Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-256/2024 17.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalında pulsuz müayinə və müalicə olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-1208/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət edərək, ““Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalında pulsuz müayinə və müalicə olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin (hakimi Vüqar Musayev) 14 mart 2024-cü il tarixli 2- 1(116)-1208/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ““Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Mərkəzi Hərbi Klinik Hospitalında pulsuz müayinə və müalicə olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə müraciət etmiş ki, Müdafiə nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş şəraitində yerləşməsi və döyüş əməliyyatı aparması barədə müraciətinə yazılı məlumat verilmiş, lakin onun müraciətinə cavab verməyərək Müdafiə nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə zidd olan qaydada Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə cavab məktubu yazaraq qeyd etmişdir ki, guya N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Belə olan halda önəmli inanılacaq əmrlər Müdafiə Nazirliyinin deyil, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin məktubları olmalıdır və əlavə olaraq müayinə və müalicəyə görə iddiası təmin edilməmişdir. Bu barədə Şəki İnzibati Məhkəməsi işə tam araşdırmadan aidiyyət barədə qərardad qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)- 1208/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları
5. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
Tətbiq edilə hüquq
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.2-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.2-ci maddəsinə görə, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
7. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
8. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. İşdən görünür ki, Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə elektron kabinetinə hüquqi yardım məktubu ünvanlanaraq, nəzərinə çatdırılmışdır ki, hazırki iddia tələbi üzrə iddia növü “öhdəliyin icrası haqqında” iddiadır.
11. İPM-in 8.1.2-ci maddəsinin birinci cümləsindən göründüyü kimi, bu növ iddiaların ərazi aidiyyəti ilə bağlı əsas qayda bundan ibarətdir ki, bu qəbildən olan işlərə cavabdeh inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmin maddənin ikinci cümləsində olan istisnaya görə isə, əgər inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi iki və daha çox məhkəmənin yurisdiksiyasına aiddirsə, bu halda işə artıq cavabdehin deyil, hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin səlahiyyəti, bütün inzibati məhkəmələrin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq, işə iddiaçının olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddiaçı faktiki məskunlaşdığı ünvan (Bakı şəhəri, Xətai rayonu, ünvan 1erləşdiyindən, qaldırılan iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Şəki İnzibati Məhkəməsi hazırkı işə baxmağa səlahiyyətli deyildir.
13. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Bakı şəhəri Xətai rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir.
14. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə Bakı İnzibati Məhkəməsində baxılmalı olması ilə bağlı iddiaçı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməyi üçün iddiaçıya 5 (beş) gün müddətində vaxt təyin olunmuşdur. Lakin, ötən müddət ərzində iddiaçı tərəfindən məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.
15. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Bakı şəhəri Xətai rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasındadır.
16. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə də düzgün nəticəyə gəlmiş, inzibati işin iddiaçının olduğu yer üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməklə haqlı olmuşdur.
17. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-1208/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 82, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(116)-1208/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.