Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-261/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)-243/2023 nömrəli nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçının anası və atası ilə birlikdə cəmi 6 nəfər ailə üzvünün paylı mülkiyyətinə hər birinə 0,34 ha olmaqla, cəmi 2,4 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. İddiaçının mərhum atası və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin əvvəlki plan və ölçü sənədləri onlardan 2012-ci il tarixdə Çobankol Bələdiyyəsi tərəfindən yığılmışdır. Əvvəlki sənədlərlə iddiaçı və ailə üzvlərinə məxsus olan 0,3395 ha torpaq sahəsi 2013-2014-cü illərdə X4 3395 kv.m torpaq sahəsinin verilməsi ilə bağlı işlənilmiş, 521425 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Zaqatala rayon Dövlət Arxivinin 120 saylı, xx.xx.2021-ci il tarixli arxiv arayışından məlum olur ki, X14 Qımır kənd YAİK-nın qərarına əsasən çöl sahəsindən cəmi 0,28 ha torpaq sahəsi verilmişdir. Çobankol Bələdiyyəsi 21 iyul 2017-ci il tarixdə qanunsuz arayış vermişdir. Çünki həmin arayışda X10 mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin və 0,34 ha torpaq sahəsinin olması qeyd olunsa da, Arxiv arayışında Əfqan Yusifova 0,28 ha torpaq sahəsinin verilməsi qeyd olunmuşdur. Həmçinin, Çobankol Bələdiyyəsi tərəfindən qanunsuz olaraq 29 avqust 2017-ci il tarixdə verilmiş digər bir arayışda torpaq sahəsinin 1996-cı ildən bu günədək X10 istifadəsində olması qeyd edilmişdir. İddiaçı bildirir ki, Əfqan Yusifovun torpaq sahəsinin qonşuları Asudə İsmayılova və atası Fazil Yusifov, qardaşı Fərman Yusifov, yuxarı tərəfi də Hidayət İbrahimovdur. İddiaçının istifadəsində olan torpaq sahəsinin qonşuları Mikayıl Muradov, Yusif Yusifov, Fərhad Yusifov və Asudə İsmayılovadır. Torpaq sahəsi paylanılan vaxtdan etibarən iddiaçının və Əfqan Yusifovun torpaq sahələri arasında Asudə İsmayılovanın torpaq sahəsi vardır. Ona gora da iddiaçı hesab edir ki, cavabdeh tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilməli, Zaqatala rayonu Qımır kəndinda yerləşən 0,3395 ha torpaq sahəsi mərhum atası X5 adına işlənməlidir.
3. Qeyd olunanlara əsasən iddiaçı cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********63 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Zaqatala rayonu Qımır kənd sakini X10 adına işlənmiş 0,3395 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli çıxarışı ləğv edərək, həmin torpaq sahəsinin iddiaçının mərhum atasının adına sənədləşdirilməsinə köməklik göstərilməsi barədə ərizəsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Müraciətdə qaldırılan birinci məsələ ilə bağlı olaraq bildirilir ki, Aqrar İslahat Komissiyasının qərarı əsasında hazırlanmış hüquqmüəyyənedici məlumatların ləğv edilməsi və ya dəyişdirilməsi, habelə həmin məlumatlar əsasında dövlət reyestrində aparılmış dövlət qeydiyyatının və həmin qeydiyyata dair dövlət reyestrindən çıxarışın və müvafiq plan-ölçü sənədinin iddiaçının ərizəsinə əsasən ləğv edilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Digər qeyd olunan məsələnin həlli birinci məsələnin həlli ilə bağlı olduğundan həmin məsələyə baxılması mümkün deyildir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********29 nömrəli etirazında qeyd etmişdir ki, mübahisəli Zaqatala rayonu, Qımır kəndində yerləşən 3395 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair başqa şəxs X2 ləğv edilmiş DTXK tərəfindən AN 521425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Ancaq torpaq islahatı ilə bağlı elektron DWJ və DBF məlumatlarında isə həmin torpaq sahəsi Zaqatala rayonu, Qımır kənd sakini X10 (210 nömrə ilə) adına göstərilmişdir. Buna görə də X10 qəyyumu X11 iddia ərizəsi əsasında Zaqatala Rayon Məhkəməsinin 06 iyun 2018-ci il tarixli, 2(033)- 706/2018 nömrəli qətnaməsi ilə sözügedən 3395 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair başqa şəxs X2 adına hazırlanmış AN 521425 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ləğv edilmişdir. Daha sonra X10 qəyyumu X11 müraciəti ilə Zaqatala rayon AİK-nın 25 sentyabr 2003-ci il tarixli, 110 saylı qərarı və həmin qərara əsasən hazırlanmış elektron DWJ və DBF məlumatları əsasında X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Ərizəçi İddiaçı və X3 hazırkı iddia ərizəsində qeyd olunan məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etmişlər. Lakin məhkəmələrin xx.xx.2018-ci il tarixli, 2-1(84)-1466/2018 nömrəli, xx.xx.2019-cu il tarixli, 2- 1(84)-673/2019 nömrəli və xx.xx.2021-ci il tarixli, 2-1(116)947/2021 nömrəli müvafiq qərardadları ilə onların iddiası mümkün sayılmamışdır.
5. Cavabdeh etiraz məktubunda qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmışdır. Məktubda qeyd olunmuşdur ki, iddia ərizəsinin məzmunundan və cavabdehin etiraz məktubundan müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə İddiaçı hüquqi marağı 0,3395 ha torpaq sahəsinə dair X10 adına verilmiş çıxarış ləğv edildikdən sonra həmin torpaq sahəsinin mərhum atası X5 adına dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, hazırkı iddia üzrə subyektiv hüquqa malik olub-olmaması məsələsinin araşdırılması zərurəti yarandığından, mərhum atası X5 vərəsəsi olmasını təsdiq edən sənədləri (vərəsəlik haqqında şəhadətnamə və s.) məhkəməyə təqdim etməsi xahiş olunmuşdur. Sözügedən yardım məktubundan məlumat üçün iddiaçıya bildirilmişdir ki, onun “cavabdeh tərəfindən X10 adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, Zaqatala rayon AİK-nın xx.xx.2003-cü il tarixli 110 nömrəli qərarı ilə mərhum ataları X12 adına verilmiş A seriyalı 511334 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” tələbinə dair iddiası Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-673/2019 nömrəli qərardadı ilə mümkün sayılmamış və qərardadda göstərilmişdir ki, o, hazırkı tələblə müraciət etməzdən əvvəl atasından miras qalmış əmlakı qəbul etməli, bunun üçün ilk növbədə sənədlərdə olan uyğunsuzluğu aradan qaldırmalı (plan-ölçü sənədlərində atasının soyadı və adı Həsənxanov Oktay olduğu halda, iddiaçının doğum haqqında şəhadətnaməsində Ramazanov Oktay qeyd olunmuşdur), bundan sonra qeyd olunan tələblə məhkəməyə müraciət etməlidir.
7. İddiaçı hüquqi yardım məktubunu aldıqdan sonra “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə xx.xx.2022-ci il tarixdə məhkəməyə sənədlər (Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1353/2019 nömrəli qətnaməsi, 451958 nömrəli doğum haqqında şəhadətnamə, ******* nömrəli doğum haqqında şəhadətnamə, xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-1353/2019 nömrəli qətnaməsi ilə xx.xx.1975ci ildə anadan olmuş İddiaçı məxsus 451958 nömrəli doğum haqqında şəhadətnamənin ata qrafasında yazılmış X15 ilə 351395 nömrəli ölüm haqqında şəhadətnamədə yazılmış X5 eyni şəxs olması faktı müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”dən müəyyən olunmuşdur ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş X5 vərəsələri arvadı X3, oğlu İddiaçı, qızı X9, qızı X16 və qızı X6r və onların hər biri miras əmlakdan 1/5 hissədə irs almalıdırlar. Miras əmlak 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X8 verilmiş **********62 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Qımır kəndində yerləşən ümumi sahəsi 0,8756 ha olan torpaq sahəsinin 1/6 hissəsindən ibarətdir.
8. İddiaçıya yenidən xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanmışdır. Məktubda xx.xx.2022-ci il tarixli yardım məktubunda göstərilənlər qeyd olunmuş və izah edilmişdir ki, hazırkı iddianı qaldırmaq üçün İddiaçı subyektiv hüquqa malik olması müəyyən edilməmişdir. İddiaçıya məhkəmənin yardım məktubunda qeyd olunanlara münasibət bildirməsi təklif olunmuşdur.
9. İddiaçı birinci instansiya məhkəməsinin hüquqi yardım məktubunu aldıqdan sonra xx.xx.2023-cü il tarixdə “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə məhkəməyə məktub ünvanlayaraq münasibət bildirmişdir. İddiaçı qeyd etmişdir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ vardır. Subyektiv hüququ ondan ibarətdir ki, X2 vərəsələri də etiraf edir ki, o torpaq iddiaçının atası X7 olmuşdur. İddiaçı məktubunda həmin şəxslərin məhkəmə çağırılaraq dindirilməsini və işə cəlb olunmasını xahiş etmişdir.
10. Həmçinin, onun subyektiv hüququ olmuşdur ki, o, Zaqatala Rayon Məhkəməsinin qətnaməsini ləğv etdirmişdir. İddiaçı qeyd edir ki, o, həmin torpaq sahəsini atasının olduğu üçün istifadə edirdi. Lakin Zaqatala Rayon Məhkəməsinin qətnaməsi və onun əsasında verilmiş çıxarışla iddiaçı həmin torpaq sahəsindən çıxarılmışdır. Hal-hazırda qətnamə ləğv olunmasına baxmayaraq ərazi idarəsi verdiyi çıxarışı ləğv etmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 10 mart 2023-cü il tarixli 2- 1(116)-243/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)-243/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)-243/2023 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)-243/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 11-ci bəndində qeyd edilir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə məhkəmədə inzibati icraat üzrə işin başlanılması üçün mübahisə olmalıdır, yəni iddiaçı ilə iddia tələblərində göstərilən inzibati orqanlar arasında inzibati hüquq münasibətləri yaranmalı, manasibətlərin çərçivəsində inzibati orqanın inzibati aktın qəbul edilib-edilməməsi və yaxud hərəkət edilib-edilməməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ehtimal edilməlidir. Hazırkı iş üzrə iddiaçının verdiyi iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan bu növ iddianın mümkün sayılması üçün digər mümkünlük şərtləri ilə yanaşı, iddiaçının iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir.
18. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
22. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir.
23. Belə ki, hazırkı halda nə iddiaçının, nə də mərhum atası X5 mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərə malik olması iş materialları ilə öz təsdiqini tapmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin yardımına münasibətində də faktiki olaraq torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir. Digər tərəfdən iddiaçının X2 vərəsələrinin adından çıxış edərək torpaq sahəsinin atasına məxsus olmasını iddia etməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ona subyektiv hüquq tanımır. Belə ki, qanunverici hər-hansı şəxs tərəfindən hüquqi əsaslar olmadan digər şəxslərin adına verilmiş hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə imkan tanımamaqla, bu kimi hüquqlardan sui-istifadə ehtimalının qarşısını almışdır.
24. İstinad olunan qanunvericilik normalarından göründüyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır.
25. Göründüyü kimi, iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etməmiş, həmçinin, iddiaçı X2 vərəsələrinin adından çıxış edərək torpaq sahəsinin atasına məxsus olmasını iddia etməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır.
26. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
27. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)- 243/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli 2-1(116)-243/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.