Məhkəmə qərarları › İş №2-1(107)-257/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-257/2021

12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-257/2021 12.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) “İsmayıllı rayon Qalacıq kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33-cü səhifəsində **********01 reystr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-36/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 (etibarnamə üzrə səlahiyyətli nümayəndəsi qardaşı İddiaçı1) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İsmayıllı rayon Qalacıq kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33-cü səhifəsində **********01 reystr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi belə əsaslandırmışlar ki, İddiaçı1 və qardaşı İddiaçı2 qanuni istifadəsində olan İsmayıllı rayon, Qalacıq kəndi ərazisində yerləşən torpaq sahələri 1980-cı illərdən hal-hazıradək vahid həyətyanı torpaq sahəsi olmuş, Respublikada aparılan torpaq islahatları zamanı İsmayıllı rayon keçmiş Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq həyətyanı torpaq sahəsinin ayrı-ayrılıqda 0,26 ha və 0,24 ha hissəsi İddiaçı1 mülkiyyətinə verilməklə JN-252B və JN-252F saylı, 0,25 ha hissəsi isə İddiaçı2 mülkiyyətinə verilməklə JN253F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr yazılmışdır. Faktiki vəziyyətdə hər üç həyətyanı torpaq sahəsi Mehman və Fərman qardaşlarının istifadəsində və mülkiyyətindədir. 1980-cı illərdən torpaqların vergiləri ödənilmişdir. Torpaq islahatı zamanı İddiaçı1 qanuni istifadəsində olan 0,26 ha bağ torpaq sahəsinə dair verilmiş JN252B saylı şəhadətnamə üzrə torpaq sahəsi 9 saylı Ərazi İdarəsindəki kartada adına qeydə alınmadığından İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə yenidən həmin torpaq sahəsi İddiaçı1 tərəfindən satın alınmışdır. İddiaçıların həyətyanı torpaq sahələrinin bir hissəsinə, yəni 0.20 ha hissəsinə dair cavabdeh orqan tərəfindən iş üzrə üçüncü şəxsin adına çıxarış tərtib edilmiş və üçüncü şəxsin həmin torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı1 cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin adına tərtib edilmiş çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 22.12.2020-ci il tarixli, **********33 nömrəli etirazında qeyd etmişdir ki, iddiaçılar İddiaçı2 və Çırıyev X2 rayonu Qalacıq kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İsmayıllı rayonu Qalacıq kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi ilə bağlı tələbi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan JN-252B nömrəli şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 11.02.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.26 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmiş və 4977 nömrə ilə kitabda qeyd edilmişdir. İş materiallarında olan JN-253F nömrəli Şəhadətnamənin surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın 11.02.1998-ci il tarixli 68 saylı qərarı ilə 0.25 ha həyətyanı torpaq sahəsi İddiaçı2 mülkiyyətinə verilmiş və 4978 nömrə ilə kitabda qeyd edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4977 nömrə ilə qeydə alınaraq verilmiş JN-252B saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İddiaçı1 mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, Azərbaycan Respublikası keçmiş Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 07 may 2003-cü ildə kitabda 4978 saylı qeydə alınaraq verilmiş JN-253F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İddiaçı2 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası iddiaçıların ərizəsinə əsasən 2-1(116)-36/2020 nömrəli, 24.08.2020-ci il tarixli qərardadla geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. 2-1(116)-36/2020 nömrəli iş materiallarında olan cavabdehin 03.05.2019-cu il tarixli, **********56 nömrəli etirazında qeyd edilmişdir ki, Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatları ilə müqayisə olunarkən məlum olmuşdur ki, JN-253 F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.25 ha sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yeri uyğun gəlmir. Belə ki, faktiki torpaq sahəsi 83 metr cənubda və əvvəllər digər vətəndaşın adına dövlət qeydiyyatına alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatları ilə müqayisə olunarkən məlum olmuşdur ki, JN-252 B saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.26 ha faktiki torpaq sahəsinin bir hissəsi yaşayış məntəqələri torpaqlarından kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə düşür. Həmçinin torpaq sahəsi üzərində mübahisə mövcuddur. Qeyd olunan səbəbə görə də iddiaçıların müraciətinin icrası mümkün olmamışdır. 2-1(116)-36/2020 nömrəli iş materiallarında olan cavabdehin 03.06.2019-cu il tarixli, **********19 nömrəli məktubunda qeyd edilmişdir ki, DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına görə araşdırmalar aparmış və torpaq sahəsinin aşağıdakı halları müəyyən olunmuşdur:

1. İddiaçı1 adına DTXK tərəfindən tərtib olunmuş JN-252 B (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarında öz əksini tapmadığından və eyni zamanda Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatları ilə torpaq sahələrinin naturada faktiki istifadə vəziyyəti ilə müqayisədə uyğunsuzluqların olması səbəbindən həmin torpaq sahəsi haqqında məlumat verilməsi mümkün olmamışdır.

2. JN-253 F saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.25 ha sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin yeri uyğun gəlmir. Belə ki, Ərazi İdarəsində mövcud olan elektron DWJ baza məlumatlarına görə vətəndaşın naturada (faktiki) göstərdiyi torpaq sahəsi JN-253 F saylı şəhadətnamədə göstərilən torpaq sahəsindən 83 metr cənubda yerləşir və həmin torpaq sahəsi başqa vətəndaşın adına dövlət reyestrində qeydiyyata alınmış və torpaq sahəsi ilə üst-üstə düşür. 2-1(116)-36/2020 nömrəli iş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19.11.2019-cu il tarixli, **********30 nömrəli məktubuna əlavə edilən mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, işin araşdırılması üçün Şəki LTİ-nin mütəxəssisləri 01 oktyabr 2019-cu il tarixdə sözügedən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki,

1. X4 adına hazırlanmış JN seriyalı 0558 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron baza məlumatlarında öz əksini tapmışdır.

2. X4 adına hazırlanmış JN seriyalı 0558 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,20 ha torpaq sahəsinin koordinatlarını JN seriyalı 0558 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən müəyyən etmək mümkündür. Həmin torpaq sahəsinin bir hissəsi yaşayış məntəqəsi sərhəddi daxilində, bir hissəsi isə bələdiyyə mülkiyyəti yararsız torpaqlarda yerləşir. 0.20 ha torpaq kənd təsərrüfatı təyinatlıdır.

3. İddiaçı1 adına hazırlanmış JN-252 B nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,26 ha torpaq sahəsi barədə mərkəzi elektron bazasında məlumat olmadığı üçün X4 adına hazırlanmış JN seriyalı 0558 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0.20 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşməsini təyin etmək mümkün olmamışdır.

4. X4 adına hazırlanmış JN seriyalı 0558 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,20 ha torpaq sahəsinin koordinatları ilə İddiaçı2 adına hazırlanmış JN-253 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,25 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür.

5. İddiaçı1 adına hazırlanmış MH seriyalı ******* nömrəli çıxarışın plan ölçü sənədi olmadığına görə X4 adına hazırlanmış A seriyalı 180644 nömrəli torpaq sahəsinin planı və ölçü sənədində qeyd olunan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. 2-1(116)-36/2020 nömrəli iş materiallarında olan cavabdehin 06.03.2020-ci il tarixli, **********88 nömrəli məktubunda qeyd edilir ki, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssisləri mübahisəli torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatlarına əsasən mövcud qanunvericiliyin tələblərinə uğyun olaraq apaşdırılmış və araşdırma nəticəsində aşağıdakı hallar müəyyən olunmuşdur:

1. İddiaçı1 adma DTXK-i tərəfindən tərtib olunmuş JN 252 B (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadastr baza məlumatlarında öz əksini tapmamışdır.

2. JN 252 B (KOD ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmadığından və eyni zamanda JN 252 B (KOD ********) saylı şəhadətnamədə göstərilən torpaq sahəsinin məkan göstəriciləri ilə torpaqların həmin ərazidə faktiki (naturadakı) məkan göstəriciləri arasında uyğunsuzluqlar olduğundan həmin torpaq sahəsi haqqında məlumat verilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilir ki, respublika üzrə bu tipli problemlərin həlli məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq İsmayıllı rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri vasitəsilə (GPS) ölçülərək həmin sahələrin faktiki ölçülərinin koordinatları müəyyənləşdirilmiş və hal-hazırda kameral işlər həyata keçirilir. Ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra respublika üzrə bu tipli problemlərlə bağlı müraciətlərə qanuna müvafiq qaydada baxılacaqdır. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 02 mart 2021-ci il tarixli, 2-1(116)- 36/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X6) “İsmayıllı rayon Qalacıq kəndində yerləşən 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33-cü səhifəsində **********01 reystr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-36/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

İddiaçılar apellyasiya şikayətində qeyd etmişdir ki, onlar cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs: X1 rayon Qalacıq kəndində yerləşən 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair X3 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 9 saylı Ərazi İdarəsi tərəfindən 29 iyul 2017-ci il tarixdə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33-cü səhifəsində **********01 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi tələbi ilə iddia qaldırmışdıq. Həmin işə Şəki İnzibati Məhkəməsində 02 mart 2021-ci il tarixdə baxılaraq iddianın təmin edilməməsi barədə 2-1(116)-395/2021 saylı qərar qəbul edilmişdir. Biz məhkəmənin gəldiyi bu nəticə ilə qəti olaraq razılaşmırıq, hesab edirlər ki, qərar tamamilə əsassız, ədalətsiz, qeyri-obyektiv, qanunsuz və birtərəfli qəbul olunmuşdur. Belə ki, o və qardaşı İddiaçı2 qanuni istifadələrində olan, İsmayıllı rayon Qalacıq kəndi ərazisində yerləşən torpaq sahəiəri 1980-cı illərdən hal-hazıradək vahid həyətyanı torpaq sahəsi olmuş, Respublikamızda aparılan torpaq islahatları zamanı İsmayıllı rayon keçmiş Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq həyətyanı torpaq sahəsinin ayrı-ayrılıqda 6,26 ha və 0,24 ha hissəsi onun mülkiyyətinə verilməklə JN-252B və JN-252F saylı, 0,25 ha hissəsi isə onun mülkiyyətinə verilməklə JN-253F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr yazılmışdır. Faktiki vəziyyətdə hər üç həyətyanı torpaq sahəsi qardaşı Mehmanın və onun istifadəsində və mülkiyyətimizdədir. 1980-cı illərdən torpaqların vergilərini ödəmişlər. Torpaq islahatı zamanı qanuni istifadəsində olan 0,26 ha bağ torpaq sahəsinə dair verilmiş JN-252B saylı şəhadətnamə üzrə torpaq sahəsi 9 saylı Ərazi İdarəsindəki kartada adına qeydə alınmadığından İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 28 aprel 2006-cı il tarixli 04 saylı qərarı ilə yenidən həmin torpaq sahəsini təkrarən satın almışdır. Qeyd etdiklər kimi qardaşı Mehmanın mülkiyyətində olan həyətyanı torpaq sahəsi və onun mülkiyyətində olan bağ torpaq sahəsi 1980-cı illərdən qanuni istifadəmizdədir və onların ümumi həyətyanı torpaq sahəsinin tərkib hissəsidir. Onlar Qalacıq kəndində anadan olmaqla həmin kənddə yaşayırlar. Cavabdeh olan inzibati orqan qanuni mülkiyyətimizdə olan həyətyanı torpaq sahələrimizin bir hissəsinə dair, yəni 0,20 ha hissəsinə dair Bakı şəhər sakini X3 mülkiyyət hüququnu kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi **********01 reyestr nömrəsi, **********6 qeydiyyat nömrəsi ilə 29.07.2017-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində əsassız olaraq dövlət qeydiyyatına alaraq ona Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Bununla da onların mülkikyyət hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini onunla əsaslandırmışdır ki, üçüncü şəxs olan Mehbarə Əliyevaya ləğv edilməsi tələb olunan çıxarış JN seriyalı 0558 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında verilmiş və həmin dövlət aktı da İsmayıllı rayon Qalacıq bələdiyyəsinin 19.02.2005- ci il tarixli 04 saylı qərarı əsasında verilməklə üçüncü şəxsin iddiaçı Fərmandan əvvəl torpağa sahibləndiyi, güya məhkəmə prosesində qeyd edilən mübahisəli JN-252B saylı şəhadətnamə üzrə 0,26 ha torpaqdan onların tərəfindən istifadə edilmədiyi, həmin torpaq sahəsinin şəhadətnamədə qeyd edilən torpaq sahəsi ilə üçüncü şəxsə məxsus çəxarış üzrə torpaq sahəsinin üst-üstə düşməsi barədə mütəxəsis rəylərinə istinad etmişdir. Lakin qeyd edilən rəylər, aydınlaşdırılan hallar tamamilə düzgün deyildir. Belə ki, məlum torpaq islahatları zamanı onun qanuni istifadəsində olan 0,26 ha torpaq sahəsi yerində ölçülərək AR DTXK tərəfindən JN-252B saylı şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə səlahiyyətli orqanlar tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Lakin onun günahı və təqsiri olmadan şəhadətnamə cavabdeh orqanın təqsiri üzündən qeydə alınmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(116)-395/2021 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir.

Tərəflərin izahatları

Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-36/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinini nümayəndəsi və üçüncü şəxs X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi

İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə, iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-36/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar