Məhkəmə qərarları › İş №2-1(107)-260/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-260/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-260/2023 04.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar N23-ci il tarixli, 2-1(116)-510/N23 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1989-cu il tarixdə Şəki rayonunun Kəhrizoba kəndində anadan olmuşdur. İddiaçı xx.xx.N07-ci ildə hərbi xidmətə getmişdir. İddiaçı xx.xx.N09-cu ildə hərbi xidmət sıralarından ehtiyyata buraxılmış, xx.xx.N15-ci il tarixdən 1-ci X1 əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N saylı hərbi hissəyə manqa komandiri vəzifəsinə təyin edilmişdir. İddiaçı N16-cı ildə aprel döyüşlərində Tərtər-Qapanlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N16-cı ildə ordu sıralarından təxris olunmuşdur. 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq yenidən ordu sıralarına qayıtmışdır. xx.xx.NN-ci ildə "Partlayış travması, döş qəfəsin sol yarısının yumşaq toxumaların əzilməsi" travması almışdır. İlk tibbi yardım olunduqdan sonra N saylı hərbi hissədə ambulator müayinədə olmuşdur. xx.xx.NN-ci ildə ordu sıralarından təxris edilmişdir. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.N22-ci il tarixli, 15/2405 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəyə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 353 nömrəli əmrindən çıxarışda hərbi hissəyə "hərbi vəzifəli əsgər” qismində cəlb olunduğu qeyd edilib. "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr N04-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün deyil. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.N22-ci il tarixli, 15/2835 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərizəyə əlavə etdiyi N nömrəli hərbi hissə komandirinin N dekabr NN-ci il tarixli 353 nömrəli əmrindən çıxarışa (əlavə olunur) və N nömrəli hərbi hissənin xx.xx.N22-ci il tarixli 1757 nömrəli arayışa (əlavə olunur) əsasən xx.xx.NN-ci il tarixdə hərbi əməliyyatlara “ehtiyatda olan əsgər” qismində cəlb olunmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsinə əsasən, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Qanunun tələbinə görə vətəndaş İddiaçı “Kəşfiyyat fəaliyyəti” subyekti əməkdaşı hesab edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 180-24 №-li 23 noyabr N04-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “'Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks- kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. Qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.

4. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 17 yanvar N23-ci il tarixli, 2- 1(116)-510/N23 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.N07-ci ildə hərbi xidmətə getmişdir. xx.xx.N09-cu ildə hərbi xidmət sıralarından ehtiyyata buraxılmışdır. xx.xx.N15-ci il tarixdən 1-ci X1 əmrinə əsasən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək N saylı hərbi hissəyə manqa komandiri vəzifəsinə təyin edilmişdir. N16-cı ildə aprel döyüşlərində Tərtər-Qapanlı istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.N16-cı ildə ordu sıralarından tərxis olunmuşdur. 2-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq yenidən ordu sıralarına qayıtmışdır. xx.xx.NN-ci ildə “Partlayış travması, döş qəfəsin sol yarısının yumşaq toxumaların əzilməsi" travması almışdır. İlk tibbi yardım olunduqdan sonra N saylı hərbi hissədə ambulator müayinədə olmuşdur. xx.xx.NN-ci ildə ordu sıralarından tərxis edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərkən xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat subyekti olaraq kompensasiya ödənilməsi xahişi ilə Müdafiə Nazirliyinə xx.xx.N22-ci il tarixdə müraciət etmişdir. Müdafiə Nazirliyi müraciətinə xx.xx.N22-ci il tarixli məktubla bildirmişdir ki, ona kompensasiyanın verilməsi mümkün deyil. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə işin hallarını ədalətli araşdrmamış, sadəcə "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarını sadalamaqla kifayətlənmiş, sadəcə bir neçə cümlə ilə mövqeyini əsaslandıraraq onu kəşfiyyat və əkskəşfiyyat subyekti hesab etməmişdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Onun müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilməyi, manqa komandiri vəzifəsində işləməyi təkzib olunmazdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 yanvar N23-ci il tarixli, 2-1(116)-510/N23 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar N23-ci il tarixli, 2-1(116)-510/N23 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir

12. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - xx.xx.N22-ci il tarixli 1814 nömrəli “Xəstəlik haqqında” şəhadətnamədən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarı ilə iddiaçının xx.xx.NN-ci il tarixdə aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi göstərilmişdir. - N nömrəli hərbi hissənin xx.xx.N22-ci il tarixli məktubuna əlavə olunmuş N nömrəli hərbi hissə tərəfindən iddiaçıya verilmiş arayışda qeyd olunur ki, həmin arayış ləğv edilmiş N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan əsgər İddiaçı verilir ondan ötrü ki, o həqiqətən N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli 049 nömrəli əmrinə əsasən 2-ci kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat tağımının 1-ci kəşfiyyat manqasının komandiri vəzifəsini icra etmişdir. Hal-hazırda ehtiyata buraxılmışdır. - N nömrəli hərbi hissənin xx.xx.N22-ci il tarixli məktubuna əlavə olunmuş N nömrəli hərbi hissə komandirinin xx.xx.NN-ci il tarixli, 353 nömrəli əmrindən çıxarışında qeyd olunur ki, hərbi vəzifəli əsgər İddiaçı, 2-ci kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 1-ci kəşfiyyat manqasının komandiri Azərbaycan Ordusundan tərxis olunduğuna görə xx.xx.NN-ci il tarixdən bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinə göndərilmişdir. - SHXÇDX-nin Şəki rayon şöbəsinin xx.xx.N22-ci il tarixli, N77 nömrəli məktubuna əlavə olunmuş iddiaçının xidməti dəftərçəsindən görünür ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılıb və qeydiyyata durmaq üçün SHXÇDX-nin Şəki rayon şöbəsinə göndərilmişdir. - SHXÇDX-nin Şəki rayon şöbəsinin xx.xx.N22-ci il tarixli, N77 nömrəli məktubuna əlavə olunmuş iddiaçının uçot kartasından görünür ki, iddiaçı xx.xx.N16-cı il tarixdə Tərtər- Qafanlı istiqamətində gedən döyüşlərdə, xx.xx.NN-ci il tarixdə isə Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin tərkibində könüllü iştirak etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının xx.xx.N04-cü il tarixli 711-İİQ nömrəli Qanunu: Maddə 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. Maddə 1.2. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. Maddə 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 1.4. Əks-kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsinə mane olan və ya bu maraqlara təhlükə yaradan şərait, proses və amillərdən qorunmasına yönəlmişdir. Maddə 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. Maddə 6.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. Maddə 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. Maddə 14.2. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. Maddə N.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

16. "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 avqust N04-cü il tarixli 104 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən Qanunun N.12ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. N. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hesab olunmadığından, iddiaçı isə ehtiyatda olan əsgər qismində hərbi əməliyyatlara cəlb olunduğundan cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

26. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, iddiaçı kəşfiyyat və əks kəşfiyyat subyekti hesab edilmədiyindən ona kompensasiyanın verilməsi mümkün deyil. Ona görə də kollegiya hesab edir ki, iddiaçıya kompensasiyanın verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

27. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı xidməti vəzifələrinin icrası zamanı xəsarət aldığı üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyekti olaraq ona qanunda nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

28. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar N23-ci il tarixli, 2-1(116)-510/N23nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar