Məhkəmə qərarları › İş №2-1(107)-261/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-261/2021

18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-261/2021 18.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “hüququnun yarandığı 23.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06.02.1997-ci il tarixdən 19.07.2003-cü il tarixədək “xxxx” ASC-də və 1992-1996-cı illərdə keçmiş “İşıqlı Ulduz” kolxozunda işlədiyi illərin sığorta stajı kimi nəzərə alaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Belə ki, iddiaçının 06.02.1997-ci il tarixdən 19.07.2003-cü il tarixədək “xxxx” ASC-də işləməsi arxiv materiallarında öz təsdiqini tapmamışdır. Həmçinin 1992-1996-cı illərdə keçmiş “İşıqlı Ulduz” kolxozunda işlədiyi illərə dair əmək kitabçasında qeydlər aparılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və hüququnun yarandığı 23.06.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 01.12.2020-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdim ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiyası 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda - 21 iyun 2020-ci il tarixdə yaranmışdır. Belə ki, iddiaçı 02 iyul 2020-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Zaqatala rayon filialına müraciət etmişdir. Zaqatala rayon filialı tərəfindən 21 avqust 2020-ci il tarixli cavab məktubunda iddiaçının 1992-1996-cı illərdə keçmiş İşıqlı Ulduz kolxozunda işləməsi barədə əmək kitabçasında qeydlərin olmadığı və iddiaçının 06.02.1997-ci il tarixdən 19.07.2003-cü il tarixədək “xxxx” ASC-də elektrik işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçıya imtina cavabı verilmişdir. İşin mübahisələndirilməyən halı iş materiallarında olan iddiaçının əmək kitabçasında qeyd edilən (mübahisələndirilən 06.02.1997-19.07.2003-cü tarixlər istisna olmaqla) digər işlədiyi illərdir və buna müvafiq olaraq iddiaçının mübahisələndirilməyən 15 il 3 ay 17 gün iş stajı mövcud olduğu müəyyən edilmişdir. İşin mübahisələndirilməyən digər halı isə iddiaçının hərbi xidmət dövrüdür. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli həqiqi hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş hərbi bilet ilə iddiaçının 14.05.1974-cü ildən 05.06.1976-cı ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrünü 2 il 22 gün təşkil edir. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajını 17 il 4 ay 9 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. İşin mübahisələndirilən iki halı mövcuddur: • 1992 - 1996-cı illərdə Zaqatal rayon “İşıqlı Ulduz” adına kolxozda işləməsi; • 06.02.1997 - 19.07.2003-cü illərdə “xxxx” ASC-də işləməsi. İddiaçının 1992-1996-cı illərdə “İşıqlı Ulduz” adına kolxozunda çalışdığı müddətə dair 29.06.2020-ci il tarixli, 200 saylı arxiv arayışı mövcuddur. Arxiv arayışında qeyd olunanlara əsasən iddiaçı Mazanov X1 rayon “İşıqlı Ulduz” adına kolxozda 1992-1996-cı illərdə işləmişdir və həmin kolxozda minimum adam günü norması 220 gün müəyyən olunmuşdur. Arxiv arayışından görünür ki, iddiaçı 1993 və 1994-cü illərdə müvafiq olaraq 67 və 60 gün işləmiş və həmin illərdə minimum normanı yerinə yetirməmişdir. Eyni zamanda arxiv arayışında edilmiş qeydə əsasən 1994-cü ilin işlənmiş adam günündə düzəlişin mövcud olduğu göstərilmişdir. Bu səbəbdən də həmin ilə dair qeydin mötəbərliyi şübhə doğurur və belə olan halda həmin ilin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçının 1993-cü ilə əsasən (67) 3 ay stajı mövcuddur. Digər 1992, 1995 və 1996-cı illərdə iddiaçı minimum normanı yerinə yetirmiş və həmin illərə dair 3 il staj əldə etmişdir. İddiaçının sözügedən illərdə “İşıqlı Ulduz adına kolxozda 3 il 3 ay sığorta stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının digər mübahisələndirilən iş illəri 06.02.1997 - 19.07.2003-cü il tarixlərində “xxxx” ASC-də çalışdığı dövrdür. Yuxarıda qeyd edilən Qaydaların 4.2.7-ci bəndinə müvafiq olaraq şəxsin işlədiyi iş stajının qarşılıqlı yerində yoxlanılması tələb olunur. Zaqatala rayon filialının iddiaçıya verdiyi 21 avqust 2020-ci il imtina cavabında göstərilmişdir ki, həmin müəsisədə iddiaçının iş stajının qarşılıqlı yerində yoxlanılması tələb olunsa da, həmin xxxxASC-nin uzun müddət fəaliyyətin göstərmədiyindən və eyni zamanda da maliyyə uçot sənədlərini rayon arxivinə təhvil vermədiyindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də mübahisələndirilən həmin 06.02.1997-19.07.2003-cü illər tarixlərinə dair əmək kitabçasında aparılan qeydlərin nəzərə alınması mümkün olmamışdır. Həmin müddət isə 6 il 5 ay 13 gün təşkil edir. Beləliklə, iddiaçının təqdim etdiyi sənədlərə müvafiq olaraq onun sosial sığorta stajı əmək kitabçası üzrə 15 il 3 ay 17 gün, hərbi bileti üzrə 2 il 22 gün və arxiv arayışına əsasən 3 il 3 ay olmaqla, ümumilikdə 20 il 7 ay 9 gün təşkil edir. Ali Məhkəmənin analoji işlərə baxdığı zaman özünün formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.” Qüvvədən düşmüş 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına nəzər yetirdikdə oxşar məsələlərin həmin Qanunda 'da təsbit edildiyini müşahidə edirik. Belə ki, qeyd edilən Qanunun 12-ci maddəsinə müvafiq olaraq, kişilər üçün pensiya hüququnun yaranması üçün 2 şərtin olması tələb olunur: 1) 60 yaş 2) azı 25 il is stajı. Göründüyü kimi şəxsə pensiya təyin edilməsi üçün hər iki şərtin eyni anda mövcud olması tələb olunur. Əks təqdirdə şəxsin pensiya hüququ yaranmayacaq və bununla əlaqədar şəxsə cavabdeh orqan tərəfindən imtina verilməsi qanunun tələblərinə uyğun və əsaslı olacaqdır. Həmçinin yuxarıda qeyd edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası, hərbi bileti və arxiv arayışından göründüyü kimi onun sığorta stajı ümumilikdə 20 il 7 ay 9 gündür. Belə olan halda istər qüvvədən düşmüş Qanunda, istərsə də hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin 16.03.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İş materiallarında olan Zaqaratala Rayon Dövlət Arxivinin 29.06.2020-ci il tarixli, 200 nömrəli arxiv arayışından görünür ki, iddiaçı “İşıqlı Ulduz” kolxozunda 1992-1996-cı illərdə müvafiq olaraq 329, 67, 60, 359, 304 (norma 220 a/g) adam günü olmaqla işləmişdir. Bununla bağlı 02.12.2020-ci il tarixdə akt tərtib edilmiş və həmin iş illəri öz təsdiqini tapmışdır. İş materiallarında olan ******* nömrəli, 08.12.1976-cı il tarixdə tərtib edilmiş əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı 06.02.1997-ci il tarixdən 19.07.2003-cü il tarixədək “xxxx” ASC-də işləmişdir. İddiaçının pensiya işində olan ona məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 1974-1976-cı illərdə həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan DSMF publik hüquqi şəxsin 16 saylı Regional Ərazi Filialının 12.03.2021-ci il tarixli məktubunda qeyd edilir ki, vətəndaşın pensiya hüququ 23.06.2020cı il tarixdə yaranır. Onun təqdim etdiyi sənədlərə əsasən ümumi iş stajı 27 il 11 ay 26 gündür. Həmin iş stajından 18 il 13 günü mübahisələndirilməyən, 9 il 11 ay 26 günü isə mübahisələndirilən iş stajına aiddir. Belə ki, İddiaçı 07.08.1976-cı ildən 01.08.1981-ci ilədək Başqafqaz Geoloji Kəşfiyyat Ekspedisiyasındakı, 20.08.1981-ci ildən 11.03.1991-ci ilədək Zaqatala PMK-10-da və 14.03.1991-ci ildən 16.03.1992-ci ilədək Zaqatala rayonu X3 işlədiyi iş stajı, cəmi 15 il 3 ay 17 gün olmaqla mübahisələndirilməyən stajdır. Eyni zamanda 14.05.1974-cü ildən 05.06.1976-cı ilədək ( 2 il 21 gün ) hərbi xidmət müddəti və 01.09.1973-cü ildən 06.05.1974-cü ilədək peşə təhsili məktəbində əyani təhsil müddəti (8 ay 5 gün) olmaqla cəmi mübahisələndirilməyən 18 il 13 gün iş stajı vardır. Onun mübahisələndirilən iş stajı 1992-1996-cı illərdə ( 3 il 6 ay ) Zaqatala rayonu “İşıqlı Ulduz” kolxozunda və 06.03.1997-ci ildən 19.08.2003-cü ilədək olan X2 (6 il 5 ay 13 gün) olmaqla cəmi 9 il 11 ay 13 gün təşkil edir. Vətəndaş Q. Mazanov 01.01.2006-cı ildən sonra işləmədiyindən onun fərdi hesabında sığorta hissəsində pensiya kapitalı yoxdur. Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı hüququnun yarandığı 23.06.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-228/2021 nömrəli 16.03.2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək, “1992 -1996cı illərdə keçmiş “İşıqlı Ulduz” kolxozunda və “06.02.1997-19.07.2003-cü il tarixədək “xxxx” ASC-də işlədiyi illər sosial sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Hesab edirlər ki, Şəki İnzibati Məhkəməsinin 16.03.2021-ci il tarixli, 2-1(116)-228/2021 saylı qərarı əsassız olduğundan ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən işi hərtərəfli araşdırmamış, qərarında bir sıra qanunvericilik aktlarına və işdə olan materiallara istinad etməklə kifayətlənmiş, İPM-nin 12ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinə görə işi hərtərəfli araşdırmağa borclu olduğu halda bunu etməmişdir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə ki, İddiaçı xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. Onun yaşa cıörə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 64 il 6 ayda - 21 iyun 2020-ci il tarixdə yaranmışdır. İddiaçı 02 iyul 2020-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə Zaqatala rayon filialına müraciət etmişdir. Zaqatala rayon filialı tərəfindən 21 avqust 2020-ci il tarixli cavab məktubunda iddiaçının 1992 - 1996-cı illərdə keçmiş İşıqlı Ulduz kolxozunda işləməsi barədə əmək kitabçasında qeydlərin olmadığı və iddiaçının 06.02.1997-ci il tarixdən 19.07.2003-cü il tarixədək “xxxx” ASC-də elektrik işləməsi barədə əmək kitabçasında aparılmış qeydlərin qarşılıqlı yoxlanılmasının mümkün olmaması səbəbindən iddiaçıya imtina cavabı verilmişdir. Daha sonra İddiaçı məhkəməyə müraciət etmişdir. İşin mübahisələndirilməyən halı İddiaçı əmək kitabçasında edilmiş qeydlərə əsasən 15 il 3 av 17 gün sosial sığorta stajı vardır. Bununla yanaşı onun hərbi xidmət dövrü 2 il 22 gün, təhsil aldığı dövr isə 08 ay 05 gün sosial sığorta stajı vardır. İddiaçı ümumilikdə mübahisələndiriləyən 18 il 14 gün sosial sığorta stajı vardır. İşin mübahisələndirilən halı İddiaçı 1992 - 1996-cı illərdə Zaqatal rayon “İşıqlı Ulduz adına kolxoz”da və 06.02.1997 - 19.07.2003-cü illərdə “xxxx” ASC-də işlədiyi dövrdür. İddiaçı 1992-1996-cı illərdə “İşıqlı Ulduz adma kolxoz”da işlədiyi müddətə dair 29.06.2020-ci il tarixli, 200 nömrəli arxiv arayışı mövcuddur. Arxiv arayışında qeyd olunanlara əsasən, İddiaçı Zaqatala rayon “işıqlı Ulduz adına kolxoz”da 1992- 1996-cı illərdə işləmişdir və həmin kolxozda minimum adam günü norması 220 gün müəyyən olunmuşdur. Arxiv arayışından görünür ki, iddiaçı 1993 və 1994-cü illərdə müvafiq olaraq 67 və 60 gün işləmiş və həmin illərdə minimum normanı verinə yetirməmişdir. Eyni zamanda arxiv arayışında edilmiş qeydə əsasən 1994-cü ilin işlənmiş adam günündə düzəlişin mövcud olduğu göstərilmişdir. Bu səbəbdən də həmin ilə dair qeydin mötəbərliyi sübhə doğurur və belə olan halda həmin ilin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyil. İddiaçının 1993-cü ilə əsasən (67 gün) 3 ay stajı mövcuddur. Digər 1992, 1995 və 1996-cı illərdə iddiaçı minimum normanı verinə yetirmiş və həmin illərə dair 3 il staj əldə etmişdir. İddiaçının sözügedən illərdə ‘‘İşıqlı Ulduz adına kolxoz"da 3 il 3 av sığorta stajı vardır. İddiaçının digər mübahisələndirilən iş illəri 06.02.1997 - 19.07.2003-cü il tarixlərində “xxxx” ASC-də işlədiyi dövrdür. Yuxarıda qeyd edilən Qaydaların 4.2.7-ci bəndinə müvafiq olaraq şəxsin işlədiyi iş stajının qarşılıqlı yerində yoxlanılması tələb olunur. Zaqatala rayon filialının iddiaçıya verdiyi 21 avqust 2020-ci il imtina cavabında göstərilmişdir ki, həmin müəssisədə iddiaçının iş stajının qarşılıqlı yerində yoxlanılması tələb olunsa da, həmin “xxxx” ASC-nin uzun müddət fəaliyyətin göstərmədiyindən və eyni zamanda da maliyyə uçot sənədlərini rayon arxivinə təhvil vermədiyindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən də mübahisələndirilən həmin 06.02.1997-19.07.2003-cü illər tarixlərinə dair əmək kitabçasında aparılan qeydlərin nəzərə alınması mümkün olmamışdır. Həmin müddət isə 6 il 5 ay 13 gün təşkil edir. Beləliklə, İddiaçı təqdim etdiyi sənədlərə müvafiq olaraq mübahisələndirilməyən sosial sığorta stajı əmək kitabçası üzrə 15 il 3 av 17 gün, hərbi xidmət dövrü 2 il 22 gün, təhsil aldığı dövr isə 08 ay 05 gün və arxiv arayışına əsasən 3 il 3 av olmaqla, ümumilikdə 21 il 3 av 14 gün təşkil edir. Birinci instansiya məhkəməsi öz qərarında mübahisələndirilən dövrlərlə bağlı iddiaçının 06.02,1997 - 19.07.2003-cü il tarixlərində “xxxx” ASC-də işlədiyi illərə dair ona cavabdeh orqanın imtina cavabı verərkən istinad etdiyi “Qaydaların” 4.2.7-ci bəndinin qüvvədən düşməsini qeyd etməklə kifayətlənmiş və məhkəmə tərəfindən əlavə heç bir araşdırma aparılmamış, lazımi qurumlara müvafiq sorğular verilməmişdir. Halbuki İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu halda isə əlavə heç bir araşdırma edilmədən həmin müddətlər sığorta stajı kimi nəzərə alınmışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Birinci instyansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaş 6 ayı 23.06.2020-ci il tarixdə tamam olmuşdur. 7-ci maddənin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiya yaşı onun 64,6 yaşı tamam olduğu 23.06.2020-ci il tarixdə tamam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən də arxiv arayışlarının stajı təsdiq edən sənəd kimi qəbul olunması müəyyən olunduğu halda cavabdeh inzibati orqanın israrla əmək kitabçasının olmamasına əsaslanaraq vətəndaşın pensiya hüququnun reallaşmasına imkan verməməsinin səbəbi məhkəməyə aydın deyil. Cavabdeh inzibati orqan özü həmin arxiv arayışında qeyd olunan məlumatların mötəbərliyini aktlaşdırmaqla təsdiq etmiş, bunula belə yenə də əsassız olaraq iddiaçının “İşıqlı Ulduz” adına kolxozda işlədiyi müddətin sığorta stajına daxil edilməsi hissəsində müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdehin imtinasının və etirazının digər dəlili iddiaçının 06.02.1997 - 19.07.2003cü il tarixlərində “xxxx” ASC-də çalışdığı dövrün xxxx ASC-nin uzun müddət fəaliyyətin göstərmədiyindən və eyni zamanda da maliyyə uçot sənədlərini rayon arxivinə təhvil vermədiyindən iş stajının qarşılıqlı yoxlanılması mümkün olmamasıdır. Bu zaman cavabdeh dəlilinin hüquqi əsası kimi Qaydaların 4.2.7-ci bəndinə istinad etmişdir. (müvafiq olaraq şəxsin işlədiyi iş stajının qarşılıqlı yerində yoxlanılması tələb olunur.) Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11.12.2017-ci il tarixli qərarına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” təsdiq edilmiş, həmçinin yeni Qaydaların təsdiqi ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə“ 17 nömrəli qərarlarının (21 noyabr 2011-ci il tarixli) 1-ci və 2-ci hissələri ləğv edilmişdir. Başqa sözlə, cavabdehin istinad etdiyi Qaydalar hazırda qüvvədən düşmüş, yeni Qaydalarda isə cavabdehə belə bir səlahiyyət verilməmişdir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə ilk növbədə nəzərə alınmalıdır ki, mübahisəli məsələ 19972003-cü illərdəki əmək fəaliyyəti ilə bağlı olduğundan, iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqlənir. Qanunvericiliyin yuxarıda istinad olunan müddəaları isə sözügedən dövrün iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməli olduğunu təsbit edir. Bununla bağlı yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. İnzibati orqan əmək kitabçasında və arayışda göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi. Lakin iş materiallarında olan “xxxx” ASC-nin iddiaçının işə qəbul və işdən azad olunma barədə əmrlərindən çıxarışlardan, həmçinin 1997-2003-cü illərə dair hesablanmış əmək haqqına dair arayışdan iddiaçının həmin müəssisədə işləməsi təsdiqini tapır. Həmçinin qeyd edilməlidir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının əmək fəaliyyəti (1997-cü ildən 2003-cü ilədək) məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir və müvafiq olaraq onların pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1997-2002-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2003-cü illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının 2002-2003-cü illərə aid işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının 27 il 11 ay 26 gün sosial sığorta stajının olması təsdiqini tapdığından iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının hüququnun yarandığı 23.06.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2-1(116)-228/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar