Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-259/2022 13.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixdə doğulmuş övladının tək onun ərizəsi ilə “Məmmədov” soyadı ilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-1118/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020ci il tarixdə doğulmuş övladının tək onun ərizəsi ilə “Məmmədov” soyadı ilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının xx.xx.2020-ci il tarixdə qeyri-rəsmi nikahda olduğu Vahid adlı şəxsdən bir övladı doğulmuşdur. Buna əsasən doğumun həyata keçirildiyi "xxxx" MMC tərəfindən iddiaçıya TQS № 103 saylı Doğum haqqında Tibbi Şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı cavabdeh orqan Cavabdehnə ərizə ilə müraciət edərək dünyaya gəlmiş oğlunun tək ananın ərizəsi əsasında qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 168 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə görə, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.15-ci bəndinə uyğun olaraq nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı.nikah pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı X2 ilə olan nikahının pozulması xx.xx.2019-cu ildə Cavabdeh tərəfindən qeydə alındığından xx.xx.2020-cı ildə doğulmuş oğlununun doğumunun qeydə alınmasını tək ananın ərizəsi əsasında aparılmasından imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İş materiallarında olan: Doğum haqqında tibbi şəhadətnamədən görünür ki, uşağın ata adı qrafasında Vahid, soyadı qrafasında Kərimov, doğum tarixi qrafasında xx.xx.2020-ci il saat 13:12 qeyd olunmuşdur. X1r. “Ata haqqında məlumat” bölməsində qeydlər yoxdur. 379901 nömrəli “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X2 ilə X8 arasında bağlanmış nikah Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2019-cu ildə xitam verilmişdir. Əhalinin Dövlət Reyestrindən çıxarışdan görünür ki, X9 Məmmədovanın birgə nikahından xx.xx.2002-ci ildə X4, xx.xx.2005-ci ildə X5 və xx.xx.2010-cu ildə X3 doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakimi Fərid İsmayılzadə) 30 iyun 2022-ci il tarixli, 2- 1(116)-1118/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “xx.xx.2020-ci il tarixdə doğulmuş övladının tək onun ərizəsi ilə “Məmmədov” soyadı ilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək və Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-1118/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun yazılmış və Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-1118/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-1118/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh nümayəndəsi və üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-1118/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları göstərməyi zəruri hesab edir. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən: 44.1. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 44.4. Ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. 44.5. Atalığın müəyyən olunması haqqında birgə ərizə verməyin uşağın doğulmasından sonra qeyri-mümkünlüyü və ya çətinliyi güman olunduğu hallarda gələcək uşağın öz aralarında nikahda olmayan valideynləri bu ərizəni müvafiq icra hakimiyyəti orqanına ananın hamiləliyi dövründə vermək hüququna malikdirlər. Uşağın valideynləri haqqında qeyd uşaq doğulduqdan sonra aparılır. 44.6. Yetkinlik yaşına çatmış şəxs barədə atalığın müəyyən olunmasına yalnız onun razılığı ilə, həmin şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə isə onun qəyyumu və ya müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.1-ci bəndinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2-ci bəndinə görə doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. 2.15-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. 2.16-cı bəndinə görə bu Qaydanın 2.14-cü və 2.15-ci bəndlərində nəzərdə tutulan hallarda doğum haqqında akt qeydinin 19-cu və 23-cü qrafalarında müvafiq olaraq uşağın atasının ölümü haqqında akt qeydinin verilmə tarixi, nömrəsi, qeydə alındığı orqan, nikahın pozulması haqqında akt qeydinin verilmə tarixi, nömrəsi, qeydə alındığı orqan, nikahın pozulması və ya nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsinin tarixi və nömrəsi və qətnamə çıxarmış məhkəmənin adı göstərilir. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində müəyyən etmişdir ki, iddiaçının xx.xx.2020-ci il tarixdə doğulmuş oğlu onun X2 ilə nikahına Zərdab Rayon Məhkəməsinin qətnaməsi ilə xitam verildiyi xx.xx.2019-cu il tarixdən 300 gün və ya 10 aydan az müddət keçdikdən sonra doğulduğundan uşağa münasibətdə qanunvericiliyin yuxarıda göstərilən tələbləri tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının cavabdehə qarşı “xx.xx.2020-ci il tarixdə doğulmuş övladının tək onun ərizəsi ilə “Məmmədov” soyadı ilə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(116)-1118/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-259/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-259/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver