Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-258/2020 29.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Şəki şəhər şöbəsinə qarşı ”Şəki şəhəri statistika idarəsində işlədiyi müddətin Dövlət qulluqçularının iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 207/2020 nömrəli qərarından iş üzrə İddiaçı apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1959-cu ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. Həmin tarixdən bu ünvanda yaşayır. 1981-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. xx.xx.1982-ci il tarixdən Şəki şəhər Statistika İdarəsində xx.xx.1999-cu il tarixədək mühəndis, büro müdiri, mühəndis, şöbə müdiri vəzifələrində çalışmışdır. Bildirir ki, işlədiyi “Statistik məlumatların işlənməsi” şöbəsində elekton hesablama maşınlarının (M 5000) vasitəsi ilə uçotun mexanikləşdirilməsi, statistik bülletenlərin hazırlanması və sair işlər görülmüşdür. İdarə 1984-cü ilə qədər Şəki rayon məlumat-hesablama stansiyası, 1984-cü ildən 1987-ci ilə qədər Şəki rayon (şəhər) məlumat hesablama mərkəzi, 1988-ci ildən Şəki şəhər statistika idarəsi adlandırılmışdır. İşlədiyi müddətdə gözlərində yaranmış xəstəliklər səbəbindən ona xx.xx.2007-ci il tarixindən 3-cü qrup ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Həmin tarixdən lazımı sənədləri təqdim etdikdən sonra Şəki Sosial müdafiə fondunda ona dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2019-cu ildə iddiaçını DSMF-nin Şəki şəhər şöbəsinə çağırdılar və 12 il sonra əlilliyə görə əmək pensiyasının səhv təyin edildiyini bildirdilər və 12 il 2 ay ərzində artıq verilmiş 25040 manat əlavə ödənişin geri qaytarmalı olduğunu söylədilər. DSMF-nin Şəki şəhər şöbəsindən xx.xx.2019-cu il tarixində verilmiş bildirişi ərizəsinə əlavə etmişdir. Bildirir ki, o, Şəki şəhər şöbəsinin bu qərarını düzgün hesab etmir. Cavabdeh imtinasında bildirmişdir ki, iddiaçıya xx.xx.2007-ci il tarixdən İİİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Şəki şəhər statistika idarəsində olan iş stajınız 16 il 6 ay Dövlət qulluğu stajı kimi nəzərə alınaraq həmin tarixdən Dövlət qulluqçusu kimi qulluq stajına görə əlavə hesablanmış və ödənilmişdir. 2019-cu ilin aprel ayında şöbədə aparılmış növbəti audit araşdırması zamanı Şəki şəhər statistika idarəsində işlədiyi vəzifələr dövlət büdcəsindən maliyyələşdirilmədiyi üçün Dövlət qulluğuna daxil edilmədiyi aşkar olunmuşdur. Nəticədə ona xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əsassız olaraq 25040 manat qulluq stajına görə əlavə ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)- 207/2020 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İşdə olan -09 nömrəli arayışda iddiaçı xx.xx.1982-ci il tarixli 36 nömrəli əmrlə Şəki şəhər Statistika İdarəsinə mühəndis vəzifə qəbul edilmiş, xx.xx.1993-cü il tarixli 12 nömrəli əmrlə şöbə müdiri vəzifəsinə keçirilmiş, xx.xx.1999-cu il tarixli 13 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli 04/xx-xx/0454 nömrəli Dövlət İmtahan Mərkəzinin məktubunda Azərbaycan SSR Nazirlər Soveti yanında X2 və Naxçıvan MSSR-də, DQMVdə, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Nazirlər Sovetinin x xxxxxx 1973-cü tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. Qeyd edilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında“ Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxx 1988-ci il arixli 114 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə asasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və nüdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycar Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli, 2-1(116)-207/2020 nömrəli qərarından narazıdır. Qanunvericiliyin normaları düzgün şərh olunmamışdır. Ona görə də bütün bunların aydınlaşdırılaraq Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2- 1(116)-207/2020 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı oğlu apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-207/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh DSMF-in Şəki şəhər şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********5 nömrəli, xx.xx.2020-ci il tarixli **********0 nömrəli məktubları, ИТ seriyalı ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 04/xx-xx/0454 nömrəli xx.xx.2020-ci il tarixli məktubu aiddir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-207/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiyanın qənayətinə görə, təsərrüfat fəaliyyəti hesabına maliyyələşdirildiyi üçün İddiaçı 1982-1988-ci illərdə Şəki məlumat hesablama stansiyasında (mərkəzində) işlədiyi müddət dövlət qulluğu stajına daxil edilmir. İddiaçı 1988-1994-cü il tarixlərdə işlədiyi müddətlə bağlı bildiririk ki “Ölkədə statistika işlərinin əsaslı surətdə yaxşılaşdırılması tədbirləri haqqında” X1 Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987 ci il tarixli 294 nömrəli qərarı ilə bağlı Azərbaycan SSR Dövlət Statistika Komitəsinin xx xxxxxx 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci bəndinə əsasən, rayon məlumat hesablama mərkəzləri (stansiyaları) rayon statistika idarələrinə çevrilmişdir və statistika idarələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birliyi) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı əsasında həyata keçirilmişdir. “X4 Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin xx xxxx 1987-ci il tarixli 822 nömrəli “Ölkədə statistika işinin əsaslı surətdə yaxşılaşdırılması tədbirlər barədə” qərarı haqqında” Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1987-ci il tarixli 294 nömrəli qərarı “Azərbaycan Respublikas hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 414 nömrəli qərarına əsasən qüvvədən düşmüşdür. Qeyd edilənlərə əsasən 1988- 1994-cü il tarixədək Şəki şəhər statistika idarəsi təsərrüfa hesabı əsasında fəaliyyət göstərdiyi üçün İddiaçı həmin illərdə işlədiyi müddət dövlətqulluğu stajına daxil edilmir. İddiaçı 1995-1999-cu il tarixlərdə işlədiyi müddətlə bağlı bildiririk ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin xx xxxxxx 1995-ci il tarixli 234/T nömrə əmrinə əsasən, şəhər, rayon statistika idarələri və şöbələrinin saxlanması xərcləri respublika büdcəsində mərkəzi dövlət idarəetmə orqanlarının saxlanması üçün ayrılan vəsait hesabına ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının xx xxxxxx 1996-cı tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası rayon, şəhər statistika idarələri şöbələri haqqında Əsasnamə”nin 1-ci hissəsinə əsasən yerli statistika orqanları ərazidə statistika və uçot işinə rəhbərlik edən yerli iqtisadi dövlət idarəetmə orqanı olmuşdur və Dövlət Statistika Komitəsi sistəmində fəaliyyət göstərmiş, bilavasitə yuxarı dövlət statistika orqanına tabe olmuşdur. Həmin Əsasnamənin 7-ci hissəsində göstərilmişdir ki, yerli statistika orqanlarının və Dövlət Statistika Komitəsinin inkişafı üçün mərkəzləşdirilmiş qaydada nəzərdə tutulan respublika büdcə vəsaiti hesabına yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 saylı Fərman təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarının aparatlarında çalışmış dövlət qulluqçularının vəzifələri “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələr uyğunlaşdırılması Siyahısının 2-ci bəndində 1991-ci il oktyabrın 18-dən İnzibati və yardırçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstəri dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Həmin Siyahının 2.12-ci yarımbəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan regional orqanların, ikili tabelikdə olan yerli bölmələrin aparatında şöbə müdiri (rəisi) vəzifəsi “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının tabeliyində olan orqanların, yerli bölmələrin aparatında sektor müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün İddiaçı 1995-1999cu il tarixlər işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınır. “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə xx.xx.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. Lakin,iddiaçı xx.xx.1982-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək Şəki şəhər Statistika İdarəsində işləsə də onun xx.xx.1982-ci il tarixdən 1995ci il tarixdək işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilməmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövr üzrə isə iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərədə tutulmuş müddət tamamlanmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki,“Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Lakin iddiaçının işlədiyi xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cü il tarixədək olan dövr üzrə isə iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərədə tutulmuş müddət tamamlanmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-207/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-258/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-258/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver