Məhkəmə qərarları › İş №2-1(107)-258/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-258/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-258/2021 08.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.15 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-43/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlər Balakən rayonu Qazma bələdiyyəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qazma bələdiyyəsinin ərazisindən 0.15 ha həyətyanı torpaq sahəsinin verilməsi öhdəliyinin bələdiyyənin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 1995-ci ildə iddiaçıya Balakən rayonunun Qazma kəndində keçmiş “Moskva” kolxozunda (indiki “Bakı” kolxozu) 0.15 ha həyətyanı torpaq sahəsi verilmiş və akt tərtib edilmişdir. İddiaçı bildirir ki, tərtib edilmiş aktda qonşularında biri olaraq X1 göstərilmiş, digər qonşularının adlarını unutmuşdur. İddiaçı ona verilən aktı qardaşına vermiş və ona torpaq sahəsini əkib-becərməsini bildirmişdir. İddiaçı 1992-ci ilin əvvəlindən hərbi xidmətə getmişdir. Döyüşlər zamanı yaralanmış və 2002-ci ildə ordudan tərxis olunmuşdur. 2004-cü ildə ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlikdə təlim kurslarına qoşulmuş, həmçinin bir neçə il Turkiyədə “minaaxtaran” vəzifəsində işləmişdir. İddiaçı 2018-ci ildə ölkəyə qayıtmış, qardaşının yanında həmin torpaqda özünə təsərrüfat yaratmaq istəmiş, lakin qardaşı ona bildirmiş ki, onun orada torpağı yoxdur. İddiaçı 18 saylı ərazi idarəsinə müraciət edərək, 0.15 ha torpaq sahəsinin ayrılmasına və naturada ona tanıdılmasına köməklik göstərilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. 14 fevral 2020-ci il tarixdə keçirilən mümkünlük iclasında iddiaçıya iddia ərizəsini düzgün formada yazaraq məhkəməyə təqdim edilməsi üçün vaxt verilmişdir. Məhkəmənin dəftərxanasına 13.03.2020-ci il tarixdə daxil olan ərizəsində iddiaçı cavabdeh qismində yalnız DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsini qeyd etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin dəftərxanasına 30.07.2020-ci il tarixdə daxil olan məktubunda iddia tələbində dəqiqləşmə apararaq 0.15 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı 27.02.2020-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd etmişdir ki, ərizəsinin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəsinə torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim akt) əlavə olunmamışdır. Bundan əlavə ərazi idarəsinin mütəxəssisləri ərizəsinin daha ətraflı araşdırılması üçün onun iddia etdiyi torpaq sahəsinə baxış keçirilməsi üçün qeyd olunan ərazidə olmuş, lakin həmin torpaq sahəsi üzərində mübahisə olması səbəbindən zəruri müayinə və inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 10.2.2-ci maddaəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə “Torpaq sahəsinin planı və ölçüsü" sənədi əlavə olunmalıdır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasmı (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının jrununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (Torpaq sahəsinin planı və ölçüsü, müvafiq sxem, plan və ya onlardan çıxarış, rmaq sahəsinin təhkim aktı) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. Cavabdeh orqan iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-43/2021 saylı qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.15 ha həyətyanı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi qanuni şəkildə ona ayrılmış torpaq sahəsinə aid arxivdən qərəzli şəkildə heç bir sənəd taparaq məhkəməyə təqdim etməmişdir. O, vaxtilə hərbçi olduğunu, vətəni və torpağı üçün əlindən gələn hər bir şeyi etdiyini bildirmişdir. Dövlətin qanunlarına həmişə tabe olduğunu, 0,15 ha torpaq sahəsindən çıxarışın qanuni yolla əldə etməsi üçün aidiyyəti qurumlara müraciət etmişdir. Lakin həmin qurum tərəfindən əsassız imtina cavabı verilmişdir. Şəki İnzibati Məhkəməsi tərəfindən göstərilən bu halların heç biri araşdırılmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-43/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2-1(116)-43/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-43/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində 1995-ci ildə ona Balakən rayonunun Qazma kəndində keçmiş “Moskva” kolxozunda (indiki “Bakı” kolxozu) 0.15 ha həyətyanı torpaq sahəsi verildiyini və akt tərtib edildiyini qeyd etsə də, nə təhkim akt, nə də həmin torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənəd aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərdən məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin onun faktiki istifadəsində torpaq sahəsinin olmadığı müəyyən olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-43/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(116)-43/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar