torpaq sahəsi dekabr 1988-ci il tarixdə tərtib edilmiş 11 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə və cavabdeh üçüncü şəxs X5 faktiki istifadəsində olan torpaq sahəsi isə **********30-10301 reyestr nömrəli çıxarışla mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarışlarda göstərilən həyətyanı torpaq sahələri xx.xx.2017-ci il tarixdə tərtib edilmiş 407-4018/68 inventar nömrəli Texniki Pasportda göstərilən torpaq sahəsi ilə üst-üstə düşür. (Sxem 3 əlavə olunur). İnventar nömrəli müvafiq olaraq 11 və 63 olan xx.xx.1988-ci il tarixli qeydiyyat vərəqələrində qeyd olunan fərdi yaşayış evləri torpağın mülkiyyətə verilməsinə dair JN- 097F saylı şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir, sözügedən yaşayış evləri bitişik evdir, damları və girişləri ayrıdır. (Sem 4 əlavə olunur). Cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 may 2022-ci il tarixli, 2- 1(116)-10/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X23 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X3 adına 31,5 kv.metr sahəsi olan fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,0438 ha torpaq sahəsinə dair vahid mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində **********36-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci ildə qeydə alınaraq Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X2 nümayəndəsi X24 apellyasiya şikayətinin təmin edilməməsini və və Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia tələbi əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar, həmçinin üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsi mübahisələndirilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşür (işin 261-ci səhifəsindəki sxem). Həmçinin mütəxəssis tərəfindən təqdim edilmiş sxemdə (işin 262-ci səh.) mübahisələndirilən çıxarışdakı torpaq sahəsinin hüdudları aydın qeyd edilmişdir. 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin hüdudları mütəxəssis tərəfindən təqdim edilmiş (işin 263-cü səh.) sxemdə aydın şəkildə qeyd edilmişdir. Həmin torpaq sahəsi də, ləğvi tələb edilən çıxarışdakı torpaq sahəsi ilə üst-üstə düşdüyündən, JN-097F nömrəli şəhadətnamədəki torpaq sahəsinin 0.0438 ha hissəsinin 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyü məlum olur. Bu isə onu deməyə əsas verir ki, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən faktiki olaraq 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinin də həmin şəhadətnaməyə daxil edilməsi qanunsuz olmuşdur. Belə ki, “Torpaq islahatı haqqında” haqqında Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi qanunvericilik torpaq islahatı aparılan zaman vətəndaşların qanuni istifadəsindəki torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini, həm də qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilməsini birmənalı olaraq müəyyən etmişdir. Lakin, JN-097F nömrəli şəhadətnamə tərtib edilərkən qanunvericiliyin həmin tələbi nəzərə alınmamış və 63 inventar nömrəli texniki pasporta əsasən digər subyektlərin qanuni istifadəsində olan torpaq sahəsi daxil edilməklə müvafiq şəhadətnamə hazırlanmışdır. İşdə olan mütəxəssis rəyindən də göündüyü kimi JN-097F nömrəli şəhadətnamə 11 inventar nömrəli texniki pasportla 0.01136 ha hissədə üst-üstə düşür. Halbuki, “Torpaq islahatı haqqında” haqqında Qanunun tələbləri baxımından JN-097F nömrəli şəhadətnamə 11 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsinə uyğun tərtib edilməli idi. Yuxarıda istinad olunmuş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən və mübahisələndirilən çıxarışdakı torpaq sahəsi məhz 63 inventar nömrəli texniki pasportda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən cavabdeh orqan haqlı olaraq müvafiq çıxarışın ləğv edilməsi ilə bağlı iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 may 2022-ci il tarixli, 2-1(116)-10/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.