Məhkəmə qərarları › İş №2-1(107)-259/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-259/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-259/2021 18.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(116)-181/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 23.07.1992-ci ildə Qazax rayonunun, Ağstafa rayonunun Köhnə Qışlaq kəndində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 18.09.1992-ci ilə qədər N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq ordudan tərxis edilmişdir. Qeyd olunan faktlar onun hərbi biletinin 6-cı və 7-ci səhifələrində öz təsdiqini tapmışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, ona “Müharibə veteranı” statusunun verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 24.12.2020-ci il tarixli, 11/6386 nömrəli etirazında qeyd etmişdir ki, iddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edilir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №- li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasıdır. Normanı ümumiləşdirərək qeyd edilmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: -Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. -Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məhfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, İddiaçı iddia edir ki, 23.07.1992-ci il tarixdən 18.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi faktının NZ ******* nömrəli hərbi biletinin 6-7 səhifələrində öz əksini tapdığını qeyd etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 19.10.2020-ci il tarixli 9/2-10137 nömrəli məktubunda qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Arxivə daxil olmadığı üçün iddiaçının xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. İddiaçı tərəfindən Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya ünvanladığı müraciətə komissiya tərəfindən baxılmış və müvafiq qərarın qəbul edilməsi məqsədilə iş üzrə əhəmiyyət kəsb edən sənədlərin notarial qaydada təsdiqlənmiş formada komissiyaya göndərilməsi barədə iddiaçıya məktub göndərilmişdir. Lakin iddiaçı tərəfindən sözügedən sənədləri Komissiyaya təqdim etməmişdir. Bu halla bağlı komissiya tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq aralıq inzibati akt qəbul edilmişdir. Nəzərə çatdırılır ki, iddiaçı tərəfindən müvafiq qaydada şəxsiyyətini təsdiq edən və s. sənədlərini, eləcə də döyüşlərdə iştirakı ilə bağlı müvafiq sənədlərin notarial qaydada təsdiq edilmiş formada Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməsi məqsədəuyğun hesab edilir. Eyni zamanda bildirilir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Cavabdeh orqan bildirir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçıya “Müharibə veteranı” adının verilməsi mümkün deyildir. İddiaçı cavabdehin etiraz məktubuna münasibət bildirərkən 13.02.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, o, 23.07.1992-ci il tarixdən 18.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində əvvəlcə Tərtər, sonra isə Ağstafa rayonunun Köhnə Qışlaq kəndi istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmin fakt NZ ******* nömrəli hərbi biletinin 6-7-ci səhifələrində qeyd edilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətin 2-ci vərəqində göstərir ki, guya iddiaçı nəzərdə tutulan sənədləri təsdiq olunmuş formada Müdafıə Nazirliyinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya” göndərməmişdir. Əslində iddiaçı hərbi biletinin təsdiq olunmuş surətini, şəxsiyyət vəsiqəsinin surətini Müdafiə Nazirliyinin yuxarıda adı qeyd olunan komissiyasına göndərmişdir. Bu halları təsdiq edən 19.10.2020ci ildə Bakı şəhərindən rəsmi poçt vasitəsilə göndərilmiş sənədlərinin geri qaytarılması dediklərinə əyani sübutdur. Əlavə olaraq iddiaçı qeyd etmişdir ki, o, qanunvericiliyin tələblərinə uyğun olaraq öz hərbi xidmət borcunu yerinə yetirmiş və qanuna müvafiq olaraq tərxis olunmuşdur. Haqqında hər hansı hərbi nizam-intizam icraatı olmamış, nə cinayət işi, nə də fərarilik halları olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki Şəhər (Rayon) Polis Şöbəsinin 18.10.2020-ci il tarixli 189-26032-1220 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində AR DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun 14.10.2020-ci il tarixli, 18/3626 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı barəsində Prokurorluqda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin 23.10.2020-ci il tarixli 843 nömrəli məktubuna əlavə edilən qeydiyyat kartasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 23.07.1992-ci ildən 18.09.1992-ci ilədək Ağstafa rayonunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun 03.11.2020-ci il tarixli 16/3726 nömrəli məktubunda qeyd edilir ki, Prokurorluqda iddiaçı barəsində təqsirləndirici material və ya cinayət işi yoxdur. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun 19.11.2020-ci il tarixli 22HP5283 nömrəli məktubunda qeyd edilir ki, 1969-cu il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 19.10.2020-ci il tarixli, 9/2-10137 nömrəli məktubunda qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Arxivə daxil olmadığı üçün iddiaçının xidməti barədə araşdırma aparılması mümkün olmamışdır. İş materiallarında olan ******* nömrəli hərbi biletin surətindən müəyyən edilir ki, biletin 6-cı səhifəsində iddiaçının 09.06.1992-ci ildən 30.06.1992-ci ilədək N nömrəli hərbi hissədə, 03.07.1992-ci il tarixdən 23.09.1992-ci ilədək isə 1-ci ordu korpusunda xidmət etdiyi müəyyən edilir. Qeyd olunan səhifədə hərbi hissəyə giriş və çıxış tarixləri qeyd edilsə də, əmr nömrələri göstərilməyib. Biletin 7-ci səhifəsində iddiaçının 23.07.1992ci ildən 18.09.1992-ci ilədək Ağstafa rayonunun Köhnə Qışlaq kəndində döyüş əməliyyatlarında iştirak etdiyi qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 05 mart 2021-ci il tarixli, 2- 1(116)-181/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(116)-181/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, o, xx.xx.1969-cu ildə Qəbələ rayonun Çuxur Qəbələ kəndində anadan olmuş, 1988-1990-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində həqiqi hərbi qulluq keçmişdir. Məlum Qarabağ hadisələri başlayan ilk gündən qeyrətli vətən oğulları kimi milli ordumuzun tərkibində, yəni 23.07.1992-ci ildə Qazax rayonun Ağstafa rayonun Köhnə Qışlaq kəndində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Qarabağımız uğrunda gedən müxtəlif döyüş bölgələrində iştirak etmişdir. O, 18.09.1992-ci ilə qədər N nömrəli hərbi hissə tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və qanunvericiliyinin tələblərinə uyğun olaraq ordudan tərxis olunmuşdur. Həmin faktları təsdiq edən hallar NZ ******* nömrəli hərbi biletinin 6-7ci səhifələrində öz təsdiqini tapmışdır. Onun döyüş əməliyyatlarda iştirak etmək faktını onunla birlikdə həmin əməliyyatlarda iştirak edən müharibə veteranı yoldaşları da təsdiq edə bilərlər. Xidmət etdiyi illərlə bağlı hal-hazırda əlində arxiv sənədləri yoxdur. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhtəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinin Şəki İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərarı əsasında rədd edilməsi hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Azərbaycan Respublikası Qanunvericiliyinin tələbləri əsasında çıxarılan qərarını aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, o, həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun haqqında prokurorluqda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsi çox təəssüf ki, iddia tələbindən irəli gələn sübutları dərindən təhlil etməmiş, qeyri-səthi yanaşmış və ədalətsiz qərar qəbul etmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 19.10.2020-ci il tarixli 9/2-10137 nömrəli məktubunda qeyd edilmişdir ki, xidmət etdiyi N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri arxivə daxil olmadığı üçün iddiaçının xidməti barədə araşdırılma aparılması mümkün olmamışdır. Hesab edir ki, bu onun iradəmdən asılı olmadığı halda, sadəcə olaraq arxiv idarəsinin qeyri-səhih arayışı onun iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2- 1(116)-181/2021 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyin nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(116)-181/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası həmçinin formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, oxşar işlər üzrə kollegiyanın 2-1(102)-331/2020 saylı 4 fevral 2020-ci il tarixli və 2- 1(102)555/2020 saylı 24 iyun 2020-ci il tarixli qərarları ilə də iddiaçıların qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması aidiyyəti dövlət orqanının arayışı və əmri ilə birgə təsdiq olunmaması səbəbi ilə onların kassasiya şikayətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2-1(116)-181/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar