Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-259/2020 24.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)- 699/2020nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1974-cü ildə anadan olmuşdur. xx.xx.1992-ci il tarixdə Oğuz Rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilmiş və N nömrəli hərbi hissəyə daxil olmuşdur. Həmin hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmək üçün Ağdərə, Füzuli rayonlarına ezam olunmuşdur. xx.xx.1993-cü il tarixdən N saylı hərbi hissəyə göndərilmişdir və həmin hərbi hissənin tərkibində Füzuli rayonunda gedən döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə Aşağı Abdurrahmanlı kəndində sol ayağından güllə yarası almışdır. N saylı hərbi hissənin tibbi rotasında ilk yardım aldıqdan sonra, Saatlı Rayon Mərkəzi Xəstəxanasına sonra isə Oğuz Rayon Mərkəzi Xəstəxanasında müalicəni davam etdirmişdir. Bu barədə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı da var. Lakin buna baxmayaraq ona Müdafiə Nazirliyinin arxivindən hərbi hissəni özbaşına tərk etməyi barədə arxiv arayışı verilmişdir. İddiaçı iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı qüvvələr veteranı», «Əmək veteranı» adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasını ərazi bütövlüyü uğrunda döyüş əməliyyatların aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxx 2019-cu il tarixli 9/2-6300 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparan dövrdə N nömrəli hərbi hissəni özbaşına tərk etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqsinin surəti, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019-cu il tarixli 1/M-408 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli 11/1058 nömrəli etirazı, Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019-cu il tarixli 9/26300 nömrəli arayışı, НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2019-cu il tarixli 17/2107 nömrəli, xx.xx.2020-ci il tarixli 17/894 nömrəli məktubları, MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli 771 nömrəli Qərarı, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/824 nömrəli məktubu, SHXÇDX-nin Oğuz Rayon Bölməsinin xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli 164 nömrəli məktubu, Fizuli hərbi prokurorluğunun xx.xx.2003-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarının təsdiqlənmiş surəti aiddir.Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 699/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsini qərara alınmışdır. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-699/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, O, Azərbayvan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116 )-669/2020 nömrəli qərarı ilə iddiası təmin edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2- 1(116)-669/2020 nömrəli qərarı ona rəsmi şəkildə xx xxx 2020-ci il tarixdə verilmişdir. Şəki İnzibati Məhkəməsinin hazırkı iş üzrə xx xxx 2020-ci il tarixli, 2-1(116)-669/2020 nömrəli qərarında iş üzrə gələn nəticə işin faktiki hallarına uyğun deyildir. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)-669/2020 nömrəli qərarı işin faktiki hallarına düzgün qiymət verilmədən və məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmadan qəbul edilmişdir. Məhkəmənin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin qeyd edilən qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. X4 Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 669/2020 nömrəli qərarında göstərilən hallarla işin materialları arasında ziddiyət olmuş, sübutlar əlaqəli şəkildə şərh edilməmiş, bu və ya digər sübutlar qəbul edilib-edilməməsinin səbəbləri qərarda nəinki aydın izah edilməmiş, ümumiyyətlə izah edilməmişdir. İş materiallarından da göründüyü kimi mən xx xxxx 1992-ci il tarixdə Oğuz Rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərilmiş, N saylı hərbi hissədə xidmətə başlamışam. Həmin Hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmək üçün Ağdərə, Füzuli rayonlarına ezam olunmuşam. xx xxxxxx 1993-cü il tarixdə N saylı hərbi hissəyə göndərilmişəm və hərbi hissənin tərkibində xidmətimi davam etdirmiş, Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və xx xxxxxx 1994-cü il tarixdə Aşağı Abdurahmanlı kəndində sol ayağımdan güllə yarası almışam. Aldığım güllə yarası ilə əlaqədar N saylı hərbi hissənin tibbi rotasında ilk yardım aldıqdan sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasında, sonra Oğuz Rayon Mətkəzi Xəstəxanasında müalicəmi davam etdirmişəm. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarı vardır. xx xxxx 1992-ci il tarixdə Oğuz Rayon Hərbi Komissarlığından hərbi xidmətə göndərildiyim tarixdən xx xxxxxx 1994-cü il tarixdə yaralandığım tarixədək mən N və N saylı hərbi hissələrdə xidmət etdiyim müddətdə heç vaxt xidmətdə olduğum hərbi hissələri özbaşına tərk etməmişəm. Güllə yarası alandan sonra müalicəmlə əlaqədar müvafiq müalicə müəssisələrində qalmağa məcbur olmuşam. Mən hərbi xidmətdə və müalicə olunduğum müddətlərdə müvafiq qurumlarda barəmdə həqiqətə uyğun olmayan guya mənim hərbi hissəni özbaşına tərk etməyim, aldığım güllə yarasında ölməyim və sair barədə sənədləşmələr aparılmış, hətta başqa bir hərbiçinin cəsədi atam evinə göndərilərək guya mənim cəsədim adı ilə dəfn də edilmişdir. Xeyli müddət keçdikdən sonra həmin cəsədin mənə aid olmadığı ortaya çıxmış, cəsəd qəbirdən çıxarılaraq aidiyyatı üzrə götürülmüşdür. Həm ölməyim, həm də hərbi həssəni özbaşına tərk etməyim barədə məlumatlar tam şəkildə həqiqətə uyğun olmayan məlumatlardır. Bu məzmunlu sənədləşmələrin hərc mərclikdənmi, yoxsa pis niyyətlə edildiyini istər həmin əməllərin o cür sənədləşdirildiyi tarixlərdə, istərsə də hazırda aydınlaşdırıb ortaya çıxarmaq mənim imkanım xaricindədir. Mənim hərbi xidmətdə olduğum müddətdə hərbi hissəni özbaşına tərk etmədiyimi keçmiş hərbi xidmət üzrə əsgər yoldaşlarım da təsdiq edə bilərlər. İş materiallarında olan sənədlərdən də mənim güllə yarası alaraq hərbi hissədən müvafiq müalicə müəssisələrinə aparıldığım tam aydın görünür. Bir adamın həm döyüşdə yaralanıb müalicə müəssisəsinə aparılması, həm ölmüş əsgər kimi cəsədinin evinə göndərilməsi, həm də hərbi hissəni özbaşına tərk etməsi barədə eyni dövlət orqanı tərəfindən sənədlər tərtib edilmişdir. Bir birinə zidd olan bu cür məlumatları əks etdirən sənədlərin tərtib edilmiş olması burada bir ədalətsizliyin mövcud olduğunu göstərir. Mən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qazandığım hüquqlarımı məhkəmə qaydasında müdafiə etməyə cəhd etmişəm. Məhkəmə lazımi araşdırma aparıb iş üzrə ədalətli nəticəyə gəlmək əvəzinə lazımi araşdırma aparmağa cəhd belə göstərmədən hazırkı ədalətsiz və əsassız qərarı qəbul etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(116)- 669/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasınıxahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-699/2020 nömrəli iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-699/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi dəlilləri ilə razılaşmır. Çünki o, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, Müdafiə Nazirliyi İşlər X2 xx.xx.2019-cu il tarixli 9/2-6300 nömrəli məktubundan görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün xx.xx.1993-cü il tarixli 190 nömrəli əmrlə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Həmçinin Fizuli hərbi prokurorluğunun xx.xx.2003-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının barəsində səraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd olunmuşdur. İddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi zamanı əlil olması barədə heç bir sübut müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-699/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-259/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-259/2020
24.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver