Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-26/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X3 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil2 və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X5 filialına qarşı "xx.xx.2021-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-610/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı xx.xx.1961-ci ildə Zaqatala rayonu Ağdamkələl kəndində anadan olmuş və hazırda Zaqatala şəhərində yaşayır.
2. O, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.
3. İddiaçı aşağıdakı iş yerlərində işləmişdir: xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Qazaxıstan Respublikası "Manqışlaqneft" X2 Qazma İşləri İdarəsində neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçı köməkçisi; xx.xx.1987-ci ildən xx.xx.1998ci ilədək həmin İdarədə (xx.xx.1996-cı ildə İdarənin adı dəyişdirilərək "Manqistaumunayqaz" Səhmdar Cəmiyyətinin "Burqışı" X1 adlandırılmışdır) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçısı; xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək həmin müəssisədə quyuların yeraltı təmiri üzrə qazmaçı; xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə (xx.xx.2001-ci ildən müəssisə "Oil Services Company" X1 adlanır) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçısı; xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə quyuların əsaslı təmiri üzrə qazmaçı; xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Qazaxıstan Respublikası "Enerqoproyekt-Visokoqradnya" Səhmdar Cəmiyyətində çilingər.
4. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün xx.xx.2021-ci ildə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı 21 il 8 ay 7 gün (xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək) olmaqla 25 ildən azdır. Bundan başqa, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40000 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16525,09 manat təşkil edir. Ona görə də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə X5 filialına qarşı "ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmiş, bundan sonra isə məhkəməyə ərizə verərək tələbini dəqiqləşdirmiş və xx.xx.2021-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir.
6. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, onun qanunvericiliklə tələb olunan müddətdən də artıq həm ümumi, həm də güzəştli sosial sığorta stajı vardır.
7. Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, əlavə olaraq isə bildirmişdir ki, İddiaçı cavabdehə müraciət edərkən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməmişdir.
8. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı 25 il 9 ay 13 gün, güzəştli iş stajı isə 19 il 6 ay 28 gün təşkil edir.
9. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2022-ci il tarixli digər məktubda bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı ilədək ümumi iş stajı 21 il 8 ay 7 gün, güzəştli iş stajı isə 19 il 6 ay 28 gün təşkil edir. Bundan başqa, Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 820-İQ nömrəli Qanunu ilə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında "Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında" Saziş təsdiq edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-610/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh orqan apellyasiya şikayətini və apellyasiya şikayəyinə əlavəni onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40000,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16525,09 manat təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranan dövrə münasibətdə isə (yəni xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixə qədər) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün dörd şərt mövcud idi: yaş, ümumi iş stajı, güzəştli iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı. Göründüyü kimi 2021-ci il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kapital tələbi olduğu halda birinci instansiya məhkəməsi tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12835, 62 manat təşkil edir, həmin tarixdən sonra olan dövr üçün isə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 15 il 9 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikasının Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 12835, 62 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonraki dövr üzrə fərdi hesabında pensiya kapitalı qeydə alınmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 610/2022 nömrəli qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-610/2022 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-610/2022 nömrəli dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Həmçinin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh orqanın güzəştli şərtlərə yaşa görə əmək pensiyası təyin olunması hüququnun 01 iyul 2022-ci il tarixdən yarandığını mübahisələndirdiyi üçün güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin olunmasını 01 iyul 2022-ci il tarixdən hesablanaraq ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən ərizə icraata qəbul edilmişdir.
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - ЕТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1987-ci ilədək Qazaxıstan Respublikası "Manqışlaqneft" X2 Qazma İşləri İdarəsində neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçı köməkçisi, xx.xx.1987-ci ildən xx.xx.1998-ci ilədək həmin İdarədə (xx.xx.1996-cı ildə İdarənin adı dəyişdirilərək "Manqistaumunayqaz" Səhmdar Cəmiyyətinin "Burqışı" X1 adlandırılmışdır) neft və qaz üçün istismar və kəşfiyyat-qazma quyularının qazmaçısı, xx.xx.1998-ci ildən xx.xx.1999-cu ilədək həmin müəssisədə quyuların yeraltı təmiri üzrə qazmaçı, xx.xx.1999-cu ildən xx.xx.2001-ci ilədək həmin müəssisədə (xx.xx.2001-ci ildən müəssisə "Oil Services Company" X1 adlanır) neft və qaz üçün istismar və kəşfiyyatqazma quyularının qazmaçısı, xx.xx.2001-ci ildən xx.xx.2008-ci ilədək həmin müəssisədə quyuların əsaslı təmiri üzrə qazmaçı, xx.xx.2008-ci ildən xx.xx.2009-cu ilədək Qazaxıstan Respublikası "Enerqoproyekt-Visokoqradnya" Səhmdar Cəmiyyətində çilingər işləmişdir. - "Oil Services Company" X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 33 nömrəli arayışdan görünür ki, İddiaçı "Manqışlaqneft" X2 Qazma İşləri İdarəsində işləmiş və orada işləyən zaman 2002-2006-cı illərin bütün aylarında əmək haqqı almışdır. - "Oil Services Company" X1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 4-12/1-267 nömrəli və 4-12/1-267 nömrəli arayışlardan görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək yuxarıda göstərilən müəssisədə işləmiş və müəssisənin adı bir neçə dəfə dəyişdirilmişdir. - Məhkəmə kollegiyasının 31 yanvar 2023-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının 09 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlər arası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Bundan başqa, həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRl-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Qazaxıstan Respublikası vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Sazişin 9-cu maddəsinin 2-ci cümləsinə əsasən əməkçi miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən, əməkçi miqranta onun əmək fəaliyyətinin müddəti və əməyin ödənilməsi haqqında (hər ay üçün əmək haqqının məbləği göstərilməklə) möhürlə təsdiq edilmiş arayış təqdim etməlidir. İddiaçı Qazaxıstan Respublikası ərazisində işlədiyi xx.xx.2002- xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə əməyin ödənilməsi haqqında arayışı Mərkəzi Filiala təqdim etsə də, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrə dair sözügedən arayışı təqdim etməyib. Qeyd olunanaları nəzərə alaraq, İddiaçı xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövr üzrə əməyin ödənilməsi haqqında arayışı Mərkəzi Filiala təqdim etdikdən sonra adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaq. Əlavə olaraq bildiririk ki, adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1992-ci il, xx.xx.2002xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) hesablanmış pensiya kapitalı 14619,78 manat təşkil edir, həmin tarixdən sonrakı dövr üçün isə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Maddə 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.
20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Belə ki, cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ yaranan dövrə münasibətdə isə (yəni xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixə qədər) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün dörd şərt mövcud idi: yaş, ümumi iş stajı, güzəştli iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı. Göründüyü kimi 2021-ci il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün kapital tələbi olduğu halda birinci instansiya məhkəməsi tərəfindən bu hala hüquqi qiymət verilməmişdir. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 12835, 62 manat təşkil edir, həmin tarixdən sonra olan dövr üçün isə onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb.
25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli qanuna əsasən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş və həmin dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (maddə 9.1). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (maddə 7).
26. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli qanunun 2-ci maddəsində qeyd edilmişdir ki, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
27. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi normaları qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsinə münasibətdə tətbiq etməkdə haqlı olmamış və iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına hüquqi qiymət vermədən ona xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməklə düzgün nəticəyə gəlməmişdir.
28. Məhkəmə kollegiyası cavabdeh orqanın irəli sürdüyü dəlil ilə bağlı qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı məhkəmə kollegiyasının iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını 01 iyul 2022-ci il tarixdən hesablanaraq ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.
29. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbinə, yəni ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin olunması tələbinə münasibətdə hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 və 7-ci maddələri tətbiq edilməlidir.
30. Həmçinin məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına sorğu edilmiş və 09 mart 2023-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı Qazaxıstan Respublikası ərazisində işlədiyi xx.xx.2002- xx.xx.2005-ci il tarixləri arasındakı dövr üzrə əməyin ödənilməsi haqqında arayışı Mərkəzi Filiala təqdim etsə də, xx.xx.1992-xx.xx.2001-ci il tarixləri arasındakı dövrə dair sözügedən arayışı təqdim etməyib.
31. Məhkəmə kollegiyası cavabdeh orqanın bu dəlilinə münasibətdə isə qeyd edir ki, iş materiallarında mövcud olan "Oil Services Company" X1 tərəfindən verilmiş xx.xx.2021ci il tarixli 4-12/1-267 nömrəli və 4-12/1-267 nömrəli arayışlarla müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.2001-ci ilədək yuxarıda göstərilən müəssisədə işləmiş və müəssisənin adı bir neçə dəfə dəyişdirilmişdir.
32. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hissədə dəyişdirilərək, iddia təmin edilməli, cavabdehin üzərinə İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulmalıdır.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 2-1(116)-610/2022 nömrəli qərarı İddiaçı xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hissədə dəyişdirilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialının üzərinə İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.