Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-258/2023 30.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Şikayətçi İddiaçı şikayət verilən orqan Şəki rayon İcra və probasiya şöbəsinə qarşı “xx.xx.2021-ci il tarixli 8169 nömrəli icra sənədi üzrə icrata xitam verilməsi barədə” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)-1299/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə Şikayətçi İddiaçı Şəki rayon İcra və probasiya şöbəsinə qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2021-ci il tarixli 8169 nömrəli icra sənədi üzrə icrata xitam verilməsi barədə” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə aşağıdakı kimi əsaslandırılmışdır: - Şəki regional ”ASAN xidmət” mərkəzində notariat ofisinin 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra qeydinə əsasən ondan 3020 manat pul tutularaq X1 ödənilməsi qərara alınmışdır. İcra qeydi icra olunması üçün Şəki rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Sözügedən icra sənədi ürə borc məbləğinin 1800 manatını aybaay olmaqla ödəniş terminalları vasitəsi ilə Zümrüdün bank kartına ödəmişdir. Qalan 1200 manat məbləği sonuncunun xahişi ilə bank kartına deyil, bir dəfəyə ödəmək şərti ilə əlbəəl verməyə razılaşmışlar. Bundan sonra Zümrüd, oğlu Rəsulu onun yanına göndərəcəyini və pulu ona verməyini xahiş etmiş, 06 may 2022-ci il tarixdə Zümrüdün oğlu Rəsul ilə görüşərək Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti ilə Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində yerləşən "xxxx" ASC-nin bankomatından ona məxsus bank kartından 1200 manat pul məbləğini nəğdləşdirərək Rəsula vermiş və o da qeyd etdiyi məbləği sayaraq qəbul etmiş, daha sonra onun telefonu ilə anasına, yəni Zümrüdə zəng edərək sözügedən məbləği ondan aldığı barədə məlumat vermişdir. Bütün bu qeyd etdikləri həmin ərazidə olan təhlükəsiz şəhər kamerasının yanında baş vermişdir. Lakin, X2 ona borclu olduğu 1200 manat məbləğin verilmədiyini, hələ də onun ona qeyd edilən qədər borclu olduğunu, onun yanına gələrək özünü Zümrüdün oğlu kimi təqdim edərək 1200 manatı ondan alan şəxsin onun oğlu olmadığını və həmin şəxsi tanımadığını bildirmişdir. Bu səbəbdən də, təhlükəsiz şəhər kamerasından həmin görüntülərin götürülərək ondan 1200 manat məbləğində pulu almış şəxsin müəyyən edilməsi məqsədi ilə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsinə şikayət ərizəsi vermiş, polis bölməsində şikayəti üzrə araşdırma aparılmış, kamera görüntüləri götürülmüş, X2, verdiyi izahatında oğlu Rəsula verdiyi 1200 manat məbləğində pulun ona təqdim edildiyini etiraf etmiş, buna görə də, şikayət üzrə 11 iyun 2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin tələblərini əsas tutaraq Şəki rayon İcra və Probasiya Şöbəsindən 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, əsassız olaraq bundan imtina edilmiş və onun hüquqları pozularaq əmək haqqından yenidən əlavə 1200 manat pulun tutulması barədə qərar qəbul edilmişdir. Buna səbəb kimi icra şöbəsindən tələbkarın borcun tam ödənilməsi barədə ərizə verməməsi göstərilmişdir. Göründüyü kimi X2, şəxsi maraqları naminə əlavə qazanc əldə etmək məqsədi ilə icra şöbəsinə lazımi ərizə vermir və ona olan borcunun ödənildiyini etiraf etmir. Göstərilənlər nəzərə alınaraq 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə tərəfindən ərizəçinin dinlənilmə hüququnu təmin etmək məqsədilə hazırkı ərizənin mümkünsüzlüyü ilə bağlı xx.xx.2023-cü il tarixdə hüquqi yardım barədə məktub ərizəçinin elektron kabinetinə göndərilmiş, məhkəmənin mövqeyinə münasibət bildirilməsi üçün 5 (beş) gün müddətində vaxt təyin edilmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşdığını bildirmişdir. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)-1299/2023 saylı qərardadı ilə (hаkim Vüqar Musayev) şikayətçi İddiaçı Şəki rayon İcra və probasiya şöbəsinə qarşı “xx.xx.2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icrata xitam verilməsi barədə” ərizəsi mümkün sayılmamışdır. Şikayətçi İddiaçı Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)- 1299/2023 saylı qərardadından apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Şikayətçi İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, Şəki rayon İcra və Probasiya Şöbəsindən 08 iyul 2021-ci il tarixli, 8169 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 8(075)-24/2023 saylı qərardadı ilə qaldırılan tələb inzibati məhkəmədə baxılmalı olduğundan ərizəmin icraata qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra eyni tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu dəfə də, Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 1299/2023 saylı qərardadı ilə mübahisənin ümumi məhkəməyə aid olması əsası ilə iddia mümkün sayılmamışdır. Odur ki, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)-1299/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq şikayətçi İddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası şikayətçinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)-1299/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Şəki rayonu üzrə icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 682/20 №-li məktubundan və ərizənin məzmunundan görünür ki, Şəki rayonu üzrə icra və probasiya şöbəsi, Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-8169 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edərək müvafiq icra hərkətləri həyata keçirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarında ortaya qoyulan hüquqi mövqe ondan ibarətdir ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından tərəflər icra sənədini vermiş məhkəməyə, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarının əsaslandırıcı hissəsinə nəzər saldıqda da aydın olur ki, məhkəmə həmin qənaətə gələrkən “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən məhkəmənin öz verdiyi icra sənədinin icra vəziyyətinə nəzarət etmək səlahiyyətinin olması mövqeyindən çıxış etmiş, icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsinin müəyyən edildiyi “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə (icra sənədinə izah verilməsi), eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarında öz əksini tapmış, (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələrlə bağlı digər maddələrə istinad etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni düzgün olaraq onunla əsaslandırmışdır ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarının icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi məqsədi daşıyır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən qərarında icra məmurunun icra sənədinə xitam verilməsi ilə bağlı qərarından şikayətin verilmə qaydası ilə bağlı konkret hüquqi mövqe öz əksini tapmışdır. Buna baxmayaraq, icra məmurunun icra prosesi zamanı qəbul etdiyi çoxsaylı digər qərarları zahirən inzibati akt təsiri bağışladığından və işin hallarının hərtərəfli araşdırılması nəticəsində qəbul edildiyindən həmin qərarların inzibati akt olması ilə bağlı yanlış təsəvvür yaranır. Belə ki, icra prosesi zamanı icra məmurunun qəbul etdiyi digər qərarlarına (iş üzrə icraata başlamaq, icra ödənişinin tutulması, qiymətləndiricinin dəvət edilməsi, borclunun əmlakının və ya uşağının axtarılması) və hərəkətlərinə (borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı fəaliyyətinə) nəzər saldıqda icra məmurunun zahirən “İnzibati icraat haqqında qanun” əsasında inzibati fəaliyyət həyata keçirdiyi görünür. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət ilkin icra sənədinin hüquqi təbiətinə uyğun qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” qanunun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Sadalanan normaları icra məmurlarının fəaliyyətinə tətbiq etsək aydın olar ki, icra məmurlarının qərarları ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün hüquqi nəticələr yaratmır və hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyən etmir. Hüquqi nəticəni və ya yeni hüquqi statusu yaradan, (o cümlədən inzibati məsuliyyəti müəyyən edən) ilkin icra sənədidir ki, həmin icra sənədi üzrə icra məmuru icraata başlayaraq bötüvlükdə icra prosesini həyata keçirir. Yəni, icra prosesi ilkin icra sənədinin realizəsinə yönəlmiş, prossesual fəaliyətdir. Odur ki, icra qurumunun fəaliyyəti ilkin icraatın davamı olduğundan qeyd olunan fəaliyyətlə bağlı mübahisələr tamın bir parçası kimi qiymətləndirilərək, ilkin icra sənədinin hüquqi təbiətinə uyğun olaraq müvafiq məhkəmələrdə baxılmalıdır. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarında da birmənalı olaraq qeyd olunmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Belə ki, məhz ilkin icraatın davamı olduğuna görə “icraata xitam verilməsi barədə” icra məmurunun qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır (“İcra haqqında” Qanunun 20.7.m.). Odur ki, icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilərkən ilk növbədə ilkin icra sənədinin hüquqi təbiətinə diqqət yetirilməli və buna uyğun olaraq aidiyyəti məhkəməyə müraciət edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, hazırkı iş üzrə Şəki rayonu üzrə icra və probasiya şöbəsi Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-8169 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “icraata başlamaq haqqında” qərar qəbul etmiş və ərizəçi məhz həmin iş üzrə icraata xitam verilməsi ilə bağlı hüquqi nəticənin əldə edilməsində maraqlıdır. Sözügedən icra qeydinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən həmin qərarlara (hərəkət və ya hərəkətsizliyə) inzibati məhkəmə icraatında hüquqi qiymət verilməsi mümkün deyildir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun“ 24 ” dekabr 2021-ci il tarixli 12 №-li qərarı ilə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 04 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 6.1. 8-ci bənd aşağıdakı redaksiyada verilsin: “8. Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. Göründüyü kimi Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8i-8169 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi üzrə mübahisələr mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olduğundan, həmin icra qeydinin davamı olaraq Şəki rayonu üzrə icra və probasiya şöbəsi tərəfindən həyata keçirilən icra hərəkətlərinin gedişində ortaya çıxan bütün mübahisələrə də mülki icraat qaydasında baxılmalıdır. Yəni, sözügedən mübahisəyə Şəki İnzibati Məhkəməsində deyil, ilkin icra sənədinə (icra qeydinə) məhkəmə nəzarətini həyata keçirmək səlahiyyəti olan ümumi rayon məhkəməsində (Şəki Rayon Məhkəməsi) baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırkı iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, sözügedən icra qeydinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən həmin qərarlara (hərəkət və ya hərəkətsizliyə) inzibati məhkəmə icraatında hüquqi qiymət verilməsi mümkün deyildir. Odur ki, iddiaçının hazırkı tələbə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)-1299/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 82, 87, 89 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Şikayətçi İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli 2-1(116)-1299/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-258/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-258/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver